Əmirxanov S.

 

Xınalıq - açıq səma altında muzey

 

Şimaldan Şahdağ, Şimal-Şərqdən Qızıl Qayada yerləşən Heydər Zirvəsi, Şimal - Qərbdən Tufan Zirvəsi, Cənub - Qərbdən Qiblə dağı ilə əhatə olunmuş qədim Xınalıq... Ötən qərinələrdə şəhərləşən, kəndləşən, yenidən şəhərləşən Xınalıq... Qubanın qədim yaşayış məskənlərindən biri kimi, 4 minillik tarixi olan, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıqda hazırda 1500 nəfərə qədər əhali yaşayır. Maldarlıqla məşğul olan Xınalıq camaatının bir neçə minillik tarixi ənənəsi var. Maddi mədəniyyətlə yanaşı, mənəvi mədəniyyət nümunələri, qədim adət-ənənələr qorunub saxlanmışdır.
Qədim mədəniyyət məskənlərindən biri olan Xınalıq özü səma altında açıq muzeydir. Uca dağların ətəyində yerləşən bu kəndin hər daşında, sanki qədim, bir sirli tarix yaşayır. Bir neçə yüz illik yaşayış evlərini seyr etdikcə keçmişdə bu kənddə baş verən şirinli-acılı hadisələrin izlərini görür, əsrlərlə növbələşə-növbələşə, mərhələ-mərhələ ulu bir tarix yaşandığını düşünürsən. Kəndin əhatəsində olan çox qədim qəbristanlıqlar, türbələr, qədim qəbirüstü abidələr, daşlar üzərindəki yazılar bu kəndin uzaq tarixini seyr etməyə imkan yaradır. Fikirləşirsən: əgər çoxəsrlik hadisələrin şahidi olan bu abidələr, daşlar dil açıb danışsaydi, qədim mədəniyyətimizin bu günə qədər açılmamış cox sirrlərindən biz xəbərdar olardıq, dünya mədəniyyəti daha da zənginləşərdi...
Bu yerin tarix mədəniyyətinin çox cüzi bir hissəsini özündə cəmləşdirən kəndin mərkəzi hissəsində yerləşən Xınalıq Tarix - Etnoqrafiya Muzeyini 2001-ci ildə kənd ağsaqqalı Xəlil-Rəhman Abdürrəhman oğlu yaratmışdır. Xəlil - Rəhman Cabbarov camaatın köməyi ilə kolleksiya yığmış muzeydə cəmləşdirmişdir. 160 kvadratmetrlik iki zaldan ibarət olan bu muzey, sanki Muzey içərisində muzeydir.
Ekspozisiyada eksponatlar qarışıq yerləşdirilmişdir. Muzeyin binası qədim qalanı xatırladır. Girəcəkdə Xınalıq şairi Rəhim Alxasın əsərləri düzülmüşdür. Şairin öz doğma kəndinə sıx bağlılığını əks etdirən bir şer diqqətimizi cəlb edir:
Bahar çağı Xınalığım,
Girən zaman dondan-dona,
Dəyişmərəm bu kəndimi,
Yüz Parisə, min Londona.
Xınalığın digər yaradıcı adamlarının şairlərinin əsərləri maraq doğurur. Birinci zaldakı eksponatlar arasında qoyun bağırsağından toxunmuş, XIX əsrə aid kilə, müxtəlif taxıl ölçən üçün səbətlər kəndin taxılçılıqla məşğul olduğundan xəbər verir. Kətan parçalar digər geyim əşyalarının işlənilməsində istifadə edilən qədim alətlər kolleksiyası da Xınalıqda parça, xalça istehsalının mövcudluğunu sübut edir. Biçinçilikdə istifadə olunmuş müxtəlif ölçülü oraq nümunələri diqqəti cəlb edir. Çarıqlar digər ayaq geyimləri Xınalıqda dəri məmulatlarının istehsalını göstərir. Müxtəlif ölçülü kotan ucluqlar əkinçiliyin inkişafına sübutdur. Ekspozisiyada XVII - XIX əsrlərə aid dəvə at üzəngiləri var. At buxovları, yabalar digər kənd təsərrüfatı nümunələri XVIII - XIX əsrlərə aiddir.
Maraq doğuran nümunələr içərisində XVIII-XIX əsrlərə aid müxtəlif ölçülü, üzərində təsvirləri olan xurcunlar, həbgələr, namazlıqlar, corablar, uşaq geyimləri, qurşaqlar, pul kisələri təbii rənglərlə boyanmış, yundan toxunmuşdur. XIX əsrə aid daş ütülər diqqətçəkəndir.
Kənd təsərrüfati bitkilərinin çəkisini təyin etmək üçün muzeydə qorunan qədim tərəzilər həm xarici görünüşü, həm zahiri məzmunu baxımından maraq doğurur. Onlar forma etibarı ilə simmetrik quruluşa malikdir. Çox nadir əşyalar sırasında XIX əsrə aid saz Xınalığın orta əsrlərə aid musiqi mədəniyyəti nümunəsi kimi qəbul edilir.
