Rzayeva M.

 

Ermənilər Sarı gəlinimizi oğurlayıb

 

Türkiyənin özəl kanalları da bu mahnını düşmənlərimizin ağısına çevirib

 

"Sarı gəlin" həqiqətən başıbəlalı imiş. Mahnıda olduğu kimi, gerçək həyatda da. Hər kəs bizim sarı gəlinimizə sahib çıxmaq istəyir. Xüsusən də özgənin mahnı özünküləşdirməyin mahir ustası ermənilər.

Məlumdur ki, Ermənistan "Evrovizion"un növbəti müsabiqəsinə "San gəlin"lə qatılacağını elan edib. Hətta mahnı erməni ifaçı Siruhi Harutyunyanın ifasında videolentə də alınıb. Bu məsələdə Azərbaycan tərəfinin rəsmi mövqeyi də, ictimaiyyətin etirazı da bəllidir. Gələk, digər məsələyə. Ermənilərin oğurluğu bir yana, bu gedişlə özümüzə simsar hesab etdiyimiz Türkiyənin özəl telekanalları da "Sarı gəlin"i az qala erməni mahnısına döndəriblər. Qətlə yetirilən jurnalist Hrant Dink barəsində danışılanlar, verilən istənilən xəbər, məlumat mütləq "Sarı gəlin" sədaları altında yayımlanır. Sanki "Sarı gəlin" Hrant Dinkin möhürünə çevrilib. Tutaq ki, ermənilər küçələrə axışanda "Sarı gəlin"i oxudular. İstanbulun bəzi üzdəniraq sakinləri də onlara qoşuldu. Bəs telekanallara nə düşüb ki, Sarı gəlini erməni ağısına çevirir?

Dünən bu məsələ ilə əlaqədar bir neçə qurumun cavabını almağa cəhd etdik.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva bildirdi ki, analoji hallarla bağlı nazirlik müvafiq qurumlara etiraz məktubları göndərir. Bu sırada "Novaya Volna", "Evrovizion" da var. Etirazların nəticəsi olaraq konstruktiv qərarların qəbul edilməsinə nail olunur:

- Biz əlimizdə olan hər bir imkandan istifadə etməyə çalışırıq. Məncə, belə məsələlərdə bütün musiqi ictimaiyyəti, ümumilikdə cəmiyyət aktiv olmalı, etirazlara qoşulmalıdır. Dünya görməlidir ki, təkcə rəsmi orqanlardan deyil, cəmiyyətdən, xalqdan da təpki var. Mən təklif edərdim ki, imkanı olan hər kəs "Evrovizion" rəhbərliyinə etiraz göndərsin. Bu, çətin məsələ deyil. Hərə internet vasitəsilə bir cümlə yazsa, onlar Azərbaycan xalqının ümumi etirazını görəcəklər. Qaldı ki Türkiyənin özəl kanallarında "Sarı gəlin" mahnısının lazım olmayan məqamda səsləndirilməsinə, açığı bu mənim üçün də müəmmalıdır. Məncə, bu məsələ Milli Teleradio Şurası ilə Türkiyə Radio Televiziya Üst Kurulu arasında həll edilməlidir.

Məsələyə Türkiyənin TRT kanalının Bakı təmsilçiliyinin münasibəti də sərt oldu. "Şərq"in sorğusuna cavab olaraq "Nədən bunu yapırlar, deyə bilmərəm" söyləyən təmsilçiliyin rəhbəri Muhsin Yıldırım qeyd etdi ki, özəl kanalların fəaliyyətindən sorumlu olmasalar da, bu məsələni TRTÜK qarşısında şəxsən qaldıracaq və alınan cavabı bizə bildirəcək.

Müəllif Hüquqları Agentliyinin sektor müdiri Anar Hüseynov erməni qızının ifasında olan "Sarı gəlin"in üzərində hazırda araşdırma aparıldığını söylədi:

- Biz həmin videoyazını əldə etmişik. Hazırda bu məsələ üzərində hüquqşünaslarımız işləyir. Hüquqşünaslar işini tamamladıqdan sonra mahnını ekspert qrupuna təqdim edəcəyik. Ekspertlər rəy bildirdikdən sonra həmin rəyə uyğun olaraq "Evrovizion"a hansı formada etiraz ktubu göndərilməsi müəyyən ediləcək.

- Artıq bəzi rəylər var. Həmin mahnıda təkcə Azərbaycan yox, eyni zamanda türk fars motivləri səslənir. "Evrovizion"un şərtlərinə görə, səslənən mahnı yeni olmalıdır. Folklor-mahnısının yeni aranjimanda təqdim edilməsi qəbul olunmur. Bizim ekspertlər sübut etməlidir ki, mahnının əsas motivi Azərbaycan xalq mahnısı, folklor nümunəsidir. Sadəcə, üzərində işlənilib. Bu təsdiqlənsə, mahnı oğurluq elan ediləcək. Məsələn, bəstəkar Cavanşir Quliyev artıq rəy bildirib ki, "Sarı gəlin" muğamın elə şöbələrindən istifadə edilib ki, onlar yalnız Azərbaycan xalqına məxsusdur. indi biz ekspertlərin ümumi rəyini göziəyirik. Türkiyənin özəl telekanallarının "Sarı gəlin"i Hrant Dinklə bağlı reportajlarda səsləndirməsinə gəlincə, A.İsmayılov bunu təkcə Azərbaycan yox, ümumilikdə türk xalqına hörmətsiz hesab etdiyini vurğuladı. "İstəməzdim deyim ki, telekanallar bunu bilərəkdən edir. Görünür, burada diqqətsizlik var. Hər halda biz bu məsələ ilə əlaqədar öz etirazımızı bildirəcəyik".

Ümumilikdə Azərbaycan xalq mahnılarının anonim adı altında səsləndirilməsi məsələsinə son qoyulması isə hələ də həll edilməmiş qalır. Buna səbəb folklorla bağlı beynəlxalq konvensiyanın qəbul edilməməsidir. Ermənilər də, xalq mahnılarımızı anonim adı altında səsləndirənlər də məhz beynəlxalq alətin əldə olmamasından bəhrələnirlər.

 

Şərq.- 2008.- 24 yanvar.- S. 12.