Əliyeva Y., Kərimova V.

 

Mədəniyyət və Turizm Nazirliyi iki ilə yekun vurdu

 

Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

 

Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının iki ili tamam oldu. Bu münasibətlə Park inn otelində mətbuat konfransı keçirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ötən bu müddət ərzində görülən işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi. Bildirdi ki, bu gün mədəniyyət və turizm vəhdət bir anlayış olaraq ictimaiyyətin maraq dairəsindədir. Bu mövzulara verilən diqqət, xeyirxah və tənqidi baxış cəmiyyətimizin mədəni səviyyəsini yüksəltməyə xidmət edir. Ə.Qarayev bu işdə göstərdikləri köməyə görə media numayəndələrinə minnətdarlığını bildirdi.
Ə.Qarayev öncə nazirliyin nəzdində fəaliyyət göstərən Mədəniyyət qəzetinin həyata keçirdiyi layihə barədə məlumat verdi. Qeyd etdi ki, artıq bu gün layihəyə yekun vurulur. Mədəniyyət və incəsənət mövzusunda nəşr olunan materiallar, televiziya kanallarında nümayiş olunan verilişlər nazirlik və eyni zamanda mətbu orqan tərəfindən qiymətləndirilir. Bu ənənəni yüksək qiymətləndirən nazir qalibləri mükafatlandırdı.
Ciddi bir problemi araşdırıb, onun həllini tapmaq üçün ilk öncə geniş ictimaiyyətin diqqətini həmin məsələyə yönəltmək gərəkdir deyən Ə.Qarayev söylədi ki, bu il müddətində də həmin yol seçilmişdi.
Mədəniyyət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun fəaliyyətinin əsasında müasir Azərbaycanın mədəni tarixi durub. Həmin sütun bu gün bizə müasir baxışlara malik olan qərarları qəbul etməyə imkan verir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda mədəniyyətimizdə yeni bir ab-hava mövcuddur.
İki il müddətində ölkə Prezidentinin bu sahənin inkişafına xidmət göstərən fərman və sərəncamlarına diqqəti yönəldən Ə.Qarayev vurğuladı ki, ildə 50-yə qədər sənəd imzalanır. Burda hansısa adlarla, mükafatlarla bağlı fərmanlar, həmçinin dövlət əhəmiyyətli və istiqaməti müəyyənləşdirən qərarlar nəzərdə tutulur. Bu gün Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətini əhatə edən elə bir sahə yoxdur ki, iki il müddətində Prezident İlham Əliyev tərəfındən həmin istiqamətdə hansısa bir sənəd imzalanmasın.
Mədəniyyət çox geniş bir anlayışdır. Mədəniyyət hər birimizin gündəlik həyatımızdır. Bir-birimizlə ünsiyyətimizdir deyən Ə.Qarayev söylədi ki, iki il müddətində 70 min insanın taleyini özündə birləşdirən şəbəkənin püxtələşdirilməsi, müasirləşdirilməsi istiqamətində çox ciddi addımlar atılıb. Sovet dövründən qalan idarəetmə mexanizmləri müəyyən qədər yeniləşdirilib, məsuliyyət daha çox yerlərə həvalə olunub. Məsuliyyəti artırmaqla yanaşı işçilərə sərbəstlik verilir, istər-istəməz demokratikləşmə bütün Azərbaycan mədəniyyətini əhatə etməkdə davam edir.
Dövlət səviyyəsində kitabxana sisteminin təkmilləşdirilməsinə, muzey işinin yaxşılaşdırılmasına, tarixi abidələrin qorunmasına dair xüsusi proqramlar hazırlanıb.
Bu gün nazirliyin qarşısında duran ən ümdə vəzifə bu sahədə mövcud olan qanunvericiliyi və iqtisadi münasibətləri müasirləşdirməkdən ibarətdir.
70 min insanın taleyini birləşdirən sistemdə yeniliklər çoxdur. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə bu sahədə çalışanların əmək haqları artırılmışdır.
Azərbaycan mədəniyyət ölkəsidir Ə.Qarayev ölkəmizin qazandığı bu imicin qorunması istiqamətində atılan addımlardan danışdı. Nazir həmçinin ölkəmizin beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsi yönümündə görülən işlərə də diqqət yönəltdi. Söylədi ki, Azərbaycan islam dünyasının paytaxtı elan olunub. Hər il MDB, GUAM, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın bu kimi tədbirlərin mərkəzinə çevrilməsinə çalışırıq. Məqsəd Azərbaycanı dünyada yüksək səviyyədə tanıtmaqdır.
Natiq vurğuladı ki, milli musiqimizin nümunələri dünyanın müxtəlif ölkələrində yüksək səviyyədə qarşılanır. Fakt ondan ibarətdir ki, Almaniyada keçirilən klassik musiqi festivalında Azərbaycan dövlət simfonik orkestri tədbirin proqramını uğurla icra edib. Təbii ki, bu çox böyük nailiyyətdir.
Nazir beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndiriməsindən də bəhs etdi. Vurğuladı ki, YUNESKO-nun və onun Azərbaycanda təmsilçisi olan xoşməramlı səfir Mehriban xanım Əliyevanın dəstəyini hiss edirik. Ötən ilin ən böyük nailiyyətlərindən biri Qobustanın YUNESKO-nun mədəni irs siyahısına daxil olmasıdır.
Son illər muğam sənətinin inkişafı istiqamətində atılan addımlar hər birimizə bəllidir. Mehriban xanım Əliyeva Muğam mədəniyyətimizin əsas sütunlarındandır söyləməklə onun inkişafı istiqamətində bir sıra mühüm layihələr həyata keçirmişdi. Bu tədbirlər bu gün də davam edir.
Ə.Qarayev turizm sahəsində əldə olunan uğurlardan da danışdı.
Qeyd etdi ki, son iki ildə 60-a yaxın mehmanxana istifadəyə verilib. Hər il turistlərin sayı 11 faiz artır. Azərbaycana bir milyondan artıq turistin gəldiyini vurğulayan nazir bəzi mətbu orqanlarda bu faktın inkar olunduğunu qeyd etdi. Bir məqamı xüsusi vurğuladı ki, Turizm İnstitutunun il yarımdır fəaliyyətə başlamasına baxmayaraq, TQDK-nın keçirdiyi sorğu nəticəsində üçüncü yeri tutmuşdu. Təbii ki, bu, turizm sahəsinə diqqətin bariz nümunəsidir.
Ə.Qarayev ulu öndər Heydər Əliyevin Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir fikrini önə çəkərək bu gün Azərbaycanın digər sahələrdə olduğu kimi bu istiqamətdə inamla irəlilədiyini vurğuladı. Azərbaycan müasirləşir, yeniləşir. Mədəniyyətimiz öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır. Milli-mənəvi dəyərlərimizi, ənənələrimizi, mədəniyyətimizi qorumaq qarşımızda dayanan ən ümdə məqsədlərdəndir. Biz heç kəsin ənənələrinə göz dikməmişik deyən Ə.Qarayev bildirdi ki, bizim sərvətlərimizin əlimizdən alınmasına imkan verməyəcəyik.
Uğurlarla yanaşı problemlərdən danışıldı.
Sonda mədəniyyət turizm naziri media nümayəndələrini maraqlandıran sualları cavablandırdı.

 

İki sahil.- 2008.- 31 yanvar.- S. 5.