Bir kəndin repressiya mənzərələri: ağrılı faktlar, acı həqiqətlər

 

24 ilMədəni Maarif işijurnalının baş redaktoru işləmiş Müstəcəb Muradovun işıqlı xatirəsinə

 

Azərbaycanımıza Xudu Məmmədov, Misir Rəhimov və başqa dünyaşöhrətli alimlər, Feruz və Şəmil Mustafayev, Yusif Səmədov, Mikayıl Gözəlov kimi respublikada tanınan ictimai-siyasi xadimlər, Qoca Gözəlov kimi ağsaqqallar bəxş edən Ağdam rayonunun Mərzili kəndi adamlarının haqsevərliyi, elmə, biliyə can atmaları ilə xüsusi ad qazanıb. Təsadüfi deyil ki, kəndin övladalarından 7 nəfəri elmlər doktoru, 23 nəfəri isə elmlər namizədidir. Bu kəndin bolşevik rejimi ilə barışmayan kişiləri ona qarşı imkanları daxilində qanı, canı bahasına olsa da mübarizə aparmışlar. Mərzilidəki etibarlı adamlar, Cümhuriyyət ideyalarına bağlı kişilər haqqında Məhəmməd Əmin Rəsulzadənin Yevlaxlı Qamboy ağaya yazdığı məktubda da qeydlər yer alıb.

İnsanlara faciələr gətirən 30-cu illər repressiyası bu kənddən də yan keçməyib. Ağdam rayonunda ən çox əhalisi repressiya olunmuş Mərzilidən əksəriyyəti yaxın qohum olan 40-a yaxın adam həbs edilib, 20 nəfər isə Sovet rejiminin düşməni kimi güllələnib. Qeyd edim ki, bu adamların hər biri haqqında topladığım istintaq materialları əsasında çapa hazırladığım kitabda geniş veriləcək.

BDU-nun repressiyaya məruz qalmış alimləri mövzusunu MTN-nin arxivlərində araşdırarkən Mərzili kəndindən günahsız yerə həbs edilən və güllələnən adamların işləri ilə də tanış olmaq imkanı qazandım. Yeri gəlmişkən, o isti havada işlərinin çoxluğuna baxmayaraq, mənə işləmək üçün hər cür şərait yaradan nazirliyin rəhbərliyinə və işçilərinə minnətdarlığımı bildirirəm.

Dünayada ən humanistsovet müstəntiq və məhkəməsinin ölüm cəzası verdiyi adamların içərisində Köçəri və Murad Gülməmməd oğlu qardaşları da olmuşdur. İstintaq sənədlərindən aydın olur ki, repressiya illərində həbs olunanların soyadları qarışıq- həm oğlu, həm də “ ov ” formasında işlənib.

Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının (XDİK) Ağdam rayon şöbəsinin rəisi, erməni Camqarovun tərtib etdiyi ittiham aktında qardaşı Murad Gülməmməd oğlunun vətəndaşlıq hüququndan məhrum olduğu, Köçəri Gülməmməd oğlunun kolxozun ferma müdiri vəzifəsində işlədiyi, əksinqilabçı, millətçi, qiyamçı təçkilatın üzvü olduğu üçün həbs edildiyi göstərilib. Həbs olunarkən anket məlumatında ailə üzvlərinin sayı və yaşı belə göstərilib: “Arvadı Bəyim – 30 yaş, oğlu Məmməd – 7 yaş, qızı Fatma – 5 yaş, qızı Puluş – 3 yaş, oğlu Müstəcəb – 1 yaş”. Qeyd edim ki, “Xalq düşməni”nin oğlu kimi qarşısına çıxan bütün çətinlikləri aşan Müstəcəb Muradov sonralar Azərbaycanın tanınmış jurnalistlərindən biri kimi tanınaraq, 24 il “Mədəni-Maarif” jurnalının baş redaktoru olub, tarix elmləri namizədi alimlik dərəcəsi aldıqdan sonra Azərbaycan Dövlət Tibb Universitetində müəllim işləyib.

Milliyətcə erməni olan müstəntiq Camraqovun Köçəri Gülməmməd oğlunun yaşayıb işlədiyi “Zəhmət” kolxozundan aldığı arayışda göstərilir ki, “O həqiqətən 1920-1929-cu illərdə başqasının-yoxsul və muzdurların əməyindən istifadə edərək onları istismar edib, Ədil yüzbaşı ilə kəndə kəhriz çəkdirib. 1929-cu ildən sonra vətəndaşlıq hüququndan məhrum olan qardaşı Muraddan ayrılıb, 1932-ci ildən kolxoza girib. Hətta kolxozun fermasına soxula bilib, qardaşı Muradla və Ədil yüzbaşı ilə sıx əlaqəsi var”.

