Sənət ışığında yaşanan ömür

 

Azərbaycanın tanınmış teatrşünası, professor, əməkdar incəsənət xadimi Məryəm Əlizadənin bu günlərdə 60 yaşı tamam olur. Bu münasibətlə ölkənin nüfuzlu ziyalıları yubilyarı təbrik edərək onun haqqında öz ürək sözlərini qələmə alıblar. “525-ci qəzet”in redaksiyası da bu təbriklərə qoşularaq həmin yazıları oxucularına təqdim edir.

 

Alim, müəllim, dost

 

Məryəm ƏLİZADƏ haqqında söz deyəndə mən həmişə yüngül tərəddüdə bənzər anlar yaşayıram. Bu halın səbəbi əsla ona olan münasibətimin göstəriciləri deyil. Problem münasibətimi açıqlayan mətləblərin sıralamasındadır. Belə ki, hər dəfə söz deyəndə hansı səciyyədən başlamaq məsələsi önə çıxır: illər boyu çiyin-çiyinə çalışdığım dost Məryəmdən başlayımmı, Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim heyəinin sayılan pedaqoqu, müəllim Məryəm xanımdanmı sözə başlayım, yoxsa elmi düşüncəsinə hörmət bəslədiyim teatrşünas-alim Məryəm ƏLİZADƏnin fəaliyyətini dəyərləndirim?!.

Təbii ki, dediyim kimi, sözügedən tərəddüd ani olur, bir göz qırpımında sovrulub gedir, çünki Məryəm xanım haqqında sözü istənilən məqamdan başlamaq olur və heç bir çətinlik çəkmədən saatlarla onun haqqında danışmaq olar.

Məryəm ƏLİZADƏyə bəslədiyim münasibətin səciyyələri onun Universitetimizin Elmi Şurasında mənalı, maraqlı, faydalı və hər dəfə yeniliklərlə zəngin çıxışlarında sintez halına gəlir: onu dinlədikcə mən, eyni zamanda, alim fikrini, müəllim intensiyasını və dost niyyətini eşidirəm.

Məryəm xanımı ad günü münasibətilə təbrik edirəm!

Əzizim, Məryəm xanım, alimlikdən, müəllimlikdən, dostluqdan əskik olma!

 

Timuçin ƏFƏNDİYEV, ADMİU-nun rektoru, Əməkdar incəsənət xadimi filologiya elmləri doktoru, professor

 

 

Paradoksal dialektika

 

Əslində, Məryəm ƏLİZADƏ haqqında bu gün hər deyilən söz təbriklə başlanmalı və təbriklə bitməlidir. İlk təbrik, təbii ki, özünə ünvanlanmalı və ad gününə yaraşan bütün xoş arzu və diləklər səxavətlə dilə gətirilməlidir. Sonuncu təbrik isə özümüzə – Azərbaycan mədəniyyəti sahəsində çalışan bütün mütəxəssis və sənətçilərin payına düşməlidir. Çünki bizlərə ad gününü qutladığımız bu nəcib insan və çox dəyərli alim ilə uzun illər ünsiyyətdə, işbirliyində bulunmaq xoşbəxtliyi nəsib olub.

Belə olmalıdır və əslində də, belədir – bu gün Azərbaycan milli teatr icması mənim bu sözlərimə tam səmimiyyətlə qoşulur.

Amma bu gözəl fürsəti fota vermək istəməyib bu gün alim-teatrşünas Məryəm ƏLİZADƏnin nə zamandır məni düşündürən və deyəsən, bu günlərdə açıqlamasını tapdığım bir “bulmaca”sını oxucuların diqqətinə çatdırmaq istərdim.

Məsələ ondadır ki, bir alim kimi Məryəm ƏLİZADƏ illərcə Azərbaycan milli teatr prosesinin dialektikasını araşdırmaqla məşğul olaraq öz araşdırma metodunu, necə deyərlər, “dəmir məntiqlə” əsaslandırıb. Bu təbiidir, çünki elmi təhlil poetik, şairanə, jurnalistika, esseçilikdən birmənalı şəkildə imtina edir. Bunu Məryəm ƏLİZADƏnin “TEATR: SEYR VƏ SEHR” elmi monoqrafiyasında aydın görmək mümkündür. Di gəl ki, Məryəm xanımın hələ ki, sonuncu olan “DÖRDÜNCÜ ÖLÇÜNÜN RƏNGLƏRİ” kitabının ideya strukturu başdan-ayağa paradokslar üzərində qurulub. Böyük rejissor Tofiq Kazımova həsr olunmuş monoqrafiya Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunduğundan mən bu kitabın əlyazmasını dəfələrlə oxuya-oxuya Məryəm xanımın ilk baxışdan təzadlı görünən elmi-yaradıcı metodunun özəlliyi haqqında düşündüm və mənə elə gəlir ki, “açar”ını tapdım. Mənə aydın oldu ki, yalnız teatr prosesini deyil, bütövlükdə mədəniyyət prosesini, onun uğur və böhranlarını, hadisələrini və personaliyalarını dialektik vəhdətdə təhlil edəndə paradoksların imkanlarından faydalanmaq qaçılmazdır.

