Mükərrəmoğlu M.

 

Sənətkar daxilən azad olanda...

 

Onda hələ müharibə qurtarmamışdı. Ölkədə aclıq, səfalət hökm sürürdü. Amma qələbəyə artıq ümid yaranmışdı. 1945-ci ilin yanvarın 2-də dünyaya göz açan Səməndər gəldiyi dünyanı belə gördü. Ağsu da böyük Sovetlər ölkəsinin düçar olduğu məşəqqətləri yaşayırdı. Yaxşı ki, heç olmasa, dünyaya yeni-yeni istedadlar gəlirdi. Ağır, məşəqqətli günləri körpəlik taleyinə düşən Səməndər oxudu, təhsil aldı və nəhayət Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul oldu. Bu, 1961-ci ildə olmuşdu. Səbəb də bu idi ki, hələ orta məktəb illərində Səməndər dram dərnəyi təşkil etmiş, istedadlı uşaqları da bu dərnəyə cəlb etmişdi. O, özündə teatra qəribə bir maraq yarandığını hiss etmiş və ona görə taleyini də elə aktyorluq sənətinə bağlamışdı. Doğrudan da, onda istedad olduğunu elə böyük sənətçilər də aydın hiss etmişdilər. Böyük aktyorlar onun ifa etdiyi rollara göz qoyur, Səməndərin də böyük sənətkar olacağını açıq etiraf edirdilər.

Onun sənət yolu müəllimlərinin xeyir-duası ilə Azərbaycanın möhtəşəm sənət ocağı olan Akademik Milli Dram Teatrından başlandı. Özü də 1968-ci ildə tələbə ikən.

Səməndər Azərbaycan teatrı səmasında bir ulduz kimi parlayıb söndü. Onun sənətə gəlişi, həqiqətən, böyük ümidlər doğurmuşdu. Akademik Milli Dram Teatrının səhnəsində ona sanballı rollar vermişdilər. Gözəl səsi, plastik hərəkətləri, məharətli ifa tərzi onun yaradıcılığı üçün spesifik xüsusiyyətlər idi. Və bu keyfiyyətlər “Hamlet”i tamaşaya hazırlayan mərhum Tofiq Kazımovun diqqətindən yayınmayıb. Onu Horatsio roluna dəvət edib. Bu, Səməndərin ilk rolu idi və gözəl də alınmışdı. İlk rolun uğuru onu sənətə daha çox bağladı. Onda hələ institutun son kursunda təhsil alırdı. Əslində, onun istedadına “ölçü”, “hədd” yox idi. O, hər bir xarakteri özünün üslubuna uyğunlaşdırırdı və obrazı özününküləşdirirdi. Böyük Hüseyn Cavidin “Xəyyam”ında Xacə Nizam, “Knyaz”ında Knyazı oynamışdı. Gözəl də alınmışdı. Əslində, Səməndər dramatik rolların gözəl ifaçısı idi. Amma komik rollarda da özünü sınamışdı. Pis də alınmamışdı. Oynadığı rollarda qəribə bir səmimiyyət olardı. Onun qəhrəmanları tamaşaçı qəlbinə asanlıqla yol tapırdı. Bəzən onun qəhrəmanlarının sözləri el arasında zərb-məsələ çevrilirdi.

Səməndər daxilən azad sənətkar idi. O, ürəyi tutmayan rolları oynamazdı. Ona görə də rollarının çoxunda özünə oxşarlıq var. Onların çoxu ağayana, öz sözünü deyən, həm də mülayim insanların obrazlarıdır. “Şəhərin yay günləri”ni xatırlayın. Bəhram Zeynallını necə də dəqiq ştrixlərlə canlandırıb. Səməndərin ifasında çox qəribə bir şirinlik vardı. Onun qəhrəmanları, nədənsə, tamaşaçıya çox doğma, yaxın adam təsiri bağışlayırdı. Elə bilirdin, bu adamları nə vaxtsa, haradasa görmüsən.

Səməndərin səsindəki şirinlik də bu münasibətlərə özgə bir doğmalıq gətirirdi. Səməndər Rzayev bizim kinoda dublyaj sənətinin korifeylərindən idi. O, kinostudiyanın dublyaj sexində, demək olar ki, günlərlə filmlərə səsini yazdırardı.

Səməndər millətini, xalqını sevən sənətkar idi. O, həmişə oynadığı rollarda milli cizgiləri qabartmağı xoşlayırdı. Epizodlarda belə o, azərbaycanlı idi, özü də, əsl azərbaycanlı. Səməndərin səsi, danışığı bir orkestrin ifa etdiyi simfoniyaya bərabər idi. Nə qədər ahəngli, nə qədər ürəyə yatımlı danışardı. Qəribədir, Səməndər Rzayevə hətta epizodik rollar təklif olunanda belə, məmnuniyyətlə razılaşırdı. Deyirdi ki, “kiçik açarla da böyük qapılar açmaq olur”. Amma elə ki, səhnədə bu böyük sənətkarın səsi eşidilirdi, bütün zal heyrətə gəlirdi. Bəzən onun kiçik rolları baş qəhrəmanları belə kölgədə qoyurdu. Səməndər Rzayev klassik aktyor sənətimizin ruhunu yaşadırdı, elə özü də klassik sənətkara çevrildi.

