İşığın bədii trayektoriyası

 

ELÇİN HÜSEYNBƏYLİNİN “GÖZÜNƏ GÜN DÜŞÜR” HEKAYƏSİNƏ YIĞCAM BAXIŞ

 

Elçin Hüseynbəyli bədii yaradıcılığa bir qədər ehmalca başlasa da, sonralar ardıcıl olaraq muxtəlif problematikalı əsərləri ilə (“Yovşan qağayılar”, “Don Juan”, “Şah Abbas”, “Balıq adam”, “Cənab XXI əsr”, “Tut ağacı boyunca” və s.) nəsrimizə heç də sıradan olan müəlliflərdən biri kimi daxil olmadı. Elçin daim axtarışlar etdi. Üstəlik bu axtarışları o, heç də yalnız indiyə qədər mövcud olan ədəbi-bədii ənənəyə söykənməklə yox, həm də bəzən səd və sərhədləri aşıb keçməklə (bəlkə də dağıtmaqla) əldə edə bildi.

Elçin Hüseynbəylinin yazı manerası, onun şifahi nitqi və mütəhərrik təfəkkürü arasında da sıx əlaqələr görmək mümkündür. Elçinlə söhbət etdikdə onun öz “yaradıcılıq laboratoriyası”nda bəzən aparacağı “reaksiyalardan”, “istifadə edəcəyi maddələrin” bir-biri ilə necə “ülfət”, “ünsiyyət” tapa biləcəyi priyomlarından elə ardıcıl və inandırıcı danışır ki, bu reaksiyaların uğurla nəticələnəcəyi onu dinləyəndə şübhə doğurmur. Bununla belə bu inam o zaman möhkəm olur ki, özün ədəbiyyat adamı olursan, müasir ədəbi tənqidin meyl və istiqamətlərindən yetərincə xəbərdar olursan, ədəbi məhsulların çeşidlərini yaxşı görür, rənglərini seçə bilirsən, bu günkü sıxlaşan, qloballaşan, bir az da məhvərindən oynamış dünyadakı gənclərin maraq və xüsusiyyətlərinin neçə onilliklər ərzində auditoriyalarda şahidi olduğundan, bədii sözə onların münasibətinin, yumşaq desək, soyuqluğunu görüb dərindən dərk etdiyindən ədəbiyyatın klassik istiqamətindən dir qədər daha çevik səmtə yönəlməsi ehtiyacının gündəmə gəlməsini arzu edirsən.

Elçinlə söhbətlərimizdə o, dəfələrlə qeyd etmişdir ki, biz bu gün bədii əsərləri (xüsusən bədii nəsri) elə priyomlardan, elə bədii texnologiyalardan istifadə etməklə ortaya qoymalıyıq ki, gənclərdə onları oxumaq üçün daxili ehtiyac yaransın.

Doğrudan da, çağdaş dövr artıq siyasəti, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti və eləcə də ədəbiyyatı yeni texnoloji relslər üzərinə keçirmə məcburiyyətini ortaya qoyur. Və Elçin Hüseynbəyli dediklərini əsərlərinin məzmununda, kompozisiyasında, hadisələrin axarında, zamanın, anın axınında (bəzənsə statikliyində!), obrazların özünəməxsus hərəkətlərində, davranışında oxucuya lazımınca təqdim etməyə müvəffəq olur. Elçin Hüseynbəylinin nəsr dili son dərəcə aydın, xalq danışıq dilidir. Elçinin belə dillə obrazlarını xarakterlərinə uyğun danışdırmaq, mətni qurmaq üçün hansı priyomlardan istifadə etdiyini sezmək olur. Onun bədii mətninin semantik – semiotik xüsusiyyətlərini də elə buna görə araşdırmağa ehtiyac duyulur. Elçinin əsərləri, heç şübhəsiz ki, onun fərdi şüurunun, subyektiv təfəkkür tərzinin məhsuludur. Biz Elçinin dili ilə təfəkkünün qırılmaz vəhdəti olduğunu heç də yalnız dilçilik, psixoloji və fəlsəfi ədəbiyyata söykənərək söyləmirik. Hələ XX əsrin 70-ci illərində fransız alimi C.Benvenist yazırdı: “Deyilə bilən düşünülə biləni məhdudlaşdırır və təşkil edir. Ağlın əşya kimi qəbul etdiyi keyfiyyətlərə dil əsas forma verir”. Alimlər qeyd edirlər ki, bütöv bir mülahizənin mənası onu əmələ gətirən sözlərin mənasından çoxdur. Elçinin mülahizələri ilə bədii mətni arasında mükəmməl dialoji münasibət görürük və bu münasibət mətnə yeni çalar gətirə bilir. Onun mülahizələrinin bədii mətndə dürüst əksini tapması mətnin hərtərəfli araşdırılmasını mühümləşdirir. Mətn mühüm linqvistik mahiyyət daşısa da, onun bədii əsərlərin dili, üslubu, arxitektonikası cəhətdən də az əhəmiyyət daşımadığını söyləmək olar. Ədəbi mətn yazıçı ilə oxucu ünsiyyətinin real vahididir. Əslində mətn yazılı nitqimizdə olduğu kimi şifahi nitqimizin də mühüm vahididir. Bədii mətn, onun üslubi xüsusiyyətləri, maraqla oxunulması, anlanılması,başa düşülməsi, quruluşu, məzmunu, semantikası, mətni anlamda rasionallıq, mətnin inteqral anlama sistemləri və s. kimi tərəfləri vardır.

