Naxçıvanlı xeyriyyəçi Mirzə Heydər Nəsirbəyov və onun ailəsinin acı aqibəti

 

Naxçıvan hər bir yüzillikdə özünün böyük şəxsiyyətləri ilə Qafqazda ad-san qazanan şəhərlərdən biri olub. Bu sərt iqlimli diyar qranit xarakterli, iradəli mübarizlər məkanı kimi də tanınıb. Burada Avropa və Şərq mədəniyyəti çox ahəngdar surətdə birləşir, hər birimizdə qürur doğurur. Bütün bunlar hamısı bizi bir daha keçmiş tariximizi dərindən öyrənməyə sövq edir. Axı, keçmişimiz də bizimdir. Son illərdə Azərbaycanın milyonçu xeyriyyəçiləri haqqında xeyli kitablar yazılıb. Bu kitabları oxuduqca görmüşük ki, naxçıvanlı xeyriyyəçi milyonçular unudulub. Amma Naxçıvanın da olduqca dövlətli tacirləri olub. Özü də ən çox Avropa bazarları ilə ticarət edən Məşədi Ələsgər Bağırov, Hacı Hüseynalı Qurbanov, Məşədi Heydər Nəsirbəyov və digərləri çox maraqlı insanlar kimi tanınıblar. XIX əsrin ikinci yarısında və XX yüzilliyin əvvəllərində Naxçıvanda çox nüfuzlu ağsaqqallardan, eləcə də Rusiya imperiyasında ən varlı şəxslərdən biri Məşədi Heydər Nəsirbəyov olmuşdur. Artıq saralıb-solan arxiv sənədləri, tapa bildiyimiz fotoşəkillər və karımıza yetən gündəliklər, xatirələr o illərə xəyalən də olsa ekskurs etməyimizə imkan yaradır. Məşədi Heydər Nəsirbəyov əslən naxçıvanlıdır. Onun ulu əcdadları da bu şəhərdə doğulub və burada da ömürlərini başa vurublar.

Ensiklopedik alim Əziz Şərifin bizlərə yadigar qoyub getdiyi Keçmiş günlərdən sənədli xatirələr kitabında Məşədi Heydər haqqında ilk dəfə məlumat verilib. O yazır ki, böyük bibim Şahbəyim xanım (Şahı) şəhərin ən dövlətli adamı Mirzə Heydər Nəsirbəyovun ömür-gün yoldaşı idi. Yeri gəlmişkən, Naxçıvanda onu hamı Mirzə Heydər deyə çağırırdı. Çünki o, ruscanı və farscanı yaxşı bilirdi. Maarifçi idi.

Mirzə Heydər Nəsirbəyovun doğum tarixi məlum deyil. Sənədlərdə və kitablarda onun məşhur bir xeyriyyəçi tacir və sahibkar olması haqqında ara-sıra məlumatlara rast gəlirik. Bizim üçün ən yaxşı mənbə onun qızı Fatma xanımın (Naxçıvanda hamı onu Matan xanım kimi tanıyırdı) söylədikləridir. Fatma xanımla bağlı 4-5 yazı çap etdirmişik. Hətta rus dilində yazılanı da var. Çünki bu ağbirçək ana bir çox tarixi məsələlərin açılmasına köməklik edib. Yaxşı yaddaşı vardı. Özü də zadəgan qızlarına məxsus məktəbdə rus dilində təhsil almışdı. Ömrünün sonuna kimi 1998-ci ilədək atasının yay mülkündə yaşayırdı.

Matan xanımın söylədiklərindən: Atamın babaları da yüksək gildalı tacirlər olmuşlar. Onun şəhərin bir neçə yerində, əsasən mərkəzi yerlərdə mülkü vardı. İndi biri qalır, yəqin məndən sonra o da olmayacaq. İndiki Əlixan məhəlləsinin çoxu onun üzümlükləri idi. Bazarçayı bu üzümlüklərdən keçirdi. Hər növ üzüm sortları vardı. Çünki alınan kişmişi və mövüzü (üzüm qurusunu) Rusiya bazarlarına aparırdılar. Və burada gördüyünüz bu mülkü atam tikdirmişdi. Özü də Bazarçayın kənarında dincəlməyi çox sevirdi. Onu da deyim ki, Rusiya padşahı atama orden də vermişdi. Bilmirəm nəyə görə. Sonralar anamdan eşitmişdim. Atam vəfat edəndə on dörd yaşım vardı. (Matan xanım 1902-ci ildə Naxçıvanda anadan olmuşdu). Birdən divardakı şəklə baxaraq deyir, bax, orada atamın ayaqları yanında rahatca yastığa dirsəklənən, əlini üzünə dayayan mənəm. Ömrümüzün ən bəxtəvər çağlarıdır. Hamımız sağ-salamatıq. Hələ heç ağlımıza da gəlmir ki, bizi hansı tale gözləyir. Sol tərəfdə mənimlə baş-başa verən bacım Zəhradır, onu 1917-ci ildə (atamın ilindən sonra) Qənbəralı Bənəniyarskiyə nikahladılar. Yazıq Qənbərin başına sovet hökumətində vəzifədə olan ermənilər nələr gətirmədilər. Deyirdilər ki, sən Araz-Türk hökuməti qurubsan və sair. Hamısını məhv etdilər ay oğul, ocaqları kor qoydular. 20-ci ildən sonra hamı bir-birindən qorxurdu. Nə isə, bu qəmli söhbətləri yada salmayaq.

