Unudulan Bağanıs-Ayrım yarası

 

20 İL ƏVVƏL BAŞ VERMİŞ QƏTLİAMIN ƏKS-SƏDASI

 

Tarixin hansı səhifəsini çevirsən, Azərbaycan müsibəti ilə üz-üzə qalarsan. Sızıltısı ürək parçalayan, içini göyüm-göyüm göynədən qaysaqlanmış yaralar görərsən. Qədim yurd yerlərini qarış-qarış gəzsən, hər addımda zülm ilə söndürülmüş ocaqlar qarşına çıxar. Qaralmış küllərin altında hələ də korun-korun yanan qorumuz durur. Oğuz ellərinin qəbiristanlıqları dağıdılıb, nişanələri silinib, yerinə erməni keşişləri öz xaçlarını basdırıb. Qisas qiyamətə qaldığından babaların sahibsiz goru çat-çat olub.

Zaman ötür, dərd üstünə dərd qalanır. Arta-arta gedən bu yükü çəkmək bir az da çətinləşir. Gözümüz yollardadır, kimisə gözləyirik. Görəsən, kim gəlib yaramızı sarıyacaq, kim sönmüş ocaqlarımızı təzədən çatıb alovlandıracaq? Təəssüf, nə gələn var, nə gedən. Hətta balaca bir qaraltı da gözə dəymir. Üstəlik lal doğulan uşaqların sayı il-ildən artıb çoxalır. Başımız üzərində qara buludlar dolaşır. Həyəcan təbili çalan tapılacaqmı?..

Bu günlərdə işıq üzü görmüş Ermənilərin törətdiyi soyqırımın qurbanı Bağanıs-Ayrım kitabını həqiqi mənada həyəcan təbili saymaq mümkündür. Millət vəkili Qənirə Paşayeva və Şərq qəzetinin baş redaktoru Akif Aşırlının Bağanıs-Ayrım faciəsinin baş verdiyi vaxtdan iyirmi il sonra araya-ərsəyə gətirdiyi kitab bizlərə bir daha xatırladır ki, Bağanıs-Ayrım unudulan, üstü qaysaq bağlayan vətən yarasıdır. Bu kitabda 1990-cı il martın 23-dən 24-nə keçən gecə bir kəndin başına gətirilən müsibətlərin səbəbkarı olmuş evlərə od vurub, günahsız insanları diri-diri yandırmış, gülləbaran etmiş erməni vandallarının iç üzü açılıb ortaya qoyulur. Özü də elə bir məqamda ki, ermənilərin təhrikilə ABŞ Konqresində, Avropa ölkələrinin parlamentlərində heç bir tarixi fakta söykənmədən bir-birinin ardınca 1915-ci ildə türklər tərəfindən erməni soyqırımı törədildiyi barədə qərarlar qəbul olunur. Ermənilərin ən yaxın tarixdə dünyanın gözü qarşısında törətdiyi vəhşiliklərə isə göz yumulur, siyasi qiymət verilmir.

Mən bu sətirləri Bağanıs-Ayrım dəhşətlərinin şahidi kimi qələmə alıram. Faciədən dərhal sonra bir qrup jurnalistlə hadisə yerinə getmişdik. Kənd, demək olar ki, xarabazara çevrilmişdi. Yandırılmış evlərdən hələ də havaya tüstü qalxırdı. Burnumuza tonqallarda əriyib cızdağı çıxmış insan yağının iyi gəlirdi. Ətrafda güllə yarasından ölmüş heyvan leşləri gözə dəyirdi. Təsadüfən sağ qalan, hələ də zəncirdən açılmayan həyət itləri yazıq görkəm almışdı və adamları gördükdə sanki şikayət edirmiş kimi zingildəyirdi. Kənddən, təxminən, 150 metr aralıda iri bir qaya parçasının arxasında isə erməni yaraqlıları qarışqa kimi qaynaşırdı. Ara-sıra başqa silahlılar müxtəlif növ avtomobillərdə ora gəlir, sonra isə qayıdıb meşə yolunda görünməz olurdular. Kənddə bir neçə tank vardı. Ağacların kölgəsinə verilmiş bu zirehli maşınların üstündə rus əsgərləri xorna çəkib yatırdılar. Elə bil baş verən bu boyda faciənin onlara zərrə qədər dəxli yox idi. Bilmək olmurdu ki, onlar burada nəyin keşiyini çəkirlər.