Elçin Hüseynbəylinin bədii mətni dinamik və mütəhərrik, dili isə sabitdir. O, canlı xalq dilindən, Mirzə Cəlil, Mir Cəlal, Ə.Haqverdiyev kimi klassiklərin dilindən yaradıcılıqla istifadə etməkdədir. Bununla belə Elçinin dili fərdi olduğundan improvizasiya, dil normalarından bilərəkdən aralanmağa da xeyli meyllidir. Elçinin bədii nitqindəki yeniliklər onun dilinin, bütün tərəflərinə, bütün səviyyələrinə – onun leksikasına, frazeologiyasına, bütün qrammatikasına keçir. Və bunun nəticəsində onun özünəməxsus sintaksisi yaranır.

Bu yaxınlarda “525-ci qəzet”in səhifələrində Elçin Hüseynbəylinin işıq üzü görmüş “Gözünə gün düşür” (uzun hekayə) əsəri ədəbiyyatsevərlərə təqdim olundu. Hekayənin başlıca mövzusu Qarabağ hadisələridir və onun məhz “Xocalı soyqırımı”nı anma vaxtına düşməsi də təsadüfi deyildir. Hekayədə əslən Qarabağlı onkoloq-həkim, el-obaya bütün varlığı ilə bağlı qəhrəmanın hiss və duyğuları müvafiq olaraq yazıçı tərəfindən yetərincə qabardılmışdır. Hekayənin ikinci abzasında oxuyuruq: “İlk cümləni ürəyində bir neçə dəfə təkrar elədi, razılaşdı. İkinci cümləylə əllinin-əlliyə. Çünki şübhə eləyirdi. Ərinin ölümsüzlüyünə inandığı üçün”. Bu frazalarda biz heç də forma xatirinə aparılmış inversiyaları görmürük. Əslində, bu Elçinin yazı manerası, bədii üslubu, onun sintaksisidir.

Elçin Hüseynbəylinin “uzun hekayə”sinə sığışdırılan hadisələr daha geniş zaman kəsiyini əhatə edir. “O, getmişdi. Dan üzü söküləndə... 31 il bir yastığa baş qoyduğu arvadını yuxudan durğuzmamış, vidalaşmamış, sakitcə...”. Elçinin qəhrəmanı Yusif Səmədoğlunun “Qətl günü” romanındakı Xəstə olmasa da, əslində o, daha ağır xəstəydi. Və o, “...ölümünü işğal altında olan kəndlərində qarşılamaq istəyirdi”. Yazıçının baş qəhrəmanın belə sağalmaz xəstə vəziyyətində doğma kəndlərinə getmək istəyi əslində nəinki ermənilərə, həm də dünya xalqlarına – bəşər övladına etdiyi üsyan idi. Ona görə də öz əli ilə yazıb saxladığı məktubdakı infolrmasiyanı bir neçə dildə yaymağı, məqsədinin nə olduğunu hamının bilməsini təkidlə bildirməyi tələb edirdi: “Hamıya bəyan edirəm ki, mən 53 yaşlı həkim .... Altı aydır ki, ağır xəstəyəm, sağalmağa heç bir ümidim yoxdur, ölüm ayağında kəndimizə getmək, həyətimizdə ağac əkmək, sonra isə orada ölmək istəyirəm. Qoy, bu ağac dünyadakı münaqişələrin hamısına etiraz əlaməti, sülh rəmzi olsun...”.

