Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

Misir MƏRDANOV

 

(əvvəli ötən şənbə sayımızda)

 

Hörmətli oxucular, bu məqalədə ölkəmizin ümumtəhsil məktəblərində yeni maliyyələşmə mexanizminin tətbiqi və məktəb şəbəkəsinin rasionallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə fikirlərimi sizinlə bölüşmək istəyirəm.

Yeni maliyyələşdirmə mexanizminin tətbiqi. Aparılmış təhlillər göstərir ki, dünyanın inkişaf etmiş ölkələrində təhsil müəssisələrinin maliyyələşdirilməsi daim diqqət mərkəzində olmuş, dövlət tərəfindən ayrılan vəsaitlərdən daha səmərəli istifadə yolları axtarılmışdır. Eyni zamanda təhsilə yönəldilən vəsaitlərin keyfiyyətlə bilavasitə bağlılığı və onun yüksəldilməsinə təsirləri də daim iqtisadi tədqiqatların mövzusu olmuşdur.

Tədqiqatlara əsasən, adambaşına maliyyələşmə ideyası ilk dəfə ötən əsrin 50-ci illərində Amerika alimi Milton Fridmen tərəfindən irəli sürülmüşdür. Bu ideya 3 məqsəd daşımışdır: 1.ümumi təhsil sistemində rəqabət mühitinin yaradılması, məktəblərdə inkişaf proseslərinin və innovasiyaların stimullaşdırılması. 2.məktəbin müstəqilliyinin artırılması. 3.məktəbə ayrılmış büdcə vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması.

Sonradan dünyanın əksər ölkələri məktəblərdə adambaşına maliyyələşmə mexanizminin tətbiqi istiqamətində tədbirlər həyata keçirmişlər. Belə ki, Kanadada 1980-ci illərin ortalarından, Böyük Britaniya və İsveçdə 1988-ci ildən, ABŞ, Avstraliya, Niderland, Yeni Zelandiya və Bolqarıstanda 1990-cı ildən, Finlandiyada 1993-cü ildən, Polşada 1994-cü ildən, İslandiyada 1995-ci ildən, Litvada 2002-ci ildən, Gürcüstanda 2005-ci ildən ümumi təhsil sistemində adambaşına maliyyələşmə (vauçer) mexanizminə keçilmişdir. Hazırda dünyanın demək olar ki, bütün inkişaf etmiş ölkələrində bu sistem tətbiq edilməkdədir. 2005-ci ildən Rusiya Federasiyasında Dünya Bankının layihəsi çərçivəsində bir neçə vilayətdə, Tacikistanda 5 rayonda yeni maliyyə mexanizminin tətbiqinə başlanmışdır.

Azərbaycanda Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən Təhsil Sektorunun İnkişafı üzrə Layihə (2003-2008-ci illər) çərçivəsində ümumi təhsil sistemində maliyyə islahatlarına 2003-cü ildən başlanmışdır. İslahatların məqsədi məktəb büdcəsinin şagirdbaşına maliyyələşdirmə prinsipi əsasında formalaşması mexanizminin tətbiqi və bu prinsip əsasında məktəbə ayrılmış büdcə vəsaitlərinin idarə olunmasında məktəblərə müstəqilliyin verilməsindən ibarət olmuşdur. İlkin mərhələdə islahatlara hazırlıq və beynəlxalq təcrübənin öyrənilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə büdcə islahatlarına hazırlıq üzrə müvafiq işlərin görülməsi ilə bağlı Təhsil və Maliyyə nazirliklərinin nümayəndələrindən ibarət işçi qrupu yaradılmışdır. İslahatların həyata keçirilməsinə texniki yardım göstərmək üçün beynəlxalq və milli məsləhətçilər seçilib işə cəlb olunmuşlar.

