Hicab – dəb, yoxsa inam rəmzi?                        

 

Son zamanlar bir çox Qərb ölkələrində, həmçinin dünyəvi dövlət olan Türkiyənin dövlət, orta və ali təhsil müəssisələrində hicabla bağlı problemlər səngimir. Qadağanın tərəfdar və əleyhdarları Konstitusiyada nəzərdə tutulmuş insan hüquqlarının pozulmasına yekdilliklə istinad edirlər.

İslamın ayrı-ayrı təriqətlərinə mənsubiyyətini nümayiş etdirərək qaşlarına qədər rəngbərəng yaylıqlarla örtünən gənc qız və qadınların günü-gündən sayı artdığı firavan Azərbaycana da ixtilaf və nifaq dalğası gəlib çatıb. Həqiqətən ziddiyyət orasındadır ki, hicabın Azərbaycanla heç bir əlaqəsi yoxdur. Çünki bizim ölkədə Sovet hökuməti qurulana qədər qadınlar birmənalı olaraq qara çadra taxırdılar. Otuz il ərzində kommunistlər kifayət qədər sərt metodlarla çadra ilə mübarizə apardılar və, demək olar ki, qalib gəldilər. Keçən əsrin qırxıncı illərindən başlayaraq çadraya yaşlı ya da çox yaşlı qadınlar bürünürdülər. Qadınların böyük əksəriyyəti isə sevinc hissi ilə onlara təhsil hüququ, kişilərlə bərabər əmək və ümumiyyətlə layiqli sivil insan həyatı təmin edən yeni sovet qaydalarını qəbul etdilər. Şərq qadınının azadlıq rəmzi isə bizə fanatizmin və qadın zorakılığının olduğu dövrləri xatırladaraq Bakının mərkəzindəki abidədir.

XX əsrin 60-cı, 80-ci, 90-cı illərində qız uşaqlarının başlarını yaylıqla bağlayaraq məktəbə göndərmək heç kəsin ağlına gəlməzdi. Amma sərhədlər açıldı, İrandan, Yaxın və Uzaq Şərq ölkələrindən hicablı və çadralı qadınlar daha tez-tez bizlərə qonaq gəlməyə başladılar, bütün evlərə türk telekanalları daxil oldu ki, burada da serialların baş qəhrəmanları “Çalı quşu”dakı Fəridə kimi əksər hallarda hicablı gənc qızlar olurdular. İbadət ləvazimatlar və dini geyimlər satan mağazalar Bakıda və rayon mərkəzləridə çoxalmaqdadır. Etiraf etmək lazımdır ki, bir sıra qızlara hicab yaraşır, xarici qüsurlarını və qəd-qamətlərini gizlətməyə imkan verir, bir qrup kişilər üçün onları sirli və cəlbedici edir. Əslində, mən demək istəmirəm ki, Azərbaycanda hicab taxanların hamısı estetik məqsədlər güdür və ya dəbin təsirinə düşüb. Bəziləri bütün həyat tərzini, vərdişlərini, adətlərini dəyişərək buna səmimi qəlbdən inanırlar. Digərləri üçün hicab XXI əsrdə həddən artıq qadın sərbəstliyinə qarşı özünəməxsus etiraz formasıdır. İnsanlar bu sərbəstliyin nümunələrini hər şeydən əvvəl çoxsaylı, həmçinin dövlət televiziya verilişlərində də seyr etmək imkanına malikdirlər (pop ulduzların açıq-saçıq geyimləri, özlərinin və digərlərinin sevgililərinin və sponsorlarının bütün xalq qarşısında müzakirəsi, əllərində siqaret və şərab dolu badə olan müğənnilər).

Amma dindar qadınların əksəriyyəti böyük İslam elminin məğzini və fəlsəfəsini qavramaq əvəzinə etiqadın formal xarici postulatlarına riayət etməyə səy göstərirlər.

Bununla belə mənə elə gəlir ki, onlar bütün məsələlərdə riayətkar deyillər. Məsələn, bir müsəlman qadından “Sən şəriətin bütün qanunlarına tabe olduğun halda, əgər ərin evə ikinci (üçüncü, dördüncü) arvadını gətirsə, buna münasibətin necə olar?” – deyə soruşsan, hesab edirəm ki, böyük əksəriyyətin cavabı birmənalı şəkildə “YOX” olacaq. Niyə yox? Cavab verəcəklər ki, axı bu, keçmişdə olub, indi qanunla qadağan edilib. Axı çadra da bizim həyatımızda çox qədimdə mövcud olub və bu gün onun təhsil müəssisələrində geyinilməsi (və ya geyinilməsinin qadağan olunması) ölkənin bütün təhsil müəssisələri üçün Təhsil Nazirliyi tərəfindən təyin olunan vahid qaydalarla tənzimlənir.

