Sənətkarlarla söhbət

 

... Onlardan biri - Məzahir Həsənov 1949-cu ildə Şuşada anadan olub. 14 yaşından sənətdədir. Şuşa Şərq musiqi alətləri fabrikində çalışıb. Tar ustasıdır. Hazırda İncəsənət Gimnaziyasının müəllimi, Milli Konservatoriyanın musiqi alətləri laboratoriyasının işçisidir. Famil Qurbanov isə 1956-cı ildə Ermənistanın Sisiyan rayonunda doğulub. Naxçıvanda rəssamlığı, heykəltəraşlığı, yonma işini, xalçaçılığı öyrənib. İxtisasca avtomobilçi olan Famil artıq 5 ildir musiqi alətlərinin hazırlanması ilə məşğul olur. O da eyni zamanda İncəsənət Gimnaziyasının müəllimi və Milli Konservatoriyanın musiqi alətləri laboratoriyasının işçisidir.
Əvvəlcə söhbətə Məzahir Həsənov başdadı:
- Şəhərdəki 132 nömrəli doğma məktəbə gedəndə, Axundov bağından İran səfirliyinə dönən yerdə balaca bir zirzəminin yanında taxta, yapışqan, lak iyi gələn zirzəmi mənə çox qəribə gəlirdi, dərsə geciksəm də, dayanıb baxırdım. Zirzəmidə musiqi alətləri tar, kamança, nağara düzəldirdilər. Uşaq ağlıyla düşünürdüm ki, burda işləyənlər dünyanın ən xoşbəxt adamlarıdır. Ustalarla söhbətləşmək, onlardan dərs almaq istəyirdim...
Famil QURBANOV: Bu ermənilər çox hiyləgərdirlər, sexovşikləri Bakıda üç-dörd yerdə sex açıb beş-altı sənətkarı bir yerə yığırdılar. Sənətkarlar işləyirdi, ad da olurdu onların. Mən bu sənətə təzə gəlmişəm beş il əvvəl. Məzahir, qardaşı Rəcəb Şuşada musiqi alətləri fabrikində çalışıblar. Rəcəb də Bakıdadır, işləyir. Bahadur deyilən bir adam da olub erməni Bahadur. Özü tar düzəltməyib, emalatxana sahibiymiş. Tar çalmağı az-maz bilirmiş, beləcə də çıxıb önə. Bizimkilər düzəldirmiş, ad da olurmuş Bahadurun. Erməni düşüb tarixə, kimi dindirirsən, deyir Bahadurun tarı. Məzahir 45 ildən çoxdur işləyir. Qardaşı Rəcəb də 60 ildir sənətdədir. Ustalardır,
Şuşa ustaları. Bu kişilər milli alətlərin dilini" bilirlər. Amma danışmayıblar, təvazökarlıq eləyiblər. Məsələn, Xudu kişi olub, rəhmətlik gözəl saz düzəldib, onun adı bir-iki kitabda ötəri qeyd edilib... Musiqi alətlərini düzəldən ustalar üzə çıxmayıblar. Tar, kamança çox böyük əziyyət istəyir. Təqribən 9 aya başa gəlir. Ağacın kəsilməsi var, quruması, yığılması var. Yığdın, gərək bir ay çalasan ki, xərək, pərdə yerini tutsun. Mənim texniki, rəssamlıq, heykəltəraşlıq savadım var. Bu işə gələndən sonra görmüşəm ki, sənətkara, necə deyərlər, üçüncü sort adam kimi baxırlar. Belə getsə, üç-beş ildən sonra gedib hansısa ölkədən tar düzəldən, kamança düzəldən gətirəcəyik. Bu gün cavan ustaların çoxu üz çəkməyi, sim salmağı bacarır. Bəs, bu tarın çanağını kim yonacaq, qolunu kim düzəldəcək? Problem budur. Heç kim də maraqlanmır. Hərə başını salıb aşağı öz işiylə məşğuldur. Milli mentalitet deyəndə bizim dövlətimiz, bayrağımız, gerbimiz, himnimizlə yanaşı, mədəniyyətimiz gəlir göz önünə. Mədəniyyət deyəndə də muğam, tar, kaman yada düşür. Hansı muğamı biz tarsız təsəvvür eləyə bilərik?