Məktəblərə maliyyə müstəqilliyinin verilməsi məqsədilə Maliyyə Nazirliyi ilə əldə edilən razılaşmaya uyğun olaraq, 2005-ci ildən etibarən 3 pilot rayonunda 59 məktəbə (Ucar rayonunda 20, Şirvan şəhərində 14, İsmayıllı rayonunda 25) ayrıca xəzinə-hesab kitabları açılmış və məktəblərə mühasib ştatları verilmişdir. Pilot məktəblərinə Şirvan şəhəri üzrə 14 mühasib ştatı (7 vahid təhsil şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığının ştatları hesabına, 7 vahid əlavə), İsmayıllı rayonu üzrə 25 mühasib ştatı (3 vahid təhsil şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığının ştatları hesabına, 22 vahid əlavə) və Ucar rayonu üzrə 20 mühasib ştatı (4 vahid təhsil şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığının ştatları hesabına, 16 vahid əlavə) ayrılmışdır.

Beynəlxalq təcrübə ilə tanışlıq məqsədilə Təhsil və Maliyyə Nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti İngiltərədə tədris səfərində olmuş və məktəblərin maliyyələşdirilməsi, məktəb büdcələrinin adambaşına maliyyələşdirmə prinsipi əsasında tətrtibi və adambaşına maliyyələşdirmə mexanizmlərinin tətbiqi ilə əyani şəkildə tanış olmuşlar.

Yeni maliyyələşmə mexanizminin tətbiqinə başlanmazdan əvvəl Təhsil Nazirliyi beynəlxalq ekspertlərlə birlikdə ciddi araşdırmalar aparmış, adambaşına maliyyələşmə düsturunu müəyyən etmiş, Maliyyə Nazirliyi ilə çoxsaylı müzakirələr aparılmış və 2007-ci ildən eksperimentə başlanmışdır. Düsturda büdcənin tərtibi zamanı şagirdlərin sayı, məktəbin hər sinifdə həftəlik tədris yükü (stavka) norması, illik orta əmək haqqı xərci, fərdi təhsil alan şagirdlərin sayı və fərdi təhsil üzrə tədris yükü (stavka) norması, qeyri-pedaqoji işçilər üçün şagirdbaşına illik xərc norması, qeyri-əmək haqqı xərc maddələri üzrə şagirdbaşına illik xərc normalarının cəmi, sabit məbləğ (şagirdbaşına xərc normalarına daxil edilməyən xərclər) parametrləri nəzərə alınmışdır.

Pilot rayonlarının maliyyə müstəqilliyi verilmiş ümumtəhsil məktəbləri üçün məktəb şurası haqqında Əsasnamə hazırlanmış və Nazirliyin müvafiq əmri ilə təsdiq olunmuşdur. Məktəb şuralarının işi gücləndirilmiş, məktəb büdcəsinin formalaşması, idarəolunması və məktəbin maliyyə vəsaitinin xərclənməsində şuraların rolu artırılmışdır. Əsasnamə ilə Məktəb Şurasının idarəetmə proseslərində fəal iştirakına şərait yaradılmış, Məktəb Şurası qərarların qəbul edilməsində həlledici səs hüququ qazanmışdır.

Aparılan işlərin nəticəsi olaraq pilot rayonlarının maliyyə müstəqilliyi verilmiş 59 ümumtəhsil məktəbinin maliyyələşdirilməsinin şagirdbaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil Sektorunun İnkişafı Layihəsinin Maliyyələşdirmə və büdcə islahatları alt komponentinin icrası haqqında” 22 fevral 2007-ci il tarixli 36 nömrəli qərarı verilmişdir.