Bunu oxuyarkən adamı təəccüb bürüyür. Allah, Allah, kilometrlərlə uzaqlıqdan suyu olmayan böyük bir kəndə halal zəhmətlə qazanılan pulla kəhriz çəkdirmək də cinayət hesab edilərmiş.

Həbs olunarkən Köçəri Gülməmməd oğlunun müsadirə edilmiş əmlakı haqqında tərtib edilmiş arayışda da yazılır:

Camqarov Köçəri kişidən əvvəl onun qardaşı, heç bir savadı olmayan Murad Gülməmməd oğlunu həbs etmişdi. O, saxtakarlıqla dolu olan yekun istintaq aktında qeyd etmişdi ki, “... vətəndaşlıq hüququndan və səsdən məhrum repressiya olunmuş, əksinqilabçı fəaliyyətə görə indi həbs olunub. Əksinqilabçı, qiyamçı Müsavatın Ağdam rayonu, Mərzili kənd təşkilatının üzvü kimi öz günahını tam boynuna alıb”.

Qəbri nurla dolmuş atam, anam və dayım danışırdılar ki, 20-ci illərin sonunda Sovetlərə keçirilən seçkidə səs vermək üçün gedən rəhmətlik Murad kişiyə “sənin səsin yoxdur, səsin alınıb” deyə cavab verirlər. O isə çomağını yerə döyərək ucadanHeeyy...” deyə qışqıraraq “Hansı ... mənim səsimi ala bilər” deyirmiş.

Maraqlıdır ki, həbs olunmazdan təxminən bir il əvvəl Ağdam rayon icraiyyə komitəsi rəyasət heyətinin 5 dekabr 1936-cı il tarixli iclasında hələ 1929- cu ildə qolçomaq elan edilib səsdən məhrum edilmiş Murad Gülməmməd oğlunun “... artıq öz əl zəhməti ilə yaşadığı üçün vətəndaşlıq hüququ özünə qaytarılıb təsdiq edilmişdir”.

İstintaq işinin təhlili göstərir ki, 1937-ci ilin “payızından Köçəri kişinin həbsi üçün sınanılmış sovet üsulu işə salınmağa başlanıb. Əvvəlcə onun haqqında “Kommunist” qəzetinə “Xain tipli ferma müdiri” adlı imzasız məktub göndərilir. Məktubda göstərilənləri araşdırmaq rayon milis idarəsinə tapşırılır.

1938-ci il iylun 2-də kəndin komsomol təşkilatının 5 nəfər komsomolçu, 2 nəfər isə komsomola namizədin iştirakı ilə “geniş” və “prinsipal” iclası keçirlir. İclsada Köçəri Gülməmməd oğlunun işdə yol verdiyi nöqsanlar “tutarlı” faktlarla “cəsarətlə” üzə çıxarılaraq “ifşa edilir”. Məsələn, komsomol təşkilatının katibi Ə. Vəliyev deyir: “... Bu il Bəhram Ələkbərov və Köçəri Muradov bir-biri ilə mübahisə edib. Nəticədə qaragülün ( Bu qoyun növü 30-cu illərin ortalarında Özbəkistandan gətirilib. Azərbaycanın iqlimi ilə uyğunlaşmadığına görə kütləvi surətdə qırılıb və bu səbəbdən 40-cı illərin əvvəllərində təsərrüfat sahəsi kimi ləğv edilib. 1974-cü ildə bu təsərrüfatı Şəkidə bərpa etsələr də, lazımi sonuc alınmadı) artım sürəti zəifləyib. O, işçilərlə kobud davranır”. Eyni “tutarlı ittihamı” başqa komsomolçular da söyləyir. Bir qədər başqa formada danışan İsmixan Xıdırov isə Köçəri kişini planı yerinə yetirməməkdə, baytar həkimi Cavad Hüseynovun əməkgününü kəsməməkdə ittiham edib deyir: “Bu isə işə pis təsir edərək 3 qaragülün ölümünə səbəb olmuşdur”. O, zootexniki qaydaların pozulmasının, pis yaylaq yeri seçilməsinin də bütün günahını Köçəri kişidə gördüyünü deyir. Sonda komsomol iclasının geniş qərarı qəbul edilib tədbir görülmək üçün rayon torpaq şöbəsinə göndərilir. “Köhnə qolçomaqlar hələ kolxozdan təmizlənməyib” sözləri ilə başlayan qərarda deyilir: “... Muradov Köçəri böyük ziyankar olmuş, muzdlu əməkdən istifadə etmiş, 2 dəfə kulak salınmış yenidən fermaya soxulub burada ziyankarlıq işi ilə məşğul olmuşdur. Nəticədə çoxlu qoyunlar o cümlədən qaragül ölmüş, ətlərini isə çobanlara verməmişdir. Fermada işləyənlərin əmək gününü kəsmişdir”.

