Azərbaycan ailəsi: sabaha nikbin addımlarla

 

Azərbaycan xalqı tarixən özünəməxsus ailə dəyərləri ilə fərqlənib. Ailəyə hər zaman müqəddəs ocaq kimi baxmışıq. Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Amma dəyişən zaman, müasir inkişaf, qloballaşma, heç şübhəsiz, Azərbaycan ailələrinə də öz təsirini göstərib. Bəs bu təsirin miqyası nə dərəcədədir? Bu gün doğrudanmı Azərbaycanda ailə institutu deformasiyaya uğrayıb?

Ekspertlərin də məsələyə yanaşması fərqlidir. Politoloq Qabil Hüseynli deyir ki, ailə dövlətin özəyidir. Hər bir cəmiyyətdə, ailədə münasibətlər necə formalaşırsa, həmin cəmiyyətdəki hakim ictimai münasibətlər də ailədə formalaşan ictimai münasibətləri bir növ özündə əks etdirir. Ailədə formalaşan münasibətlərlə cəmiyyətdəki münasibətlər arasında dialektik bir bağ, əlaqə var. Konkret olaraq, Azərbaycana gəldikdə isə, politoloq hesab edir ki, ailə münasibətlərində son dövrlər bir böhran yaşanmaqdadır. “Bu böhran həm ailə ilə bağlı dəyərlər sisteminə daxildir, həm də bütövlükdə ailənin özünün bir institut kimi mövcudluğunu təmin edən münasibətlərə aiddir. Əgər Azərbaycan ailəsi həmişə özünün möhkəmliyi ilə fərqlənibsə, bu da cəmiyyətin möhkəmliyini təmin edən amillərdən biri olubsa, bu gün ailənin həm formalaşmasında, həm də institut kimi inkişafında problemlər var. Məsələn, nikaha girən tərəflərin xeyli gəncləşməsi problem yaradan amillərdəndir. İnsanlar hələ həyata baxışları möhkəmlənmədən, cəmiyyətdə özlərinə kifayət qədər karyera etmədən nikaha girmələri bir növ ailənin gələcək təməlinin o qədər möhkəm formalaşmasına gətirib çıxarmır. Nikahların tez pozulması, boşanmaların artmasının bir səbəbi də budur”. Politoloqun fikrincə, müasir Azərbaycan ailəsinin problemlərindən biri də ölkədəki demoqrafik vəziyyətlə bağlıdır. “Həmin problemi yaradan bir səbəb Azərbaycanda kişilərin ölkəni tərk etməsi ilə bağlıdır. Nəticədə isə, ərə getməli olan, evlilik yaşına çatmış qızların ailə qurmaq şansları azalır. Bu şəhərdə və kənd yerlərində aydın müşahidə olunur. Bu o deməkdir ki, ailələrin sayı azalır, nəticədə demoqrafik problemlər yaranır, millətin təbii artımı zəifləyir və sairə. Digər tərəfdən, milli demoqrafik problemlər də artıb. Yəni təbii artımın aşağı düşməsi millətin qocalmasına, gənc nəslin azalmasına, nəticə olaraq millətin zehni, intellektual və fiziki potensialının zəifləməsinə gətirib çıxarır. Maddi problemlər də var ki, bu da gənc ailələrin formalaşmasına mənfi təsir göstərir.

 

TƏKLİFLƏR

 

Politoloq sadaladığı problemlərdən çıxış yolu kimi təkliflər də irəli sürür. Hesab edir ki, dövlət ailəni sözün həqiqi mənasında öz himayəsinə götürməlidir. “Azərbaycan cəmiyyətində dövlət, əlbəttə ki, ailəni qorumağa çalışır, amma dövlət ailəni məhz Konstitusiyada yazıldığı kimi öz himayəsinə götürməlidir. Xüsusən də gənc ailələrə qayğı dövlətin bir nömrəli vəzifəsinə çevrilməlidir. Biz millətimizin həmişəyaşarlığını və təbii artımını təmin etmək məqsədi ilə başqa ölkələrə mühacirət etmiş insanlarımızın öz millətindən evlənməsi məsələsinin ictimai səviyyədə müzakirə edilməsinə və bunun ictimai şüurda möhkəm oturmasına nail olmalıyıq. Nəhayət, cəmiyyətin dəyərlər sistemini, xüsusilə, əxlaqi dəyərlər sisteminin qorunmasına və bunları deformasiyaya gətirən amillərin aradan qaldırılmasına ciddi fikir verilməlidir”. Q.Hüseynli burda dini qurumların da üzərinə böyük vəzifələr düşdüyünü söyləyir. “Onlar bu vəzifələri yerinə yetirmək üçün ciddi səfərbər olmalıdırlar. Dini qurumlar ailənin müqəddəsliyini təbliğ etməli, nikahın pozulmasına qarşı təbliğat işlərinin qurulmasına yardımçı olmalı, əxlaqi dəyərlərin yayıcısı kimi ailə möhkəmliyini də təmin edən dəyərlərin yayılmasında yaxından köməklik göstərməlidir”.

