Kitab mədəniyyətimizin fədakar tədqiqatçısı

 

Dünyada əbədi qalan bir şey var: içində HƏQİQƏT yazılmış KİTAB! Dünyada kitab yazmaqdan böyük əməl, tükənməz səadət yoxdur. Kitab haqqında kitab yazmaq isə daha böyük xoşbəxtlikdir. Anadan olmasının 70 illiyi tamam olan İmaməddin Zəkiyev belə xoşbəxt Azərbaycan alimidir. “Yazıçı kitab”, “M.F.Axundov kitab mədəniyyəti”, “Əsrlərin əks-sədası”, “Azərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər)”, “Azərbaycanda nəşriyyat işi”... bir sözlə, on kitabın, 300-ə qədər şeir, oçerk, feleyton, ədəbi-tənqidi, fəlsəfi-publisistik məqalənin müəllifidir...

İmaməddin Zəkiyev 1939-cu ildə Qubanın Qonaqkənd bölgəsinin Cimi kəndində anadan olub, 7-ci sinifə qədər bu kənddə uşaq evində təhsil alıb. Orta təhsilini Qonaqkənd qəsəbə məktəbi nəzdindəki internatda başa vurub. Ali təhsilini Bakı Dövlət Universitetində alıb, AMEA-nın Nizamı adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib, filologiya elmləri namizədi elmi dərəcəsi alıb.

O, unikal bir alim, hərtərəfli ziyalıdır. Onun ən böyük əsəri isə hələ 2000-ci ilin yanvar ayında görkəmli ədəbiyyatşünas mətnşünas alim, AMEA-nın müxbir üzvü, professor Əziz Mirəhmədovun rəhbərliyi bəndeyi-həqirin iştirakı ilə doktorluq dissertasiyası kimi müzakirə edilib müsbət qərarla müdafiəyə buraxılmış “Azərbaycan kitabının inkişaf yolu (qədim dövrdən XIX əsrin sonuna qədəradlı monoqrafik tədqiqatdır.

Azərbaycan kitabının tarixini, kitab mədəniyyətimiz çap işinin geniş mənzərəsini əks etdirən bu əsər XIX əsrə qədər yalnız bir yazı alətindən-qamış qələmdən istifadə edildiyi haqqında yanlış fikirləri aradan qaldıraraq, sübuta yetirir ki, ulu əcdadlarımız bu dövrə qədər daş qələm, metal qələm, sümük qələm, qrifel, üçkünc taxta qələm, çubuq qələm, lələk qələm, qamış qələm, fırça kimi yazı alətlərindən istifadə etmişlər.

İ.Zəkiyev bu qiymətli əsərində qədim vaxtlarda eramızın I-II minilliklərində Azərbaycanda hansı yazı materiallarından istifadə olunması məsələsinə aydınlıq gətirir. Gil lövhələr, daş lövhələr, tunc löv-hələr, qrifel taxtaları (üstünə mum çəkilmiş lövhələr) saxsı, sümük, metal lövhələr, papirus, ipək parça, perqament (inək, keçi, ceyran, bəbir dərisi) kimi materiallarda kitablar yazması əcdadlarımızın kitab yazı mədəniyyətinin zənginliyindən soraq verir. Alim qeyd edir ki, məşhur alman səyyahı Adam Oleari Səfəvilər dövründə Azərbaycan kitabxanalarını gəzərkən fırça ilə qızıl suyu mürəkkəblə yazılmış xeyli kitab görüb heyrətə gəlib nümunə üçün bir neçə səhifəni qoparıb Almaniya hökmdarına göstərmək üçün özü ilə aparıb. İ.Zəkiyev fırçanın kağızdan sonra yaranmasına dair fikrə etiraz edib göstərir ki, fırça eramızdan əvvəl, kağız isə eramızın 105-ci ilində kəşf edilib. Fırça ilə ipək parça üzərində yazılmış əlyazma kitabların hərfləri barmaq boyda olub. İ.Zəkiyev guya Azərbaycanın XX əsrin əvvəllərinə qədər kağızı, qələmi, rəngi, kartonu əcnəbi ölkələrdən alması haqqındakı fikirləri təkzib edir. Azərbaycanda ilk kağız fabrikinin XIII, XIV XVI əsrlərdə yaranması haqqında üç müxtəlif fikri “şəxsi mülahizə” adlandıran müəllif göstərir ki, azərbaycanlı Əlfəz Bərməki 794-cü ildə Bağdadda ilk kağız fabrikini açıb... Bu minvalla çox zəngin faktlar, ciddi elmi tədqiqat, yüksək peşəkarlıqla yazılmış bu monoqrafiyanın az qala hər səhifəsindən yeni faktları misal vermək istəyirsən.

İ.Zəkiyevin “Əsrlərin əks-sədası”kitabı “Azərbaycan kitabının inkişaf yolu”fundamental monoqrafiyası ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunur. Burada kitab mədəniyyəti, kitabxana tarixi, kitab çapı vasitələri kimi istiqamətlər ümumi kulturoloji tariximiz kontekstində ciddi araşdırma predmetinə çevrilir.

