Tariximizin şanlı səhifəsinə – 1920-ci il Gəncə üsyanına işıq salan kitab

 

28 may günü Azərbaycan xalqının tarixinə iki böyük, taleyüklü hadisə ilə daxil olub. 1918-ci ilin 28 mayı vahid, müstəqil, demokratik, parlamentar bir dövlətin – Azərbaycan Demokratik Cümhuriyyətinin yarandığı, 1920-ci ilin 28 mayı isə Gəncə üsyanının başladığı, Cahangir bəy Kazımbəylinin sözləriylə desək, “Milli istiqlalımız uğunda, vətən uğrunda şəhidlər verdiyimiz günkimi tariximizə qızıl hərflərlə yazılıb.

Bu gün tam məsuliyyətlə deyə bilərik ki, XX əsrin başlanğıcı, insanlıq tarixində milli azadlıq hərəkatlarının, müstəqillik ideallarının reallaşdığı və qısa zamanda müstəqilliklərini böyük fədakarlıqlarla əldə etmiş ölkələrin yox edildiyi ən qəddar, ən keşməkeşli, ən amansız, müsibətlər və əzablarla dolu bir dövr olub. Birinci dünya savaşının, saysız-hesabsız inqilab və çevrilişlərin, bunların da ən faciəlisi olan Oktyabr çevrilişinin, yerüzünü xaos çəmbərinə salan mənfur diplomatik oyunların baş verdiyi və bunların sonunda milyonlarla insanın həyatlarını itirdikləri, xalqların bir-birini qırdığı, bir-birinə düşmən kəsildiyi bu dövrü başqa necə dəyərləndirmək olar? Bunlar da yetməzmiş kimi, xalqların, dövlətlərin həyatında olduqca önəmli rol oynamış olayların, hadisələrin min bir ideoloji fitnəylə, bağlı qutularda gizli saxlanılmasına, xalqın tarixi yaddaşından onların birdəfəlik silinməsinə çalışılıb və bir ölçüdə də buna nail olunub. Elə bizim yaxın Azərbaycan tarixini götürək. 70 il Azərbaycan Demokratik Cümhuriyyətinin varlığı yox sayılmış, Cümhuriyyət liderlərinin adları yasaqlanıb, 23 ayda xalqın azadlıq və demokratiya arzusunu gerçəkləşdirmiş bir dövlətə “millətin qanını içən əksinqilabi müsavat rejimi” damğası vurulub, XX əsr Azərbaycan tarixində həqiqi vətənsevərliyin, mərdliyin, qəhrəmanlığın, yenilməzliyin parlaq örnəyi olan 1920-ci il 28 may Gəncə üsyanının ideoloji hoqqabazlıqlarla toplumumuzun tarixi yaddaşından silinməsinə çalışılıb. Ancaq kommunist rejiminin bütün çabalarına, basqılarına baxmayaraq, xalqımız nəsildən nəsilə, babadan, nənədən nəvəyə öz tarixi keçmişini yaşadıb, dastanlaşdırıb. Ceyhun bəy Hacıbəylinin yazdığı kimi, “Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbi-etibar qazandığı bir dastan” kimi xalqımızın tarixi yaddaşına həkk olunub. İlk dəfə Gəncə üsyanı haqqında nənəm Dursun xanımdan eşitmişdim. Nənəm, 1920-ci ilın may ayının sonlarında ADC hökuməti heç bir müqavimət göstərmədən hakimiyyəti bolşeviklərə təhvil verdikdən bir ay sonra gəncəlilərin üsyan etdiklərindən, rus qoşunlarının şəhəri vağzal tərəfdən 2 gün topa tutduqlarından, 10 günlük savaşdan sonra rus əsgərləri və ermənilərin Gəncəni aldıqlarından və onların gəncəliləri, azəriləri qılıncdan keçirdiklərindən, atası və iki əmisinin ailənin gözü önündə güllələndiklərindən, canlarını qurtarmaq üçün gecə yarısı Molla Cəlil kəndinə qaçdıqlarından danışardı və bizlər – ailənin gənc nəsli- heyrətlər içində ona qulaq asardıq. Uşaq idim və doğrusu, nənəmin söylədikləri o zaman mənə nağıl kimi gəlirdi. Uzun illərdən sonra oxuduqlarımdan və araşdırmalarımdan bu vəhşətin