Bu “kəşf”imə görə mən növbəti dəfə Məryəm xanıma təşəkkür edirəm və ondan bizi düşündürən, inkişafa, öz kəşflərimizə sövq edən hələ çox-çox ideyalar, tapmaca-bulmacalar yaratmağı xahiş edirəm.

Allahdan da Sizə can sağlığı, ruh yüksəkliyi və uzun ömür diləyirəm. Amin!

 

Ədalət VƏLİYEV, teatrşünas, sənətsünaslıq namizədi

 

 

Əməli saleh alim

 

Azərbaycanın tanınmış incəsənət xadimi, professor Məryəm Əlizadə haqqında düşünərkən, gözümün qabağına 70-ci illər, o illər ölkənin canına hopmuş füsunkar teatr havası, unudulmaz Tofiq Kazımov, onun quruluş verdiyi bir-birindən təsirli, yeni nəfəsli teatr tamaşaları, məxsusi həvəs və azarkeşliklə ərsəyə gətirdiyi əlamətdar tələbə qrupu – bu gün milli mədəniyyətimizin aparıcı simalarına çevrilmiş Fuad Poladov, Vaqif İbrahimoğlu, o illər ilk səhnə işi ilə – C.Məmmədquluzadənin “Dəli yığıncağı” pyesinə verdiyi quruluşla teatral mühitdə rezonans yaratmış sevimli qardaşım Eyvaz, onun yaxın dostu, kurs yoldaşı, gənc, utancaq Məryəm xanım, Məryəm xanımı yüzlərlə insanın arasından seçən alov rəngli gur saçları, məsum təbəssümü gəlir...

Bu gün, yaşının yuvarlaq rəqəminin tamamına təsadüf edən əlamətdar zaman kəsiyində təbii ki, ilk növbədə Məryəm xanımın teatr sevgisindən, onun milli və dünya teatr sahəsində yiyələndiyi dərin biliyindən, unikal təhlil qabiliyyətindən, incə elmi zəkasından, yaradıcı ömrünün 40 ilini həsr etdiyi dəyərli tədqiqatlarından – ərsəyə gətirdiyi neçə-neçə yaddaqalan monoqrafiyalarından və məqalələrindən söz açılmalı, bu fədakar alimin sonsuz insan sevgisi, təkrarolunmaz dostluq istedadı, müəllimlik qüdrəti, dərs dediyi İncəsənət Universitetində və cəmiyyətdə qazandığı kütləvi sevgi və sair və ilaxır xatırlanmalıdı. Mənimsə gözlərim önündə, bütün bu uğurlardan və nailiyyətlərdən bir addım irəlidə – gizli yaddaşımın “elm”, “sənət”, “peşə”, “cəmiyyət” anlayışlarını yaxına buraxmadığı mübhəm kəsiyində həmin o işıqlı təbəssüm – sahibinin üzündən bu gün də əskik olmayan, nə iləsə, alt qatı tapmacalar dolu sirli Cakonda təbəssümünu andıran məsum ifadə işarır... qədimdən qədim doğmalıq, mərhəmət və dözüm saçan İlahi Rəhm ifadəsi...

Sahibinin bütün həyatını, keçib gəldiyi ağrı-acılarını, insan sevgilərini və itkilərini hansı möcüzəyləsə özünə sıxıb saxlayan bu təbəssüm barədə düşünürəm... və bu zahirən adi üz ifadəsinin, mənim yeniyetmə yaddaşıma, o illərin möhtəşəm sənət hadisələrinin möhürlədiyi bir sıra həyat həqiqətlərindən daha zərif və incə mətləbləri həkk etdiyini, məni dəfələrlə – illərin və hadisələrin axarıyla təkbətək, üzbəüz qaldığım çıxılmaz darısqallıqlardan, həyat və insan sevgisinin bitib qurtardığı soyuq astanalardan geriyə qaytardığını, bu dünyanın amansız, cod qanunları barədə illər uzunu ilıq-ilıq rəvayətlər anlada-anlada, nələrdənsə qoruduğunu anlayıram... Bu izaholunmaz sevgi işığının, elm və maarif dəzgahı arxasında keçən çətin ömür yollarından, insan ruhunu yorub korşaldan ictimayi hadisələr axarından, sənət və elm girdabının yaşam əzablarından hansı möcüzəylə qorunub bu günə çatdığı barədə düşünürəm... və böyük insan sevgisindən, tale iztirablarının, ağrı-acıların dinməz məmnunluqla qəbulundan, əqidə və dost cəfakeşliyinin, dözümün qədərindən bəhs edən bu təbəssümün əbədi olduğunu anlayıram...

