Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs Dövlət Filarmoniyasında konsertdə olmuşdur

 

AzərTAc xəbər verir ki, ölkəmizdə səfərdə olan Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs yanvarın 11-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Türkiyə dirijoru Hakan Şensoyun idarəsi ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin və Dövlət xor kapellasının (bədii rəhbər və baş dirijor xalq artisti Gülbacı İmanovadır) konsertində olmuşdur.
Konsertin birinci hissəsində Türkiyə bəstəkarı Münir Bekenin 1 nömrəli simfoniyası ("İstanbul nağılları") səslənmişdir.
İkinci hissədə isə simfonik orkestr və Xor kapellası Vasif Adıgözəlovun "Odlar yurdu" oratoriyasını ifa etmişdir. Salona toplaşanlar solistlərin - Azərbaycanın xalq artistləri Qərinə Kərimova və İlham Əsgərovun, əməkdar artist Əkrəm Poladovun ifasını gurultulu alqışlarla qarşılamışlar.

 

Azərbaycan.- 2008.- 12 yanvar.- S. 7.