Dillər Universitetində rəsm sərgisi

 

UNİVERSİTETİN MÜƏLLİMİ AYBƏNİZ ZEYNALOVANIN QRAFİKA İŞLƏRİ NÜMAYİŞ ETDİRİLİB 

 

Dünən Dillər Universitetinin İnformasiya Resurs Kompleksində universitetin Regionşünaslıq kafedrasının əməkdaşı Aybəniz Zeynalovanın rəsm sərgisinin açılış mərasimi Aybəniz Zeynalovanın rəsm sərgisinin açılış mərasimi keçirilib. Mərasimdə Dillər Universitetinin rektoru, professor Səməd Seyidov, Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, millət vəkili Yaqub Mahmudov başqaları iştirak ediblər.

Professor Səməd Seyidov deyib ki, istedadlı gənclərimizin qabiliyyətinin üzə çıxarılması bu cür sərgilərlə tanıdılması çox əhəmiyyətlidir. Onun sözlərinə görə, belə tədbirlər universitet tərəfindən hər zaman dəstəklənib: “İstedad, sözün əsl mənasında çoxşaxəlidir. Heç təsadüfi deyil ki, Dillər Universiteti hər bir istedadlı gəncin aşkara çıxarılması üçün dəstəyini əsirgəmir”.

Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov bildirib ki, Dillər Universitetində bu cür gənclərin təhsil alması işləməsi çox təqdirəlayiq haldır. O, A.Zeynalovanın qrafik üslubda çəkdiyi rəsmlərin göz oxşadığını bildirib. F.Xəlilov hər bir şəxsin daxilində rəssamlıq qabiliyyətinin olduğunu Aybəniz xanımın hisslərini bu yolla ifadə etməsini yüksək qiymətləndirib: “Rəssamlıq çox incə bir sənətdir. Hesab edirəm ki, burdakı rəsmlərin sahibi peşəkardır. Çünki əsərləri çox gözəl alınıb. Hər bir insan məhəbbətlə yaşayır. Peşəkarlıq da məhəbbətlə birləşəndə olur. Əgər məhəbbət varsa, bu sənətin yaşamağa ixtiyarı var”.

Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik, Vasim Məmmədəliyev isə bildirib ki, Aybəniz Zeynalova Dillər Universitetinin müəllimi olması ilə yanaşı, gözəl rəssamlıq istedadına malikdir: “O, rəssamlıq istedadını bu gün təşkil olunan sərgidə bir daha hər kəsə nümayiş etdirdi. Mən Dillər Universitetinin istedadlı şəxslərə hər zaman qapı açmasını çox yüksək qiymətləndirirəm”. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslan Aybəniz Zeynalovanın vaxtının bir qismini incəsənətə həsr etməsinin təqdirəlayiq olduğunu bildirib.

Qeyd edək ki, Aybəniz Fərrux qızı Zeynalova 1975-ci ildə Bakı şəhərində anadan olub. 1992-1997-ci illərdə Xarici Dillər İnstitutunun İngilis-fransız dili fakültəsində təhsil alıb. Təhsil aldığı müddətdən başlayaraq, rəssamlıqla məşğul olub. Qrafik üsluba üstünlük verir. A.Zeynalova 2003-cü ildə 8 Mart Qadınlar gününə həsr olunan Qadın Rəssamların Sərgisində iştirak edib.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2010.- 21 aprel.- S.7.