İmaməddin Zəkiyev illər uzunu Azərbaycan kitab mədəniyyətini, ümumən milli mədəniyyətimizi məhəbbətlə tədris etmiş nüfuzlu bir pedaqoqdur. O, 1964-cü ildən bugünədək, 36 ildir ki, taleyini Bakı Mədəni Maarif Texnikumu ilə bağlayıb. Maarifçilik (müəllimlik!) sahəsində qüsursuz fəaliyyətinə görə o, SSRİ maarif əlaçısı adına, “Tədrisdə əla müvəffəqiyyətə görə” döş nişanına (1981), “Əmək veteranı” medalına (1989), “Metodik müəllim”(1992) adlarına layiq görülüb. Bütün bunlar adi faktlar deyil, alim ömrünün, müəllim əməlinin göstəriciləridir. Fəqət, ən əsası budur ki, İmaməddin Zəkiyev müəllim peşəsinin çətinləşdiyi bir dövrdə, oxumaq istəməyən gənclərə milli mədəniyyətdən böyük həvəslə dərs deyir. Təvəzökar qəlbində Azərbaycan kitabının tarixi, çap mədəniyyəti ilə bağlı yüzlərlə faktı hər il yeni gələn nəslin qarşısına – auditoriyaya aparır. Aldığı məvacib isə (hər birimiz kimi) təkcə yol puluna çatmır. Biz dərs deməyə, millətin tarixini, ədəbiyyatını, mədəniyyətini tədqiq etməyə məhkum ziyalılarıq. Hazırda İ.Zəkiyevin masası üzərində çap olunmaq həsrəti ilə zamanını (sponsorunu!) gözləyən ( bəlkə heç vaxt çap olunmayacaq!) “Zirvəyə gedən yol”, “Əziz Mirəhmədovu düşünərkən”, “Əsrlər əsərlər”,”Qaçaq Mayıl” kitablarının əlyazmaları saralmaqdadır.

İ.Zəkiyevin ən böyük əsəri ailəsidir. Onun iki oğlu, iki qızı, yeddi nəvəsi var. İki oğlu Qarabağ müharibəsi veteranıdır. Bu da onun vətənpərvərliyinə əyani nümunə...

İmaməddin Zəkiyev həm istedadlı yazıçı şairdir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatının laureatıdır. Hələ VII-X siniflərdə oxuduğu illərdə oçerk feleytonlar yazan İ.Zəkiyev 60-70-ci illərdə o zamankı ALKGİ-nın sərəncamı ilə yaradılan AYB-nin nəzdində fəaliyyət göstərən “Gənc qələmlər” ədəbi birliyinin sədr müavini kimi ədəbi aləmin fəal üzvlərindən olub. 80-ci illərdə isə Mədəniyyət Nazirliyinin yaratdığı Kitabsevərlər Cəmiyyətinin sədri vəzifəsində çalışıb.

Onun bir yazıçı-publisist kimi qələmə aldığı “Qonaqkənddən başlanan yol”(2001) “Ömürdən səhifələr” (2004) sənədli povestləri zəngin həyatı müşahidələr əsasında insan zaman münasibətlərini əks etdirən əsərlərdir.

Görkəmli sənayeçi ictimai-siyasi xadim, millət vəkili Vahid Əhmədova həsr olunmuş “Qonaqkənddən başlanan yol” sənədli povesti böyük bir səmimiyyətlə yazılıb. Bu əsəri povest yox, həm həyat həqiqətini təcəssüm miqyasına, həm bədii-tarixi dəyərinə görə sənədli roman adlandırmaq olar.

Az adam tapılar ki, uşaqlıqda, xüsusilə özünüdərk dövründə – yeniyetməlik zamanı şeir yazmamış olsun. Lakin məhz az adam bu ilahi həvəsi şairlik həddinə qədər qoruyub saxlaya bilir. İ.Zəkiyevin birnəfəsə yazılmış “Heyrət doğuran qeyrət” (Bakı, “Nurlan” nəşr. 2008) poeması mərhum ictimai-siyasi xadim Ramiz Əhmədovun ömrünün son üç illik, əzablarla dolu xəstə həyatına, onun simasında ağrı ilə mübarizə edən insanın fiziki mənəvi dözümünə, qürurlu şəxsiyyətin faciəvi taleyinə həsr olunub.

İ.Zəkiyev nəcib ziyalı, xeyirxah olduqca mütəvazi bir insan, zəhmətkeş məsuliyyətli tədqiqatçı alimdir.Onun Azərbaycan ədəbi-mədəni mühitində heç kimə bənzəməyən bir yeri var. Bu yeri o öz əsərləri xalqına təmənnasız xidməti ilə əldə edib.

 

 

Nizaməddin ŞƏMSİZADƏ,

filologiya elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2010.- 8 aprel.- S.7.