Məmmədova R.

 

Hüseynqulu Sarabski - Leyli və Məcnun -100

 

XX əsr Azərbaycan milli musiqi mədəniyyətinin parlaq şəxsiyyətləri sırasında öz yeri, öz mövqeyi olan sənətkar. Adı əsrin yeniləşən, dəyişən, müasirləşən sənət aləminin simvollarından birinə çevrilən, əsrin səsinə səs verən, tarixi yaradan sənət fədailərindən biri. O, səhnəmizin əfsanəvi Məcnunudur. Sənətini musiqi incisi - "Leyli və Məcnun" zirvəsindən başlayan Hüseynqulu Sarabski bütün ömrünü bu zirvənin məsuliyyətini, onun ucalığını dərk edərək yaşamış, sənətinə, peşəsinə vurğunluğu ilə nəsillərə nümunə olmuş və olacaqdır. Mənim üçün isə bu şəxsiyyət təkcə böyük aktyor, xanəndə, teatr xadimi, rejissor, pedaqoq deyil, həm də qanımda, canımda, genlərimdə yaşayan doğma insan-babamdır. O, 1945-ci ildə dünyasını dəyişəndə mən hələ bu dünyada yox idim. Onu görməsəm də, atamın söylədiklərini dinlədikcə onu həyatımda olan canlı bir insan kimi sevirdim. Mən uşaqlıqdan onunla fəxr edirdim və sonralar bu fəxr hissinə bir məsuliyyət hissləri də qoşuldu. Artıq neçə illərdir ki, bu hisslərin qovuşuğunda H.Sarabski barədə düşünür və onu xalqına və nəslimizə qoyduğu mirasa - onun adına layiq olmağa çalışıram.
Hüseynqulu Sarabski 1879-cu ildə Bakıda kasıb bir ailədə anadan olmuşdur. Əslində onun həyatı maraqlı bir filmin süjeti ola bilərdi: taleyi də, sənət yolu da, daxilən bütöv, mətin, qarşısına qoyduğu məqsədə gedən yolda hər cür maneələri dəf edən, ən əsası isə sevdiyi işinə, peşəsinə vurğunluğunu ömrünün son anınadək saxlayan böyük bir aktyorun, şəxsiyyətin həyat tarixçəsidir. İlk sənət məhəbbətinə o, son nəfəsində də sadiq qaldı.
Uşaqlıqdan Hüseynqulu Sarabski musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilirdi. Özünün xatirələrində yazdığı kimi, "Məhərrəmlik vaxtında dini havalar oxuyar, mərsiyə deyər, minacat çəkər, eyni zamanda el şənliklərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdik". 12 yaşlı Hüseynqulu ilk dəfə teatr tamaşasına baxır: bu, həvəskarların ifasında "Xan Sarabi" adı ilə qoyulmuş Mirzə Fətəli Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü - Sarabski də bu güclü təəssüratın əks-sədası oldu. Elə bu gündən teatr və musiqi onun arzu və xəyallarında qoşalaşdı. Azərbaycanda milli dramaturgiyanın əsasını qoymuş Mirzə Fətəli Axundovun əsəri ilk opera artistinin taleyində rəmzi bir məna alaraq onu əbədiləşdirən ada təkan verdi.
Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlmişdi. Teatrı "şeytan əməli", aktyorluğu isə "kişiyə yaraşmaz peşə" hesab edənlərin tənəsinə, bəzən də hədə-qorxusuna sinə gərərək öz arzuları və xəyallarına doğru inamla gedirdi. Kiçik yaşlarından zəhmətə qatlaşan, ağır fiziki işlərdən çəkinməyən -dəmirçi, daşyonan, fəhlə işləyən Hüseynqulu yeni əsrin səsini eşidirdi. O, oxumaq, təhsil almaq istəyi ilə özünü oda-közə vurur, qazandığını kitaba, dəftərə verirdi. O, ziyalı, müəllim, təhsilli insanları özünə nümunə seçirdi, onlara bənzəmək istəyirdi. İlk dəfə gördüyü teatr tamaşası isə onun həyat seçimini bircə an içində dəqiqləşdirdi. Səhnəyə o, ilk baxışdan və birdəfəlik vuruldu. Səhnə onun əbədi məhəbbətinə çevrildi. Bu məhəbbət qarşılıqlı oldu. Hüseynqulu Sarabskinin teatra gəlməsində, aktyorluq sənətini seçməsində, püxtələşməsində tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Rəhim bəy Məlikovun, həmkarları - Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olmuşdur. İlk dəfə 1902-ci ildə N.Nərimanovun "Dilin bəlası" pyesində Rəsul rolunu oynayan Hüseynqulu sonralar teatr səhnəsində M.F.Axundovun, Ş.