nənəmin söylədiklərindən da vəhim olduğunu öyrəndim. Eyni zamanda Azərbaycan xalqının bu üsyanla qəhrəmanlıq, qeyrət, kişilik salmanəsi yazdığımı da görmüş oldum. Bu üsyanın qaçaqçılıq-partizanlıq şəklində 10-12 il davam etdiyini, bu qaçaqların xalqın arasında böyük hörmətə sahib olduqlarını, Gəncəbasar aşıqlarının onlara dastanlar qoşduqlarını, əlbəttə, bilənlər vardır. Amma yazıqlar olsun ki, Azərbaycan tarixinin həqiqətən bu faciəli və eyni zamanda parlaq səhifəsi hələ də istənilən səviyyədə öyrənilməyib. Bu boşluğu yenicə işıq üzü görmüş Xanlar Bayramovun “Gəncə üsyanı-1920. Sənədlər və materiallar” kitabı önəmli ölçüdə doldurur. Xanlar Bayrmov bu kitabında 1917-ci ildən sonra Gəncədə gedən ictimai-siyasi proseslərdən, Gəncə Milli Müsəlman Komitəsinin yaranmasından, Şamxor hadisələrindən, XI Qırmızı Ordunun Bakını işğalından və nəhayət, Gəncə üsyanının başlama səbəblərindən, üsyanın təşkilindən, general Cavad bəy Şıxlinski, polkovnik Cahangir bəy Kazımbəyli və Məhəmməd Mirzə Qacarın başçılığıyla üsyançıların rus ordusu ve erməni qüvvələrinə qarşı qəhrəmancasına savaşından, gürcülərin vəd etdikləri hərbi yardımdan vaz keçmələrindən, fövqəladə komissar Həmid Sultanovun Gəncədə tərksilah və həbs olunmuş iki mindən çox rus əsgərini azadlığa buraxdırmasından və düşmənə yardım etməyindən, üsyan yatırıldıqdan sonra törədilən amansız terrordan söz açır. Kitabda, Gəncə üsyanının əsas təşkilatçısı və rəhbəri olan Azərbaycan Milli Ordusunun Gəncədə yerləşən alay komandiri, ilk azəri təyyarəçilərindən biri olan polkovnik Cahangir bəy Kazımbəylinin fəaliyyəti haqqıda ilk dəfə geniş bilgi verilir. Yazar, ürəyi sonsuz vətən sevgisiylə döyünən bu azəri zabitinin az bir qüvvəylə, ancaq böyük hərbi məharətlə qat-qat güclü olan düşmənə ağır itkilər verdiyini, on gün müqavimət göstərdikdən sonra, hərbi taktikadan ustalıqla faydalanaraq, daha da daralan savaş çəmbərini yarıb sağ qalan əsgərləri və sivil əhalinin bir qismini xilas etdiyini bütün detallarıyla göstərir. “Gəncə üsyanı –1920” kitabına Xanlar Bayramov çox maraqlı araşdırmasından başqa bir çox sənəd və materialları da salıb. Xüsusilə Cahangir bəy Kazımbəylinin “Gəncə üsyanı xatirələri”, Azərbaycan Demokratik Cümhuriyyətinin fəal qurucularından Ceyhun bəy Hacıbəylinin “Bir millətin namusu”, tanınmış dövlət xadimi, böyük vətənsevər Tofiq Bağırovun “Gəncə – qiyammı, üsyanmı?” yazıları, Gəncə üsyanının incələnməsi baxımından qiymətli materiallardır. Öz keçmişini öyrənmək, ondan dərs almaq, müstəqilliyin nə demək olduğunu və nəyin bahasına əldə edildiyini dərk etmək istəyən hər bir həqiqi azəri vətənsevərinə bu kitabı oxumağı məsləhət görərdim. Tarixçi alimlərimizin diqqət mərkəzindən yayınan bu işi – Gəncə üsyanının araşdırılması işini öz üstünə götürən, bu yolda fədakarlıqla, qeyrətlə çalışan, bütün çətinlikləri yenərək məqsədinə çatan və bizləri bilgiləndirən tanınmış jurnalist və millətsevər Xanlar Bayramovun bu günlərdə vəfat etdiyini eşitdim və çox üzüldüm. Şəxsən tanımadığım bu fədakar insana Allah rəhmət eləsin, qəbri nurla dolsun.

 

 

Tofiq MƏLİKLİ

 

525-ci qəzet.- 2010.- 4 avqust.- S.4.