Niftəliyev E.

 

Ulu öndərin ideyaları təbliğ edilir

 

 Azərbaycan Prezidenti İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondu ilə birgə Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində Heydər Əliyev muzey və mərkəzlərinin işinin təşkili və fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinə həsr olunmuş respublika seminar-müşavirəsi keçirmişdir.

   Respublikamızın şəhər və rayon icra hakimiyyəti başçılarının müavinlərinin, Heydər Əliyev muzeylərinin, mədəniyyət və turizm idarələri rəhbərlərinin iştirakı ilə keçirilən seminar-müşavirənin iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə gül dəstələləri qoymuş, ulu öndərin xatirəsini ehtiramla anmışlar.

   Seminar-müşavirəni giriş sözü ilə Azərbaycan Prezidentinin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev açaraq müzakirə olunan mövzu ilə əlaqədar geniş məruzə etmişdir.

   Qeyd edilmişdir ki, hər bir xalq onun tarixində müstəsna rolu olmuş dahi şəxsiyyətlərin xatirəsini həmişə uca tutaraq onlara həsr edilmiş fondlar, müxtəlif xatirə kompleksləri, muzeylər, mərkəzlər yaradır. Bu insanların həyatı və fəaliyyəti ilə bağlı nə varsa ehtiramla tədqiq edilərək, mənəvi dəyərlər kimi qorunub saxlanılır və böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işində istifadə edilir. Xalqımızın taleyində mühüm rol oynayan belə şəxsiyyətlərdən biri də məhz Heydər Əliyevdir. Onun müdrikliyi, uzaqgörənliyi, fəaliyyəti, bütövlükdə həyatı hər kəs üçün nümunədir. Bu gün sadə peşə adamından tutmuş rəhbər işçiyədək hamı ümummilli lider Heydər Əliyevin irsini, onun idarəçilik prinsiplərini öyrənməli, onlardan birmənalı şəkildə bəhrələnməlidir. Bu məqsədə nail olmağın ən təsirli yollarından biri Heydər Əliyev muzey-mərkəzlərinin yaradılmasıdır. Ulu öndərin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı öz üzərinə götürən Heydər Əliyev Fondu bu gün onu uğurla həyata keçirir. İnsanların sağlamlığı, gənc nəslin təlim-tərbiyəsi, milli mədəniyyətimizin təbliği, ekoloji mühitin təmizliyi, sosial problemlərin həlli, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqətin artırılması, Azərbaycan həqiqətlərinin dünyaya yayılması və digər sahələrdə ardıcıl layihələr həyata keçirməklə, Fond ulu öndər Heydər Əliyevin ideyalarını yaşadır və inkişaf etdirir. Fondda yaradılmış Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən nəfis ekspozisiya onu seyr edən hər kəsin qəlbində yüksək iz qoyur. Ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində Fond nəinki respublikamızda, hətta xaricdə nüfuzlu beynəlxalq qurumlarda böyük hörmət qazanmışdır. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətinə görə bir çox nüfuzlu beynəlxalq təşkilatların fəxri adlarına və mükafatlarına layiq görülmüşdür.

   Zeynal Nağdəliyev daha sonra demişdir ki, Heydər Əliyev Fondu bu gün respublikamızda fəaliyyət göstərən Heydər Əliyev muzey və mərkəzləri üçün işin düzgün qurulmasında bir nümunədir. Fondun təcrübəsi əsas götürülərək hər bir şəhər və rayonda bu işlər yüksək səviyyədə böyük həvəslə təşkil edilir. Fond tərəfindən göstərilən qayğının nəticəsidir ki, son illər Bakıda, həmçinin respublikamızın şəhər və rayonlarında 51 Heydər Əliyev muzeyi və mərkəzi yaradılmış, 3 muzey istifadəyə verilmək ərəfəsindədir, daha 3 muzeyin tikintisi isə başa çatmaq üzrədir. Yeni muzeylərin yaradılması prosesi davam edir. Ağstafadakı möhtəşəm Heydər Əliyev mərkəzi, Qazaxdakı Heydər Əliyev elm mərkəzi, Yevlax, Lənkəran, Şəmkir, İsmayıllı, Qax və Zaqatala şəhərlərində yerəşən Heydər Əliyev muzeyləri, bu yaxınlarda Bakının Yasamal rayonunda açılışı olmuş Heydər Əliyev muzey-məktəbi mövcud olduqları qısa müddət ərzində əhalinin böyük ehtiramla ziyarət etdiyi mədəniyyət, elm və maarif mərkəzlərinə çevrilmişdir.

   Bu sahədə əldə olunan nailiyyətlərlə yanaşı, mövcud çatışmazlıqlardan da danışan məruzəçi demişdir ki, aparılmış araşdırmalar onu göstərir ki, Heydər Əliyev muzeylərinin mövcud potensialından kifayət qədər istifadə edilmir. Elə bu seminar-müşavirənin də keçirilməsindən əsas məqsəd bu nöqsanları araşdırmaq, həlli vacib məsələləri birgə müzakirə etməkdir.

