Təhminə

 

Rəqs hər bir xalqın, millətin tarixidir

 

Əminə Dilbazi: Rəqs olduqca çətin sənətdir elə ifa etməlisən ki, tamaşaçı rəqsləri dərk edə, başa düşə bilsin

 

Bakıya yarasmayan qarlı-küləkli günlərin birində respublikanın xalq artisti, "İstiqlal" ordenli, prezident təqaüdcüsü Əminə xanım Dilbazi ilə mənzilində görüşdük, Əminə xanım azərbaycanlı olmağı ilə fəxr etdiyini, bu sənətin hesabına 20-dən artıq dünya ölkələrində olduğunu, Azərbaycan rəqsini yüksək səviyyədə təqdim etdiyini bildirdi. Əminə xanıma "başqa sənət sahibi olsaydınız xoşbəxt ola bilərdinizmi" sualı ilə müraciət etdik.

- Mən deyərəm ki, yox, çünki mən bu sənətin vurğunuyam. Sənətə vurğun olmaq İlahi sevgidir, sənətkar öz sənətini sevməli, onun vurğunu olmalıdır. Mən Hindistan, Pakistan, Malayziya, Çin, İran, Türkiyə, Almaniya, Fransa b. ölkələrdə Azərbaycan rəqsini yüksək səviyyədə təqdim etmişəm.

Fransada məndən xahiş etdilər ki, lirik qaval rəqsini olduqca kiçik bir yerdə ifa edim, demə mənim bacarığımı yoxlayırlarmış. Mən bu xahişi yerinə yetirdikdə fransızlar məni dünya rəqqasəsi adlandırdılar. Hindistanda məni qədim məşhur hind rəqqasəsi Şiba ilə yanaşı qoydular, bu da mənim məsuliyyətimi daha da artırdı. Fransa, Hindistan bir çox ölkələrdə məni ustad kimi qəbul ediblər. Xarici ölkə səfərlərim mənim demək olar ki, məsuliyyətimi birə on qat artırdı. Rəqqas rəqs vasitəsilə fikrini, rəqsin məzmununu tamaşaçıya çatdırmalıdır. Rəqs olduqca çətin sənətdir elə ifa etməlisən ki, tamaşaçı rəqsləri dərk edə, başa düşə bilsin. Məsələn, "Turacı" rəqsində - turac meşədə gəzişir, ətrafa boylanır ovçudan qorunur, ovçular da turac quşunun ətini xoşladıqlarından xüsusən turac ovuna gedirlər mən qərara gəldim ki, bu rəqsi ifa etməliyəm. Çoxlu məşqlər etdim, xüsusi rəqs geyimi - qanadlı turac paltarı tikdirdim. O qədər rəqsə aludə oluram, sehrlənirəm ki, guya ovçu turacı güllə ilə vuranda mən özümü unudaraq yerə yıxılıram. Dəfələrlə ayaqlarım, dizim yaralanıb, zədələnib, xəstəxanalara düşmüşəm. Sənətə vurğunluq həm xoşbəxtlik, həm məsuliyyət deməkdir, sənətkar millətini seçməli, onun vurğunu olmalıdır, əks təqdirdə bu göstəriciləri olmayanı sənətkar adlandırmaq olmaz.

Bizim musiqimizdə, muğamlarımızda, rəqslərimizdə məna var, məhz sənətkar bu mənaları dinləyiciyə, tamaşaçıya çatdırmalıdır. Azərbaycan xalqının rəqsləri içərisində yallılar xüsusilə fərqlənir, 120 yallı ifası var bu yallılar bir-birindən öz zənginliyi ilə fərqlənir, bir-birinə oxşamır. Bu yallılar əsasən Naxçıvana aiddir. Yallıların öz mənaları, deyəcək sözləri, öz hərəkətləri var. Mən bunları sizlərə deməsəm, sözsüz ki, heç kəs deməyəcək. Biz Almaniyaya gedərkən Yallı qrupunu apardıq, bütün "Yallı" oyunlarını bir-bir təqdim etdikdə tamaşaçıların özləri ilə oturacaq stul gətirdiklərinin şahidi olduq, konsert açıq havada meydanda getdiyindən əhali gecə yarı da getmək istəmirdi. Burada əhalinin tamaşaçının rəqsimizə olan məhəbbətinə, sevgisinə bütün şücaətimizə görə almanların ən hörmətli mükafatı olan balta hədiyyə etdilər sonra Almaniyada nümayiş oldu bizə bildirdilər ki, Azərbaycan sənətkarları birinci cərgədə getməlidirlər. Almaniyada belə qərara gəldilər ki, bizim konsertimizi davam etdirmək üçün proqramdan əlavə saxlasınlar, lakin Moskvadan mədəniyyət naziri icazə vermədi. Xarici ölkələrə həm "Çinar", həm "Yallı" qrupundan aparırdım. Mən respublikamızın rayonlarında xalqın rəqslərini izləmişəm o rəqsləri həmin regiona uyğun qurmuşam, yəni rəqsə toxunmamışam - rəqs hər bir xalqın, millətin tarixinin təcəssümüdür.

Xarici ölkələrdən ən əvvəl səfərin İran İslam Respublikasına olub, 1940-41-ci illərdə qadınlar qapalı olduğundan, konsert salonlarına yalnız kişilər gəlirdilər.

Əminə xanım həmçinin İraqda qastrol səfərində olarkən Şah sarayında şahın qarşısında Azərbaycan rəqslərindən "Mirzəyi" rəqsini ifa etməli olur əvvəlcə təzim edib - rəqsə başlayır sonda diz üstə rəqsin qaydasına uyğun baş əyir qrupun rəhbəri Əminə xanımın hərəkətini xüsusilə vurğulayır. Əminə xanım böyük sənətkar, xalqının sevimlisi olmaqla bərabər, həm gözəl ana, Cövdət Hacıyevə sədaqətli həyat yoldaşı olub.

Belə demək mümkünsə, Uca Tanrının nəzərləri həmişə Əminə xanımın üstündə olub. Əminə xanım Azərbaycan rəqsini, incəsənətini dünya ölkələrinin böyük tamaşa salonlarında, şah saraylarında təqdim edərkən heç vaxt milli rəqs geyimlərini dəyişməyib, xalqımızın adət-ənənəsini, milli adət-ənənəsini uca tutub. Bu gün rəqsimizi çılpaqlaşdıranlara böyük rəqqasın münasibəti mənfidir.

Arzu edərdik ki, səhnədə çılpaqlığa deyil, sənətə qiymət verilsin va bugünki çalıb oxuyanlar korifey sənətkarların səhnə mədəniyyətlərindən dərs alsınlar.

 

Azad Azərbaycan.- 2008.- 15 yanvar.- S. 7.