Qorxmaz

 

Şərqdə ilk operanın 100 yaşı tamam olur

 

100 il əvvəl - 1908-ci ilin yanvarında Bakıda havanın necə olduğunu dəqiqliyilə demək mümkün deyil. Hər halda, indikindən heç də az şaxtalı, çovğunlu olmazdı. Üstəlik o dövrdəki qarışıq mühitin, əsəbi cəmiyyətin milli tərəqqiyə qarşı bəslədiyi buz kimi biganəliyini nəzərə alsaq, 100 il əvvəlki yanvarın 2008-in bu qarlı qış axşamlarından daha dondurucu keçdiyini söyləyə bilərik. Ancaq, görünür, ətrafdakı hərarətin aşağı və ya yuxarılığının təpərli, qeyrətli, millətpərvər ürəklərə doğrudan da elə bir təsiri yoxmuş. Çünki Azərbaycana və bütün Şərqə ilk opera əsərinin - "Leyli və Məcnun"un birinci tamaşasının oynanılması xoşbəxtliyini yaşamaq məhz 1908-ci ilin yanvarında nəsib oldu. İki dahinin - Füzulinin və Üzeyir bəyin yaradıcı təfəkkürünün məhsulu olan bu möhtəşəm əsərin səhnəyə qoyulması, sözün ən yüksək mənasında, Şərq mədəniyyətində bir inqilab, köklü yenilik aksiyası kimi tarixə düşdü. Üzeyir bəy və onun bu nəcib işinə cani-dildən dəstək

verən məsləkdaşları Leyli və Məcnunu ərsəyə gətirməklə Azərbaycanın və Şərqin dünya mədəniyyəti xəzinəsinə verdiyi ən parlaq incilərdən birinə imza atdılar.

Leyli və Məcnunun yaranması təkcə Azərbaycanın və Şərqin

dünya mədəni mühitinə yol açması baxımından əhəmiyyətli sayıla bilməz. Əslində bu operanın başqa bir mühüm dəyəri qlobal mədəniyyət anlayışının, dünyanın mədəni bütövlüyünün formalaşması yönündə atılan çox uğurlu bir addım olmasındadır. "Leyli və Məcnun" səhnəyə çıxınca opera anlayışından uzaq duran Şərqlə o zaman bu sahədə çoxəsrlik zəngin ənənələrə malik Qərb arasındakı uçurum daha dərin idi. 1908-ci ilin 12 (25) yanvarında bu uçurumun üzərindən, kövrək də olsa, ilk körpülərdən biri atıldı.

Tariximizin qürur doğuran bu səhifəsinin hansı məşəqqətlər bahasına başa gəldiyi barədə burada geniş bəhs etmək fikrindən uzağıq. Bununla bağlı indiyədək xeyli tədqiqatlar aparılıb, çox sayda məqalələr, xatirələr qələmə alınıb, ekran əsərlərində bu mövzuya geniş yer verilib. Vilayət Quliyevin bu sayımızda (səh.16-17) təqdim olunan geniş məqaləsi də həmin mövzunu ətraflı işıqlandırır.

İndi - bütün islam aləmində ilk opera nümunəsi olan "Leyli və Məcnun"un 100 yaşının tamamlandığı bir dövrdə əsas məsələ bu yubileyi layiqincə qeyd etməkdir. İlk müsəlman operasını böyük fədakarlıqlar hesabına ərsəyə gətirənlərin xatirəsini bu 100 illik dərin ehtiramla yad etmək bəlkə əvvəlki ildönümlərdəkindən daha vacibdir. Yuxarıdakı "İslam Şərqi", "müsəlman operası" ifadələrini təsadüfi işlətmədik. Azərbaycanda yubiley münasibətilə silsilə tədbirlər hazırlanıb. Ancaq yaxşı olardı ki, "Leyli və Məcnun" operasının 100 illiyi ilk növbədə bütün müsəlman dünyasında, o cümlədən YUNESKO səviyyəsində qeyd ediləydi. Şərqin ilk operasının 100 illiyilə bağlı hamımızı təbrik edir, Üzeyir bəyin işıqlı ruhuna Tanrıdan bol-bol rəhmətlər diləyirik!

 

525-ci qəzet.- 2008.- 12 yanvar.- S. 1; 24.