Mükərrəmoğlu M.

 

Əsl ulduzlar sönmür

 

Böyük sənət fədailəri haqqında yazmaq çox çətin və məsuliyyətli bir işdir. Mən Azərbaycanımızın sənət "ulduzları" haqqında dəfələrlə oxucularımızı məlumatlandırmışam və hər dəfə bu yazılar dərc olunandan sonra hiss etmişəm ki, çox şeylər unudulub, çox şeylərə dürüst aydınlıq gətirə bilməmişəm. Bu günlərdə anadan olmasının 85 ili tamam olan, xalqımızın çox sevimli sənətkarı, xalq artisti, Dövlət mükafatları laureatı Leyla Bədirbəyli haqqında yazmaq isə daha məsuliyyətlidir. Çünki o elə bir şərəfli ömür yaşamışdır ki, bunu adi bir qəzet məqaləsinə sığışdırmaq qeyri-mümkündür. Ömrünün 50 ilə yaxın bir dövrünü Azərbaycan milli teatr və kino sənətinin inkişafına həsr etmiş bu böyük sənətkarın bizə yadigar qoyub getdiyi nə qədər rolları, obrazları var. Mən düşünürəm ki, Leyla xanımın sənəti milli aktyorluq peşəsi sahəsində böyük bir akademiyadır. Nə qədər insanlar bu sənətdən bəhrələnib, Azərbaycan teatr və kinosunda böyük uğurlar qazanıblar.

Leyla xanımın yaradıcılığı ötən əsrin yarısından çoxunu əhatə edir. Bu sənətin öz rəngi, öz aləmi var. Mənə elə gəlir ki, Leyla xanımın sənətə gəlişi milli aktyorluq sənətimizə çox güclü stimul verib. Şərq dünyasının qadınsız oynanılan səhnə əsərləri uzaq tarixin yaddaşı deyil. Amma bizim teatrımıza, kinomuza qısa bir dövrdə tanınmış aktrisalar gəlmişdi. Akademik İzzət Orucovanın milli kinomuzda açdığı sənət yolunu Mərziyə xam, Həqiqət xanım, Leyla xanım davam etdirdilər.

Leyla xanım sənətə təsadüfən gəlməyib. O, əvvəl dərnəkdə kiçik rollar oynayıb, sonra isə 13 yaşında olanda "Çılğın uşaqlar" fılmində epizodik uşaq rolunda çəkilib.

Leyla xanımın peşəkar sənət yolu rəqqasəlikdən başlayıb. O ilkin olaraq 1937-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yenicə təşkil edilmiş rəqs qrupunda çalışmış, sonra isə Dövlət Mahnı və Rəqs Ansamblına çevrilmiş bu kollektivdə solist kimi çıxış etmişdir. Kim bilir, bəlkə "Arşın mal alan" filminin çəkilişləri başlamasaydı, Leyla xanım Azərbaycanın çox görkəmli rəqqasələrindən biri olacaqdı. Deyirlər ki, o vaxt məşhur rəqqas Əlibaba Abdullayevlə birgə hazırladıqları "Naz eləmə" rəqsini ifa edəndə tamaşaçılar hərarətli alqışlarla qarşılayarmış onları.

Leyla xanımın istedadı, söz yox ki, teatr və kino xadimlərinin diqqətindən yayına bilməzdi. "Ayna" filminə dəvət olundu. Müharibə bu filmi yamçıq qoydu. Ancaq həmin filmin materiallarından sonralar "Sovqat" fılmində rejissorlar Hüseyn Seyidzadə və Niyazi Bədəlov kifayət qədər istifadə edə bildilər.

1941-ci ildə "Səbuhi" fılmi Leyla xamın bir növ həyat yolunu dəyişdi. O elə kinonu seçmək istəyirdi və Tan da onun istəyini sanki eşitdi. Doğrudur, uzun müddət, teatrda işləməli olub. Mirzə İbrahimovun tövsiyəsi ilə Akademik Dram Teatrında işləyərkən "Məhəbbət" (M.İbrahimov), "Tufan" (A.N.Ostrovski), УVaqifФ, "Xanlar" (S.Vurğun), "Solğun çiçəklər", "Oqtay Eloğlu", "Almaz" (C.Cabbar), "Şeyx Sənan" (H.Cavid) və başqa onlarca dram əsərlərində dramatik qadın rollarını ifa edib.