İyirmi il əvvəl biz müstəqil dövlətin quruculuğuna başladıq. Bu dövlətdə din yenidən layiqli yerini tutdu, müsəlman dünyasının əsas dini bayramları dövlət statusu aldılar. Bütün dövlət ərazisində yüzlərlə yeni məscidlər tikildi və ya tikilir. Bununla belə bizim müstəqil Azərbaycan Respublikamız dinin dövlətdən ayrı olduğu demokratik, dünyəvi dövlət olaraq qalır. Dövlət orqanlarında və təhsil müəssisələrində hicabın tərəfdarları kimi əleyhdarları da bu prinsipləri rəhbər tutmalıdırlar. Təsəvvür edək ki, hər hansı qadın və ya qız məscidə başı açıq və ya ayaqqabı ilə girib. Ona nə edərlər? Mədəni formada, amma qətiyyətlə haqlı olaraq qapının arxasını göstərərlər. Çölə çıxardarlar, çünki bu dini yerlərin qaydasıdır.

Onda nəyə görə hicab tərəfdarları təhsil müəssisəsində hicabın qadağan olunmasına belə kəskin etiraz edirlər? Təhsil müəssisəsinin bu cür əmr verməyə tam hüququ var, çünki bu cür hüquq ona təhsil haqqında Qanunla verilib. Bir il əvvəl bizim Parlament üzvləri bu Qanunu qəbul edərkən məktəblərdə geyimin forması ətrafında uzun müddət mübahisə apardılar və nəticədə hicab haqqında məsələnin həllini təhsil müəssisənin rəhbərliyinin və Təhsil Nazirliyinin öhdəsinə buraxdılar. Çox təəssüf ... Parlament növbəti dəfə qətiyyətsizlik nümayiş etdirdi və yarımçıq qərar qəbul etdi ki, bunun nəticəsi də dövlətimiz üçün “baş ağrısına” çevrilə bilər. Buna görə mən Milli Məclisin üzvü kimi hicabın təhsil müəssisələrində qadağan olunmasına dair müddəanın Təhsil haqqında Qanuna əlavə edilməsini və ya bu müddəanın hazırlanmaqda olan orta və ali məktəblər haqqında Qanunlara daxil edilməsini təklif edirəm.

Mən əslində heç də böyüklərin, yetkinlik yaşına çatan qızların və qadınların öz iradələri və düşüncələri əsasında hicab və çadra gəzmələrinin əleyhinə deyiləm. Lakin yaşından və əqli düşüncəsindən dolayı şüurlu seçim edə bilməyən 7-8 yaşlı qızların başlarına yaylıq bağlamağın özü də insan hüquqlarının pozulmasıdır və açıq formada şəxsiyyətə təzyiqdir. Məşhur psixoloq Dəyanət Rzayevin bu günlərdə “Qaynarİnfo” agentliyinə verdiyi müsahibəsindən bir iqtibas gətirmək istəyirəm:

“Mən özüm də dindaram və ibadətlə məşğul oluram. Düzdür, Quranda qadınların baş örtüyündən istifadə etməsi vacib sayılır. Amma bu məcburi deyil, yəni hər kəsin vicdan işidir. Şəhərdə tez-tez 5 – 6 yaşlı qız uşaqlarının hicablanmasını görürəm. Əslində bu, düzgün deyil. Çünki islam qanunlarına görə, yetkinlik yaşına çatmayanların hicablanması vacib sayılmır”. Psixoloq hətta deyir ki, bu, gələcəkdə ciddi fəsadlara yol aça bilər: “Qəti şəkildə əminəm ki, 5 – 6 yaşında qızların baş örtüyündən istifadə etməsi onların valideynlərinin təşəbbüsüdür. Bu məsələ valideynlərin dərk etməyəcəyi qədər ağır problemlərə gətirib çıxara bilər. Yəni gələcəkdə həmin uşaqda dinə qarşı nifrət formalaşır. Ümumiyyətlə isə tibdə var ki, insanlara məcburi şəkildə nəyisə qəbul etdirmək onlar üçün psixoloji travmadır. Gərək insan buna şüurlu şəkildə getsin. Axı 6 yaşında uşağın şüuru hansı səviyyədədir ki, hicabın mahiyyətini dərk etsin?! Əslində valideynlər övladlarını bu cür tərbiyələndirməklə onların psixologiyasını pozurlar, normal dərk etmək, düşünmək qabiliyyətini məhdudlaşdırırlar. Hətta iman əhli olan bəzi insanlar hicablı övladlarına başıaçıq həmyaşıdları ilə söhbət etməyi də yasaqlayır. Bu isə bütövlükdə cəmiyyət üçün ciddi təhlükədir, insanların qütbləşməsi deməkdir. Digər tərəfdən bizim cəmiyyətin əsas problemi islam dinini elmi cəhətdən deyil, bəzi savadsız dindarların xurafatçı fikirləri çərçivəsində dərk etməsidir. Məhz buna görə də xurafatçı fikirlərə uymamalı və islam dininin gözəl dəyərlərini öyrənməliyik”.

Hesab edirəm ki, vəziyyətin analizi kifayət qədər inandırıcıdır və buna diqqət yetirilməli və müvafiq nəticə əldə olunmalıdır.

