Baba Mahmud oğlu Mirzəyev

 

Azərbaycan musiqi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış müğənni, muğam ifaçısı, Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü Baba Mahmud oğlu Mirzəyev (Baba Mahmudoğlu) ömrünün 66- ilində vəfat etmişdir.
Baba Mahmudoğlu 1940- il noyabrın 7- Ağstafa rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1956-1961- illərdə Azərbaycan Dövlət Neft Kimya İnstitutunda təhsil almış, öz ixtisası üzrə mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. Muğama, musiqi sənətinə olan böyük sevgisi onu təhsil almaq həvəsi ilə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna gətirir.
1967-ci ildə bu instituta daxil olan Baba Mirzəyev 1969-cu ildə Azərbaycan Dövlət Akademik Orepa Balet Teatrına dəvət
olunur. 2005-ci ilə kimi fasiləsiz olaraq muğam bölməsinin aparıcı solisti kimi bir çox operalarda baş rollarda çıxış edən xanəndə Ü.Hacıbəyovun Leyli Məcnun operasında Məcnun, Əsli Kərəm Kərəm, M.Maqomayevin Şah İsmayıl operasında Şah İsmayıl, Z.Hacıbəyovun Aşıq Qərib operasında Aşıq Qərib, C.Cahangirovun Xanəndənin taleyi operasında Mirseyid, Ş.Axundovanın Gəlin qayası əsərində Camal rolunda çıxış edərək, parlaq, yaddaqalan səhnə obrazları yaratmışdır.
Azərbaycan muğamlarının, xalq mahnılarının mahir ifaçısı olan müğənni uzun illər geniş konsert fəaliyyəti ilə məşğul olmuş, məlahətli səsi, özünəməxsus ifa tərzi ilə musiqisevərlərin böyük məhəbbətini qazanmışdır. O, Azərbaycan milli musiqi sənətini dünyanın onlarca ölkəsində Türkiyə, Nepal, Banqladeş, Hindistan, Əlcəzair, Tunis, Zambiya, Norveç, Avstriya, Belçika, Lüksemburq, Almaniya İranda ləyaqətlə təmsil etmişdir.
Azərbaycan milli musiqi sənətinin inkişafında xidmətlərinə görə o, 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1993-cü ildə xalq artisti fəxri adlarına layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü olmuşdur.
Azərbaycan musiqi sənətinin tanınmış nümayəndəsi, gözəl insan, unudulmaz sənətkar Baba Mirzəyevin əziz xatirəsi bütün sənət dostlarının onu sevən insanların, qədirbilən xalqımızın qəlbində daim yaşayacaqdır.

Azərbaycan Respublikası
Mədəniyyət Turizm Nazirliyi

 

Xalq qəzeti.-2006.-7 dekabr.-S.7.