Mən şəkərəm, axı!

 

Qatar son dəfə fit çalır. Bələdçi sərnişinləri tələsdirir. Ağır səfər çantasını zorla sürüyən alyanaq qızın bir ayağı irəliyə vaqonun pilləkəninə, bir ayağı geriyə – göz yaşlarını gizlətməyə çalışan anasına sarı çəkir. Qəribə yolçu tərəddüddədi. Yol yoldaşlarına qoşulub getsinmi, getməsinmi? Bir almanın tən yarısı kimi ona bənzəyən oğlan uşağı qızı səsləyir:

– Mehriban, tələs, qatar tərpənir.

Qardaşıdı, deyəsən. Ana-bala illər həsrətlisi kimi bir-birinə sarılır. Qatar ləngərlənərək, ağır-ağır hərəkətə gəlir. Vaqonun yarıaçıq pəncərəsindən xırdaca, zərif əllər yellənir. Kimdir bu balaca, qəribə yolçular? Belə könülsüz, hara, niyə gedir onlar? Qatar sürətini artırır. Perronda səslər bir-birinə qarışır:

– Şahin, eşidirsən məni, yeməyinin vaxtını ötürmə. Mehriban, anan qurban, axşamın sərinində əynini qalın elə. Qardaşına da fikir ver. Yeməyinizin vaxtını keçirməyin.

Qəribə sərnişinləri olan bu qatarın yolu hayanadır, görən?..

Sidqürəkdən dərd dilədim, yaradan eşitdi, istəyimə çatdırdı...

Bu qəmli sözlər Bakı şəhəri, Binə qəsəbəsinin sakini, iki uşaq anası Lətifənin dilindəndir. İki uşağı birdən komaya düşən ana Allahdan balalarına şəfa diləmək əvəzinə hövllənib, onlara gələn bəlanı mənə ver, deyib. Allah duaları eşidəndir. O, balalarına verdiyi dərddən anaya da göndərib. İndi gənc qadın yaradana asi düşdüyünə peşmandır. Buna baxmayaraq düçar olduğu dərdə görə duaçıdır. Ən azından uşaqlarının nə çəkdiyini canı, qanı ilə hiss edir, onlar necə qidalanmalı, necə yaşamalıdırlar, bilir.

Lətifənin bir gözü ağlasa da o biri gülür:

– Nə deyim, şükr məsləhətinə, özüm donor idim. Hər ay heç bir təmənnam olmadan İçərişəhərdə yaşayan, eyni ailədən talesemiyalı iki uşağa 500 qram qan verirdim. Bu sadəcə fiziki ehtiyac deyildi. O talesiz uşaqlara qan verdikcə, mənəvi rahatlıq duyurdum. Yaxınlarım, doğmalarım arasında məni qınayanlar az deyildi. Bəziləri hətta üzümə deyirdi ki, bəsdi qanını sağa-sola payladığın, iraq olsun, özün xəstəlik tutarsan. Kaş elə əzəldən özüm xəstələnəydim, uşaqlarım sapsağlam böyüyəydi. Hərdən öz-özümə deyirəm, bəlkə doğrudan da ehtiyacı olan o uşaqlara qan verərkən Allahın işlərinə qarışmışam? Hələ yaxşı ki, dünya işığına baxıram, oğlum, qızım salamatdı, yanımdadı... Yeri gəlmişkən, valideynlərə bir ana tövsiyəsi vermək istəyirəm. Heç kəs dünya malı dalınca qaçmasın. Övladlarınızı qoruyun, onları şəfqətinizlə böyüdün. Yeməyini-içməyini vaxtında verin, xortdanla-xoxanla qorxutmayın körpələrinizi, qoy ürəkli, sağlam böyüsünlər, həyata nikbin baxmağı öyrənsinlər.

Bu, iki uşağı – 17 yaşlı oğlu və 13 yaşlı qızı şəkərli diabetdən əziyyət çəkən bir ananın sözləridir. Binədən Lətifə ananın...