M.H: Bəli, mədəniyyət deyəndə artistlər, bir də musiqiçilər xatırlanır. Başqa heç kim. Biz də varıq axı. İşimiz belədir ki, sıfırdan başlayıb gəlib çıxırsan gözəl bir alətə. Kötüyünü görsən, deyərsən ki, bir əcaib şeydir də. Amma həmin alətdə musiqiçilər ad qazanırlar, məşhur olurlar, bizi isə tanıyan ancaq tarını-kamançasını düzəltdiyimiz musiqiçilərdir.
F.Q: Ən məşhur ifaçının alətində kiçicik bir qüsur olsa, bütün iş korlanar. Məndə kitab var ki, musiqi alətləri, onların ifaçıları haqda yazırlar. Bəs bu tarı, kamanı düzəldən yoxdur? İnternetdə ermənilərlə kamança, balaban üstündə qırğın gedir. Bunu aydınlaşdırıb ortaya çıxaran yoxdur ki, bəli, erməninin də kamançası var, amma filan formadadı, səslənməsi, tembri filan cürdü. Erməninin xalq mahnısı, bəstəkar mahnısı varsa, ifa eləsin. Əgər bizim kamançanı çalırsa, bizim bəstəkarların mahnısını ifa eləyirsə, deməli, elə bizdən götürmədir, oğurlanmadır. Bunu da sübut eləmək üçün bizdə olan ustaları üzə çıxarmaq lazımdır.
1934-cü ildə Səid Rüstəmovla Üzeyir Hacıbəyov milli xalq orkestri yaradıblar. Orkestri yaradanda burada bəm səslər çatmayıb, bas alətlər olmayıb. Kanon, skripka, kontrabas, violonçel, qarmon, klarnet, fortepiano alətlərini buraya daxil ediblər. Niyə? Ona görə ki, bəm, yəni bas səslər bizdə çatışmır. Elə indiyə kimi də olmayıb. 2004-cü ildə Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi bizə dedi ki, bəm səsli alətlər hazırlamaq lazımdır. Çalışıb bir alət yaratdıq, bax, durur orda. Bu ayşəkilli alət səs vermədi, qaldı. Mənim sənətdə ilk işim skripka olub. Səslənməsini yoxladıq, çox qəşəng alındı. Sonra mənə qədim xalq çalğı alətləri üzrə mütəxəssis Məcnun Kərimovun kitabını verdilər, oxudum və tapdım bas alətin səsini. Düzəltdim bəm kamançanı, 2004-cü ildə təqdimatı da oldu. Hətta bizim yeni bir manatlığın üstünə də düşüb şəkli. İndi bu kamançanın tədrisinə başlanılacaq.
- Yəqin, bəm kamança orkestrlə birgə ifa edilməlidir?
F.Q: Biz bunu 2004-də üzə çıxarmışıq, indisə 2007-dir. Artıq yeni kamançanın cizgiləri bütün əllərdə var. İxtiralar məxfi qalmalıdır bir orkestrdə üzə çıxanacan, möhür vurulanacan ki, bu, Azərbaycanın milli alətidir... Başqa ölkədən 35 min dollar verirdilər ki, mən bu aləti satım onlara. Satmadım.
- Bu alətin müəlliflik hüququ təsdiqlənib?
F.Q: Hələ yoxdur, amma olasıdır, iş gedir.
- Bu bəm kamançanı necə üzə çıxardınız?
F.Q: Siyavuş müəllim qulaq asdı kamançaya, sonra o, kaman ustası Munis Şərifov və mən getdik Bəstəkarlar İttifaqına. Rəhmətlik Vasif Adıgözəlov bizi qəbul elədi. Munis çaldı, Vasif müəllim də dedi ki, bunun təqdimatı yüksək səviyyədə, dövlət səviyyəsində keçirilməlidir. Belə də oldu. 2004-cü il iyunun 7-də Bəstəkarlar İttifaqında təqdimat mərasimi keçirildi. Adi kamançanın qolu yuxarıdan yoğun olur, aşağıdan nazik. Bəm kamançada əksinədir. Bəzi başqa fərqlər də var. Dünyada 80-dən yuxarı kamança növünün olduğunu deyirlər. Yaponlar boranının üzərinə dəri çəkib dördsimli kamança düzəldiblər, qəşəngcə də çalırlar.