Politoloq deyir ki, ailə dəyərlərində aşınma prosesi nəzərəçarpacaq dərəcədə artıb və bu proses dərinləşməkdə davam edir, onun qarşısını almaq üçün hələ də genişmiqyaslı tədbirlər həyata keçirilmir. O səbəbdən də cəmiyyətdə kəskin ailə-məişət problemləri yaranıb.

Azərbaycanda ailə modelinin hazırlanmasına ciddi ehtiyac olduğunu deyən Q.Hüseynli hesab edir ki, bu məsələdə həmin modelin Azərbaycan variantının olmasına və hansı dəyərlər sisteminə aidliyinə ciddi diqqət ayrılmalıdır. “Azərbaycan ailəsinin tarixi modeli var, bu model möhkəm dəyərlər üzərində ucalır. Son zamanlar deformasiyaya uğrayan məhz həmin model və onun söykəndiyi dəyərlərdir”. Politoloq cəmiyyətdə oturuşmuş dəyərlərdən də danışıb. “Bunlar ailədə qadının kişiyə sədaqətidir. Azərbaycanda evi və ailəni həmişə ümumiləşmiş bir ifadə ilə dəyələndiriblər ki, o da müqəddəs ocaq ifadəsidir. Bu ocağın qorunub saxlanılması, uşaqların tərbiyəsində qadınların rolu daha böyükdür. Bunlar da ailə dəyərləri sisteminə daxil olan dəyərlərdir”.

Milli Məclisin Sosial siyasət məsələləri komitəsinin sədr müavini Musa Quliyev isə ailə institutu ilə bağlı vəziyyətin heç də acınacaqlı durumda olduğunu düşünmür. O, Azərbaycanda ailə institutunun çox qədim tarixə ənənəyə malik olduğunu və kifayət qədər stabil dayaqlar üzərində qurulduğunu deyir. Millət vəkili etiraf edir ki, Azərbaycan müstəqilliyini bərpa edəndən, xüsusilə Avropaya inteqrasiya ilə bağlı Qərb dəyərlərinin ölkəyə inteqrasiyası, gəclərin Avropada təhsil alması, yaxud İKT-nin inkişafı nəticəsində ailənin ənənəvi modelində müəyyən dəyişikliklər, deformasiya baş verib. “Gender siyasətinin həyata keçirilməsi, qadınların ictimai-siyasi həyata fəal cəlb olunması, onların savad, peşəkarlıq səviyyəsinin kifayət qədər yüksəlməsi, şübhəsiz ki, qadının ailədə ənənəvi rolunu müəyyən qədər dəyişmiş olur. Ənənəvi olaraq, Azərbaycan ailəsində qadın daha çox ailədaxili problemlərlə məşğul olurdusa, ailənin saxlanılma xərclərinin təminatı, digər ailədənkənar əlaqələr əsasən kişilər tərəfindən həyata keçirilirdisə, indi xüsusən şəhər yerlərində bu model bir qədər dəyişib. Daha çox qadınların ictimai-siyasi fəaliyyətə, aktiv əməyə, biznes, elmi, pedaqoji, səhiyyə işinə cəlb olunması, hardasa, qadın tərəfindən müəyyən qədər kişinin ailədəki funksiyalarının mənimsənilməsinə gətirib çıxarıb. Ola bilsin, bəzi ailələrdə tək yaşayan və uşaq böyüdən qadınların artımı tendensiyası da var, xüsusən şəhər yerlərində. Bu da müəyyən qədər Azərbaycan ailə modelinin dəyişməsilə nəticələnib”. Millət vəkili başqa bir dəyişiklik kimi xüsusən, gənc ailələrin tək yaşamağa meylli olmasını vurğulayıb. O, bu halın indi də davam etdiyini düşünür. “Klassik Azərbaycan ailəsi nənə-baba, ata-ana və övladlardan ibarət idisə, indi nənə-baba institutu ailədən kənarlaşır, artıq uşaq nənə və babanı qonaq getməklə və ya qonaq dəvət etməklə görə bilir. Bu da istər-istəməz ailənin strukturuna və idarə olunmasına öz təsirini göstərmiş olur. Amma bütövlükdə bu gün mən Azərbaycanda ailə institutunun möhkəmliyilə bağlı narahat deyiləm, düşünürəm ki, hələ uzun illər bizim xalqın o milli dəyərlərə, adət ənənələrə sadiqliyi sayəsində Azərbaycan ailəsinin klassik modelini görə biləcəyik. Eyni zamanda boşanma faizinin Azərbaycanda kifayət qədər aşağı olmasını, rəsmi nikaha girən ailələrin sayının qeyri-rəsmi yaşayanlara nisbətən xeyli çox olduğunu da müsbət faktorlar kimi göstərə bilərəm. Ümumilikdə götürəndə, təbii, hər şey inkişaf edir, dəyişir.