Anarın və Mehribanın yanağından qan damır. Tanımayan kimsə onların canındakı bəlanı bilməz.

Anaları Lətifə də buna inanmaq istəmir:

– Yeddi arxa dönənimizdə bu xəstəlik olmayıb. Hardan ağlıma gələydi. İkisi də yeyimcil, deyən-gülən, sapsağlam. Özüm həmişə arıq-sısqa, cansız-çəlimsiz uşaqları görəndə analarını qınamışam. Hər şey qəfildən oldu, ikisi birdən arıqladı, gecəyarısı aramsız su içdiklərini görəndə şübhələndim. Apardım həkimə. Eşidəndə ki, hər ikisi diabetdir, dünya gözümdə daraldı. Həyat bitdi sandım. Beynimdə bircə fikir dolaşırdı, evə tez çatım. Fikrim uşaqlar və özümqarışıq evi yandırmaq idi. İçim nalə-nifrinlə dolumuşdu. Yaşamağı neynirəm mən.Varım-yoxum iki uşaq, onlar da belə. Allah niyə məni seçib ayırdı, niyə ciyərparamın ikisinə birdən sağalmaz dərd verdi. Həmin gün ilk dəfə hər gün adı dilimdən düşməyən Allahıma asi oldum, onun verdiyi üç cana birdən qıymaq istədim. Məqsədim dərdimi danışıb kimsəni qəmləndirmək deyil. Başıma gələnləri danışmaqla zəif iradəli valideynlərə kömək etmək istəyirəm. Dünya yaxşılardan xali deyil. Respublika klinik xəstəxanasında Vaqif həkim var, təəssüf ki, soyadını xatırlamıram, o, təkcə həkimlik borcunu yerinə yetirmədi, öz əzizi, doğması kimi stressdən çıxmağıma, uşaqlarıma sahiblənməyimə kömək elədi, doğru olan yolu göstərməklə qəlbimin kor gözünü açdı. İndi ailəmizdə üç şəkər var. Oğlum Anar, qızım Mehriban, bir də özüm. Demirəm ki, şəkərli diabet olmağımdan məmnunam, Allah heç bəndəsinə xəstəlik nəsib etməsin. Amma daha əvvəllər olduğu kimi şəkərli diabeti xəstəlik saymırıq, bu həyat tərzidir. Dərdi də, dərmanı da verən Allahdır. O, bizə iradə verdi, yaşama gücümüzü artırdı. İndi sadəcə həyat tərzimizi dəyişmişik. Həyatın diqtə elədiyi kimi yaşayırıq. Ömür qısa olsa da həyat çox gözəldir.

Xəstəxanada olanda nə bacım, nə də mən nə baş verdiyini anlamırdıq. Ən çox anamın düşdüyü vəziyyətə üzülürdük. Onu heç vaxt belə görməmişdik. Hönkürtü ilə ağlayır, onları da, özümü də öldürəcəm deyirdi. Bir həkim Mehribanla məni öz otağına apardı. Adımı, sonra yaşımı soruşdu. Adım Anardı, 12 yaşım var, dedim. Həkim gülümsəyib başımı sığalladı: dostum, yekə kişisən ki sən, mən də deyirəm bəs beş-altı yaşın var. Anan indi bir az əsəbidir, bir azdan sakitləşib görəcək ki, turp kimi sapsağlamsız. Sonra o bizə şəkərli diabet xəstəliyi haqqında danışdı, başa saldı ki, bu qorxulu deyil, sadəcə bir az müalicə olunub, pəhriz saxlamalısan, vəssəlam. Amma bəzən böyüklərin də köməyə ehtiyacı olur. Hazırda ananızın sizə ehtiyacı var.

