Ülvi A.

 

Bakı Veteran Hərəkatının Tarixi Muzeyi

 

Bakı şəhəri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurasında Bakı Veteran Hərəkatının Tarixi Muzeyi təşkil edilmişdir. Muzeydə Bakıda yaşamış və hazırda yaşayan veteranlar hərəkatının tarixi - montajlarda, fotoqrafik lentlərdə, kasetlərdə öz əksini tapmışdır. Bakı Veteranlar Şurasının Veteran Hərəkatı Muzeyinin üzvü, Bakı Şəhər Veteranlar Şurasının Qadın işi üzrə daimi komissiyasının sədri Kərimova Zenfira bu barədə öz təəssüratlarını bizimlə bölüşdürərək dedi:
Muzeyimizin açılışı Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuşdu. Muzey ümummilli lider Heydər Əliyevin və indi onun layiqli davamçısı olan İlham Əliyevin Azərbaycan veteran hərəkatına olan qayğı və münasibətlərinin təbliğatçısı olmaq məqsədilə yaradılıb. Burada ilk olaraq Heydər Əliyev və Azərbaycan Veteran hərəkatı mövzulu eksponatlar nümayiş etdirilir. Muzeydə Bakı Müharibə, Əmək və Silahlı Qüvvələri veteranlarının döyüş yolları, əməyi geniş yer almışdır. Həmçinin veteranların və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsindəki xidmətlərindən bəhs olunur.
Muzeyin açılışında Azərbaycan Veteran hərəkatının görkəmli ictimaiyyətçi xadimləri, akademik, Sosialist Əməyi qəhrəmanları, o cümlədən, İbrahimov İsmayıl - akademiklər, Nəsirov Mustafa - general-mayor, Hüseynov Bahadur - general-mayor, Respublika Veteranlar Şurasının sədr əvəzi - Əlövsət Baxışov, Bakı Şəhər Veteranlar Şurasının sədri - Baxşıyev Abumüslüm, Rzayev Zilli - Şəhər Veteranlar Şurasının sədr müavini və çoxsaylı veteranlar, gənclər iştirak etdilər.
Bakı Veteran Hərəkatının Tarixi Muzeyinin yaradılmasında Zenfira Kərimova, Qarayev Məhəmməd, Şərifov Elmir, Süleymanov Yaşar, Zeynalova Könül və Məmmədov Əli təşəbbüs və təşkilatçılıq göstərmişlər. Onların ictimai fəaliyyətləri əsasında bu muzey yaradılmışdır. Respublika Veteranlar Şurası Bakı Şəhər Veteranlar Şurasında Bakı Veteranlar Hərəkatının Muzeyinin təşkilini yüksək dəyərləndirərək muzeyimizi fəxri fərmanla təltif etmişdir. Daha böyük işlərimiz isə hələ irəlidədir.

 

Xalq qəzeti.- 2008.- 22 yanvar.- S. 6.