Bir qədər sonra silahlı əsgərlərin əhatəsində SSRİ DİN-in daxili qoşunlar komandanı general-polkovnik Y.V.Şatalin kəndə təşrif buyurdu. Jurnalistlərlə general arasında bir neçə dəqiqəlik dialoq oldu. Hər kəs baş vemiş faciəyə onun münasibətini öyrənmək istəyirdi. Lakin o, bütün sualları başdansovdu cavablandırmaqla kifayətlənirdi. İmkan tapıb dedim ki, kənddə vəhşilik törədənlər qayanın arxasına yığışıb bizi müşahidə edirlər. Özlərini və silahlarını buradan siz də aydın görürsünüz. Bəs nə üçün onların zərərsizləşdirilməsi üçün tədbir görmürsünüz? General yenə də suala anlaşılmayan cavab verdi. Bundan sonra başa düşdük ki, onunla mübahisə etməyin mənası yoxdur.

Bir az keçmiş böyük yazıçı İsmayıl Şıxlı gəlib çıxdı. O, müsibətləri seyr etdikcə gözü dolaraq köks ötürür, günahsız insanların başına gətirilənlərdən dərin təəssüf hissi keçirirdi. İsmayıl müəllim hadisə ilə bağlı ayrılıqda generala etirazını bildirdi və sonra bizə tərəf gələrək qısa söhbətimiz zamanı o vaxtkı respublika rəhbərlərini və rayonun icra başçısını fəaliyyətsizlikdə günahlandırdı. Axşam tərəfi isə əliyalın camaatımızı erməni yaraqlıları ilə baş-başa buraxıb geri qayıtdıq. Hərə dağılıb bir tərəfə getdi. Bu, Bağanıs-Ayrım faciəsindən daha dəhşətli idi.

Sonralar Bağanıs-Ayrım və Qazaxın daha 6 kəndi Ermənistan ordusu tərəfindən işğala məruz qaldı. İndi aradan iyirmi il ötdükdən sonra Q.Paşayeva və A. Aşırlı birgə hazırladıqları bu kitab vasitəsilə unudulmuş, yaddan çıxmış faciəni Bağanıs-Ayrım dərdini dünya ictimaiyyətinin diqqətinə çatdırmağı nəzərdə tuturlar. Gec deyilmi? Təbii ki, gecikmişik, indiyədək heç bir iş görülməyib, Bağanıs-Ayrım kəndində insanlarımızın başına gətirilən müsibəti, erməni vəhşiliyini dünyaya görk etməmişik. Lakin gec də olsa, müəyyən iş görülüb. Müəlliflər törədilmiş dəhşətli cinayətlə bağlı çox vacib sənədlər, dəlilli-sübutlu faktlar üzə çıxarıblar. Nə qədər arxa plana keçsə də, gözdən-könüldən kənarda qalsa da, baş vermiş cinayəti gizlətmək, torpağın altına gömmək, ört-basdır etmək olmaz. O iniltilər, o ah-nalələr nə vaxtsa üzə çıxmalıydı və çıxdı da. Nə qədər dalda-bucaqda pərdələnsələr də, vaxt gələcək canilər ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar. Ermənilərin törətdiyi soyqırımın qurbanı Bağanıs-Ayrım kitabında toplanmış hər bir fakt bu mənada sərt ittiham aktı kimi səslənir və ona görə də dəyərlidir, əhəmiyyətlidir.