Qərarın icrası ilə bağlı pilot rayonların maliyyə müstəqilliyi verilmiş ümumtəhsil məktəblərinin direktorları, məktəblərin baş mühasibləri, məktəb şuralarının sədrləri və üzvləri, rayon (şəhər) təhsil şöbələrinin əməkdaşları üçün Şirvan şəhərində, İsmayıllı və Ucar rayonlarında məktəb büdcəsinin şagirdbaşına maliyyələşdirmə prinsipi əsasında hazırlanması, məktəbin maliyyəsinin idarəedilməsində məktəb şuralarının rolu, məktəbin xərclər smetasının hazırlanması, məktəb büdcəsinin məktəbin strateji planı ilə əlaqələndirilməsi və məktəb şurası tərəfindən məktəbin büdcəsinin təhlil edilməsi və qiymətləndirilməsi mövzularında seminarlar keçirilmişdir.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq pilot rayonlarının maliyyə müstəqilliyi verilmiş 59 ümumtəhsil məktəbinin 2007 və 2008-ci il üçün büdcələri şagirdbaşına maliyyələşdirmə prinsipi əsasında hazırlanmışdır.

Düstur tətbiq edilməklə və mövcud qaydada maliyyələşmə arasında fərqi əyani şəkildə göstərmək üçün konkret məktəblərin timsalında nümunəyə diqqət yetirək.

Cədvəldən göründüyü kimi, bu məktəbin 2006-cı il büdcəsi 226066 manat, yəni şagirdbaşına 153.37 manat təşkil etmişdir. Məktəbin büdcəsi düsturla hesablanmaqla isə bu məbləğ 2007ci ildə 275198 manat, yəni şagirdbaşına 186.70 manat təşkil etmişdir. Beləliklə düsturun tətbiqi məktəbə adekvat vəsaitin verilməsinə şərait yaratmaqla təhsilin keyfiyyətinin yüksəldilməsi üçün əlavə imkanlar yaradır.

Təhlil göstərmişdir ki, maliyyə müstəqilliyi şəraitində bu məktəb bəzi maddələrdən əldə olunan qənaəti və düsturun əlavə etdiyi vəsaiti aşağıdakı qaydada daha səmərəli xərcləyə bilir.

* 2006-cı ilidə məktəbin mövcud smetasında dəftərxana və təsərrüfat xərcləri üçün 700 manat vəsait nəzərdə tutulmuşdur. Həmin vəsaitin məktəbin ehtiyaclarını ödəmək üçün az olduğu nəzərə alınaraq, 2007-ci ildə dəftərxana və mətbəə xərcləri məqsədilə 7500 (4500+3000) manat vəsait ayrılması nəzərdə tutulmuşdur. Belə ki, həmin vəsaitin müxtəlif tədbirlərin keçirilməsinə, monitorinqlərin aparılmasına, materialların çap edilməsinə, əyani vəsaitlər və didaktik materialların alınmasına yönəldilməsi nəzərdə tutulmuşdur.

* 2006-cı ildə bütün ezamiyyə xərcləri üçün ayrılmış 600 manat əvəzinə 2007-ci ildə tələbatın 8400 manat olduğu müəyyənləşdirilmişdir. Bu vəsait məktəblərarası, ölkədaxili və ölkələrarası əməkdaşlığı təmin etmək, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə ezamiyyələrin təşkilinə imkan verir.

* İKT proqramına müvafiq olaraq məktəbdə 2 kompüter sinfinin yaradılması ilə bağlı elektrik enerjisinə tələbatın xeyli artması ehtimalını nəzərə alaraq, məktəbin smetasında 2006-cı il üçün nəzərdə tutulan 1500 manat əvəzinə 2007-ci ildə tələbat 3000 manat müəyyənləşdirilmişdir.

* Məktəbə qaz haqqının ödənilməsi üçün 2006-cı ilin smetasında 900 manat, istilik sistemi xərclərini ödəmək üçün 1400 manat ayrılmışdır. Araşdırma göstərmişdir ki, məktəbin istilik sisteminin normal işləməsi üçün həmin vəsait kifayət etmir. Lakin 2006-cı ildə məktəbə ümumiyyətlə qaz verilmədiyi üçün həmin vəsaitdən istifadə edilməmişdir. Həmin ildə məktəbin səlahiyyəti olsaydı bu vəsaiti digər məqsədlər üçün səmərəli istifadə edərdi.

