Həmidqızı S.

 

Laçın yadıma düşəndə ağlayıram

 

Bu dəfəki "Şənbə qonağı"mız yanıqlı səsi, zəngulələri ilə insanı çox-çox uzaqlara aparan müğənnidir. Onu o qədər də süni təriflərlə təqdim etmək istəməzdim. Çünki 30 ildir ki, səhnədə olan müğənni çoxlarının rəğbətini qazanıb. O, hit mahnıların ifaçısı, xüsusilə də "İlk məhəbbətim, son məhəbbətim", "Laçınım mənim" mahnıları ilə daha da qəlblərə yaxın olan Məhəbbət Kazımovdur. "Tamaşaçıların gözünü yormaq fikrində deyiləm" deyən sənətkar gündəmdə olmamasından o qədər də narahat deyil. O, qeyd etdi ki, üzdə az-az olsam da, tamaşaçılarımın qarşısına dəyərli musiqilərlə çıxıram.

- Salam, Məhəbbət müəllim, necəsiniz, nə var, nə yox?

- Çox sağ olun, hər şey öz qaydasındadır. Yaradıcılıqla məşğulam, yeni mahnılar yazdırıram.

- Niyə bir kənara çəkilmisiniz, başınızı toylar qatıb, yoxsa çox görünməyə özünüz maraqlı deyilsiniz?

- Əvvəla, tez-tez görünməklə tamaşaçıların gözünü yormaq istəmirəm. Gec-gec görünməyim yaxşıdır ki, tamaşaçılarım mənim üçün darıxsın. İkincisi də, ekranlarda görünmək üçün mənim pulum yoxdur. Amma bu o demək deyil ki, televiziyada görünmürəm deyə, yaradıcılığımla məşğul olmuram. Balaca bir studiyam var, orada bütün günü mahnılar yazıram. Özümü bəstəkar hesab etmirəm və buna görə bütün bəstəkarlardan üzr istəyirəm. Sadəcə, musiqini bilən adam yazmalıdır, hərdən ilham pərisi gələndə onun qarşısını kəsmək olmur. Daha sonra köhnə mahnıları yeni aranjiman etdirib, ifa edirəm. Sonra da onları disk və ya kaset şəklində xalqımıza təqdim edirəm.

- Yeri gəlmişkən, çox müğənnilər şikayət edir ki, piratların əlindən kasetlərindən pul götürə bilmirlər. Bəs sizdə necədir, disklərinizdən gəlir götürə bilirsiniz?

- Mən dünənin, bu günün müğənnisi deyiləm, illərdir ki, səhnədəyəm. Açıq deyirəm, həmişə kasetlərimdən və disklərimdən yaxşı pul götürürəm. Elə vaxt olub ki, hər kasetimdən 3-5 min dollar pul qazanmışam. Düzdür, piratçılıq bu gün da baş alıb gedir. Amma nə qədər olsa da, müğənni öz qazancını götürür. Ola bilsin ki, kasetlərindən pul götürə bilmədiklərini deyən müğənnilər bilərəkdən belə söyləyir. Çünki unutmayaq ki, hər bir sənətçi dövlətə vergi ödəyir. Yəqin ona görə də, bunu açıqlamırlar və əvəzində şikayətlənirlər ki, disklərdən pul götürə bilmirik. Mən buna inanmıram, çünki əsl sənətdən pul götürmək mümkündür. Sadəcə, baxır sənətçiyə. Elə studiyalar var ki, mənə deyirlər ki, kaset çıxart, pulunu biz veririk. Sənətçi də var ki, üstündə pul verir ki, sən Allah, kasetimi çıxart. - Deməli, kasetlərinizdən lazımınca pul götürə bilirsiniz. Bəs söylədiniz ki, efirlərə çıxmağa pulunuz yoxdur. - Mən bu sözü o mənada demədim. Sadəcə, mənim efirə verməyə pulum yoxdur. Neçə illərin sənətçisiyəm. Heç vaxt özümə rəva bilmərəm ki, pul verib efirə çıxım. Necə olur ki, dünən səhnəyə çıxanlar, geyimlərini, bədənlərini nümayiş etdirənlər efirə pulsuz çıxırlar, amma mən pul verim?

- Məhəbbət müəllim, təbii ki, toylara gedirsiniz. Siz də bəzi həmkarlarınız kimi toyların qiymətini tez-tez qaldırırsınız?

- Elə müğənnilər var ki, ümumiyyətlə onlar toylara getməsələr yaxşıdır. Toylara sənəti olan sənətçilər getməlidir. Onlar nə ifa edirlər ki, toyların da qiymətini qaldıralar? O ki qaldı mənə, cavabım bir qədər siyasətə gedib çıxır. Əgər ərzağın, neftin qiyməti bahalaşırsa, təbii ki, toyların da qiyməti qalxmalıdır. Mən şəhər toyları ilə yanaşı, ən çox rayon toylarına dəvət alıram. Onda musiqiçilərimi də özümlə aparmaq üçün avtobus tuturam. Əgər əvvəllər avtobus tutaq ki, 150 dollara gedirdisə, indi 300 dollara gedəcək. Amma mən toylara gedəndə heç vaxt qiymət demirəm. Öz xalqımın, həmvətənlərimin toyudur, nə qədər verərlərsə, min bərəkət. Mənə verilən qiymət verilən pulda deyil, sənətimə hörmət edib, bəyənib toyuna dəvət etməsindədir. Əgər bizi bu yerlərə xalqın istəyi gətirib çıxarıbsa, onların da yolunda bu səsi xərcləməliyik.