17 fevral 1939-cu ildə isə “Zəhmət” kolxozunun kolxozçularının ümumi yığıncağı keçirilib. İclasda “Zəhmət” kolxozuna soxulmuş xalq düşməni haqqında” məsələ müzakirə edilib. Bu barədə danışan kolxoz sədri Köçəri Gülməmməd oğlununziyankar” əməllərindən, kolxoz quruculuğuna mane olmasından, Sovet hökumətinin qadınlar barədəki siyasətinin əleyhinə təbliğat aparmasından danışıb onunxalq düşməni” olduğunu bildirib. Sonda bu ruhda da qərar qəbul edilib. Qərarda deyilir: “Kolxoz üzvü Muradov Köçəri Gülməmməd oğlu keçmiş yüzbaşı Ədil Mustafa oğlunun rəhbərliyi altında “Zəhmət” kolxozunu dağıtmaq istəyib. Kənddə kolxoz quruculuğunu möhkəmləndirməyə imkan verməyib. Kolxozçular arasında kolxoz quruculuğu əleyhinə ziyanlı təbliğat aparıb, kiçik yaşlı qızları məktəbə qoymayıb. Yuxarıda deyilənləri nəzərə alaraq düşmən münasibətə görə o kolxoz sıralarından çıxarılsın”.

Beləliklə, tam subyektiv amillər, sübut edilməmiş mülahizələr əsasında Köçəri kişinin taleyini vaxtilə onların çobanı işləmiş adamlar əli ilə həll etmiş oldular.

Maraqlıdır ki, istintaq işində elə həmin sədrin imzası ilə Köçəri Gülməmməd oğluna 1937-ci ildə 1 il ərzində qazandığı əməkgünü haqqında verilən arayışda onun miqdarının 413 olduğu göstərilib. Adətən kolxozlarda 1 günə 1 əməkgünü yazılırdı. Yalnız planı vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirən işçilərə sədrin razılığı, icazəsi və imzası ilə artıq əməkgünü yazıla bilərdi.

İlk istintaqda müstəntiq “Əksinqilabçı, millətçi qiyamçı müsavatçı təşkilatın” üzvülüyünü onun boynuna qoya bilmir. O bunu qətiyyətlə rədd edir. Lakin aparılan “səmimi” söhbətdən-daha dəqiqi 3 nömrəli metodun tətbiqindən sonra 28 fevral 1938-ci ildə keçirilən istintaqda vəziyyət tamamilə dəyişir: “Müstəntiq: İstintaq müəyyənləşdirmişdir ki, siz əksinqilabçı, qiyamçı müsavat təşkilatının üzvüsünüz. Həbs olunana qədər praktik əksinqilabi aparmısınız. İstintaq Sizə məsləhət görür ki, müqavimətsiz, tamamilə səmimi şəkildə əksinqilabi təşkilat və özünüzün ordakı fəaliyyətiniz barədə danışasınız”.