“Həyatın dibində”, “Yağışdan sonra”, “Sən yanmasan”, “Cehizsiz qız”, “Qəribə oğlan”, “Dəli yığıncağı...” Bunlar Səməndərin teatrda oynadığı tamaşaların cüzi bir hissəsidir. Amma onların hər birinə Səməndərin yuxusuz gecələri, gərgin yaradıcılıq axtarışları, bəzən isə sağlamlığı sərf olunmuşdu.

Səməndər Rzayev yaradıcı sənətkar idi. O heç vaxt mətnə ehkam kimi baxmazdı. Özü obraz üçün ştrixlər axtarırdı. Rejissorları da bu “ixtiralar”ın sərfəli olduğuna inandıra bilirdi.

Kinoya Səməndərin hansı rolla başladığını demək çətindir. Amma onun sənət dostu, xalq artisti Yaşar Nuri deyir ki, ilk filmi haqqında bir özü bilirdi, bir də mən... “Uşaqlığın son gecəsi”. Filmin lap əvvəlində küçədə gəzən iki milis işçisindən biri Səməndər idi. Amma sonralar o, kinoda da öz sözünü dedi. Doğrudur, onun aktyorluq potensialı kinomuzda yetərincə istifadə olunmasa da, bir sıra yaddaqalan obrazları - Səməndərli anları kino tariximizə köçürüb. “Çarvadarların izi ilə” filmində Səməndər elə Səməndəri oynayırdı. Bu filmin əsasında İlyas Əfəndiyevin “Körpüsalanlar” əsəri durur. Səməndər filmin çox da böyük olmayan surətlərindən biridir. Amma nəzərə çarpan, yadda qalan obrazdır. “Nəsimi” də isə rejissor Həsən Seyidbəyli ona Şirvanşah İbrahimin rolunu tapşırmışdı. Bu, aktyor üçün böyük məsuliyyət idi. Doğrudan da, Azərbaycanın tarixində danılmaz xidmətləri olan Şirvanşah İbrahimi ekranda yaratmaq aktyordan əsl mənada yüksək sənətkarlıq tələb edirdi. Film ekrana çıxanda çoxları təəccüb hissi keçirdi. Səməndər obrazı elə özününküləşdirmişdi ki, qarşında tarixi şəxsiyyət İbrahim şahın dayandığına səmimiliklə inanırsan.

Səməndər Rzayevin qəhrəmanları, həqiqətən, səmimi, ətrafındakılara diqqətli olan insanlardır. Bəlkə də, bu, onun öz xarakterindən doğan cəhət idi. Axı, aktyorun öz daxili “mən”ini gizlətməsi hər vaxt mümkün olmur. İstər-istəməz özündəki temperament, psixoloji məqamlar üzə çıxır. Bax, Səməndər Rzayevin aktyor taleyinin xoşbəxtliyi onda idi ki, o, daxilən təmiz ruhlu adam idi. Yaratdığı rollara isə öz ruhunun, qəlbinin şirin çalarlarını hopdururdu. Bu yöndə yaratdığı obrazlardan “Bəyin oğurlanması” filmindəki Hidayət müəllimi xatırlasaq, yerinə düşər. “Mənəm ey, Hidayət müəllim” və ardınca da Səməndərin şaqraq gülüşü. Bunu yalnız və yalnız Səməndər Rzayev belə səmimi və təbii yarada bilərdi. Bu səhnə, bəlkə də, Səməndərin öz kəşfi idi. Hər halda klassik bir epizoddur və bu kiçik səhnə filmə xüsusi bir ovqat bəxş edir.

Səməndər Rzayev çox rejissorlarla işləyib. Tofiq Tağızadə, Arif Babayev, Həsən Seyidbəyli, Tofiq İsmayılov, Vaqif Mustafayev Səməndəri böyük məmnuniyyətlə filmlərinə dəvət edirdilər. Ancaq o, çox vaxt filmlərdən imtina edirdi. Çünki çox məşğul idi. Teatrda işləyirdi. Televiziya filmlərində, tamaşalarında oynayırdı, “Bulaq” verilişinin daimi aparıcılarından idi. Şakir Şəkəroviç (“Evləri köndələn yar”) hər dəfə televiziya ekranında görünəndə qəlbimizdə sevinc dolu bir dünya yaranır. Bazar günü axşamlar evə tələsirdik ki, “Bulaq” verilişində bu böyük sənətkarın bulaq kimi təmiz və şəffaf səsini dinləyək.

“Həyatın dibində” tamaşasına xəstə vəziyyətdə gəlmişdi. Xəstəxanada idi. Buna baxmayaraq, pərəstişkarlarını nigaran qoymaq istəməmişdi. Həmin axşam Səməndər teatrda ən ağır və ən çətin gününü yaşayırdı. Bu soyuq səhnədə xəstə aktyorun son oyunu idi. Beləcə, 1986-cı ilin mart ayının 27-də Səməndər Rzayev dünyasını dəyişdi. İndi onun haqqında əsərlər yazılır, verilişlər hazırlanır. Professor İlham Rəhimlinin “Səhnəmizin fədailəri” kitabında bu istedadlı sənətkar haqqında ətraflı məlumat verilib. Heç şübhəsiz ki, Səməndər sənəti bundan sonra da neçə-neçə tədqiqat əsərinin, filmin əsas mövzusu olacaq.

 

Xalq qəzeti.- 2009.- 8 yanvar.- S. 3.