Atamdan sağda yeganə qardaşım İbrahimdir, onun nakam vəfat etməsi bizi lap yetimləşdirdi. Toyundan sonra cəmi bircə il yaşadı. Onun ölümünə atam heç bircə il də dözə bilmədi. Anam 4 qızı ilə tək-tənha qaldı. Bir ildən sonra ona kömək edən qardaşı Qurbanəlini (Əziz Şərifin atasını) də itirdi... Atamdan solda anam Şahbəyimdir, sonra oturan bacım Xeyransa xanımdır. Yanındakı üzü nurlu oğlan Cabbar Kələntərovdur (bacımın əri), onun atası Hacı İsmayıl Naxçıvanın ən mötəbər adamı idi. Cabbarın qucağındakı uşaq oğlu Fərəcdir, arxada dayanan onların ev qulluqçusudur. Onun qucağında olan uşaq da Cabbarın oğludur. Atamın dizlərini qucaqlayan bacım Ququş xanımdır. Sonralar Hacı Kələntərovla ailə qurdu. Hamısını Naxçıvandan sürgün etmişdilər. Hə, qardaşım İbrahimin yanındakı uşaq da Cabbarın qızıdır.

Bu şəkil, oğul, mənim üçün bolşeviklərin bizdən aldıqları bir sandıq cəvahirlərdən, brilyantlardan da qiymətlidir... Şəkil təxminən 1912-ci ildə çəkilib.

Matan xanımın özünün şirin, kədər dolu səslə söylədiyi xatirəni yazıb saxlamışdım. Onun oturduğu otaqda çox sevdiyi 2-ci bir tarixi fotoşəkil də divardan asılmışdı. Onu da sizə təqdim edirik. Bu, tariximiz üçün çox vacib və maraqlıdır. Bu şəkil 1900-cü ildə çəkilib. Mirzə Heydər Nəsirbəyovun pambıq fabrikinin karvansarasında (son illərə qədər xarabalıqları keçmiş Sabir bağının qurtaracağında qalırdı) alış-verişi təsvir edir. Mirzə Heydər özü də oradadır. Şəklin üstündə olan yazıdan məlum olur ki, fotonu çəkdirən onun işlər müdiri olub. Dəvə karvanları çox səliqəli hazırlanmış pambıq taylarını əsasən Avropaya gedən gəmilərə daşıyırmışlar. Matan xanımın dediyinə görə, uzaq Trabzona (o, Dərəbizon deyirdi) karvanla aparıb, oradan gəmilərə yükləyirmişlər. Mirzə Heydər şəkildə işçilərinin və ticarət edənlərin yanındadır.

Mirzə Heydər Nəsirbəyov Naxçıvan şəhərində Avropa tipli məktəblərin açılmasında çox fəallıq göstərir və maddi yardım edirdi. Qızlarını da həmin məktəblərdə oxudurdu. Onun Tiflisdə, İrəvanda, Xarkovda, Kiyevdə, Moskvada, Sankt-Peterburqda və Varşavada bank hesabları vardı.

Əziz Şərifin gündəliyində maraqlı bir fakt lap yerinə düşür: İnstituta əlli manat verməyi atam o günlərdə ticarət işləri üçün Moskvada olan Məşədi Heydər Nəsirbəyova tapşırmışdı. O da mənim yoxlamam ilə instituta gedib əlli manatı vermiş və Səmədovun ünvanına teleqramla bildirmişdi. Bu xəbər məni son dərəcə sevindirmişdi, çünki bu məbləğin verilməsilə mənim instituta qəbulum təsdiq edilmişdi. Sənədlərdən məlum olur ki, Mirzə Heydər İrəvanda, Tiflisdə, Moskvada oxuyan naxçıvanlı cavanlara hər zaman yardım göstərirmiş. Çünki onun özü Naxçıvan şəhərində gedən abadlıq, quruculuq işlərində yaxından iştirak etdiyindən bilirdi ki, savadlı mütəxəssislərə çox ehtiyac var. Bir dəfə Moskvada olarkən Əziz müəllim yarızarafat- yarıciddi dedi ki, bir günah iş görmüşəm. Neyləyim, zəmanənin üzü qara olsun. Özü sonra əlavə etdi ki, Matanın atasını bəzən xəsislikdə suçlamışam. Amma o, əslində səxavətli olub. Belə yazmasaydım qlavlit (senzura) kitabımın çapına icazə verməzdi.