- Əvvəllər cəbhə bölgələrində tez-tez konsertlər təşkil olunurdu. Bəs indi niyə sənətçilərimiz bu sahədə bir qədər passivlik göstərirlər?

- O vaxtlar Qazaxdan tutmuş, Füzuliyə, Horadizə qədər konsertlər vermişəm. Amma gərək indi bu işlə məşğul olan təşkilatçılar olsun. Təşkilatçıların başı xarici müğənnilərə qarışıb. Öz sənətçilərimiz yaddan çıxıb, nəinki onların konsert verməsi. Sonuncu konsertimi bir neçə il bundan öncə öz doğma elim-obam olan Laçında vermişdim. Nəinki Laçın, ümumilikdə Qarabağ torpağında konsert vermək hər bir sənətçinin istəyidir. Qarabağ bütün azərbaycanlıların yaralı yeridir. Laçın yadıma düşəndə hamıdan gizlin ağlayıram. Ürəyimdəki bu sızıltı, qubar məni "Laçınım mənim" mahnısını yazmağa vadar etdi. Nə edim, bundan başqa heç nəyə gücüm çatmır. İnandırım sizi, o mahnı necə alındısa, ona heç kim sakit qulaq asa bilmirdi. Heç bu mümkün də deyil. Çünki o mahnıda Məhəbbətin Vətən həsrəti, Vətən göynərtisi, ağrısı-acısı var. Bütün bunları mən nota köçürdüm və bu mahnı ərsəyə gəldi. Bu mahnı hələ də ifa olunur. Bir haşiyə çıxım: bu mahnını çox vaxt məndən toylarda istəyirlər. Amma onlara şərt qoyuram ki, mahnını ifa edin, amma oynamayın. Bu mahnı oynamaq üçün deyil, sadəcə qulaq asın. Bir şeyin ki, həsrətini çəkirsən, ona necə oynamaq olar? Bizim belə mahnılarımız çoxdur. Amma ifa edəndə qoymuram kimsə oynasın.

- Məhəbbət müəllim, siz solo ifaçısı qədər də duet ifaçısı kimi sevildiniz. Amma gəlin etiraf edək ki, bu gün duet oxuduğunuz illərdəki qədər gündəmdə deyilsiniz.

- Yenə də deyirəm, görün mən neçə illərin sənətçisiyəm, həmişə sevilmişəm və qəbul olunmuşam.

- Yox, söhbət sizin gündəmdə olmağınızdan gedir.

- Bilirsiniz, duet elədir ki, onu tamaşaçı tez qəbul edir və buna tələbat həmişə çox olub. Düzdür, solo ifaçı kimi özünü qəbul etdirmək çətindir, amma o illəri mən artıq çoxdan arxada qoymuşam.

- Nədənsə, sizin ilk və son duet ortağınız elə Könül Kərimova oldu. Bundan sonra duet oxumaq fikriniz yoxdur?

- Həmişə etiraf etmişəm ki, doğrudan da Könül xanımın çox gözəl səsi var. İkincisi də mən bir çox gənc müğənnilərlə, elə Gunay Şuşalı ilə duet oxumuşam.

- Ola bilsin ki, o bir layihə şəklində olub. Amma söhbət uzunmüddətli duetdən gedir.

- Ataların bir misalı var e, "xoruz yox idi, səhər açılmırdı?". İndi Məhəbbət ömür boyu tərəf-müqabili ilə oxumayıb ki. İkili oxumaq yaxşıdır, amma gərək uyğun səs olsun ki, oxuyum.

- Məhəbbət müəllim, bir vaxtlar müğənni Rəqsanənin ünvanına efir vasitəsilə ittihamlar səsləndirmişdiniz. İndi münasibətlər necədir?

 - Necə varsa, elədir. Mən onda da demişdim, indi də deyirəm, onun ünvanına söylədiklərim şou-biznesdə oxuyan bəzi insanlara bir mesaj idi. Rəqsanəyə gəlincə, əvvəlcədən onunla mənim heç bir qalmaqalım olmayıb. Hətta ittihamlardan sonra da o mənə cavab vermədi. Amma etiraf edim ki, onu müğənni kimi qəbul etmirəm. Onun nə özünə, nə də əqidəsinə hörmətim yoxdur. İstəyirsən, gözəl səsi, sənəti olsun, əgər onun səviyyəsi yoxdursa, özünü apara bilmirsə, mənim üçün yenə də heçdir. Rəqsanənin şəxsiyyətinə görə, etdiyi hərəkətlərə görə ona hiddətim var, başqa heç nəyə görə yox. Mən heç vaxt heç bir musiqiçinin arxasınca danışmamışam. Nə deyirəmsə, qorxmadan, çəkinmədən üzünə deyirəm. Bu, mənim xarakterimdən irəli gəlir və bunu məni tanıyanlar da bilir. Əslində mənim heç kimlə də işim yoxdur, hamısı yaxşı sənətkardır. Yalnız Rəqsanə bu qədər incəsənət adamının adını batırdı. Şou naminə nə isə göstərmək və yaxud da danışmaq olar, amma qədərində.

 

Üç nöqtə.- 2008.- 20 sentyabr.- S. 13.