Böyük üzüntü yaşadım, – deyir Lətifə. – Amma sümüyü bərkiməmiş körpələrim məni yenidən həyata qaytardılar, yaşamağı öyrətdilər. Anarın ağlına qurban olum, bir dəfə mənə elə dərs verdi ki, ömürlük yadımdan çıxmaz. Uşaqlar görməsin deyə hərdən xəlvətə çəkilib ağlayırdım. Bir dəfə Anar ağladığımı gördü. Həmişə boynuma sarılar,- ana, bax, biz top kimiyik, heç nəyimiz yoxdu, axı niyə ağlayırsan,- deyərdi. Qəribədi, indi heç fikir vemədi. Elə dabanı üstə fırlanıb ger döndü. Az keçmədi ki, məni həyətə çağırdı. Çıxıb nə görsəm yaxşıdı. Onun balaca oyuncaq motosikli vardı. Ən çox xoşladığı oyuncaqdı. Gördüm ki, içinə xırda çay daşları yığılmış oyuncaq KAMAZ-ı qoşub motosikletin arxasına sürür və mənə, deyir: – bax, ana, gör motosikletim yüklü maşını necə çəkib aparır? Hələ sən bunların təkərlərinə bax, bapbalacadı, amma necə dartır, – deyəndə sanki yuxudan ayıldım. Oğlum dilinə gətirmək istəmədiyini hərəkətilə deyirdi...

Mehriban 13 yaşındadı. Vaxt var idi ki, xəstələnməyinə görə utanırdı. İztirablı günlər arxada qalıb. Amma elə anlar var ki, unudulmur, ağrı verməsə də xatırlanır:

– Cəmi 22 gün idi ki, birinci sinfə gedirdim. Uzun hörüklərim hamının xoşuna gəlirdi. Sinif yoldaşlarımın da, müəllimlərimin də. Birdən-birə saçlarım sürətlə tökülməyə başladı. Həmin il mən bir daha məktəbə getmədim. Xəstəxanalar, dava-dərmanlar, anamın göz yaşları... Mən bunlara dözə bilmirdim. Təzə çantamı, şəkilli kitablarımı götürüb bütün uşaqlar kimi məktəbə getmək istəyirdim. Həkimlər başımın üstündə dayanıb rus dilində danışırdılar. Mən onların nə dediyini başa düşmürdüm. Bilirdim ki, məndən, xəstəliyimdən danışırlar. Çox qorxurdum, elə bilirdim ki, öləcəm. Amma mən yaşamaq istəyirdim. Növbəti il başqa yaşıdlarım kimi yenidən məktəbə getdim. Müəllimlərimə mən rus dilində oxumaq istəyirəm dedim. İstəyirdim xəstəliyim barədə həkimlərin nə dediyini öyrənim. Bir-iki ildən sonra məktəbdən yox, sinif yoldaşlarımdan küsdüm. Mən pəhrizlə yaşayırdım, xüsusi rejimlə qidalanırdım. Fasilələrdə nə isə yemək istəyəndə onlar mənə gülür,- gombul, yorulmadın yeməkdən,- deyib qəlbimə dəyirdilər. Xəstəliyim haqda kimsənin bilməsini istəmirdim. Düşdüyüm vəziyyətdən çox utanırdım. Elə bilirdim xəstə olduğumu bilsələr mənə yazıqları gələcək. Mən yazıq görünmək istəmirdim...

Göz yaşlarını saxlaya bilməyən Gülarə taleyi ilə barışmaq istəmir, Allah baisin evini yıxsın! Bizi isti ocağımızdan, yurd-yuvamızdan eləyənin ocağı heç közərməsin- deyir.

Gülarə Ağayeva Azərbaycanın qədim Qarabağ torpağında – Şuşada doğulub, o cənnət məkanda buz bulaqların suyunu içib, qaymaq havasını udub. Buz baltası kimi olub canı. Didərginlik, köçkünlük həyatı onun da taleyinə ağrılı-acılı naxışlar düzüb. Çox acılara dözüb. Oğlu Mirvaqifin şəkərli diabet olması ilə barışa bilmir.

 

lll

 

Dünya üzrə şəkərli dibetdən əziyyət çəkənlərin sayı ilbəil artır. Bu xəstəlik qoca, cavan, uşaq tanımır...

Beynəlxalq Diabet Federasiyasının 2003-cü ilə olan məlumatı: Dünya əhalisinin 246 milyonu şəkərli diabetdir.

