Sarıyeva İ.

 

Mədəniyyət Nazirliyinin 197 hektar sahəsi zəbt olunub

 

Ötən ilin sonlarında Mədəniyyət və Turizm Nazirliyi yetgililəri tərəfindən nazirliyə məxsus qoruq ərazilərinin yerli icra orqanları və bələdiyyələr tərəfindən zəbt edilərək ayrı-ayrı şəxslərə satılması ilə bağlı açıqlamalar verilirdi. Qeyd edək ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ötən ilin axırlarında keçirdiyi müşavirələrin birində nazirliyə məxsus 200 hektar qoruq ərazisindən cəmi 3 hektar sahənin qaldığını bildirmişdi. Cənab Qarayevin keçirdiyi sözügedən müşavirədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, yerli icra strukturları, bələdiyyə rəhbərləri və s. də iştirak edirdi.

Məlumat üçün bildirək ki, nazirlik nümayəndəliyının açıqlamasından və nazirin sözügedən sahədəki vəziyyətlə bağlı çıxışından sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Mədəniyyət və Turizm Nazirliyinin və digər əlaqədar qurumların mütəxəsislərinin iştirakı ilə araşdırma qrupu yaradılıb və onlar bu problemin araşdırılmasına cəlb edilib.

Zəbt edilən 197 hektar ərazinin qaytarılıb-qaytarılmaması və bu sahədə görülən işlər barəsində əlavə məlumat almaq üçün Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovla əlaqə saxladıq.

Mədəniyyət və Turizm Nazirliyi tabeliyində olan qoruqların sərhədlərinin dəqiqləşdirilməsi və bu sərhədlərin tam müəyyənləşdirilib sənədləşdirilməsi istiqamətində müvafiq təşkilatlarla birlikdə iş aparılır. Və burada da məqsəd ondan ibarətdir ki, nazirliyin strukturunda olan dövlət tarix və mədəniyyət qoruqlarının ərazilərində digər icra orqanları, bələdiyyələr tərəfindən ediləcək hər hansı bir qanunsuz hərəkətlərin qarşısı alınsın. Bununla bağlı 2007-ci ilin sonlarında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində bizim nazirliyin və komitə rəhbərliyinin iştirakı ilə geniş bir müşavirə keçirilmişdi və həmin müşavirədə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan dövlət tarix və mədəniyyət qoruqlarının yerləşdiyi ərazilərin icra hakimiyyətləri, qoruqların rəhbərləri də iştirak edirdi. Bu müşavirədə çoxlu faktlar göstərildi və qərara alındı ki, nazirlik sistemindəki tarix və mədəniyyət qoruqlarının əraziləri müəyyənləşdirilsin və onlara torpaq şəhadətnamələri verilsin. Bundan sonra o qoruqlar birbaşa nazirliyin idarəçiliyində, tabeliyində olsun və yerli və digər icra orqanlarının, bələdiyyələrin hər hansı qanunsuz müdaxiləsinin qarşısı alınsın - deyə bildirən İ.Hümbətovun sözlərinə görə, hazırda bu istiqamətdə mütəxəsislər tərəfindən ardıcıl iş aparılır və çox güman ki, bu iş başa çatdıqdan sonra artıq nazirlik tabeliyində olan tarix mədəniyyət qoruqlarının ərazisində hər hansı qanunsuz hallara rast gəlinməyəcək, yəni buna yol verilməyəcək. Zəbt olunmuş qoruq ərazisində inşa edilən qanunsuz tikililərin vəziyyəti necə olacaq? Onları ərazidən çıxarmaq mümkün olacaqmı - deyə İ.Hümbətovdan soruşduqda nazirlik təmsilçisi hər şeyin qanun müstəvisində həll ediləcəyini dedi: Hazırda mövcud qanunvericiliyə uyğun olaraq, tarix mədəniyyət qoruqlarının sərhədləri tam dəqiqləşdirildikdən sonra bu barədə, xəritələri göstərilməklə, dövlət torpaq və şəhadətnaməsi aktı tərtib ediləcək. Müəyyən hallar olub ki, ya bələdiyyə, ya da icra orqanları tərəfindən edilən qanunsuzluqlar faktlarla bölgələrdə keçirilən müşavirələrdə qeyd edilib. Bizdə bu barədə çoxdan məlumat vardı ki, tarix mədəniyyət qoruqlarının əraziləri ayrı-ayrı yerlərə verilib. Bir neçə təşkilatın apardığı iş bu kimi halların qarşısını almağa yönəlib.

200 hektar qoruq ərazisinin 197 hektar sahəsinin zəbt edilməsi faktına gəldikdə isə, İ.Hümbətov bu barədə hər hansı bir açıqlama vermədi. Hər halda nazirliyin və əlaqədar qurumların birgə səyi nəticəsində araşdırmalar davam edir, yəqin ki, yaxın vaxtlarda zəbt edilən qoruq ərazilərinin azad edilməsinin şahidi olacağıq.

Adının çəkilməsini istəməyən, vaxtilə qoruq sahəsində işləmiş mütəxəssislərdən birinin dediyinə görə, qoruq əraziləri sabiq mədəniyyət naziri Polad Bülbüloğlunun vaxtında yerli qurumlar tərəfindən zəbt edilərək satılıb. Mütəxəssis hesab edir ki, bu barədə sabiq nazir məlumatlı olsa da, qoruqların qaytarılması, onların yenidən sərhədlərinin müəyyənləşdirilməsi yönündə heç bir addım atmayıb.

 

Bakı xəbər.- 2008.- 18 yanvar.- S. 11.