Xalq artisti Tamilla Şirəliyevanın yubileyi qeyd olunmuşdur

 

 Dekabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyevanın anadan olmasının 60 illiyi münasibətilə mərasim keçirilmişdir.
Tədbiri teatrın direktoru Akif Məlikov açaraq demişdir ki, milli balet sənətimizin ən görkəmli nümayəndələrindən biri olan Tamilla Şirəliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüşdür.
Bu yüksək mükafata, ölkəmizdə balet sənətinin inkişafına sanballı töhfələr verdiyinə, teatrımızın səhnəsində parlaq ifa tərzi ilə rəngarəng obrazlar yaratdığına, quruluşçu baletmeyster kimi səhnə uğurlarına görə yubilyarı ürəkdən təbrik edirik.
A.Məlikov kollektivin hərarətli alqışları altında gül-çiçək dəstəsini, qiymətli hədiyyəni T.Şirəliyevaya təqdim etmiş ona yeni yaradıcılıq uğurları arzulamışdır.
Teatrın balet truppasının üzvləri, əməkdar artistlər Rima İsgəndərova, Gülağası Mirzəyev yubilyarı səmimi qəlbdən təbrik etmişlər.
Xalq artisti Tamilla Şirəliyeva onun əməyinə yüksək qiymət verildiyinə görə ölkəmizin Prezidenti İlham Əliyevə, teatrın direktorluğuna yoldaşlarına minnətdarlığını bildirmişdir.

 

Azərbaycan.-2006.-9 dekabr.-S. 6.