Proqnozlara görə 2025-ci ildə bu rəqəmin 333 milyona çatacağı gözlənilir.

50 faizdən çox insan canındakı şirin xəstəlikdən xəbərsizdir. Bir sıra ölkələrdə göstərici 80 faizə çatır.

40-75 yaş arası hər səkkizinci şəxs özündə diabet olmasından xəbərsizdir.

Diabet nədir?

Günay Əliyeva, həkim endekrinoloq:

Diabet mədəaltı vəzin kifayət qədər insulin ifraz etməməsi nəticəsində yaranan xroniki xəstəlikdir. Xəstəlik iki halda yaranır. Ya orqanizm kifayət qədər insulin istehsal etmir, ya da istehsal olunan insulini orqanizm effektiv şəkildə istifadə edə bilmir.

İnsulin mədəaltı vəz tərəfindən istehsal olunan, hüceyrələrə daxil olaraq qana keçən və enerji istehsalı üçün istifadə edilən hormondur. İnsulin istehsalının pozulması qanda qlükozanın artmasına səbəb olur. Bu hiperqlikemiya adlanır və belə vəziyyətin uzun müddət davam etməsi orqan və toxumaların fəaliyyətinə zədələyici təsir göstərir. Beləliklə, diabet zamanı mütləq (bu halda mədəaltı vəzdə insulin əmələ gəlmir) və nisbi ( istehsal olunan insulin kifayət etmir) insulin çatmazlığı yaranır.

Müvafiq olaraq şəkərli diabetin iki tipi müəyyənləşdirilir.

Birincisi mədəaltı vəzin insulin istehsal edən hüceyrələrinin zədələnməsi ilə xarakterizə olunan autoimmun xəstəlikdir. Bu halda mədəaltı vəz ya az miqdarda insulin yaradır, ya da ümumiyyətlə insulin ifraz etmir. Belə xəstələrdə yeganə müalicə vasitəsi orqanizmə daimi insulin yeridilməsidir. Əvvəllər bu tip diabet əksər hallarda uşaq və gənclərdə aşkarlanır, yuvenil diabet adlanırdı.

İkinci formada orqanizm kifayət qədər effektiv insulin ifraz etməsə də belə xəstələr insulin müalicəsindən istifadə etmirlər. Əzələ və piy hüceyrələri ifraz olunan insulini lazımi qaydada mənimsəyə bilmir. Belə xəstələr öz vəziyyətlərini idman və xüsusi pəhrizlə idarə edə bilərlər. Əksər hallarda oral dərmanlara ehtiyac olur və insulin dərmanlarla birgə istifadə edilir. Bu tip diabet daha çox yaşlı adamlarda olur. Dünya üzrə qeydə alınan 246 milyon diabetli xəstələrin 90%-i bu qrupa aiddir.

Heç kəs bu şirin-şəkər xəstəlikdən sığortalanmayıb. Statistikaya görə bu gün Azərbaycanda 1000 nəfərə yaxın uşaq və yeniyetmə şəkərli diabetdən əziyyət çəkir. Bu yalnız rəsmi qeydiyyata düşən uşaq və yeniyetmələrdir. Siyahıya yaşlı diabetli şəxslər, eləcə də öz xəstəliyindən xəbərsizlər, yaxud xəbəri olub ciddi yanaşmayanlar da əlavə edilsə, mənzərə heç də ürək açan olmaz.

Diabetli xəstələr dünyanın hər yerində olduğu kimi Azərbaycanda da xüsusi qayğı ilə əhatə olunublar. Heydər Əliyev Fondu bu istiqamətdə ardıcıl və davamlı iş aparır. Diabetli xəstələr insulin və birdəfəlik şprislərlə pulsuz təmin olunurlar. Ölkənin gələcəyi olan uşaq və yeniyetmələrə isə daha həssaslıqla yanaşılır.

