Azərbaycanlı və almaniyalı rəssamların birgə sərgisi

 

Almaniyanın "Galerie Berlin-Baku" filialında açılıb

 

İlin sonuna doğru "Qız qalası" qalereyası Almaniyanın paytaxtında "Galerie Berlin-Baku" adlı filialını açıb. Bu günlərdə isə sərgi salonu alman tamaşaçılarına növbəti sərgisini təqdim edib. Adından göründüyü kimi bu qalereya iki təsviri sənət mədəniyyətini özündə birləşdirir. Sonuncu tədbirdə azərbaycanlı və almaniyalı rəssamın əl işləri nümayişə çıxarılıb. Bunlar Şamo Abbasov və Aksel Qundrumdur.
"Qız qalası" qalereyasından "Ayna"ya daxil olan məlumata görə, Şamo Abbasov Ə.Əzimzadə adına rəssamlıq məktəbinin və V.İ.Muxina adına Leninqrad ali rəssamlıq məktəbinin məzunudur. Onun əsərləri Azərbaycanın, Rusiyanın, ABŞ-ın, Çexiyanın, Avstraliyanın muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Rəssam əsərlərində yumor və lirika arasındakı sərhəddi balanslaşdırır və məharətlə təsviri sənətdə çətin və nadir olan qrotesk metodundan istifadə edir.
Qeyd edək ki, Şamo Abbasovun alman həmkarı Aksel Qundrum da oxşar manerada işləyir, lakin onun üslubunda müasirlikdən çox qədim german miflərinin izləri var. Xəbərdə bildirilir ki, bu həftədən tamaşaçıların ixtiyarına verilən sərgidə Dalema (Berlin) muzeyinin professoru İnqrid Şindlbek çıxış edib. O, tamaşaçılara iki mədəniyyətin qarşılıqlı əlaqəsindən, sənətə fərqli və fərdi yanaşmalarına baxmayaraq, müəlliflərin dünya görüşündəki oxşarlıqdan danışıb.

 

Ayna.- 2008.- 11 yanvar.- S. 8.