Deyilənlərə görə müvafiq qərar çıxdıqdan sonra bir sıra valideynlər qızlarına məktəbə getməyi ümumiyyətlə qadağan ediblər, belə demək olarsa, gözləmə mövqeyi tutublar. Digərləri təhsil müəssisəsini dəyişdirməyi və ya ümumiyyətlə uşaqlarını ölkəmizdə mövcud olduğu təqdirdə dini təmayüllü məktəblərə verməyi düşünürlər. Təhlükə hicabda deyil, ölkənin region və kəndlərində müşahidə etdiyimiz təhsilə münasibətdədir. Övladlarına, həmçinin qız uşaqlarına yaxşı təhsil verməyə çalışan valideynlərin olduğu bir çox müsəlman dövlətlərindən fərqli olaraq bizim bəzi müsəlmanlar qızlarını könüllü olaraq məktəblərə göndərməməyə üstünlük verirlər. Qız uşaqlarını 15-16 yaşlarında ərə vermək ayıb hesab olunmur. Və nəticədə Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin statistik məlumatına görə deputat seçildiyim Masallı rayonundan son illər ali təhsil müəssisələrinə nadir hallarda qızlar daxil olur. Digərləri isə ən yaxşı halda natamam orta təhsil alırlar.

Düşünürəm ki, bu məsələ ilə bağlı həyəcan təbili çalmaq lazımdı. Əgər belə davam edərsə, yenidən qurulan kənd məktəblərində təhsil alacaq uşaq qalmayacaq. Artıq bu gün kənd məktəblərinin şagird heyəti kəskin şəkildə azalıb, 300-400 nəfərin oxuması nəzərdə tutulan təhsil müəssisələrində az qala şagirdlərin onda biri təhsil alır. Düzdür səbəb həm də kənddən şəhərə axındadır. Amma yenə də ....

Hicabın qadağan olunması məsələsinə gəldikdə isə əsas yük pedaqoqların, sinif rəhbərlərinin üzərinə düşür. Bu təbliğata kütləvi informasiya vasitələrinin daha aktiv forması olan televiziya, həmçinin həm dövlət, həm də müxalifət qəzetləri də qoşulmalıdır. Hər bir halda söhbət bizim uşaqlarımızın taleyindən, bizim gələcəyimizdən gedir və heç kəsin bu problemdən kənarda qalmağa haqqı yoxdur. Bizim ümummilli liderimiz Heydər Əliyev hər hansı məsələni komanda üzvləri ilə müzakirə edərkən deyirdi ki, “öz mövqeyinizi bildirin”. Biz də ictimai və siyasi xadim olaraq bu məsələdə öz mövqeyimizi bildirməliyik.

İnternet saytlarının birində yerləşdirilmiş ədib və publisist Seymur Baycanın məqaləsi xoşuma gəldi, baxmayaraq ki, bəzi fikirləri ilə razı deyiləm. Lakin onun bir fikri ilə tamamilə razıyam. Onun məqaləsindən iqtibas:

“Ötən əsrin əvvəllərində müsəlman ziyalılar (şərti olaraq Azərbaycan ziyalıları) ailə qurmaq üçün oxumuş qız tapa bilmirdilər. O vaxtlar müsəlmanların cəmi üç faizi oxuyub-yazmağı bacarırdı. Hətta vərəqə qol çəkə bilmirdilər, barmaqlarını mürəkkəbə batırıb, vərəqə toxundururdular.

Tağıyev ağıllı kişi idi. Ona görə qızlar seminariyasının açılması üçün xeyli əziyyət çəkdi. O bilirdi ki, savadlı kişiyə gec-tez savadlı qadın lazım olacaq. Əgər öz xalqının içindən savadlı qız tapmasa, gedib başqa xalqın savadlı qızını tapacaq”.

Güman edirəm ki, XXI əsrin başlanğıcında vəziyyət o vaxtlardakı kimi faciəvi deyil, amma kifayət qədər təhlükəlidir. Bir sıra Bakı kəndləri kifayət qədər aqressivdirlər, ən azından Nardaranda baş verən kütləvi mitinqi xatırlayaq. Və ümumiyyətlə respublikanın bir çox rayonlarında, xüsusən kənd yerlərində dini faktor əhalinin gündəlik həyatına həddən artıq sirayət etməyə başlayıb. Bu artıq gələn dəfə toxunacağımız başqa söhbətin mövzusudur.

Dünyəvi, tolerant, demokratik dövlətimizin mövcud olub-olmaması məsələsinə bizim hamımız, yəni cəmiyyətimiz və ilk növbədə onun siyasi elitası ciddi münasibət bildirməlidir. Bu elita ön plana çıxmalı və dini ekstremizmin bütün rəng və çalarlarına yox deməlidir.

 

Elmira Axundova,

yazıçı-publisist,

Milli Məclisin deputatı 

525-ci qəzet.- 2010.- 21 dekabr.- S.4.