Əsl kinoya 1942-ci ildə gəlib. Leyla xanım həmin il"Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayır. Bununla ömrünün çox böyük bir dövrünü bu sənət ocağı ilə bağlayır. Burada ilkin olaraq yaratdığı rollar ona böyük şöhrət gətirdi. Dünyanın 100-dən çox ölkəsinin ekranlarında böyük uğurla göstərilən "Arşın mal alan" filmində onun Gülçöhrəsinin öz yeri var. Bu rol haqqında çox yazılıb, çox deyilib. Ancaq burada Tacir Əsgər rolunun ifaçısı, xalqımızın böyük sənətkarı Rəşid Behbudovun Leyla xanıma göndərdiyi təbrik məktubundan bu sətirləri nəzərə çatdırmaq istərdik: '"Əzizim Gülçöhrə! Sizin yaratdığınız gözəl obrazlar qalereyası istedadlı rəssamın böyük əsərləri kimi xalqımız tərəfindən qiymətləndirilmişdir. Lakin siz xalqımızın incəsənətinin tarixinə dünyanın bütün tamaşaçılarının sevdikləri Azərbaycan gözəlinin təkrarolunmaz obrazını parlaq şəkildə həkk etmisiniz". Bəli, doğrudan da, Leyla xanım Gülçöhrəni sevə-sevə yaratmışdı və qəlbinin bütün hərarətini ona vermişdi. Odur ki, Gülçöhrə neçə illərdir ki, bizim sevimli ekran qəhrəmanı kimi yaşamaqdadır. Filmin SSRİ Dövlət mükafatına layiq görülməsində, heç şübhəsiz ki, Gülçöhrənin də öz payı vardır.

Leyla xanımın sənəti həmişə yüksək qiymətləndirilir, ona şeirlər, mahnılar qoşulurdu. Şairlərdən Süleyman Rüstəm, İslam Səfərli və başqaları bu istedadlı aktrisanın sənətini və mənəvi gözəlliyini dəfələrlə öz şeirlərində vəsf etmişlər. Mən İslam Səfərlinin şeirlə birgə Leyla xanıma göndərdiyi təbrik məktubunu oxucuların diqqətinə çatdırmaq istəyirəm. O yazırdı: "Leyla xanım, təbiət sənə üç nemət bəxş etmişdir: ilahi qadın gözəlliyi, insanı bihuş edən mənəvi bir aləm, hər iki keyfıyyəti öz munis varlığmızda öpüşdürən əsl sənətkar xoşbəxtliyi".

Bütün bu keyfiyyətlər Leyla xanımın rollarının xarakterinə hopmuşdu. "Koroğlu", "Görüş", "Dəli Kür", "Onun böyük ürəyi", "Gənc qadın üçün kişi", "Kişi sözü", "Dərviş Parisi partladır", "Gözlə məni" kimi filmlərdə yaratdığı bir-birindən gözəl rolları ilə Leyla xanım bizim kino salnaməmizdə özünə layiqli yer tutur. O, gözəl qadınların rollarını elə gözəl də yaradırdı. Qəhrəmanları əksər vaxt dramatik xarakterli rollar idi. Nigarı çox gözəl yaratmışdı. Tuti Bikə ondan da gözəl idi. Amma bu qadınlar təkcə zahiri görünüşləri ilə deyil, həm də mənəviyyatları ilə gözəl idi. O, əsl Azərbaycan qadını obrazını yaradırdı.

Mən Leyla xanımla "Azərbaycanfilm" kinostudiyasında, Kinematoqrafçılar İttifaqında dəfələrlə görüşmüşəm. Çox səmimi insan idi. Ailəsinə, övladlarına çox bağlı idi. Nəvələrini də hədsiz məhəbbətlə sevirdi.

Leyla xanımın yüksək təşkilatçılıq bacarığı var idi, O, kinostudiyada teatr-studiyası yaratmaq istəyirdi ki, boş qalan aktyorları bu teatra cəlb etsin və tamaşalar hazırlasın. Belə tamaşalar hazırlandı da. Lakin SSRİ-nin dağılması bu teatrın da taleyinə öz təsirini göstərdi.

O, canlı salnamə idi. Azərbaycan radiosu, televiziyası vasitəsilə kino və teatr tariximizin çox maraqlı səhifələrini dinləyicilərə və tamaşaçılara xatırladırdı. Həmin verilişlərin əksəriyyəti indi onların qızıl fondlarında saxlanılır.

Dəfələrlə xarici ölkələrdə, SSRİ-nin müxtəlif respublikalarında Azərbaycan mədəniyyətinin təmsilçiləri sırasında olmuşdu. Amma ən yadda qalanı, özünün dediyi kimi, Moskvada keçirilən Azərbaycan mədəniyyəti dekadası idi.

Leyla Bədirbəylinin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilmiş, hələ sovetlər dövründə - 1949-cu ildə əməkdar artist, 1959-cu ildə xalq artisti fəxri adlarına layiq görülmüşdü. 1972-ci ildə Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı olmuşdur.

1999-cu ildə amansız ölüm onun həyatına son qoydu. Bu böyük sənətkan işıqlı xatirəsi sənətsevərlərin qəlbindən heç vaxt silinməyəcək.

 

Xalq qəzeti.- 2008.- 13 yanvar.- S. 4.