Köçəri Gülməmməd oğlu cavabında müqaviməti dayandırıb, bu təşkilat, onun üzvləri, fəaliyyəti haqqında bütün bildiklərini danışacağını bildirir. Amma bu zaman o özünə məxsus bir vasitədən istifadə edir. O, ilk növbədə hələ 30-cu illərin əvvəllərindən Sovet dövlət orqanlarına çuğulluq edib adamların üzünə duran və tutulmalarında alət rolunu oynayan adamların adını çəkir. “Mən Mərzili kəndində gizli əksinqilabi Müsavatın mövcud olmasını ilk dəfə Ağdam rayonu Mərzili kənd sakini Quliyev Molla Mustafadan eşitdim. İndi dəqiq xatırlamıram, 1932-ci il olardı. Quliyev Mustafa kənd sovetinin nümayəndəsi kimi kənd təsərrüfatı vergisini yığmaq üçün qoyunları saxladığım “Cəlal yatağı” deyilən yerə gəlmişdi. O, mənimlə söhbətində bildirdi ki, sovet hakimiyyətinin vəziyyəti çox pisdir. Əhali arasında Sovet hakimiyyətindən narazılıq və ona nifrət artır. Adamlar var ki, sovet hökumətinin əleyhinə əksinqilabi aparır. O, mənim onun bu sözlərinə yaxşı reaksiya verdiyimi görüb açıq şəkildə bildirdi ki, Mərzili kəndində sovet hökumətinin əleyhinə mübarizə aparan əksinqilabçı, qiyamçı Müsavat təşkilatı var. O, mənə də bu təşkilata daxil olmağı məsləhət gördü. Mən də razılığımı bildirdim. Bu vaxtdan da mən – Muradov Köçəri Gülməmməd oğlu əksinqilabçı, qiyamçı gizli Müsavat təşkilatının üzvüyəm. Bu işdə özümü günahkar hesab edirəm”.

Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsinin IV şöbəsinin müstəntiqi K. Gülməmməd oğlundan bu təşkilatın onların qarşısına hansı vəzifələri qoyduğunu soruşur. O, isə cavabında “... Azərbaycanda sovet hakimiyətini devirmək, Müsavat hakimiyyətini, yəni kapitalist hökumətini qurmaq” deyə bildirir.

Müstəntiq Köçəri kişidən bu təşkilatın üzvlərindən başqa kimləri tanıdığını soruşur. Onunheç kimi” cavabı müstəntiqi qane etmədiyindən istintaqa fasilə verilir. “Profilaktik” tədbirdən sonra 1 mart 1938-ci ildə keçirilən istintaq müstəntiqin istədiyi cavabların alınmasına səbəb olub. “Sual: İstintaq müəyyən etmişdir ki, Siz 28 fevral 1938-ci ildəki ifadənizdə əksinqilabçı, qiyamçı Müsavatın bütün üzvlərinin adlarını deməmisiniz. Tələb edirəm ki, istintaqa müqaviməti dayandırıb onların hamısının adlarını çəkəsiniz. Cavab: ... Fərman Cavad oğlu kənd sovetinin sədri olanda onunla söhbət etdim. Fərmana dedim ki, Mustafa Quliyev mənə deyir ki, kənddə gizli əksinqilabçı, qiyamçı təşkilat varo fəaliyyət göstərir. Bu barədə Azərbaycan SSR XDİK Ağdam RŞ-nə xəbər vermək lazımdır. Fərman Cavad oğlu cavabında mənə söylədi ki, bu ona məlumdur. O, özü də əksinqialbçı Müsavatın üzvüdür. Məni xəbərdar etdi ki, bu sirri heç harda danışma. Məni öldürməklə hədələdi. Ona görə susmağa məcbur oldum. ... Fərman Cavad oğlu mənimlə söhbətlərində əksinqilabçı qiyamçı Müsavat təşkilatının aşağıdakı üzvlərinin adını çəkdi: 1. Fətiş Hüseyn oğlu. 2. Qara Qubuş oğlu. 3. Süleyman Abbasqulu oğlu. Bundan başqa mənə heç kim məlum deyil. Sual: Mərzilidəki əksinqilabi təşkilatın rəhbərlərindən hansı əksinqilabi tapşırıqlar alırdınız? Cavab: “Mən sıravi üzv olduğum üçün rəhbərliyin hansı tapşırıq verdiyini bilmirdim”. Sual: Siz “Zəhmət” kolxozunda uzun müddət ferma müdiri işləmisiniz. İstintaqda qoyunların kütləvi şəkildə öldürülməsi, məhv edilməsi, oğurlanması və s. haqqında çoxlu sayda aktlar var. Doğrusunu söyləyin, bu məhz əksinqilabçı, qiyamçı Müsavat təşkilatın tapşırıqlarının yerinə yetirilməsi deyilmi? Cavab: “Qəti surətdə söyləyirəm ki, mən əksinqilabçı qiyamçı müsavat təşkilatından heç bir tapşırıq almamışam.Həqiqətən rəhbərlik etdiyim fermadan qoyun oğurlanıb, əksiklik var. Amma bunların hamısı elə mənim tərəfimdəm müəyyən edilərək aktlaşdırılıb, müvafiq yerlərə göndərilib”.

