Bakıda Nəvainin heykəli ucaldılıb

 

Bakıda görkəmli özbək şairi Əlişir Nəvainin heykəli ucaldılıb. Heykəlin qoyulduğu yerdə yeni park da salınır. Park ot örtüyü və dekorativ kollarla bəzədilir. Yaşıllıqları suvarmaq üçün əraziyə yeni su xətti çəkilib, abidənin işıqlandırılması üçün xüsusi sistem quraşdırılıb.

İş icraçısı Xəyyam Hüseynov bildirib ki, parkın ərazisi 2 min kvadrat metrdən artıqdır: "Parkın salınmasına bir ay əvvəl başlanıb, yaxın 3 gün ərzində isə iş yekunlaşacaq".

İşin sifarişçisinin Bakı şəhər İcra Hakimiyyəti olduğunu deyən iş icraçısının sözlərinə görə, heykəl Özbəkistanda yerli memar və heykəltəraşlar tərəfindən, postamenti isə Azərbaycanda hazırlanıb: "Heykəlin hazırlanmasına 9 ton bürünc sərf edilib, postament isə mərmərdən hazırlanıb".

Qeyd edək ki, park Azadlıq prospekti ilə Nəcəf Nərimanov küçəsinin kəsişdiyi yerdə yerləşir. Heykəlin açılışında sentyabrın 11-də Azərbaycana rəsmi səfər edəcək Özbəkistan prezidenti İslam Kərimovun da iştirakı gözlənilir.

 

Palitra.- 2008.- 2 sentyabr.- S. 16.