Şamilin, N.Vəzirovun, Ə.Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır. O, yalnız milli repertuara deyil, Azərbaycan dilinə tərcümədə Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərlərinə də müraciət edirdi. Məhz Henrix Heynenin "Əl-Mənsur" pyesində ərəb səyyahının rolunda çıxış edərkən oxuduğu təsiredici "Hicaz" muğamı onu Azərbaycan mədəniyyətinin yeni bir aləminə - musiqili-teatra, operaya gətirdi. Məhz bu tamaşa zamanı Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan "Leyli və Məcnun" üzərində işləyən Üzeyir bəy Hacıbəyovun diqqətini cəlb etdi. Bu, zirvəyə gedən yolun başlanğıcı oldu. Üzeyir Hacıbəyov Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz əsərində baş rola - Məcnun roluna dəvət etdi. Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti və Ümumazərbaycan şöhrəti gətirdi. Bu rol bəlkə də aktyorluq sənətinə hələ də "oyunbazlıq" kimi baxanların teatra münasibətini kökündən dəyişdirən təkan nöqtəsi oldu. Aktyorun özünün yazdığı kimi, "vaxtı ilə onu barmaqla göstərən, ona tənə ilə baxanlar indi onu Məcnun deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar". Səhnədə yaşadığı 30 ildən artıq bir müddətdə o, 400 dəfə bu rolun sehrini yaşadı, yaratdı. Azərbaycan səhnəsinin əfsanəvi, təkrarolunmaz Məcnunu kimi tanındı. Əziz Şərifin Sarabskinin Məcnunu haqda yazdıqları bu gün bizlər üçün sənədli yazı qədər qiymətli və canlıdır. "Sarabskinin oyunu misilsiz idi. Onun nəğmələri bulaq kimi axır. Ağlaya-ağlaya, inildiyə-inildiyə öz məhəbbətindən, öz Leylisindən Füzulinin qəzəlləri ilə ölməz muğam üstündə danışır. İnsan qəlbinin ən incə damarlarına işləyən musiqi mənə o qədər təsir edirdi ki, hönkürtümü çətin boğa bilirdim. Lakin göz yaşlarım durmadan axırdı. Qəlbimi isə qəribə hisslər doldururdu. Zavallı, uğursuz, divanə Məcnun! Sarabski öz rolunu böyük məharətlə oynadı. O, Məcnun surətini səhnədə tam mənası ilə canlandırdı". Dünya opera sənətinin unikal bir səhifəsi olan, Şərqin və Qərbin musiqi teatr ənənələrinin kəsişdiyi muğam operasının tarixini Hüsyenqulu Sarabskisiz təsəvvür etmək mümkün deyil. O, milli opera tarixində Ü.Hacıbəyovun opera və operettalarında - Kərəm ("Əsli və Kərəm"), Şeyx Sənan ("Şeyx Sənan"), Şah Abbas ("Şah Abbas və Xurşudbanu"), Söhrab ("Rüstəm və Söhrab"), Sərvər ("O olmasın, bu olsun"), Mərcan bəy ("Ər və arvad"), Əsgər ("Arşın mal alan"), M.Maqomayevin "Şah İsmayıl"ında Şah İsmayıl, Z.Hacıbəyovun "Aşıq Qərib"ində Aşıq Qərib rollarının ilk ifaçısı kimi ad qoydu. Hər bir obraz üçün Hüseynqulu Sarabski təravətli, fərqli boyalar tapırdı. Məcnunu ifa edərkən tamaşaçılarını göz yaşlarına qərq edirdi. Şah İsmayılı oynayanda məğrurluğu, əzəməti ilə tamaşaçıları riqqətə gətirirdi, Kərəm obrazını yaradanda yandırıb-yaxırdı. O, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyovla birlikdə çiyin-çiyinə yeni musiqi tarixinin qurucularından biri idi.