Bu işin görünən tərəfidir. Dövlət dəstəyindən, ayrı-ayrı fondların, beynəlxalq səhiyyə təşkilatlarının köməyindən təbii ki, sadəcə rəsmi qeydiyyatda olanlar yararlana bilir.

Şəkərli diabeti olan 13 yaşlı qız ürək ağrısı ilə həyəcan təbili çalır: Mənim yaşadığım Binə qəsəbəsində , lap elə bizim qonşuluğumuzda bu xəstəlikdən əziyyət çəkən qızlar var. Valideynləri 14, 15, 16 yaşı olan bu qızları nikah yaşı çatmaya-çatmaya ərə verməyə tələsirlər. Onları həkim müayinəsinə aparmır, rəsmi qeydiyyata saldırmırlar ki, şəkərli diabeti olan qızı heç kim almaz. Ata-anaları qızlarının sağlamlığı, gələcək taleyi düşündürmür. Bircə yol bilirlər, boyları yerdən qalxmamış onlara ər tapılsın. Az qala yaşıdım olan bu qızların taleyinə acıyıram. Gizlincə öz aparatımla qanlarında şəkərin miqdarını ölçürəm, bildiklərimi onlara da öyrədir, xüsusi pəhriz rejimi barədə, necə, nə ilə qidalanmaq barədə məsləhətlər verirəm. Sevinirəm ki, azacıq da olsa, onlara köməyim dəyir. Yaxşı olar ki, qəzetlərdə, radio və televiziyalarda bu xəstəlik, onun yaranma səbəbləri, əlamətləri haqda tez-tez söhbətlər aparılsın, şəkərli diabetin qorxulu xəstəlik olmadığı, lakin gizlin və müalicəsiz qalarsa hansı fəsadlar törədəcəyi barədə davamlı məlumatlar verilsin. Mən də öz növbəmdə həm yaşıdlarıma, həm də onların ata-analarına demək istəyirəm ki, şəkərli diabet xəstəlik deyil, bu həyat tərzidir. Bu vəziyyətdən utanmaq lazım deyil. Bilərəkdən hər hansı bir xəstəliyə qarşı mübarizə aparmamaq isə nadanlıqdır.

Diabetin xəbərdaredici əlamətləri: Tezləşmiş sidik ifrazı, hədsiz susuzluq hissi, artan aclıq hissi, çəki itkisi, yorğunluq, maraq və diqqətin itməsi, görmənin tutqunlaşması, ürəkbulanma və mədə ağrısı. Bu əlamətlər bəzən qriplə səhv salınır.

İkinci tip diabetdə isə göstərilənlərlə bərabər bu əlamətlər də müşahidə olunur: Yaraların gec sağalması, qaşınma hissi, ətraflarda hissiyyatın zəifləməsi, arterial təzyiqin yüksəlməsi.

Gün ərzində yüzlərlə insanın qan təzyiqi normadan çox yüksəlir, yaxud da normadan aşağı olur. Heç kim onları xəstə saymır. Belə adamlar qan təzyiqini normallaşdıran həblər qəbul eləyir, lazım gələndə pəhriz saxlayırlar. Niyə mən şəkərli diabet olduğumu gizlətməliyəm, yaxud niyə buna görə utanmalıyam?

