Sevil

 

Səhnəmizin Koroğlusunu itirdik

Ramiz Quliyev: Lütfiyar İmanov Azərbaycanı bütün dünyada təmsil edib

 

Dünən Rəşid Behbudov adına Mahnı Teatrında Xalq artisti, görkəmli opera müğənnisi, srağagün dünyasının dəyişən professor Lütfiyar İmanovla vida mərasimi keçirildi. Mərhum sənətkarla vidalaşmağa ailə üzvləri, digər yaxınları və incəsənət xadimləri toplaşmışdı. Qeyd edək ki, Xalq artisti şəkərli diabetdən və ürək çatışmazlığından əziyyət çəkirdi. Ona görə də bu yaxınlarda Türkiyədən müalicədən qayıtmışdı. Sənətkar yanvarın 21-də axşam saatlarında Mərkəzi Kliniki Xəstəxanada keçinib.
Onu da bildirək ki, 1928-ci ildə Sabirabadda anadan olan tanınmış sənətkarın bu il 80 yaşı tamam olacaqdı. L.İmanov 1943-cü ildə Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində 5 manatlıq gəlin tamaşasında oynayıb. 18 yaşında ilk dram dərnəyini yaradıb. 1957-ci ildə A.Milovanovun sinfində musiqi təhsilini bitirir və Dövlət Estrada Orkestrində, sonra isə Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. 1959-cu ildə Moskvada tamaşaya qoyulan Koroğlu operasında baş rolu oynayıb. 1968-ci Mədəniyyət və İncəsənət Universitetini bitirib. 30-dan çox operada baş rolun ifaçısı olub. 1975-ci ildə 6 ay Milan şəhərində, La-Skala teatrında təcrübə keçib. 1991-95-ci illərdə İstanbul və İzmir şəhərlərinin opera teatrlarında vokal dərsləri verib. 1980-90-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub. İki övladı, nəvələri var.
L.İmanovun sənət dostu, professor Canəli Əkbərov sənətkarı hər cür hörmətə layiq insan adlandırdı: Səhnəmizin Lütfiyar İmanov kimi bir yarpağı soldu. Biz ömrünü cismən milli musiqi mədəniyyətinə, səs-söz dünyasına həsr edən bir fədaini itirdik. O, hər cür hörmətə layiq bir sənətçimiz idi. Sağlığında xalqın qəlbində öz heykəlini ucaltdı. Lütfiyar özündən sonra böyük məktəb, irs qoydu. Təsəllimiz ancaq bu olacaq ki, cismən bizdən uzaqlaşan Lütfiyar mənən qəlbimizdə yaşayacaq və onun səhnə mədəniyyətindən, onun sənətindən bundan sonrakı nəsil yararlanacaq.
Professor, tarzən Ramiz Quliyev isə sənət dostunu anarkən bildirdi ki, L.İmanov ağrıya, xəstəliyə tab gətirən insan idi: Srağagün onunla telefon əlaqəsi yaratdıq. 20 Yanvar şəhidlərini andıq. Nədənsə, çox kövrəlmişdi. Vədələşdik ki, yanvarın 25-də filarmoniyada olan konsertdə görüşək. Dedi ki, Türkiyədən müalicədən gəlmişəm, ayaqlarım ağrıyır, amma mütləq Nina xanımla filarmoniyaya konsertə özümü çatdıracam. Sonra da ötən il İranda verdiyimiz konserti xatırladıq və dedi ki, bu il də belə konsertimiz olacaq. Çox nikbin insan idi. Lütfiyarın ölümünə inanmıram. Bu il onun 80 yaşı olacaqdı. Ömür vəfa etmədi.
Tarzən onu da vurğuladı ki, L.İmanov Azərbaycanı bütün dünyada təmsil edib: Böyük Bülbüldən sonra, səhnədə Koroğlu olmaq hər adamın işi deyildi. O, dünyanı gəzdi, Azərbaycanı təmsil etdi. 1964-cü ildən son günlərədək onunla bir yerdə konsertlərdə iştirak etmişəm. O, sənətinin fədaisi idi. Belə sənətkarlar yəqin ki, nadir olur. Lütfiyar sənət üçün yaranmışdı. Biz səhnəmizin nadir Koroğlusunu itirdik.
Müğənni Bəsti Sevdiyeva isə L.İmanovun vaxtilə tələbəsi olmaqdan böyük qürur duyduğunu bildirdi və sənətkarın vəfatını böyük itki adlandırdı: Mənim üçün böyük itkidi. Lütfiyar müəllim Mədəniyyət, İncəsənət Universitetində 1977-ci ildə mənə vokal sənətindən dərs deyib. Onun çox yüksək tədris qabiliyyəti vardı. Lütfiyar müəllimin tələbəsi olmaqdan böyük qürur duyuram. O cür gur, qeyri-adi səs inanmıram ki, bundan sonra kiməsə nəsib olsun. Lütfiyar müəllim gözəl ailə sahibi idi, bizə də nümunəvi ailə qurmağı aşılayırdı. Allah ona qəni-qəni rəhmət eləsin.
Dünən sənətkar birinci Fəxri Xiyabanda dəfn edildi.
Allah rəhmət eləsin!

 

Yeni Müsavat.- 2008.- 23 yanvar.- S. 12.