Evlərinə çatıb bütün həyət-bacanı, həndəvəri nəzərdən keçirəndə bağçadakı kəsilmiş ağaclar, sökülmüş hasar, yağmalanmış yurd onun qəlbindəki həyəcanı daha da artmışdı, kimsəsizliyin hər tərəfə hakim kəsilməsi, bu yerlərin az keçməmiş yaddaşdan itəcəyi, kəndin onunla yaşıd adamları dünyasını dəyişəndən sonra, hər şeyin yaddan çıxacağı qorxusu onu rahat buraxmırdı, hətta nəvə-nəticələrinin yurd-yuvasını tanımayacağından nəfəsi kilidləşirdi. Ermənilər ona avtomat tuşlayanda, kəndlərinin iki kilometrliyində yerləşən zastavaya gətirəndə o, soyuqqanlılığını bir an belə əldən verməmişdi.

Erməni zabitinin yanına gətiriləndə isə təmkinliklə kimliyini və nə məqsədə gəldiyini bildirmişdi və hətta inanmırsa bunu internetə girib öyrənməyi də məsləhət edərək: “Mənim vaxtım azdır, ömrümə bircə gün qalıb... metastaz altı aydan çoxdur başlayıb, bu gün səhər o dünyalığam” demişdi.

Elçin Hüseynbəyli bədii effekti getdikcə artırır. Oxucunun diqqətini hadisələrin axarına daha çox cəlb edir. “Görürsünüz... mənim bura gəlməkdə işıqlı məqsədim var. Amma məsələ təkcə ağac əkməklə bitmir. Mən həm də ölməyə gəlmişəm. Əgər ölməsəm, yaxud ölə bilməsəm, sizlərdən kimsə məni öldürməlidir. Özü də dan üzü, günəş üfüqdən cırtlayanda”.

Müəllif qəhrəmanın öz məqsədinə çatması üçün hekayənin infrastrukturuna erməni zabiti ilə həkimin mükaliməsini uğurlu daxil edir. Bu mükalimədə həkimin zabitə pul təklif etməsi də maraqlı şəkildə təqdim edilir: “Məni sakit ölümlə baş-başa buraxmağınızın, yaxud da güllələməyinizin əvəzində sizə on min verərəm. Dollarla...

Elçin Hüseynbəyli oxucu diqqətini getdikcə daha çox məşğul edir. Buna görə də həkimin dili ilə “Mənim istəyim öz qəbrimi əllərimlə qazmaqdır. Bu, bir etirazdır. Təkcə sülh ağacı ilə iş bitmir. Qoy, onlar görsünlər ki, bu müharibələr uzandıqca hələ çox adam özünü diri-diri basdırmağa hazır olacaq. Əslində, belə olur, hamı öz içində ölür, yaxud hansısa bir sevgisini öldürür... Mən günəş üfüqdən çıxanda ölməliyəm... dediyim zaman ölməsəm, məni güllələyin”.

Yeri gəlmişkən bildirək ki, “Gözünə gün düşür” hekayəsinin bəzi yerləri Çingiz Aytmatovun ömrünün son dövrlərində qələmə aldığı “Öldürməli...Ölməli” hekayəsinin bəzi məqamları ilə yaxından səsləşir. Həm o, həm də bu hekayədə baş qəhrəmanın müharibələrə ciddi etirazı aparıcı motiv kimi qabardılmışdır.

Elçin Hüseynbəyli qəhrəmanın daxili hiss və həyəcanlarını da yetərincə yaradır. “O öz yaşına uzaqdan baxırdı, sanki onu görürdü...”. “O, buralardan bir dəfəlik gedirdi. Bir də heç zaman doğmalarını görməyəcəkdi”.