* Məktəbin 2006-cı il smetasında su haqqının ödənilməsi üçün ayrılmış 900 manat məktəbin tələbatını ödəmir. Məktəbin ehtiyaclarının real ödənilməsi üçün 2007-ci ildə bu vəsait 3500 manat hesablanmışdır.

* Telefon xərclərini ödəmək üçün 2006-cı il smetasında məktəbə 90 manat vəsait ayrılmışdır. Bu vəsait məktəbin 2 telefon nömrəsinin abunə haqqının ödənilməsi üçün ancaq çatır. Halbuki normal fəaliyyət üçün şəhərlərarası danışıq xərclərinə, İnternet xidmətlərinin ödənilməsinə ciddi ehtiyac var. Bununla əlaqədar 2007-ci ildə ölkədaxili telefon danışıqları üçün 300, beynəlxalq danışıqlar üçün 200, İnternet xidmətləri üçün 400 manat nəzərdə tutulmuşdur.

* 2006-cı ilin smetasında bərk inventar və avadanlıq üçün 3500 manat ayrılmışdır. Məktəbdə laboratoriya və digər avadanlıqlara, kitabxananın zənginləşdirilməsinə böyük ehtiyac olduğu üçün 2007-ci ildə müvafiq maddələrdə 15000 manat vəsait nəzərdə tutulmuşdur. Bu dəyişikliklər məktəbdə əlverişli təlim mühitinin formalaşmasına şərait yaradır, məktəbin kənar müdaxilələrdən asılılığını azaldır, neqativ hallara son qoyur.

Onu da qeyd etmək lazımdır ki, mövcud maliyyələşmə sistemində ümumtəhsil məktəblərinə ayrılan büdcənin 20 faizi istifadə edilməmiş qalır və ilin sonunda büdcəyə silinir. Yeni maliyyələşmə mexanizminə əsasən isə nəzərdə tutulmuş büdcə real ehtiyaclara əsaslandığına görə tam xərclənir.

Qeyd edilənlərdən aydın olur ki, mövcud maliyyələşdirilmədən fərqli olaraq adambaşına maliyyələşdirmə bir sıra üstünlüklərə malikdir:

* məktəblərin maliyyələşməsi sahəsində subyektivlik halları aradan qaldırılır. Belə ki, hazırda məktəblərin maliyyələşməsi ötən ilin büdcəsinə istinadən aparılır. Yeni sistemdə isə maliyyələşmə mövcud imkanlar çərçivəsində məktəbin ehtiyaclarının daha real nəzərə alınmasına imkan verən vahid düstur əsasında müəyyənləşdirilir;

* büdcənin tərtibində məktəb rəhbərliyinin iştirakı təmin edilir. Nəzərdə tutulan maliyyə vəsaitinin məktəblərin ehtiyaclarına daha səmərəli yönəldilməsi imkanı yaranır. Belə ki, təhsilin keyfiyyətinə bilavasitə təsir edən müəllimlərin ixtisasartırmasının daha səmərəli təşkilinə, onların xaricdə treninq və seminarlara cəlbinə, təlim materiallarının alınması, innovasiyaların tətbiqi və digər inkişafetdirici tədbirlərə vəsaitin yönəldilməsi mümkün olur;

* büdcə vəsaitindən səmərəli istifadə mümkün olur. Belə ki, zərurət yarandığı hallarda hər hansı bir xərc maddəsi üzrə istifadə edilməyən vəsaitin digər ehtiyaclara yönəldilməsi üçün məktəbə salahiyyət verilir;

* yeni maliyyələşmə mexanizminin tətbiqinin sonrakı mərhələsində maliyyənin (vauçerin) təhsilalanla birlikdə hərəkəti məktəblər arasında güclü rəqabət mühiti yaradır ki, bu da nəticədə keyfiyyətin yüksəldilməsinə gətirib çıxarır;

* büdcədənkənar vəsaitlərin məktəbə cəlbinə və şəffaf istifadə edilməsinə şərait yaradılır. Belə ki, məktəbin xəzinə hesabı olduğu üçün, büdcədənkənar vəsaitlər üçün də xəzinədə hesab açmaq imkanı əldə edir.