Şahin çox iradəli, dözümlü və inadkar oğlandır. Bu düşüncəyə gələnəcən heç də xoş anlar yaşamayıb. 17 yaşındadır. Güclü stres və qəfil qorxudan diabetli şəkər qazanıb. Maşın həvəskarı olan yaşıdlarına Şahinin mesajı: Məni diqqətlə dinləyin, Sumqayıtda köçkün həyatı yaşasam da əslən Qərbi Azərbaycandanam. Valideynlərimin, ulu babalarımın yaşadığı, ulularımın əbədi uyuduğu o yerlər haqqında yalnız tarix kitablarından, bir də ata-anamın deyimlərindən eşitmişəm. Şəkərli diabet olduğuma yalnız ona görə təəssüflənirəm ki, orduya yararsızam. Amma bu o demək deyil ki, vətənimin müdafiəsində, düşmən tapdağı altında olan əbədi və əzəli torpaqlarımızın azad olunması uğrunda canımdan keçməyə hazır deyiləm. Gələcəyimiz, sabahımız üçün sağlamlığımız çox vacibdir. Dövlətimiz bizi qoruyur, təhsilimiz, istirahətimiz, fiziki və mənəvi sağlamlığımız üçün imkanlar yaradır. Amma biz də özümüzü qorumağı öyrənməli və bacarmalıyıq. Sizə xəstəlik tarixçəmi danışmaq istəyirəm. Mən maşın həvəskarıyam. Maşın sürmək ən böyük arzumdur. Bir dəfə atamdan xəbərsiz onun maşınını götürüb sürdüm şəhərə və qəza törətdim, qarşıdan gələn maşınla toqquşdum. Ölmədim, öldürmədim, amma dəhşətli şok keçirdim və bu stresi başqalarına da yaşatdım. Maşınını vurduğum insana, bu hadisənin şahidi olanlara, atama, anama, doğmalarıma. Düşünülməmiş hərəkətdən, ani həvəsdən qazancım ömürlük daşıyacağım şəkərli diabet oldu. Heç kəsə belə xəstəliyi arzulamıram. Amma yaşıdlarıma məsləhət görürəm ki, özlərini qorusunlar, sağlamlıq ən böyük xoşbəxtlikdir. İmkan varkən Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanıma özüm, ailəm və “Şirinlər ailəsi”ndə birləşən şəkərli diabetli dostlarım adından təşəkkür etmək istəyirəm.

Əziz Mehriban xanım! Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2009-cu ilin avqust ayının 1-dən 15-dək Azərbaycanın dilbər guşələrindən birində Lənkərandakı “Qafqaz Sahil” İstirahət Mərkəzində şəkərli diabet uşaq və yeniyetmələr üçün təşkil edilən yay istirahət düşərgəsində dincəlmək mənə də nəsib oldu. 15 gündə həyatımın ən gözəl anlarını yaşadım. Dünya gözümdə dəyişdi. Gərəksiz olmadığımı başa düşdüm. Düşərgənin layihə rəhbəri, psixoloq Elmira Mirzəyevanın bir-birindən maraqlı təlimləri, öyrədici, əyləncəli oyunlar, idman yarışları, dəniz, meşə, yeni dostluqlar həyatımda önəmli izlər buraxdı. O anları bir də yaşamaq istəyərdim. Amma mən eqoist deyiləm. Azərbaycanda şəkərli diabetdən əziyyət çəkən, cəmiyyətdən, insanlardan iraq düşən hələ nə qədər uşaq və yeniyetmə var. 15 günün xoş xatirəsi ömürlük bəsimdi. Qoy bu anları yaşamaq olara da nəsib olsun, həyatın, insanların necə gözəl olduğunu onlar da öyrənsinlər, şəkərli diabet olmalarından utanmasınlar. Bizə, bütün uşaqlara göstərdiyiniz diqqətə qayğıya görə sizə minnətdarıq, yüz yaşayın, Mehriban xanım!

Heydər Əliyev Fondunun “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində təşkil olunan, bu qəbildən olan uşaq və yeniyetmələrin psixo-sosial reabilitasiyasına zəmin yaradan iki həftəlik yay istirahət düşərgəsi həqiqətən də düşərgəyə yollanan 29 uşağın həyatında böyük rol oynadı.