- Qədim alətlərdən çəqanə də kaman növü sayılır?
F.Q: Çəqanə də kamança sayılır. Əsrlər bundan qabaq olub, bizdə Məcnun Kərimov bərpa edib. Biri muzeydədir, biri də Munis Şərifovda. Tərsinə tutsan, ilk baxışda saza bənzəyir. Səsi də gözəldir. Çəqanə qədim alət olduğundan not üzərində qurulmayıb, bəm kamança isə orkestrdə istifadə edilə bilər.
- Hər halda tədrisdən bir az ətraflı danışaq. Nə qədər şagirdiniz var?
F.Q: On beş. Aralarında eləsi var ki, tar da, kamança da çalır, vaxtları olanda gəlirlər, məşğul olurlar...
M.H: İfaçılar da gəlib öyrənirlər. Çünki birdən hansısa xarici qastrolda problem yaransa, bunu imkanları daxilində özləri həll edə bilsinlər.
- Özü müstəqil şəkildə bir tar və ya kamança düzəldən istedada rast gəlmirsiniz ki?
F.Q: Yox... Şagirdlərimiz azyaşlılardır, dəzgaha çox yaxın buraxılmırlar. Həm də ustanın yetişməyinə 20, bəzən 30 il tələb olunur. Bax, bu alətlər, bu da kötük. Uşağın işləməyi burada çox çətindir, heç biləyi də dözmür. Əsas uşaqda maraq yaratmaqdı, maraq olsa, yonmağı sonra da öyrənər. Elə mənim özümü götürək: 2000-ci ildə heç maraqlanmırdım ki, tar nədir, kamança nədir. Sovetlər dağılandan sonra mən bizneslə məşğul idim. Bircə Məcnun Kərimov inanırdı ki, məndə bu iş alınar. Alındı da. Çünki işə ürəklə yanaşdım.
- Bir ara
tara meyillənmişdim, musiqi dükanlarını gəzirdim. Qiymətlər elə də baha deyildi 40-50 dollar. Siz deyirsiniz, bir tar 9 aya, bir ilə başa gəlir. Təsəvvür eləyirəm nə qədər əziyyət çəkirsiniz...
M.H: Ötən əsrin 90-cı illərində sərhədlər açılanda nə yaxşı alət vardı daşındı İrana, Türkiyəyə, ora-bura. Satıldı, qurtardı. Özümüzdəsə
Şuşa musiqi alətləri fabrikindən alətlər qaldı. Bunlar da kövrək materialdan düzəlmiş, vaxtı sona çatmış alətlər idi. Bir yandan da o sistem dağıldı, musiqiyə həvəs azaldı. Qabaq iranlılar tarı bizdən aparırdı, indi onlar bura gətirir. Mingəçevirdə bir sex var. Onlar düzəldib Bakının dükanlarını doldururlar. Professional baxımdan çox aşağı alətlərdir. Məsələn, biz tutdan düzəldirik tarı. Şamdan da olar. Amma tutdan düzələn tarın əvəzi yoxdur, tut da həmişə olmur, çox qiymətli ağacdır.
F.Q: Tar tutdan düzəlibsə, lap yüz il çal. Kamançanı ərik, qoz, tut ağacından düzəldirlər. Amma ən yaxşı kamança ərik ağacından olur. Zurna, balaban ancaq ərik ağacından düzəldilir. Niyə? Ərik ağacı nəmişliyə dözümlüdür, çünki nəfəsdən gələn rütubət başqa ağacı məhv edər. Əriksə dözür. Onu yağda qaynadırlar ki, nəmişlik götürməsin.