Məsələnin vacibliyi nəzərə alınaraq, 2007-ci ilin dekabrında yeni maliyyələşmə mexanizminin tətbiqi vəziyyətinin monitorinqi aparılmış və Nazirliyin kollegiya iclasında müzakirə edilmişdir. Müəyyən edilmişdir ki, eksperimentin uğurla aparılmasına bir sıra amillər, o cümlədən qanunvericilik bazasının təkmil olmaması, məktəblərə kifayət qədər müstəqilliyin verilməməsi mane olur. Monitorinq onu da göstərmişdir ki, yeni maliyyələşmə mexanizminin tətbiq edildiyi məktəblərdə büdcə düsturla hesablansa da, zəruri ehtiyac nəzərə alınaraq və qənaət hesabına vəsaitin bir maddədən digərinə keçirilməsinə imkan yaradılmadı. Baxmayaraq ki, Nazirlər Kabinetinin qərarı ilə ayrılmış büdcə vəsaitinin iqtisadi təsnifat?n xərc yarımmaddələri arasında bölüşdürülməsi və il ərzində zərurət yarandığı, həmçinin ilin sonunda qənaət olunduğu hallarda xərc yarımmaddələri arasında müvafiq yerdəyişmələrin aparılması səlahiyyəti pilot rayonlarının maliyyə müstəqilliyi verilmiş ümumtəhsil məktəblərinə verilmişdi.

Eyni zamanda yeni maliyyələşmə mexanizminə keçid zamanı müşahidə olunan problemlərin həlli yollarının müəyyənləşdirilməsi məqsədilə Təhsil Nazirliyi, UNESCO-nun Təhsilin Planlaşdırılması İnstitutu və Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən 2008-ci ilin iyun ayında “Məktəblərin maliyyə formulası: ehtiyaclara görə maliyyələşmə, ədalətlilik, şəffaflıq və cavabdehlik” mövzusunda yay məktəbi təşkil edildi. Məqsəd QHT, media və təhsil ictimaiyyəti cəlb edilməklə yeni maliyyələşmə mexanizmi barədə maarifləndirmə kampaniyasının aparılması, maliyyə islahatları istiqamətində problemlərin araşdırılması üçün maraqlı tərəflər arasında dialoqun qurulması, bu sahədə beynəlxalq təcrübənin müzakirəsi idi.

Yay məktəbinin təşkili prosesində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar səciyyəvi problemlər aşkar edildi. Araşdırmalar göstərdi ki, idarəetmə sahəsində problemlər məktəb şuralarının kifayət qədər fəal olmamsı, mühasibat işlərinin lazımi səviyyədə təşkil edilməməsi, direktorların yeni məsuliyyətə alışmaması, məktəblərin idarə edilməsinə yersiz müdaxilələr və onların müstəqilliyinin süni surətdə məhdudlaşdırılmasından ibarət idi.

Düsturun tətbiqi ilə əlaqədar yaranan problemlər, əsasən, həvəsləndirmənin nəzərə alınmaması, bir sıra hallarda məktəb büdcəsinin azaldılmasına gətirib çıxarması, inkluzivliyin gözlənilməməsi və sair amillərlə bağlı idi.

Hüquqi problemlər isə pilot məktəblərinin maliyyə müstəqilliyi ilə bağlı qərarla büdcə qanunu arasında ziddiyyətin olması ilə müşayiət olunurdu.

Təhsil Nazirliyi sadalanan və digər maneələrin aradan qaldırılması məqsədilə Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (2009-2014) çərçivəsində yerinə yetiriləcək əsas vəzifələrdən biri kimi başlanmış maliyyə islahatlarının qiymətləndirilməsi və Hökumətə tövsiyələrin hazırlanmasını müəyyənləşdirmişdir.