Qəribədi ki, “böyük”, “dahiyanə”, “şedevr” adlandırıb pərəstiş etdiyimiz sənət nümunələrinin xilas gücü yetmədiyi çətin məqamlarda bizləri tükənməz daxili işıqları, rəhm və gözəllikləri ilə özləri də bilmədən, dərin-dərin uçurumlardan qoruyan, yaşadıqları məmləkətlərdə və cəmiyyətlərdə şəfqətli mühitlər yaradan insan hadisələri barədə düşünmürük. Bu yerdə xatirimə müqəddəs Məhəmməd peyğəmbərin belə bir kəlamı düşür: “Bu dünya və onda olanlar qiymətli xəzinədir. Bu xəzinənin ən qiymətli cəvahiri – əməli saleh qadındır...”

Peyğəmbərin digər kəlamını: “Alim qələmindən sızan mürəkkəbin bir damlası yüz şəhid qanına bərabərdir.” – ifadəsini də yada salanda, gözlərim önündə bizim Məryəm xanımın işıqlı siması canlanır.

Bu gün yubilyey tarixi qapılarımızı döyən Məryəm Əlizadə belə bir hadisədir.

 

A.MƏSUD

 

 

Suyun adından təbriklər

 

Bir dəfə dostlarımızla göyüzünün bir qırağında söhbətimiz zamanı Məryəm xanımın indi işğal altında olan Malıbəyli haqqında dediyi bir söz yadımdan çıxmır:

– Bizim kənddə hər şey hər an sanki təzəcə suyla yuyulmuş kimiydi, hər an təmiz gözəl. Bütün Malıbəylidən su qoxusu gəlirdi. Kənddən çıxandan bir xeyli sonra da bu qoxu duyulurdu.

Su qoxusu mənim də ən çox sevdiyim, özümə ən doğma bildiyim ətirdir. Ətirlər ətri! Mən də elə indi də Arazdan axan yekə arx dediyimiz arxın ətrini duymaqdayam. Çayın, arxın, bulağın, kəhrizin ətri dünyanın heç vaxt yaddan çıxmayan qoxularındandır. Su dünyanın başlanğıclarındandı. Mən hətta bütün dinlərdən, elmlərdən fərqli olaraq, ilkin yaranışın Sudan olduğu düşüncəsindəyəm. Ən azı başlanğıcdı, həm də su var.

Məryəm xanımın dediyi, duyduğu, yəqin, indi də duymaqda olduğu su qoxusu qədimliyi, ilkinliyi, həm də heç vaxt yox olmayan əbədi bir dünyanı duymaqdır, həmin dünyanı suyun diliylə, suyun qoxusuyla, suyun axışıyla tanımaq və anlamaqdır.

Dünyanı gül qoxusuyla, çiçək qoxusuyla duymaq, anlamaq da su qoxusundan gəlir, həm də su qoxusundan sonra gəlir.

Deyirlər, hər şeydən öncə söz olub. Mənim buna qətiyyən şübhəm yoxdu. Ancaq bu, biz düşündüyümüz şəkildə olmayıb, ilkin axan göyün, ilkin axan suyun axmasıyla, gülümsəməsiylə, axmasından sevişməsiylə olub.

Sonrası isə hamımız bildiyi kimidir, sözdən sonra Məryəm olub, sonra Əlizadə.

Elə Suyun adından da təbriklər!

Sən suyun yadındasan, Məryəm!

 

Vaqif Bayatlı ODƏR

 

 

Sənət zərgəri

 

İncəsənət sahəsində çox az sənətkar tapılar ki, onun xasiyyətilə sənəti uyğun gəlsin. Mən Məryəmi sənət zərgəri adlandırardım. O, sənətdəki zərləri görür, tapır, cilalayır. Ona görə də mən onu zərgər kimi dəyərləndirirəm. Lava kimi püskürən, sənətin bu keşməkeşində özünü sındırmayan, həyatın dolanbacında azmayan Məryəm o qədər kövrək, o qədər diqqətcil, o qədər həssas bir insandır ki, elə adına layiqdir, Məryəmdir ki, Məryəm.