- Deyirlər, alətin üzünə əsasən balıq dərisindən üz çəkirlər?
F.Q: Balıq dərisindən istifadə edilir. Lap qədimdən keçi, çəpiş dərisi aşılanırdı, beş ilə yaxın qurudulurdu və kamançada istifadə edilirdi. Məzahir tar düzəldir, mənsə kamança. Odur ki, kamançadan deyirəm. Əllərdə olan kamançanın 50 faizi düzgün səs çıxarmır. Ona görə biri arxadan deşik açır, digəri simləri dəyişir.
- Düzgün səslənməni necə təyin edirsiniz? İfaçı gəlir qulaq asır, yoxsa?.. Xaricdə aləti salırlar kompyuterə, yoxlayırlar. Sizdə necədir?
F.Q: Bizim də öz qəliblərimiz var. Əgər uşaq tarı düzəldiriksə, bu halda əsas, alətin uşağın qoluna uyğunluğudur. Səslənmə bir qədər arxa plana keçir. Bir şey də var: heç bir usta deyə bilməz ki, on tar düzəldib, onu da eyni səslənir. Bunlardan biri, ikisi professional səs verə bilər.
M.H: Hər şeydən vacib ağacın özüdür.
F.Q: Xaricdə ağacı kəsən zaman ustalar onu dinləyirlər, həkimlər xəstəyə qulaq asan kimi. Dinləyirlər görsünlər necə nəfəs alır, hansı səsləri çıxardır, hansı tərəfi kəsilə bilər. Amati, Stradivari (məşhur italyan ustaları red.) skripkaları belə düzəldiblər. Xaricdə düzəldilən aləti ekspertlər qiymətləndirirlər. Bizdə 20-dən yuxarı musiqi aləti var, amma belə bir ekspert yoxdu. Bir Məcnun Kərimovdur, o da musiqi alətlərinin bərpası ilə məşğuldur. Ağaca gəlincə, bizdə tarın materialı Qarabağdan gəlirdi, yaxşı tut ağacları məhz orada idi. Qədim ustalar gedib tut ağacının gündəyən tərəfindən qeyd eləyirdilər ki, bu kəsiləcək. Usta bilirdi ki, bu hissədən alınan tar mükəmməl olacaq. İndi o ağaclar yoxdur. İstər ərik, istər qoz, istərsə də tut ağacı. Qədim, 80-100 yaşı olan ağaclar tələb olunur ki, onlar da yoxdur.
- Bəs Abşeron tutu necədir?
F.Q: Düzəldirik, amma o səsi vermir.
M.H: Bakı zonasının ağacından düzəldilən alətin səsi kal çıxır. 100 tardan 3-4-ü lazım olan kimi səslənir. Ağacın erkək, ya dişi olmasının da səsə təsiri var.
- Sizin hansısa xarici ölkələrlə, məsələn, İran ustaları ilə əlaqəniz varmı?

M.H: Elə bir əlaqəmiz də yoxdur, harasa getmək imkanımız da. Bura Türkiyədən, İzmirdən musiqi müəllimləri gəlmişdilər. Laboratoriyaya baxıb vahimələndilər ki, biz orada hər şeyi kompyuterlə hesablayırıq, texniki təchizatımız var, sizsə əllə gör nələr yaradırsınız. Bizə yüksək maaş təklif etdilər. Amma hara gedək?
F.Q: Bura Amerikadan bir qız gəlmişdi Nataşa Kipp, balaban çalmağı öyrənirdi. Ölkəsi onun bir ilinə 150 min dollar qrant ayırmışdı. Ötən ilin əvvəlində qayıtdı, indi bizə yazır ki, 80 tələbəsi var. O qız gedəndə bir kamança sifariş eləyib apardı.
- İcazə varmı aparmağa?
F.Q: İncəsənət Muzeyində alətə pasport verilir və ondan sonra hara istəsən, apara bilərsən. Mən də imzamı birbaşa kamançanın içərisinə yerləşdirdim ki, bunun mənbəyi bilinsin...

 

Xalq qəzeti.- 2008.- 27 yanvar.- S. 6.