Psixoloq Elmira Mirzəyeva: Min nəfərin arasından seçim edilməliydi. Əsas çətinliyimiz bu oldu. Eyni problemdən əziyyət çəkən uşağı necə seçib ayırasan ki, kimsənin qəlbi qırılmasın. Bu respublikada analoqu olmayan ilk düşərgə idi. Təbii ki, hər bir valideyn uşağının müasir Avropa standartlarına uyğun inşa edilən, lüks şəraiti, hər cür təminatı olan, zümrüd meşə və mavi Xəzər sahilindəki “Qafqaz sahil” istirahət mərkəzində yerləşən yay düşərgəsində dincəlməyini arzulayardı. Amma düşərgənin ilk sakinləri çətin şəraitdə yaşayan, köçkün, qaçqın, müharibə əlili, müharibə veteranı ailəsindən olanlar, bir də valideynlərini itirən uşaqlar oldu. 29 uşaq və yeniyetmə. Təxminən elə bu sayda da personal onların xidmətində durdu. Həkimlər, psixoloqlar tərbiyəçilər, müəllimlər və uşaqların sevimlisi aşbazlar. İlk iki gün çətinliklər yaşandı. Daha doğrusu yolu da saysaq üç gün. Düşərgəyə gündüz elektrik qatarı ilə gəldik. Bir-birinə yad uşaqların adaptasiyası, yolboyu ünsiyyət qura bilməsi üçün bu ən doğru marşrut idi. Amma açığı, burada gözlədiyimiz nəticəni ala bilmədik. Çünki heç biri digər yaşıdlarının əhatəsində insulin vurmaq istəmirdi. İki gün nəzərdə tutulan planla işlədik. Adaptasiya çətin gedirdi. Uşaqlar darıxırdı, hətta geri qayıtmaq istəyində olanlar vardı. “Mənim diabetimin tarixi” adı altında keşirilən təlimdən sonra isə hər şey yaxşılığa doğru dəyişdi. Düzdür, müəllimlərdən bəziləri belə bir təlimin keçirilməsinə, uşaqların yenidən stres anlarını yaşamasına razı deyildi. Nə qədər çətin olsa da hər biri başına gələnləri, yaşanan çətinlikləri danışdı. Ağlayan ağladı, ürəyini boşaldan boşaltı və hər kəs anladı ki, burada fərqli adam yoxdur. Əsl həyat bundan sonra başladı.

Düşərgə həyatı bütünlüklə lentə alınıb. O lentlərə baxan hər kəs düşərgəyə yarıkönül gələnlərin, hətta qatar yola düşən anda geri qayıtmaq istəyənlərin günbəgün, anbaan dəyişdiyinin, qayğısız uşaqlıq sevincinin şahidi olur.

Atlas Məmmədova göz yaşlarını saxlaya bilmir: Oğlumu yenidən həyata qaytaranlara, müəllimlərə, həkimlərə, psixoloqlara, başda Mehriban xanım Əliyeva olmaqla bütün xeyirxah insanlara, dövlətimə minnətdaram. Şahini tanıya bilmirik, deyir, gülür, qırışığı açılıb. Dərs oxumurdu, kitab arası açmırdı, məktəbdən küskün düşmüşdü. İndi maşallah, hər işin öhdəsindən gəlir, hətta şəkərli diabeti olan nənəsinə məsləhətlər verir, həkimlik eləyir.

Yay düşərgəsindən sonra “Şirinlər ailəsi” ənənvi olaraq uşaqlı- valideynli bir yerə toplaşır. “Şirinlər ailəsi”. Bu ad onların çox xoşuna gəlir. Özləri seçiblər bu adı. Elmira xanım xoşbəxt anların xatirəsi əbədiləşən videolenti nümayiş etdirir. Qatara minmək istəməyən alyanaq qız Mehribanın özüdür. Yükü özündən iki dəfə ağırdır. Elmira xanım soruşur:

– Ay Mehriban, anan nə doldurub, bu çantaya?

– Yemək, çoxlu yemək, Elmira xanım! Görmədiniz, düşərgədə hamıdan çox aşbazlarla dostlaşmışdım. Neyləyim axı, mən ləzzətli yeməkləri xoşlayıram – deyib Elmira müəlliməni bərk-bərk qucaqlayır. O da öz növbəsində bu şıltaq, adı kimi mehriban qızın nə istədiyini bilir.

– Ay qız, sən niyə belə şirinsən – deyə soruşur.

– Yadından çıxıb, müəllimə, axı mən şəkərəm...

 

 

Rəhilə GÜLGÜN

 

525-ci qəzet.- 2010.- 15 aprel.- S.4.