O zaman biz Kremldə hansı planlar cızıldığından xəbərsiz idik və inanırdıq ki, sovet hökuməti tez-gec insanlığa zidd bu vəhşiliklərin qarşısını alacaq. Təəssüf ki, heç nə dəyişmirdi, tarixi yanlışlıq və arxayınçılıq bizi bir bəladan digərinə sürükləməkdə davam edirdi. Bu kiçik torpaqda törədilən və cəzasız qalan qətliam az sonra daha bir dəhşətli faciəyə yol açdı. Cəzasızlıqdan həvəslənən ermənilər rus hərbçilərinin dəstəyilə Xocalı soyqırımını törətdilər. Beynəlxalq aləm heç bir insanlığa sığmayan erməni vəhşiliyinə həmişə olduğu kimi bu dəfə də biganə qaldı. Allah eləməmiş, bir də belə bir faciə ilə üzləşsək, gün kimi aydındır ki, eyni münasibət yenə təkrarlanacaq. Təəssüf ki, yüz illər boyu başımıza gətirilən müsibətlərdən ibrət dərsi götürmədik, unutqanlıq prinsipi ilə yaşadıq. Bu gün isə başımızın üstündə Moskva, Kreml yox, yalnız böyük Tanrıdır. Heç olmasa indi tarixin verdiyi fürsətdən yararlanıb düzgün siyasət yürütməli, torpaqlarımızin, xalqımızin təhlükəsizliyi keşiyində ayıq-sayıq dayanmalıyıq.

Mənim üçün əlamətdar və qürurlandırıcı məsələlərdən biri də ertəsi gün döyüşçü yoldaşları ilə özünü kəndin köməyinə çatdırmış mərhum qardaşım Alının kənd camaatı ilə birgə çəkilmiş fotolarının kitabda yer almasıdır. Qeyd edim ki, Alı münaqişənin ilk günündən əlinə silah alıb könüllülərin sırasında 1994-cü ildə atəşkəs rejimi qüvvəyə minənə qədər Qazaxın Ermənistanla həmsərhəd kəndlərinin qorunmasında, bir sıra döyüş əməliyyatlarının uğurla başa çatdırılmasında fəal iştirak etmişdir. Eyni zamanda başqa nadir foto faktlar və sənədlərin tapılıb üzə çıxarılması, heç bir şərh vermədən oxucunun diqqətinə çatdırılması müəlliflərin tarixi həqiqətləri təhrif etməmək, obyektivliyi qoruyub saxlamaq niyyətinin bəhrəsidir.

Kitabda kiminsə başına ağıl qoymaq, kiməsə öyüd-nəsihət vermək məqsədi güdülmür. Hadisənin canlı şahidləri danışdırılır, o günlərdən yadigar fotolar, rəsmi sənədlər təqdim olunur, tükürpərdici erməni vəhşilikləri bütün detallarına qədər göz önünə gətirilir. Yəni kitabda danışan, oxucu ilə həmsöhbət olan müəlliflər yox, yalnız faktlardır. Nəticəni hər kəs özü çıxarmalıdır. Bir sözlə, işin bünövrəsi qoyulub. Qalır özlərini dünyaya cəfakeş, hər cür zülmə, məşəqqətə məruz qalmış xalq kimi təqdim edən ermənilərin əsl mahiyyətini, murdar xislətini beynəlxalq təşkilatların diqqətinə çatdırmaq. Silahla vuruşmaq heç vaxt gec deyil. Həqiqətin erməni yalanları ilə pərdələndiyi bir vaxtda sözün və qələmin qüdrətindən yetərincə faydalanmalıyıq. Üzümü başbilənlərimizə tutub deyirəm: sözümüzü və qələmimizi meydanda tək qoymayın.

 

 

Amil AVEY

 

525-ci qəzet.- 2010.- 15 aprel.- S.6.