Zalın baş tərəfində qədim, nadir əlyazmalar daşbasmalar nümayiş etdirilir. XII - XIX əsrlərə aid zəngin kitab kolleksiyası tarixi, dini, təbiət, etnoqrafiya, dil baxımından əhəmiyyətlidir. Bu əsərlər içərisində bədii ədəbiyyat nümunələri vardır. Bu mənbələrdən bir daha aydın olur ki, ayrı-ayrı dövrlərdə Xınalıq əhalisi müxtəlif mərkəzlərin məktəb mədrəsələri, elm ocaqları ilə əlaqələr yaratmış eyni zamanda Xınalığın özündə belə məktəb mədrəsələr fəaliyyət göstərmişdir. XVIII əsrə aid yerli ustaları tərəfindən orijinal naxışlarla bəzədilmiş sandıq Xınalığın ailə-məişət mərasimləri nümunəsidir. Müxtəlif dövrlərdə düzəldilmiş belə sandıqlar məişət əşyaları gəlinə cehiz verilərdi.
Eksponatlar arasında XVII-XVIII əsrlərə aid təqvimlər nümaiş etdirilir ki, bu da Xınalıqda astronomik müşahidələr aparıldığını təsdiq edir. Xınalıqlı dini alim, Şamaxı mədrəsəsinin məzunu həmin mədrəsənin müəllimi olmuş Əhməd Əfəndinin öz müəllim tələbələri ilə çəkdirdiyi fotoşəkil Xınalıq ziyalılarının maarifçi fəaliyyətini nişan verir.
Nümunələr içərisində məişət əşyalarını, yorğan-döşək yığmaq atla aparmaq üçün XIX əsrə aid məfrəş diqqəti cəlb edir. Məlum olur ki, belə məfrəşlərdən həm yaxın, həm uzaq yerlərə müxtəlif məqsədlərlə səyahətlər zamanı, köçmək məqsədi ilə istifadə edilirmiş. Muzeydə XVIII-XIX əsrlərə aid misdən hazırlanmış müxtəlif ölçülü samovarlar qorunur. Çox təəssüf ki, samovarları düzəldən ustaların adları əks etdirilməmişdir. Burada müxtəlif tarixi dövrlərə aid kağız pullar sikkələr nümayiş etdirilir. XX əsrə aid ağacdan hazırlanan kilə nadir eksponatlar sırasındadır.
XVIII - XIX əsrlərin Xınalıq zərgərləri, dəmirçiləri duluzçuları tərəfindən zəngin bəzəklər həkk edilmiş mis zəncirlər, sinilər, kəfkirlər, qaşıqlar, camlar, süzgəclər, sərpuşlar, məcməyilər, parçlar, həvəngdəstələr, saxsı küplər, dolçalar maraqlı bədii sənətkarlıq nümunələridir. Saxsıdan hazırlanmış çıraqlar, dolçalar, camlar 500 - 600 illik tarixə malikdir.
XIX əsrə aid dəstamaz almaq üçün mis ləyən, XVII əsr ustaları tərəfindən hazırlanmış mis qazanlar, səhənglər ekspozisiyanı daha da zənginləşdirir.
Maraqlı nümunələr içərisində müxtəlif tarixi dövrlərdə neft daşımaq üçün istifadə edilmiş küp qablar Xınalığın başqa şəhərlərlə, yaşayış yerləri ilə əlaqəsini təsdiqləyir. Müxtəlif tarixi dövrlərdə istifadə edilən körüklər, dəmirçi ustaların fəaliyyətini sübut edir. Taxıl döymək üçün vəllər Xınalıqda taxılçılığın geniş yayıldığını sübut edir. Arıçılığın inkişafını göstərən daşlaşmış arı pətəkləri nadirliyi ilə seçilir.
XV-XVIII əsrlərə aid daş kitabələr isə dərin maraq doğurur. Qəbirüstü abidələrdə öz əksini tapan belə yazılar bir daha göstərir ki, Xınalıqda qədim xəttatlıq mədəniyyəti olmuşdur.
Xınalığın ayrı-ayrı tarixi dövrlərdə kənar həmlələrdən qorunması üçün ustalar tərəfindən hazırlanan silahlar bu günə çatıb. Bu eksponatlar içərisində naqanlar, tüfənglər, müxtəlif ölçülü qılınclar, xəncərlər,nizə ucluqları XV - XVII əsrlərə aid digər silahlar xüsusi ilə diqqəti cəlb edəndir.
Yerli ustalarının əl işlərini özündə əks etdirən nümunələr fiqurlar xüsusi ilə qeyd edilməlidir. Belə mahir əl işləri üzərində həmin tarixi dövr hadisələrini əks etdirən çox incə naxışlar, bəzəklər həkk olunmuşdur.
Muzeydə Xınalığın İkinci Dünya müharibəsi iştirakçılarının qəhrəmanlarının təltif edildiyi medallar da toplanıb.
Bu muzeyin kolleksiyalarına əlavə ediləcək külli miqdarda Xınalıq nümunələri mövcuddur, lakin təəssüf ki, bir çox dəyərli nümunələr, qədim daş kitabələr, məişət əşyaları digər zinət əşyaları kənarda qalıb. Muzey binasının genişləndirilməsi eksponatların mütəxəssislər tərəfindən toplanması vacibdir. Yeni muzey binasına mütəxəssislər qrupuna ehtiyac var. Xınalıq kimi qədim mədəniyyət mərkəzinə qonaq gələn hər bir insanın orada fəaliyyət gəstərən muzeylə maraqlanması təbiidir. Buna görə bu muzeyin daha da zənginləşdirilməsi fəaliyyətinin genişləndirilməsi günün tələbidir.

 

Xalq qəzeti.- 2008.- 8 yanvar.- S. 5.