Mükərrəmoğlu M.

 

Azərbaycanda Tatarıstan Mədəniyyəti Günləri

 

Oktyabrın 4-dən 6-dək Azərbaycanda Tatarıstan Respublikasının Mədəniyyət Günləri keçiriləcəkdir. 60 nəfərdən artıq nümayəndə heyətinə Tatarıstan Respublikası Baş nazirinin müavini, mədəniyyət naziri Zilya Valeyeva başçılıq edir. Mədəniyyət günləri çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

İlkin olaraq Mədəniyyət günlərinin iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək, sonra nümayəndə heyətinin Mədəniyyət və Turizm Nazirliyində nazir Ə.Qarayevlə görüşü və mətbuat konfransı olacaq.
Muzey Mərkəzində “Tatarıstan rəssamlarının müasir incəsənəti” adlı sərginin açılışı da oktyabrın 4-də baş tutacaq.

Həmin gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Tatarıstan Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçiriləcək və Tatarıstan incəsənət ustalarının konserti olacaq.

Oktyabrın 5-də isə Xırdalan şəhərində Tatarıstan incəsənət ustalarının konserti keçiriləcək.

Oktyabrın 6-da M.F.Axundov adına Milli Kitabxanada görüş, XIX-XX əsrlərdə Azərbaycanda milli-demokratik hərəkata həsr olunan kitabların elektron variantının təqdimatı nəzərdə tutulur

 

Xalq qəzeti.- 2008.- 3 oktyabr.- S. 7.