Sarıyeva İ.

 

Muğam müsabiqəsinin qalibinin həbs xəbəri təsdiqlənmədi

 

Nasir Ətapur: Mən İranda həbs edilməmişəm

 

Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun birgə təşəbbüsü ilə AzTV-də keçirilən muğam müsabiqəsi bir neçə gün əvvəl başa çatıb. Müsabiqə zamanı heç bir qalmaqal qeydə alınmasa da, müsabiqə sonrası iştirakçılardan birinin - Nasir Ətapurun həbsi barəsində mətbuatda məlumat dərc edildi.

Məlumata görə, yanvarın 17-də muğam müsabiqəsində 3-cü yeri tutan Nasir Ətapur Tehranın İmam Xomeyni adına Hava Limanında 1 gün saxlanılıb, gənc xanəndə sorğu-suala tutulub və ondan izahat alınıb. APA-nın xəbərinə görə, izahatda onun İranda Azərbaycan muğamının təbliğilə məşğul olmasına, əsasən də, Təbrizdə keçirilən musiqi tədbirlərində iştirakına qadağa qoyulub.

Qeyd edək ki, Nasir Ətapur 1976-cı ildə Təbrizdə doğulub, orada müəllimi isə tanınmış təbrizli musiqiçi Həsən Azərbaycan (Hərgülü) olub. Hazırda o, Milli Konservatoriyanın III kurs tələbəsidir, N.Ətapur xalq artisti Arif Babayevin sinfində təhsil alır. Nasir Ətapurun həbsilə bağlı məlumat, demək olar ki, bütün muğamsevərləri, o cümlədən də bizi narahat etdiyi üçün bu barədə yayılan məlumatı araşdırdıq.

Əvvəlcə xalq artisti, Nasirin ustadı Arif Babayevlə əlaqə saxladıq. Arif müəllim bizimlə söhbətində bildirdi ki, tələbəsi həbs edilməyib və o, hazırda Bakıdadır. Qəzetlərin yazdığı məlumat əsassızdır. Nasir həbs edilməyib, hazırda Bakıdadır. Niyə onun haqqında belə məlumat yayırsınız? Axı onu nə üçün həbs etməlidirlər? Bu gün (dünən-İ.S) münsiflər heyəti üzvləri və müsabiqə qaliblərini Mehriban xanım Əliyeva qəbul edəcək. Biz hamımız Heydər Əliyev Fonduna gedəcəyik. Muğam müsabiqəsinin münsif üzvü, xalq artisti Səkinə xanım İsmayılovanın da yayılan məlumata reaksiyası sərt oldu: Qəzetlər yazır ki, Nasir İranda həbs edilib. Məlumatı eşidəndə çox pis oldum. Amma Fondda Nasirin özünü görəndə bu məlumatın yalan olduğunu bildim. Mətbuat niyə ağzına gələni yazır? Əsassız məlumatları yazmağı yığışdırm. Niyə başqalarına böhtan atırlar?

Səkinə xanım bizimlə telefön söhbətində bildirdi ki, hazırda iştirakçıların hamısı, o cümlədən də Nasir yanındadır: Uşaqların hamısı buradadır. Nasir də həmçinin. İstəyirsinizsə onu telefona çağırım.

Nasirlə elə Səkinə xanımın telefonu ilə əlaqə yaratdıq. Nasir həbsilə əlaqədar yayılan məlumatı təəccüblə qarşıladığını bildirdi: Mən həbs edilməyimlə bağlı məlumatı eşidəndə təəccübləndim. Mən İranda həbs edilməmişəm, Hər şey öz qaydasındadır. Bu barədə mətbuatda yayılan məlumat həqiqətə uyğun deyil. Düzdür, müsabiqə başa çatdıqdan sonra mən İrana getdim və dörd gün orada - ailəmin yanında qaldım. Məni İranda çox yüksək səviyyədə, böyük sevgilə qarşıladılar. Hətta sərhədə məni qarşılamaq üçün İranın Mədəniyyət Nazirliyinin və Təbriz Mədəniyyət Evinin nümayəndələri də gəlmişdi, Bakıya hansı səbəbdən belə tezliklə dönməsinə gəldikdə, Nasir bunun əsasən, təhsililə bağlı olduğunu dedi: Bilirsiz ki, mən Milli Konservatoriyanın üçüncü kursunda oxuyuram. Bura təhsilimi davam etdirmək üçün qayıtmışam. Bir də, bilirsiz ki, müsabiqə iştirakçıları və qalibləri Azərbaycan bölgələfində konsert proqramı ilə çıxış edir. Mən də o tədbirlərə qatılacağam. İranda - doğulduğu Təbriz şəhərində konsert proqramı ilə çıxış etmək fikrində olub-olmaması sualına cavabında N.Ətapur Bu haqda əvvəlcədən heç bir söz deyə bilmərəm. Hələ burada təşkil olunan konsertlərdə iştirak edəcəyəm - deyə bildirdi. Qeyd edək ki, GAMOH-un Quzey Azərbaycan təmsilçiliyi, Təbrizdəki mənbələrə istinadən, Bakıda keçirilən muğam müsabiqəsinin finalçısı, əslən Güney Azərbaycandan olan Nasir Ətapurun Tehranda həbs olunması ilə bağlı xəbər yaymışdı. Məlumatda bildirilirdi ki, Bakıdan Tehrana uçan xanəndə İmam Xomeyni adına beynəlxalq hava limanında yaxalanaraq ETTE-LAAT idarəsinə aparılıb. İran İslam Respublikasının Azərbaycandakı səfirliyi bu məlumatı təsdiq etmir. Olaylara açıqlamasında səfirliyin mətbuat xidmətinin rəhbəri Məcid Feyzullahi Nasir Ətapurun həbs edilmədiyini bildirib: Nasir Ətapur Bakıdan Tehrana yox, Biləsuvardan Təbrizə gedib. O, Bakıda musiqi təhsili alır, Təbrizə də xanımının səhhətilə əlaqədar gedib. Nasir Ətapurun Bakıda keçirilən muğam müsabiqəsində iştirakının İranda normal qarşılandığını söyləyən səfirliyin sözçüsü bunları deyib: Nasir Ətapur burada oxuyur, müsabiqədə də iştirak edib. Müsabiqənin sonunda Azərbaycanın himni çalınanda da orada yox idi. Çünki o, İran vətəndaşıdır.

 

Bakı xəbər.- 2008.- 23 yanvar.- S. 15.