Ölkənin bütün təhsil müəssisələrində dünyanın inkişaf etmiş ölkələrində çoxdan tətbiq edilən, təhsilə ayrılan maliyyə resurslarından daha səmərəli istifadəyə və bilavasitə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən adambaşına maliyyələşmə (vauçer sisteminə) keçid mühüm vəzifə kimi qarşıda durur.

Onu da qeyd etmək lazımdır ki, ümumi təhsil sahəsində adambaşına maliyyələşməyə keçid prosesi bir sıra ciddi çətinlikliklərlə müşayiət olunma da, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi istiqamətində əhəmiyyətli addım atıldı. Azərbaycan Respublikası Prezidentinin 10.02.2010-cu il tarixli “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi barədə” Fərmanı ilə 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmənin dövlət sifarişi hesabına həyata keçirilməsi, dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi əsasında aparılması nəzərdə tutuldu.

Eyni zamanda 2005-2007-ci illərdə Ucar, İsmayıllı rayonları və Şirvan şəhərinin pilot məktəblərində “Məktəb qrantı proqramı” həyata keçirilmişdir. Proqramın məqsədi məktəblərə əlavə maliyyə vəsaiti verməklə onlarda innovasiyaların tətbiqi istiqamətində maliyyənin idarə edilməsi üçün lazımi bacarıqların formalaşdırılması olmuşdur. Proqram üç mərhələdə həyata keçirilmiş və hər biri 5000 ABŞ dolları olmaqla ümumilikdə 865 min ABŞ dolları həcmində 173 qrant layihəsi həyata keçirilmişdir. Maliyyə müstəqilliyi verilmiş 59 məktəbin hamısı qrant proqramı müsabiqəsində uğur qazanmış və qrant vəsaitlərini özləri idarə etmişlər.

Məktəb şəbəkəsinin rasionallaşdırılması. Təhsil Sektorunun İnkişafı Layihəsi (2003-2008-ci illər) çərçivəsində məktəb şəbəkəsinin rasionallaşdırılmasına 2005-ci ildən 3 pilot rayonunda başlanmışdır. Bununla əlaqədar beynəlxalq məsləhətçi şirkətinin və milli məsləhətçilərin dəstəyi ilə hər bir pilot rayonu üçün rasionallaşdırma planları hazırlanmış və təsdiq olunmuşdur. Rasionallaşdırma planları həmin rayonlarda aparılmış təhlillərə, monitorinq və qiymətləndirmələrə əsaslanaraq kiçik və səmərəsiz məktəblərin bağlanmasını, bağlanacaq məktəblərin şagirdlərinin digər böyük məktəblərə avtobuslarla daşınmasını, təmirə ehtiyacı olan məktəblərin təmirini, bir sıra kadr resurslarının ixtisarı nəticəsində şagird – müəllim nisbətinin yüksəldilməsini və nəticədə məktəb şəbəkəsinin səmərələşdirilməsini əhatə etmişdir.

Lakin qeyd olunan bu planlar bir sıra obyektiv səbəblərə görə tam şəkildə deyil, məhdud şəkildə həyata keçirilmişdir. Bunun əsas səbəblərindən biri isə bağlanacaq kiçik məktəblərin şagirdlərinin digər böyük məktəblərə daşınması üçün nəqliyyat vasitələrinin (avtobusların) alınmasının qeyri-mümkünlüyü, yol infrastrukturunun əlverişsizliyi ilə bağlı olmuşdur.

Lakin təhlillər göstərir ki, nəinki pilot rayonlarında, ümumilikdə ölkə ərazisində məktəb şəbəkəsinin rasionallaşdırılmasına ciddi ehtiyac vardır. Belə ki, hazırda Azərbaycanda 1300-dən çox məktəbin, bütövlükdə məktəblərin 30,6 faizinin şagird kontingentinin sayı 100 nəfərdən azdır. Aşağıdakı cədvəldə şagird kontingenti az olan məktəblər haqqında məlumat verilmişdir.