Özü özünü olduğu kimi göstərdiyindən, həyatı olduğu kimi gördüyündən zamanın ona zərbələri çox dəyib. Lakin qalib gəlib, çünki zamanın ona gücü çata bilməyib. Mən ona rəfiqəm də deyə bilərəm, amma dostum deyirəm. Dostum Məryəmə ancaq can sağlığı arzulayıram. Çünki o, mənim ona peşəsində, sənətində arzulamaq istədiyim zirvələrdən daha ucadadır. Ad günün mübarək, qızım!

 

Afaq BƏŞİRQIZI, Xalq artisti, professor

 

 

Düşüncəylə duyğuların qovşağında

 

Teatr sənətinin ən əhəmiyyətli və bəlkə də ən çətin peşəsi, heç şübhəsiz, rejissuradır. XX yüzillik kosmos və rejissura əsri elan olunandan sonra mənsub olduğum peşənin qarşısına bir sıra yeni, prinsipial məqsəd və vəzifələr qoyuldu ki, bunları, eyni zamanda, elmi-nəzəri, konseptual müstəvidə həll etmək zəruri oldu. Təsadüfi deyil ki, məhz XX əsrdə rejissuranın sürətli inkişafı ilə üzvi bağlılıqda sənətşünaslığın tərkib hissəsi olan teatrşünaslıq da güclü sıçrayış nəticəsində müstəqil bir elm-sənət fəaliyyət sahəsinə döndü. Əski dövrlərdən fərqli olaraq, yeni teatrşünaslıq rejissuranın dominantlığını qəbul etdi və bütün araşdırma-dəyərləndirmə əməliyyatlarını məhz bu aspektdən apararaq elmi baxımdan dürüst qənaətlərə gələ bildi.

Hörmətli oxuculara böyük məmnuniyyətlə açıqlamalıyam ki, yuxarıda söylədiyim ümumiləşdirilmiş mülahizəni şəxsən mən illər boyu yaradıcı ünsiyyətdə olduğum Məryəm ƏLİZADƏ adlı teatrşünasın fəaliyyətini izləyərək formulizə edə bildim. Böyük alim və dövlət xadimi Cəfər Cəfərovun tələbəsi olan Məryəm ƏLİZADƏ, məndən ötrü, Azərbaycan teatr məkanında yaranmış və inkişaf etmiş yeni teatrşünaslığın ən parlaq nümayəndəsidir. Bu gün mən tam məsuliyyətlə deyə bilərəm ki, Məryəm ƏLİZADƏ müəlliminin vəsiyyətinə sadiq qalaraq, öz elmi araşdırma metodunu məhz rejissuranın üzərində qurub və məhz bu aspektdən tamaşanın təhlilini son dərəcə əsaslı və – ən ümdəsi! – sistemli şəkildə apara bilib.

Mənə elə gəlir ki, bir teatrşünas kimi Məryəm ƏLİZADƏ çox erkən rejissuranın məğzini və özəlliyini dərk edib. O, özünəməxsus həssaslıqla bu peşənin, bu yaradıcı fəaliyyətin psixoloji təməlini anlayaraq onun ikili xassəsini aşkarlayıb. Məlumdur ki, rejissor yaradıcılığı iki təməli xassənin sintezindən – düşüncə (intellektual başlanğıc) və duyğuların (emosional başlanğıc) vəhdətindən yaranan bədii-yaradıcı fəaliyyətdir. Məryəm ƏLİZADƏnin də elmi metodu məhz bu iki başlanğıcın təmas nöqtəsində, qovşağında bərqərar olub. Məhz buna görədir ki, onun təhlilləri həm dəqiq diskursa malikdir, həm də tamaşanın emosional ovqatını adekvat əks etdirir.

...Bilmirəm, peşənin şərtlərimi Məryəm xanımın insani xarakterinə təsir edib, yoxsa teatrşünas özəlliyi onun xasiyyətindən qaynaqlanır, amma onu yəqin bilirəm ki, sevimli həmkarım, əziz dostum və sirdaşım həyatda da düşüncəylə duyğuların qovşağında yaşayıb-yaradır. Bəlkə dostumuzun məhz bu yaşam mövqeyi onu hamımıza əziz, doğma və gərəkli etməkdədir.

Əziz Məryəm xanımı ad günü münasibətilə təbrik edirəm, ona hələ uzun illər seçdiyi və yaşatdığı mövqedə sağ-əsən durmağı arzu edirəm.

 

 

Azər Paşa NEMƏT

AzTXİ-nin sədri,

xalq artisti,

professor

 

525-ci qəzet.- 2010.- 10 aprel.- S.15.