Mürvətqızı S.

 

Meksikada Azərbaycan haqqında veriliş yayımlanıb

 

Meksikanın ən populyar radiokanallarından hesab olunan, ölkədə 10 ən yaxşı kanal siyahısına daxil olan "Horizonte" FM 107.9 kanalında "Səyahətlər" musiqili informasiya proqramı çərçivəsində Azərbaycan haqqında 2 saatlıq veriliş təqdim olunub. Verilişin əvvəlində "Laçın" mahnısı səsləndirilib, sonra Azərbaycanın Meksikadakı müvəqqəti işlər vəkili İlqar Muxtarov Azərbaycanın tarixi, arxeoloji abidələri, mədəni ənənələri barədə söhbət açıb. Vaqif Mustafazadənin "Yollar" diskindən musiqi səsləndirilərək efirdə caz ilə muğamın sintezi barədə söz açılıb bu, radio dinləyicilərinin xüsusi marağına səbəb olub. Səfirliyin nümayəndəsi Nərgiz Rəhimxanova dinləyicilərə Azərbaycan milli mətbəxi barədə məlumat verib. Proqramın qonağı, Asul adlı 8 yaşlı meksikalı qız Azərbaycanın nadir at cinsləri barədə danışaraq, özünün çox xoşladığı Qarabağ cinsinin xüsusiyyətlərini sadalayıb. Vaqif Mustafazadənin musiqisi yazılmış "Yollar" diski radiokanala hədiyyə edilib.
   

525-ci qəzet.- 2008.- 22 noyabr.- S. 21.