Müstəntiq suala onu qane edən cavab ala bilmədiyindən Köçəri kişini kolxoza daxil olana qədər muzdlu əməkdən istifadədə günahlandırır. Lakin o bunu rədd edərək deyir: “... Kolxoza girənə qədər mən ortabab idim, ona qədər də muzdlu əməkdən istifadə etməmişəm. İldə təxminən 30-40 manat olduğu halda 100 manat vergi ödəmişəm”. Lakin müstəntiq bu cavabla razılaşmayıb, Köçəri kişini əmlak vəziyyəti haqqında alınmış arayışa əsasən varlı kəndli olmaqda, qardaşı ilə əlaqə saxlamaqda ittiham edir. O bu ittihamla da razılaşmır: “... Doğrudur, qardaşım Murad Gülməmməd oğlu kulak salınıb, səs hüququndan məhrum edilib, fərdi gəlir ödəyib, həbs edilərək 1 il məcburi əmək alıb. ... Qardaşımla əlaqə saxlamıram. Əlavə etməyə sözüm yoxdur”.

Bundan sonra XDİK Ağdam şöbəsinin rəisi Camqarov həbs edilmiş Köçəri kişini Fətiş Hüseyn oğlundan 24 dekabr 1937-ci il və 9 yanvar 1938-ci ildə alınmış ifadələrlə tanış edir. Bu ifadələrə diqqət yetirdikdə onun qurama olduğu dərhal üzə çıxır. Məsələn, birinci ifadədə Fətiş Hüseyn oğlu “Əksinqilabçı, qiyamçı Müsavatın” Mərzili özəyində olan 6 adamın adını çəkir və onların aşağıdakılar olduğunu söyləyir: “1. Məmmədov Allahverdi Xudaverdi oğlukeçmiş qulaq, səsdən məhrum edilmiş, əksinqilabçı, qiyamçı müsavat təşkilatının üzvü olduğuna görə həbs olunub. 2. Yəhya Allahverdi oğlu- səsdən məhrum edilmiş qulaq oğlu. Birincinin oğluSurxay Allahverdi oğlu Məmmədovun (böyük alimimiz Xudu Məmmədovun atası – B. Əziz) qardaşı, bu günlərdə XDİK Yevlax rayon şöbəsi tərəfindən həbs olunub. 3. Xanlar Namaz oğlu Behbudovkeçmiş ortabab, Mərzili kənd sovetinin keçmiş sədri. İki dəfə kolxoza girib, sonra da nümayişkarcasına çıxıb, indiMilsovxozunda işləyir. Kənddə cinayətkar ünsürlər arasında hörməti var. 4. Boran Namaz oğlusonuncunun qardaşı, “Zəhmət” kolxozunun üzvü, keçmiş ortabab, həbs olunmayıb. 5. Murad Gülməmməd oğlukeçmiş qulaq, səsdən məhrum, indi hardadır, bilmirəm. 50 yaşı var. Qulaq olduğu üçün həbs olunub. 6. Köçəri Gülməmməd oğlu- 35 yaş, bitərəf, keçmiş ortabab, həbs olunmayıb. Sonuncunun qardaşı “Zəhmət” kolxozunda ferma müdiri”.

İkinci ifadəsin alınan vaxt müstəntiq Camqarovun “səmərəli fəaliyyətindən” sonra Fətiş Hüseyn oğlunun yadına 30-dan artıq “əksinqilabçı düşür: ” ... 28 Köçəri Gülməmməd oğlu – 35 yaş bitərəf”.

XDİK Dövlət Təhlükəsizliyi İdarəsinin müstəntiqi serjant Palqunov nəticəsiz qalan bir neçə istintaqdan sonra işgəncə verməklə, nəhayət, 28 fevral 1937-ci ildə şahid Yəhya Allahverdi oğlundan “əksinqilabçı” təşkilatın məqsəd və üzvlər, silahları barədə ifadə almağa müvəffəq olur. “... Mən bu yığıncaqlarda onların sovet hökumətinin, kolxoz quruculuğunun əleyhinə danışmalarını, sovet hakimiyyətinin yıxılmasının, Müsavat hökumətinin qurulmasının qaçılmaz olduğunu demələrini eşitdim. Burada öyrəndim ki, bu adamlar əksinqilabçı, qiyamçı Müsavat təşkilatının üzvüdür”. Maraqlıdır ki, istintaqda bütün bunları guya gözü ilə görüb, qulağı ilə eşitdiyini söyləyən Yəhya Allahverdi oğlu bir qədər sonra deyir: “Bu barədə mənə Seyid Rəsul, Əvəz Bayraməli oğlu və Fətiş Hüseyn oğlu dedi”.