 

BUGÜNKÜ AİLƏDƏ 50 İL ƏVVƏLKİ AB-HAVANI AXTARMAQ DOĞRU DEYİL.

 

Hər halda, Azərbaycan ailəsi bu gün orta statistik Avropa ailəsinə nisbətən daha dayanıqlıdır, daha çox ailədaxili münasibətlər harmoniyaya əsaslanır, böyük-kiçik yeri bilmək, ağsaqqal sözünü eşitmək, hörmət etmək, yaxud da ailəyə təsir edən digər faktorlar var, qonum-qonşu, dostların təsirləri də Avropaya nisbətən daha çoxdur. Bu təsirlər nə qədər çox olarsa, ailənin dayanıqlığı, möhkəmliyi də o qədər artıq olar.

Millət vəkili ailə institutunun möhkəmləndirilməsi naminə nikah yaşının atırılması təklifinin əleyhinə olduğunu vurğulayıb. “Burada bioloji, sosial, iqtisadi faktorlar var. Peşə, elm, mədəniyyət səviyyəsi nəzərə alınmaqla nikah yaşı müəyyənləşir. Azərbaycanda da bu faktorlar nəzərə alınaraq nikah yaşı qızlarda 17, oğlanlarda 18 yaş müəyyən olunub. Hər kəs seçimində sərbəstdir. Qız, tutaq ki, orta məktəbi bitirir, oxumaq da istəmir. Elçisi çıxıbsa, onda ərə getməyə üstünlük verir”. M.Quliyev deyib ki, nikah yaşının qaldırılmasının tərəfdarları bunun erkən nikahların sayının azalmasına təsir edəcəyi arqumentini irəli sürürlər. “Amma bu təklif kifayət qədər əsaslandırılmayıb. Əksinə, nikah yaşı artırılsa, erkən nikahların da sayı artacaq. İndi nikah yaşı 17-dir, istisna hallarda bu yaş bir il də azaldıla bilər. Amma biz nikah yaşını qaldıranda daha qızlar 2 il gözləmədən erkən nikaha girəcəklər. Bununla da qeyri-rəsmi nikahların sayı artacaq. Üstəlik, qız boşananda rəsmi nikahı olmadığından mülkiyyət hüququnu da itirəcək. Bioloji, sosial faktor ortada qaldığı halda, digər əsaslandırmaları doğru saymıram”.

Bəs beynəlxalq qurumlar qarşısında Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən irəli gələrək bir sıra qanunların, o cümlədən gender bərabərliyi, məişət zorakılığı haqqında qanunların qəbulu ailə institutuna nə dərəcədə təsir göstərir?