   Heydər Əliyev muzey-mərkəzləri ilə bağlı problemləri bir neçə qrupa bölən şöbə müdiri demişdir ki, bir çox muzeylərdə elektron kitabxanalar təşkil edildiyi halda, digərləri yalnız bir otaqdan, bir kompozisiya və ya ekspozisiya zalından ibarətdir. Muzey tələblərinə cavab verməyən layihələr əsasında inşa edilən belə binalarda nəinki muzey əşyalarının mühafizəsi üçün fond otaqları, hətta havalandırma, yanğından mühafizə, siqnalizasiya sistemləri belə nəzərdə tutulmamışdır.

   Müşavirədə ekspozisiyanın muzey mərkəzlərinə gələnlərə yüksək peşəkarlıqla təqdim edilməsi də vacib şərt kimi diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, bunun üçün savadlı və geniş dünyagörüşü olan, ümummilli lider Heydər Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti ilə yanaşı, siyasəti, tarixi və ədəbiyyatı mükəmməl bilən və ardıcıl olaraq öz üzərində çalışan muzey işçilərimizin sayı çox olmalıdır. Təəssüflər olsun ki, aparılan təhlillər onu göstərir ki, bu sahədə problemlər çoxdur.

   Hər bir Azərbaycan vətəndaşı ümummilli liderimizin qurub yaratdığı müstəqil dövlətimizin vətəndaşı olmaqdan qürur hissi duymalıdır. Muzey-mərkəzə gələn hər bir kəs bilməlidir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqillik uğrunda mübarizəyə ötən əsrin 70-80-ci illərində - sovet kommunist rejiminin hələ çox güclü olduğu bir dövrdə başlamışdır. Artıq o zaman Heydər Əliyev Azərbaycanın müstəqil dövlət olacağını görürdü. Azərbaycana birinci rəhbərliyi illərində ulu öndər respublikanı nəhəng tikinti meydancasına çevirərkən, irimiqyaslı sənaye obyektlərinin inşasına xüsusi diqqət yetirərkən, yeni təhsil ocaqları yaradarkən, fundamental və tətbiqi elmlərin sıçrayışlı inkişafına nail olarkən, məhz bugünkü və gələcək tərəqqinin təməlini qoymuşdur. Hər bir Azərbaycan vətəndaşı dərk etməlidir ki, ümummilli lider Heydər Əliyev öz tarixi qərarını qəbul edib xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmasaydı, Azərbaycanı böyük faciələr gözləyirdi. Ölkə daxilində ictimai-siyasi sabitlik yaradılmasaydı, Ermənistan-Azərbaycan müharibəsində atəşkəs əldə edilməsəydi, "Əsrin müqaviləsi" imzalanmasaydı, müstəqil Azərbaycan Konstitusiyası qəbul olunmasaydı, Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq layihələr reallaşdırılmasaydı, bu gün heç bir iqtisadi inkişafdan danışmaq olmazdı. Odur ki, xalqımızın dahi oğlu Heydər Əliyevin adını daşıyan muzey-mərkəzləri məhz bu həqiqətləri yaymaq, insanlara çatdırmaq məqsədi ilə fəaliyyətlərini yenidən qurmalıdırlar.

   Seminar-müşavirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək, Azərbaycanda muzeylərin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən və bu sahədə qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, hələ 70-ci illərdə ulu öndər Heydər Əliyev Azərbaycanda muzey işinin təkmilləşdirilməsinə ciddi diqqət yetirirdi. Ümummilli lider bununla əlaqədar müvafiq tapşırıqlar vermiş, qərarlar qəbul etmişdi. 1970-ci il yanvarın 30-da respublikada muzey işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında xüsusi qərar qəbul edilmişdir. Ulu öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra muzey işinin yaxşılaşdırılmasına daha böyük diqqətlə yanaşmışdır. Məhz bunun nəticəsidir ki, hazırda ölkəmizdə 200-dən artıq muzey fəaliyyət göstərir. Bunların 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev və 51-i Heydər Əliyev muzeyidir. Ümummilli liderimizin bu sahədəki siyasi xəttini dövlətimizin başçısı İlham Əliyev uğurla davam etdirir. Son illər Azərbaycanda muzey işi sahəsində çox böyük uğurlar əldə edilmişdir. Hazırda respublikamızda onlarla muzey əsaslı təmir edilmiş və bəzilərində yüksək səviyyəli bərpa işləri aparılmışdır.

   Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov geniş mərüzə ilə çıxış edərək təmsil etdiyi qurumun gördüyü işlərdən danışmış, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın gərgin fəaliyyəti nəticəsində həyata keçirilən tədbirləri seminar-müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır. A.Ələkbərov qeyd etmişdir ki, Heydər Əliyev Fondu şəhər və rayonlarda fəaliyyət göstərən Heydər Əliyev muzeylərinin qurulması və eksponatlarla zənginləşdirilməsi, habelə fəaliyyətinin düzgün müəyyənləşdirilməsi üçün hər cür qayğı və yardım göstərir. Fondun əməkdaşları tez-tez yerlərdə olaraq muzeylərin qurulmasında lazımi tövsiyələrini verirlər.

   Azərbaycan Prezidentinin İcra Aparatının regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev seminar-müşavirəyə yekun vurmuşdur. Müşavirədən sonra iştirakçılar Heydər Əliyev Mərkəzinin foyesində Azərbaycanın tanınmış 5 rəssamının əl işlərindən ibarət sərgiyə tamaşa etmişlər. Rəssamların hərəsi bir əsərini mərkəzə hədiyyə etmişdir.

 

Səs.- 2009.- 30 yanvar.- S. 4.