Müstəntiqin “Əksinqilabçı” təşkilatda olan silahlar barədəki sualına isə şahid belə cavab verir: “... Bilirəm ki, Fətiş Hüseyn oğlunun mauzeri, Məmmədli Bayraməli oğlunda 3 xətli karabin, Allahverdi Məmməd oğlunda 3 xətli piyada, tüfəngi, hansı ki, Martunu rayonunun Qarakənd kəndindən olan erməni ustası Davud onu gödək karabinə çevirmişdi, Köçəri Gülməmməd oğlunda Davudun düzəltdiyi karabin, Oruc Hüseyn oğlundaNaqantipli revolver .... qundağı kəsilmiş silah məndə Mərzili kəndində olub, yuxarıda adını çəkdiyim Səməd Məşədi Abbas oğluna verdim.... Bütün bunlar 1931-ci ilin axırı, 1932-ci ilin əvvəlinə aiddir”.

Şahid Vəliyev Ədil Mahmud oğlu ifadəsində və 26 fevral 1938-ci ildə Köçəri Gülməmməd oğlu ilə keçirilən üzləşdirilməsində dediyi bir söz xüsusi diqqət çəkir: “... O, komsomolçulara deyir ki, vaxt gələcək ki, bu komsomol təşkilatı olmayacaq”. Sovet hakimiyyətinin “qəbzə”sinin kəsdiyi bir vaxtda bu hakimiyyətə və onun işğalçı rejimə qulluq etmək üçün yaratdığı təşkilatların sonunun olmayacağı düşüncəsində olan bu adamları indi ehtiramla yad etmək və onlara Allahdan rəhmət diləməkdən başqa əlimizdən heç nə gəlmir. Digərlərinə nə söyləməyi isə qədirbilən oxucularımızın ixtiyarına buraxırıq.

3 mart 1938-ci ildə Köçəri Gülməmməd oğluna verilmiş ittiham aktını oxuduqca adamı təəccüb və dəhşət bürüyür. Atasını, övladını, yaxınlarını ölməkdən xilas edə bilməyənlər, bunun hesabını sormayanlar heyvanların ölümünə görə başqalarını yaşamaqdan məhrum edirdilər. Özü gündə 3 dəfə çeşidli yemək yesə də, rejimlə yaşasa da uşaq dünyaya gətirə bilməyənlər qoyunlardan az bala aldıqları üçün insanları ölümə məhkum edirdilər. Yaxşısı budur, ittiham aktına baxaq: “Əksinqilabçı və sovet hökumətinin düşmən ruhunda olan Köçəri Gülməmməd oğlu ittiham olunur onda ki, a) Ağdam rayon Mərzili kəndində fəaliyyət göstərən əksinqilabçı, qiyamçı Müsavat özəyinin tərkibinə daxil olub; b) “Zəhmət” kolxozunda ferma müdiri olduğu dövrdə qoyunlar üçün vaxtında yem gətirməyib. 414 baş qoyundan cəmi 160 bala alınıb; v) Antikolxoz təbliğatı aparıb. q) Kolxozçular arasında narazılıq yaradıb. Həmfikirləri Məşədi Abbasqulu, Səməd və b. kolxoza girməyib. Özünü yalnız əksinqilabçı, qiyamçı Müsavat özəyinə daxil olmaqda günahkar bilir”.

Bu ittiham aktını əsas götürən Azərbaycan XDİK üçlüyü Köçəri Gülməmməd oğlunu 9 mart 1938-ci ildə əmlakı müsadirə edilməklə güllələnməyə məhkum edib. Günahsız yerə öldürüldükdən 22 il sonra oğlu Müstəcəb Muradovun şikayət məktubları əsasında əməllərində cinayət tərkibi olmadığını əsas götürərək, Köçəri Gülməmməd oğluna bəraət verib.

Beləliklə, “Şanlı sovet xüsusi xidmət orqanı” daha bir hökumət üçünçox böyük” təhlükə törədən təşkilatı və onun üzvlərini “məharət”lə “ifşa” etməyə müvəffəq olur.

 

 

Boran ƏZİZ,

tarix elmləri namizədi,

dosent

 

525-ci qəzet.- 2010.- 7 avqust.- S.14-15.