Hüseynqulu Sarabskinin şirin, məlahətli səsinin bənzərsiz çalarları var idi. Müasirlərinin yazdığına görə, bu səs həmişə həzin və yumşaq səslənərdi. Sanki ürəyi dağlı Məcnunun pərişan qəlbinin yanğısı həmişəlik Sarabskinin səsinə hopmuşdu. Təsadüfi deyil ki, o, muğamlardan "Hicaz"ı, "Bayatı Şiraz"ı, "Segah"ı, "Şüştər"i, "Şikəsteyi fars"ı, xalq mahnılarından "Üçtelli durna", "Sona bülbülləri" ifa etməyi xoşlardı. Görkəmli rejissor A.Tuqanov onu əbəs yerə "şirinsəsli Azərbaycan Sobinovu" adlandırmırdı. Operada fəaliyyəti onun müğənni-xanəndə kimi ifa tərzinə özünəməxsus cəhətlər aşılamışdı. Konsert çıxışlarında H.Sarabski həmişə özünü hər bir tamaşaçı, dinləyici ilə üz-üzə, təkbətək qalan aktyor kimi hiss edirdi. O, sadəcə musiqi ifa etmirdi. Oxuduğu hər bir əsərin qəlbində əks-səda ilə yaratdığı obrazını canlandırırdı. Sarabski özü də musiqi bəstələmək həvəsi ilə yaşayırdı. Onun mahnılarından "Muğan", "Dağlar", "Laylay" böyük sənətkarın musiqi yadigarlarıdır. H.Sarabski Azərbaycan mədəniyyətinin bir çox sahələrinin təşəkkülü və inkişafına istedadı və peşəkarlığı ilə böyük dəstək vermiş mədəniyyət xadimi idi. "Müsəlman opera truppası", "Müsəlman dram truppası"nın yaradıcılarından biri olan H.Sarabski həm də rejissor kimi qüvvəsini sınamış, Ü.Hacıbəyovun "Rüstəm və Söhrab" operalarına, "Ər və arvad", "Arşın mal alan" operettalarına, C.Məmmədquluzadənin "Ölülər" komediyasına quruluş vermişdir. H.Sarabski dramaturgiya sahəsində də qələmini sınamışdır. 1906-cı ildə onun "Axtaran tapar", 1908-ci ildə "Cəhalət" pyesləri tamaşaya qoyulmuşdur. Aktyorun arxivində "Nə doğrarsan aşına, o çıxar qaşığına", yazılması İkinci dünya müharibəsi dövrünə təxmin edilən "Sayıq olmalı" dram əsərləri var.
Bakıda keçirilən "Şərq konsertləri"ndə, Azərbaycanda, onun hüdudlarından kənarda da konsertlərlə çıxış edən Sarabski bununla yanaşı, mədəniyyət xadimi kimi də böyük işlər görürdü. O, 1932-ci ildə respublika xalq yaradıcılığı evinin təşkilində yaxından iştirak etmiş və ömrünün sonuna kimi onun rəhbəri vəzifəsində çox məhsuldar işləmişdir. Azərbaycan aşıqlarının I və II qurultaylarında da Hüsyenqulu Sarabski yaxından iştirak etmişdir.
Öz sənətinin sirlərini gənclərə öyrətməyi, müəllimliyi şərəfli peşə kimi sevən Hüseynqulu Sarabski Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası), A.Zeynallı adına Bakı Musiqi Məktəbində muğam dərsi aparmışdır. Azərbaycanın tanınmış opera müğənnilərindən, xanəndələrindən - Hüseynağa Hacıbababəyov, Məmmədtağı Bağırov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva, Şövkət Ələkbərova, Sara Qədimova, Tükəzban İsmayılova onun yetirmələri sırasındadır.
H.Sarabskinin öz dövrü haqqında xatirələri - "Köhnə Bakı", "Bir aktyorun xatirələri" kitabları XX əsr Azərbaycan mədəniyyət tarixini öyrənmək üçün dəyərli, zəngin, unikal məlumatlarla dolu qiymətli mənbələrdir.
Azərbaycan musiqisində bir Məcnun əfsanəsi yaşayır. O Məcnun Leyliyə deyil, elə Məcnunun özünə vurğun idi. Bu Məcnun əfsanəsini Hüseynqulu Sarabski yaratmışdır. Həyatdan köçəndə də o, Məcnun kimi köçmək istəyirdi. Tarix bu əbədi məhəbbətin şahididir: 1945-ci il fevralın 16-da ölüm yatağında olarkən sənət dostları Qurban Pirimov və Leyli rolunun ifaçısı müğənni Həqiqət Rzayevanı yanına çağırmış və gözlərini Qurbana dikərək titrək səslə demişdir: "Qurban, çal, son dəfə Leylini dinləmək istəyirəm". Qurbanın tarını, Həqiqətin səsini eşidən müğənni əbədi olaraq gözlərini yummuşdu...
Azərbaycan mədəniyyətində Hüseynqulu Sarabski böyük bir musiqi və teatr intibahının ilk qaranquşlarından idi. Aktyor, müğənni, xanəndə, rejissor, musiqi-ictimai xadimi kimi bu böyük sənət fədaisi, bütün mənalı həyatını doğma vətəninə, xalqına həsr etmişdir. Qədirbilən xalqı da onu yaddaşında əbədi yaşadacaq.

 

Azərbaycan.- 2008.- 25 yanvar.- S. 7.