Şagirdlərin sayı az olan həmin məktəblərlə bağlı rasionallaşdırma planının hazırlanması və həyata keçirilməsi zəruri məsələlərdəndir. Ümumiyyətlə məktəb şəbəkəsinin rasionallaşdırılması istiqamətində qarşıda duran əsas vəzifələrdən biri Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində Dövlət Proqramının hazırlanması və həyata keçirilməsidir. Bununla əlaqədar İqtisadi İnkişaf və Maliyyə nazirlikləri ilə hazırda müzakirələr aparılır. Eksperiment kimi rasionallaşdırma planının bir rayonda həyata keçirilməsi barədə razılığa gəlinmişdir.

Bununla yanaşı, 3 pilot rayonda Rasionallaşdırma planlarına əsasən aşağıdakı tədbirlər həyata keçirilmişdir:

–məktəblərdə əlavə paralel siniflərin açılmasına dair sinifdə şagirdlərin sayının minimum həddi müəyyən edilmişdir;

–pensiya yaşına çatmış müəllimlərin fəaliyyəti öyrənilmiş və vəzifə funksiyalarını yerinə yetirə bilməyən müəllimlərin pensiyaya göndərilməsi məsələləri həll edilmişdir;

–məktəblərdə fəaliyyət göstərən orta təhsilli müəllimlər işdən azad edilmişdir;

–iş stajı az olan qeyri-pedaqoji təhsilli müəllimlərin tədricən müvafiq yenidənhazırlanma kurslarına yönəldilməsi (treninqlərin keçirilməsi) məsələləri həll edilmişdir;

–məktəblərdə müəllimlərin, xüsusilə ibtidai sinif müəllimlərinin sayının dərs yükünə (siniflərin sayına) müvafiq qaydada tənzimlənməsi sahəsində tədbirlər görülmüşdür;

–məktəblərə zərurət olmadan yeni müəllimlərin işə qəbulu dayandırılmışdır;

–müəllimlərin minimum dərs yükünün 12 saat (1 stavka) müəyyənləşdirilməsi məsələsi həll edilmişdir.

Qeyd olunan tədbirlər nəticəsində pilot rayonların ümumtəhsil məktəblərində müəllim-şagird nisbəti ümumilikdə 11-ə çatdırılmışdır. Bundan əlavə rasionallaşdırma planlarına əsasən 3 rayon üzrə seçilmiş 41 məktəb əsaslı təmir olunmuş, müvafiq mebel və İKT avadanlıqları ilə təchiz edilmişdir.

Rasionallaşdırma planı çərçivəsində məktəb binaları üçün münasib və sərfəli inşaat və məktəb mebeli standartlarının hazırlanması üzrə tədbirlər həyata keçirilmiş, seçilmiş 8 milli məsləhətçi və bu sahədə beynəlxalq məsləhətçi şirkəti kimi fəaliyyət göstərən “Fielding Nair İnternational” Şirkətinin təsisçisi Randall Fieldinqin təklif və tövsiyələrinə, aparılmış müzakirələrə, müvafiq əsaslandırmalara əsasən “Azərbaycan Respublikasında yeni tipli müasir məktəb binalarının layihələşdirilməsinə dair təlimati sənəd” hazırlanmış, layihə institutlarında, Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində, Nazirliyin Əsaslı Tikinti İdarəsində baxılmış, verilmiş rəylər əsasında təlimatda müvafiq əlavələr və dəyişikliklər edilmişdir. Qeyd olunan sənədin Hökumət tərəfindən təsdiq olunması nəzərdə tutulur.

 

 

(ardı var)

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri,

fizika-riyaziyyat  elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2010.- 3 aprel.- S.10-11.