Səlimqızı C.

 

Nazirliyin tələbi qətidir

 

Bu gün hər kəs torpaqdan gəlir mənbəyi kimi istədiyi formada yararlanmağa çalışır. Təbii ki söhbət səlahiyyətlilərdən gedir. Kimi neftə məxsus əraziləri satır, kimi hansısa təhsil ocağı, xəstəxana, yaxud uşaq baxçasının həyətini özəlləşdirib yerində göydələn ucaldır. Gözləri bununla da doymayan səlahiyyətlilər indi milli sərvətimiz olan tarixi mədəniyyət qoruqlarına əl uzadıblar. İstər paytaxt ərazisində, istərsə bölgələrdə yerləşən həmin qoruqları kim necə istəyir satır, özəlləşdirir...

Təsadüfi deyil ki, Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev öz açıqlamasında nazirliyə məxsus 200 hektar qoruq ərazisindən cəmi 3 hektar sahənin qaldığını bildirib. Nazir həmin ərazilərin yerli icra nümayəndəlikləri, bələdiyyələr tərəfindən satıldığını, özəlləşdirildiyini digər məqsədlər üçün istifadə olunduğunu söyləyib. Nazirliyin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətoğlu da bizimlə söhbətində bildirdi ki, 2007-ci ilin sonunda nazir Əbülfəs Qarayev mədəniyyət tarixi abidələrin durumu ilə bağlı müşavirə keçirib. Dövlət Torpaq Xəritəçəkmə Komitəsi, yerli, həmçinin, bölgə icra nümayəndəlikləri, bələdiyyə rəhbərləri ilə birgə keçirilən toplantıda müzakirə mövzusu sözügedən abidələrin hazırkı vəziyyəti olub: Ümumiyyətlə, toplantıdan əvvəl də nazirlikdə mədəniyyət tarixi abidələrimizlə bağlı narahatçılıq var idi. Nazirliyə məxsus qoruq ərazilərinin, parkların yerli icra nümayəndəliklərinin rəhbərləri tərəfindən satılması, özəlləşdirilməsi digər məqsədlər üçün istifadə olunması ilə bağlı siqnallar almışdıq. Təbii ki, ortada dəqiq faktlar var idi. Bu məsələ ilə bağlı toplantıda faktlar əsasında məsələlər müzakirə olundu. həmin ərazilərin kimlər tərəfindən satılması müəyyənləşdi.

İ.Hümbətoğlunun sözlərinə görə, müşavirədə yerli icra nümayəndəlikləri, bələdiyyələrin iştirakı ilə həmin ərazilərdə yerləşən, Mədəniyyət Turizm Nazirliyinə məxsus olan tarixi-mədəniyyət qoruqları həmçinin, parkların ərazilərinin müəyyənləşdirilməsi ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, nazirliyə məxsus ərazilərin sərhədi müəyyənləşdiriləcək. Dövlət Torpaq Xəritəçəkmə Komitəsi, həmçinin, sözügedən icra nümayəndəlikləri ilə birgə qoruq parklara rəsmi sənədlər-şəhadətnamələr veriləcək. İlin əvvəlindən bu istiqamətdə işlərə başlandığını deyən mətbuat xidmətinin rəhbəri yaxın müddət ərzində qərara əməl olunacağını bildirib. Qoruqların sərhədi müəyyən ediləndən sonra artıq həmin ərazilərə Mədəniyyət Turizm Nazirliyindən başqa, heç bir icra strukturu müdaxilə edə bilməyəcək.

 

Mərkəz.- 2008.- 17 yanvar.- S. 11.