Qocayeva A.

 

Milli musiqimiz bütün dünyada yüksək səviyyədə qarşılanır və qiymətləndirilir

 

Şəfiqə Axundovanın 84 yaşı tamam olur

 

Görkəmli bəstəkarımız Üzeyir Hacıbayovun bəstəkarlıq məktəbi ənənələri bu gün onun yetirmələri tərəfindən ləyaqətlə davam etdirilərək gələcək nəsillərə çatdırılır. Bu məktəbi davam və inkişaf etdirən tanınmış bəstəkarlardan biri də ömrünün 84-cü baharını qeyd edən xalq artisti, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü Şəfiqə Axundovadır. İncə duyumlu, həssas qəlbli bəstəkarı doğum günü münasibətilə təbrik etmək və son illərdəki yaradıcılığı ilə yaxından tanış olmaq məqsədilə onun qonağı olduq.

Nəzərinizə çatdıraq ki, Ş.Axundova "Ev bizim, sirr bizim" operettasının, onu Şərqin ilk qadın bəstəkarı kimi tanıdan "Gəlin qayası" operasının, 500-dən artıq yaddaqalan və uzunömürlü mahnıların, sonatina, süita, kvartet, dörd səsli ansambl üçün spertino, simli kvartet üçün pyeslərin, xor üçün bir sıra əsərlərin, dramatik teatr və uşaq tamaşalarına yazılmış musiqilərin və bu kimi incəsənət xəzinəsini zənginləşdirən müxtəlif janrlı əsərlərin müəllifidir. Ömrünün müdrik çağlarını yaşayan Şəfiqə xanım bu gün də yorulmadan çalışaraq "yaddaqalan əsərlər yaradır.

- Şəfiqə xanım, sizi doğum gününüz münasibətilə təbrik edirik. Müəlliminiz Üzeyir bəyi necə xatırlayırsınız?

- Üzeyir bəy mənə qoçaq qız deyə müraciət edərdi. Milli musiqilərimizi tələbələrinə dərindən mənimsətmək üçün əlindən gələni əsirgəməzdi. Bizə qarşı olduqca tələbkar, diqqətcil, sənətə qarşı son dərəcə məsuliyyətli idi. Üzeyir bəy nəinki biz tələbələrin oxumasının, hətta yeməyinin və geyinməyimizin də qayğısına qalırdı. Hətta kasıb tələbələrin, o cümlədən mənim təqaüdümün üzərinə öz şəxsi vəsaiti hesabına 50 manat artırmışdı. Çalışırdı ki, fikrimizi maddi vəziyyətdən çox milli musiqilərimizi öyrənmək ətrafında toplayaq. Üzeyir bəy özü üçün gətirdiyi və arasında yağ, kürü və pendir olan çörəyi həmişə mənimlə bölərdi. Mən əksər hallarda utandığımdan yemək istəməyərək ağlayardım, lakin axırda o deyən olardı.

- Dahi Üzeyir bəydən nələri əxz etmisiniz?

- İşgüzarlığı, öz üzərimdə daim işləməyi, sənətə qarşı məsuliyyətli olmağı öyrənmişəm. O deyərdi ki, mahnını elə bəstələmək lazımdır ki, insanı bir əhval-ruhiyyədən başqa əhval-ruhiyyəyə salsın, dinləyicinin ürəyini titrətsin.

- Şəfiqə xanım, ilk bəstələdiyiniz əsərlər hansılardır onların ilk ifaçıları kimlər olublar?

- Nizaminin anadan olmasının 800 illik yubileyinə həsr etdiyim " gözəl", "Neçin qəmxar saxlarsan" romansı, M.Dilbazinin sözlərinə "Beşik başında" X.Əlibəylinin sözlərinə bəstələdiyim "Röya" mahnı-romansım ilk əsərlərimdəndir. "Röya" mahnı-romansı 1944-cü ildə böyük sənətkamız Bülbül Tiflisdə keçirilən Zaqafqaziya Musiqi Baha festivalında ifa etmişdi. Sonra Sona Aslanova, Zöhrə Rəhimova, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Sara Qədimova, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Elmira Rəhimova, Səkinə İsmayılova, Nazpəri Dostəliyeva, Gülüstan Əliyeva, Mətanət İsgəndərli, Gülyanaq Gülyaz Məmmədova bacıları və hazırda bir çox müğənnilər mahnılarınıı ifa edirlər.

- Hansı şairlərin əsərlərinə musiqilər bəstələmək ruhunuza daha yaxın olub?

- S.Rüstəm, S.Vurğun, C.Xəndan bu kimi şairlərin sözlərinə mahnılar bəstələmək ruhuma daha yaxın olub. Yaradıcılığının ilk dövrlərindən Bəxtiyar Vahabzadə ilə işləmək ruhuma qida verib. O özü həmişə böyük həvəslə mənə mətnlər verir. Bəxtiyar müəllimin "Nədən oldu" şeirinə yazdığım mahnıya İbrahim Tatlısəs "Qarayozma" adlı film çəkib.

- Əsərlərinizin ilk dinləyicisi kim olub?

- Oğlum Taleh əsərlərimin ilk dinləyicisi ilk tənqidçisidir.

- Şəfiqə xanım, siz musiqinin müxtəlif janrlarında uzunömürlü əsərlər yaratmaqla bərabər, həm respublikamızın bir sıra teatrlarında oynanılan tamaşalara musiqilər bəstələmisiniz

- Bu sahədə yaradıcılığım olduqca zəngindir. Gənc Tamaşaçılar Teatrında 12 tamaşaya, Akademik Dram Teatrında 1 tamaşaya, Kukla Teatrında 8 tamaşaya musiqi bəstələmişəm. 1958-ci ildə Gəncə Dram Teatrında oynanılan B.Vahabzadənin "Vicdan" əsərinə musiqi yazmışam. O vaxtdan Ağdam, Mingəçevir, Sumqayıt bir sıra şəhərlərin teatrlarında oynanılan tamaşalara saysız-hesabsız musiqilər bəstələmişəm.

- Hazırda yaranan bir sıra musiqilərə münasibətinizi bilmək istərdik.

- Azərbaycan milli musiqisi bütün dünyada yüksək səviyyədə qarşılanır qiymətləndirilir. Ancaq son vaxtlar yaranan musiqilərdən narazıyam. Musiqilərimizə yad xallar, yad nəfəslər gətirilib. Ən pisi odur ki, bir qrup səviyyəsiz tamaşaçı belə musiqiləri hay-küylə qəbul edirlər. B.Vahabzadə belə mahnılara "bic mahnılar, atası, anası olmayan mahnılar" deyir. Üzeyir bəy deyirdi ki, mahnı yazmaq çox çətindir, çünki ona xalq qulaq asır. Hər bir bəstəkarın öz dəst-xətti, yazı üslubu, öz xüsusiyyəti olmalıdır.

- Son vaxtlar yeni əsərlər yazırsınız?

- Bircə gün işləməsəm, özümü sudan çıxmış balıq kimi hiss edərəm. Əhval-ruhiyyəmə uyğun olaraq yeni-yeni mahnılar yaranır. Çox sevindirici haldır ki, gənc nəsil, xüsusilə "Azər Star" musiqi yarışmasının iştirakçıları bu mahnıları sevə-sevə ifa edirlər.

- Şəfiqə xanım, sizə uzun ömür, cansağlığı yaradıcılığınızda böyük uğurlar diləyirik.

- Çox sağ olun.

 

İki sahil.- 2008.- 12 yanvar.- S. 6.