Türkiyə mətbuatı İrəvan Teatrı haqqında

 

Xəbər verdiyimiz kimi, İrəvan Dövlət Azərbaycan Dram Teatrı ötər ilin sonlarında Türkiyənin Manisa, İzmir, Niğdə şəhərlərində qastrol səfərində olub. Türkiyəli tamaşaçılara dahi Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" və "Məşədi İbad" tamaşalarını klassik və yeni tərzdə təqdim edən teatrın 12 nəfərlik aktyor heyəti diplomatik bir missiyanı da həyata keçirib.

Belə ki, Niğdə Bələdiyyə Məclisinin qərarıyla Qızılalma Parkının adı dəyişdirilərək, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adının verilməsi törəni düzənlənıb İrəvan Teatrının Türkiyə səfəri türk tamaşaçıları tərəfindən rəğbətlə qarşılanıb. Həmyerlilərimizin bir həftəlik səfəri Niğdə şəhərinin mətbuat orqanlarında da geniş yer alıb. Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinə Niğdə Şəhər Bələdiyyəsi tərəfindən ünvanlanan təşəkkür məktubuna əlavə edilən həmin məqalələrdən parçaları oxucularımızın diqqətinə çatdırırıq.

"Gündem" qəzetinin 27-28 noyabr tarixli saylarında "Türkiyə-Azərbaycan dostluğu Niğdədə gerçəkləşdi" başlıqlı yazıda İrəvan Teatrının bu səfəri ilə Azərbaycan -Türkiyə dostluğuna yeni səhifələr yazıldığı vurğulanır. Qəzet ümummilli liderimiz H.Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" fikrini bu iki ölkə arasında fəlsəfi bir yaxınlaşma düsturu kimi də açıqlayır. Niğdə Bələdiyyə Məclisinin qərarıyla Qızılalma Parkının adının dəyişdirilərək, Heydər Əliyevin adının verilməsindən məmnunluq duyduqlarını bildirən Niğdə Bələdiyyə Başkanı Murat Zeren bunu böyük dostluq nişanəsi kimi dəyərləndirir.

Türkiyədə Yeni Yıldız qəzetinin 28 noyabr tarixli sayında "Azərbaycan teatrı tamaşaçı qazandı" məqaləsində də İrəvan Teatrının türkiyəli sənətsevərlər tərəfindən maraqla qarşılanmasından, tamaşanın böyük uğurundan söz açılır. "Hamle" qəzetinin 28 noyabr sayındakı "Möhtəşəm - qala" yazısında İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaranmasının 125 illiyini onlarla birgə qarşılayan aktyor heyətinin uğurlu çıxışından söz açan müəllif bu səfərin əhəmiyyətindən bəhs edir.

 

Mədəniyyət.- 2008.- 16 yanvar.- S. 7.