Cəfərov Ş.

 

Bakı Xoreoqrafiya Məktəbində daha 3 sagirdin adı Qızıl kitaba yazıldı

 

Musiqi sahəsində xüsusi istedadı olan şəxslərin adlarının Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılaraq Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülməsi ilə bağlı 8 yanvar 2008-ci il tarixli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi sərəncamda Bakı Xoreoqrafiya Məktəbinin üç şagirdinin adı vardır: Xamiz İlham oğlu Cəfərov, Akif Kərim oğlu Kərimli, Zəminə Elxan qızı Sadıqzadə.

Xamiz 1993-cü ildə Bakı şəhərində anadan olub. O, birinci sinifdən Bakı Xoreoqrafiya Məktəbində "Xalq bölməsi"ndə əla qiymətlərlə oxuyur. Akif 1995-ci ildə, Zəminə isə 1994-cü ildə Bakı şəhərində anadan olmuşlar. Bu məktəbdə Akiflə Zəminə 7-ci sinifdə "Klassik bölmə"də oxuyurlar, həm də sinif yoldaşıdırlar. Hər üç şagird rəqqas sənətinə yiyələnir. Bu sahədə şagirdlərin tanınmasında Azərbaycanın milli rəqsi üzrə müəllimi, respublikanın xalq artisti Yusif Qasımovun xüsusi əməyi vardır.

2006-cı il oktyabrın 13-də Fransada YUNESKO-nun 60 illiyi ilə əlaqədar keçirilən tədbirdə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında 2006-cı ilin dekabr ayında Vaşinqtonda Azərbaycanın Mədəniyyət günləri ilə əlaqədar senatorların qarşısında verilən konsertdə respublikanın ən istedadlı uşaqları arasında Xamiz, Akif və Zəminə də olmuşlar.

Bu il Sloveniyada Milli Qəhrəman Mehdi Hüseynzadənin heykəlinin açılışı ilə əlaqədar təşkil olunmuş tədbirdə hər üçü də xüsusilə fərqlənib.

2007-ci ilin may ayında Qazaxda olimpiya kompleksinin açılışında Xamiz, Akif və Zəminə konsert veriblər. Onlar istedadlı bir rəqqas kimi tamaşaçıların böyük alqışını qazanmışlar. Bu konsertdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir.

Bakı Xoreoqrafiya Məktəbində xüsusi fənlər üzrə direktor müavini Nəzifə xanım Əliyeva söhbət zamanı bildirdi ki, məktəbdə 400 nəfər şagird və tələbəmiz var. Onlar arasında Xamiz, Akif və Zəminə çox istedadlı şagirdlərimizdəndir.Həm də bu şagirdlər musiqi sənəti ilə bərabər, orta ümumi təhsil fənlərini də əla oxuyurlar.

Bakı Xoreoqrafiya Məktəbində klassik rəqs, gimnastika, Xalq səhnə rəqsləri, fortepiano, nağara fənləri də tədris olunur. Xamiz, Akif və Zəminə rəqqaslıq sənəti ilə bərabər, əlavə olaraq Xamiz nağara, Akif və Zəminə isə fortepiano dərslərini də öyrənirlər.

Sonda şagirdlər onların sənətinə verdiyi qiymətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz minnətdarlıqlarını qəzetimiz vasitəsilə çatdırmağı xahiş etdilər.

Biz də onların xahişlərini yerinə yetirməklə yanaşı, hər üç şagirdin adının Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılması munasibətilə təbrik edərək, onlara gələcək sənət yollarında böyük uğurlar arzulayırıq.

 

Azərbaycan müəllimi.- 2008.- 18 yanvar.- S. 7.