Məmməd Alimin 60 illiyi qeyd olunub

 

Bugünlərdə yazıçı, əməkdar incəsənət xadimi, beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı Məmməd Alimin 60 illik yubileyi münasibətilə «Dünya, qapını» adlı ədəbi-bədii gecə keçirilib.

Əvvəlcə yazıçı haqqında nümayiş etdirilən filmdə onun həyat yaradıcılığından söz açılıb. M.Alim 1949-cu ildə Goranboy rayonunun Xınalıq kəndində dünyaya gəlib. Gəncə şəhərində (6 saylı orta məktəbdə) ilk təhsilni alıb. Əmək fəaliyyətinə şəhər 19 saylı Dəmir Yol Məktəbində başlayaraq «Gəncənin səsi» qəzetində müxbir, şöbə müdiri vəzifələrində çalışıb. İlk şeiri adıçəkilən qəzetdə dərc olunub. O, həmçinin Qətran Təbrizi, Nizami, Boris Pasternak kimi bir çox klassiklərin əsərlərindən tərcümələr edib. Şeirləri rus, gürcü, polyak bir sıra xarici dillərdə dünya sözsevərləri ilə görüşüb. M.Alim «Çinar» ədəbi birliyini təsis edərək bir çox istedadlı yazarların püxtələşməsinə kömək edib. O, 1974-cü ildən Azərbaycan Jurnalistlər, 1981-ci ildən isə Yazıçılar Birliyinin üzvüdür. Hazırda AYB-nin  Gəncəbasar bölməsinə rəhbərlik edir.

Yubiley tədbirində çıxış edən qələm dostları, ziyalılar 44 illik sənət ömründə sözün işığına pərvanə kimi dolanan bu yazarın yaradıcılığından söhbət açdılar, yubilyarı təbrik etdilər. Həmçinin məktəblilər onun əsərlərindən parçalar, pyeslərindən səhnələr nümayiş etdirdilər. Yubilyarın sözlərinə bəstələnmiş mahnılar da oxundu.

Sonda yubilyar bu diqqətə görə hamıya təşəkkür etdi tədbir ona gül dəstələri, hədiyyələrin təqdimatı ilə başa çatdı.

 

Mədəniyyət.- 2009.- 29 yanvar.- S. 2.