Arxiv sənədlərində Naxçıvan şəhərində o illərdə aparılan iclaslarda Məşədi Heydər Nəsirbəyovun adı həmişə yaxşılığa çəkilibdir. Maraq üçün deyək ki, şair Müzəffər Nəsirli də bu nəsildəndir. Yenə də Matan xanımın xatirələrindən: Atam ikinci mülkünü Xan Dikində tikdirmişdi. Bu ikimərtəbəli mülk 1980-ci ilədək qalırdı. O vaxtlar orada Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və Dövlət notariusu yerləşirdi. Hətta, 1970-ci illərdə o mülkün həyətində olan bağçamız olduğu kimi qalırdı. Bəzi nadir gül kolları hələ də əvvəlki kimi çiçəkləyirdi. Atam bu mülkü oğluna tikdirmişdi. Otağımızın birini kitabxana eləmişdi. Atam Molla Nəsrəddin jurnalına abunəçi idi. Onun Tiflisdə yaşayan dostu, naxçıvanlı tacir Məşədi Ələsgər Bağırov Mirzə Cəlilə təmənnasız yardım edənlərdən idi. Atamın özü Mirzə Cəlili lap yaxşı tanıyırdı. Mirzə Cəlilin qızı Münəvvər xanım Naxçıvanda yaşayanda tez-tez bizə gələrdi. Bizim lap əvvəllərdən əlaqələrimiz vardı.

Atam Londondan əntiqə musiqili çilçıraq alıb gətirmişdi. Böyük salonda asırdıq. İtaliyanın Venetsiya şəhərindən bədənnüma güzgünü də alıb gətirdi. Çox adamlar sonralar almaq istəyirdilər. Nə qədər çətinliyim olsa da, satmadım (ancaq onun vəfatından sonra yoxa çıxdı hər şey). 1916-cı ildə atam vəfat etdi. Anama demişdi ki, məni Mirzə Hüseyn segahı ilə torpağa tapşırarsınız. 1920-ci il gəldi və müsibətimiz başlandı, nə başlandı. Bizim var-dövlətimizi talan etdilər. Gəlib bu yay evinə daldalandıq. Əl çəkmirdilər. Anam brilyantlardan gizlədib saxlamışdı ki, bizi bir yana çıxartsın. Axı, kişisiz evin taleyi necə olar? Bir qonşumuz siyasi idarədə işləyirdi. Anamı sürgün adı ilə qorxudub gizlətdiyi qızılların və brilyantların hamısını əlindən aldı. Matan xanım o adamların adlarını da yadında saxlamışdı. Bizi sürgün etmək istəyirdilər. Bu zaman Əzizin dayısı Əbdüləzim Rüstəmov mənimlə ailə qurdu. Və o sovet hökumətini quranlardan biri olduğundan ürək edib əvvəlcə bizi sürgün etmədilər. (Matan xanım qəmli-qəmli gülümsəyir və deyir ki, anam Əbdüləzimin qohumu da olsa, məni ona vermirdi. Deyirdi, sən bolşeviksən, balalarımı, kürəkənlərimi gedər-gəlməzə göndərmisiniz...).

Tale elə gətirdi ki, Mirzə Əbdüləzimin özünü 37-ci ildə sürgün etdilər. Ona çox əziyyət verdilər. Yalnız 1991-ci ildə ona ölümündən çox illər sonra bəraət verildi. Oğul, çox qorxulu illər yaşadıq.

Mirzə Heydərin ən yaxşı şəkillərindən birini görkəmli rəssam Bəhruz Kəngərli çəkib. Atam onda sağ idi. O şəkli də saxlamışam. (Həmin nadir rəsm əsəri indi Matan xanımın qızı Səkinə həkimdədir). Matan xanım 1998-ci ildə, 96 yaşında, çox sevdiyi Naxçıvanda dünyasını dəyişdi.

Son illərdə MTN-nin Bakıdakı arxivində işləyərkən Cabbar Kələntərovun istintaq işinə rast gəldim. Onu 33 yaşında həbs etmişdilər ki, bir vaxtlar şəhərin komendantı olmusan. Matan xanım elə hey deyirdi: Cabbar kimi mərd oğula necə qıydılar. O, Revkomu yamanlayırdı. Qənbəralı Bənəniyarskinin də işinə rast gəldim. Bunların hamısının həbs orderlərinin altında əsasən ermənilərin imzası vardı. Amma bir təəssüf doğuran məqamı heç vaxt unuda bilmirəm. Onların həbs kağızlarının siyahısında bir vaxtlar dostluq etmiş bəzilərinin də familiyaları vardı. Revkomdakıların özlərini 37-yə qədər məhv elədilər. Yəqin ki, Mirzə Heydər 1920-ci ildə sağ olsaydı, Allah bilir onu hansı aqibət gözləyəcəkdi.

 

 

Musa QULİYEV

 

525-ci qəzet.- 2010.- 13 aprel.- S.6.