Müəllif bütün hekayə boyu həkimin (baş qəhrəmanın) əsl yüksək mənəvi-əxlaqi keyfiyyətlərini, kişilik və qeyrət hissini, bütövlüyünü, məğrurluğunu bütün incəlikləri ilə təsvir edir.

Elçin Hüseynbəyli əslən Qarabağdan, onun dilbər guşəsi Cəbrayıldan olduğundan qəhrəmanın can atıb axırıncı dəfə görüb ölmək istədiyi yerlərin hamısını “Maralyan bağı”nı,”Dukker”i, “Çayağzı”nı, “Qurdağzı”dərəsini, “Küdrü”nü, “Yaloba”nı, “Mahmud bağı”nı və s. yetərincə “gəzib dolaşır”, sanki qəhrəmanın bu yerləri yenidən görməsi ona ağrılarını unutdurur. O, daha da güclənib doğma qəbirstanlıqda ölməyə tələsir. “Qəbirstanlıq tanınmaz olmuşdu. Uçulmuş, bəzilərinin başdaşları çıxarılıb aparılmışdı. Atasının qəbri irəlidə, qəbirstanlığın lap yüksəkliyindəydi. Atası yüksəkliyi sevirdi, elə o özü də...atasının qəbrinə çatdı. Qəbrin...özü uçulmuş, “övladlarından yadigar” yazılmış mərmər başdaşı yoxa çıxmışdı”.

Elçin Hüseynbəyli digər əsərlərində olduğu kimi (məsələn, “Yovşan qağayılar” romanında) yenə də genetik yaddaş məsələlərinə müraciət edir. “Qəbir istiydi. Həkim ağrı hiss eləmirdi. Onun bədəni sanki ölmüşdü, amma yaddaşı diriydi. O, yaddaşını qaytarmadan ölmək istəmirdi. Uşaqlığını, cavanlığını xatırlayırdı...

Gözlərinin qarşısında güllü-çiçəkli dağlar, məktəb illəri, quzu otardığı yerlər, çayda balıq tutduğu günlər canlanırdı.

Hər şey gözəl idi. Onun yadında daha çox günəş qalmışdı. Amma gözəllik yox olmuşdu və bunun nə zaman baş verdiyini xatırlaya bilmirdi. İndi bu gözəlliyin və itkinin yerini acı bir boşluq doldururdu...

Səhər açılırdı. Həkimin ürəyi və yaddaşı hələ də diriydi...”

Elçin Hüseynbəyli digər əsərləri üçün səciyyəvi olan maraqlı ekspressiv ifadələrdən burada da uğurla istifadə edir: “Qonşu bağdakı şəllər eləcə yerində dururdu. Kapyuşonlu (papaqlı) katolik keşişləri kimi başlarını aşağı əyib, sanki ölümə məhkum olunmuş cəngavərlərin o biri dünyada həyatının günahsız keçməsi üçün Tanrıya dua edirdilər”, “Axşama yaxın vaxt ləng getdi. Günəş qoca və əldən düşmüş ilanlar kimi qüruba tərəf sürünürdü” və i.a və s.

Elçin Hüseynbəyli “Gözünə gün düşür” hekayəsi ilə Qarabağı düşünən insanın Qarabağın özündə bədii sözün köməyi ilə mükəmməl tablosunu yaratmışdır. Bu tabloda üzücü və fərəhverici, ümidsiz və ümidli, uğursuz və uğurlu məqamlar sanki üz-üzə dayanıb. Buna baxmayaraq, əsərdəki nikbinlik bütün xüsusiyyətləri ilə bədbinliyə qalib gəlir. Elə buna görə də hekayənin adının “Gözünə gün düşür” kimi seçilməsi də təsadüfi hesab edilə bilməz. Çünki “Səhər açılırdı. Həkimin ürəyi və yaddaşı diriydi...”. Bu ürək və yaddaş günəşdən işıq ala-ala hər şeyin bizimçün yaxşı qurtaracağına işarə edir. “Gözünə gün düşür” də rəmziliklə həyatilik həmahənglik təşkil edir.

Hekayə Elçin Hüseynbəyli nəsrinin növbəti uğurudur.

 

 

Nizami TAĞISOY

 

525-ci qəzet.- 2010.- 10 aprel.- S.28.