M.Quliyev bu fikirdə deyil ki, hər hansı bir qanun qəbul olunmaqla ailəni möhkəmləndirmək, yaxud zəiflətmək olar. “Gender bərabərliyi və məişət zorakılığı haqqında qanunlar beynəlxalq qurumlar qarşısında götürdüyümüz öhdəliklərdən irəli gələrək qəbul olunub. Digər tərəfdən, Azərbaycanda tarixin bütün dönəmlərində, qanun olmadan belə, qadınların idarəetmədə rolu, onların irəli çəkilməsi istiqamətində xeyli işlər görülüb. Azərbaycan qadınına, Şərqdə ilk olaraq, seçmək və seçilmək hüququ verib. Ümummilli lider Heydər Əliyev, prezident İlham Əliyev tərəfindən qadınların dövlət idarəçiliyində, qərar qəbulunda iştirakı ilə bağlı mühüm qanun və qərarlar qəbul olunub, ciddi addımlar atılıb. Digər tərəfdən, Azərbaycan dünyəvi, hüquqi, demokratik bir dövlətdir. Hər bir vətəndaşın, o cümlədən ailə üzvünün hüquqları qanunla qorunur. Bu mənada qanunların qəbulunun ailə institutunun zəifləməsinə heç bir təsiri yoxdur. Əksinə, ola bilsin, ailədə hər kəsin öz hüququnu daha dərindən dərk etməsi və münasibətlərin etik müstəvi ilə yanaşı, həm də hüquqi müstəvidə qurulmasına yardım edən faktorlardır. Müvafiq qanunların qəbulu ailədə bir münaqişə yarananda, yaxud ailə dağılanda hər iki tərəfin öz hüquqlarını və öhdəliklərini dəqiq müəyyənləşdirməsinə xidmət edir. Ailənin bir üzvünün digərinə qarşı qeyri-qanuni hərəkətlərinin qarşısını ala, əsası olmayan iddialardan çəkindirə bilər”.

Bu gün Azərbaycanda narahatlıq doğuran məqamlardan biri də eynicinslilərin nikaha girməsilə bağlıdır. Artıq Azərbaycanda bir neçə belə nikahın olması barədə məlumatlar yayılıb. M.Quliyev isə deyir ki, hər hansı məsələ ilə bağlı qanun o halda qəbul olunur ki, sosial sifariş yaranır, yəni toplumun hansısa hüquqları ifadə etmək, yaxud da tənzimləmək üçün norma yaratmaq ehtiyacı ortaya çıxır. Azərbaycanda belə şəxslər həddən artıq azdır, bu məsələ çox ciddi sosial əhəmiyyət daşıyan dərəcədə genişlənməyib. Ona görə də belə qanunun qəbuluna zərurət və sosial sifariş yoxdur. Eyni zamanda, bu cür qanunun qəbulu milli mentalitetimizə uyğun deyil və düşünürəm ki, qarşıdakı 5 il ərzində bu qanun qəbul oluna bilməz”.

Bir sıra ekspertlərdən fərqli olaraq, M.Quliyev ölkədə ailə modelinin hazırlanmasına ehtiyac görmür. “Bəzən mətbuatda oxuyuram ki, belə bir model olmalıdır və o, elmi prinsipərə söykənməlidir. Axı elmlə ailə olmaz. O qədər alimlər, elm adamları var ki, heç onların normal ailələri yoxdur. Tutaq ki, model hazırlanır. Bunu necə etmək olar? Bir ailədə nənə-baba, ata-ana və 7 uşaq var. Elə ailə var ki, nənə-baba yoxdur, 3 uşaq var, yaxud nənə-baba, ata-ana var, övlad yoxdur. Bunu necə modelləşdirmək olar? Yaxud da ailə üzvlərinin vəzifə bölgüsünü qanunla aparmaq olmaz. Azərbaycanın özünün milli, ənənəvi ailə institutu var və onun müxtəlif modelləri mövcuddur”.

M.Quliyev Azərbaycan ailəsinin sabahına nikbin yanaşır. “Azərbaycanda ailə institutunu yaxın 50 il üçün möhkəm, dayanıqlı görürəm. Uzun zaman ərzində Azərbaycanın ailə institutu özünü doğruldub və çətin sınaqlardan çıxıb. Müəyyən deformasiyalar ola bilər, amma bunu bütün ailələrə şamil etmək düzgün deyil. İndi elə ailə var ki, kişi işləmir, evdə uşağa baxır, qadın işləyir, ailəyə qazanc gətirir. Bunu ümumi model kimi təqdim etmək olmaz. Amma Azərbaycanda ənənə belədir ki, ailənin başçısı kişidir, bütün fiziki yük, maddi təminat kişinin üzərindədir, ev təsərrüfatı, uşaqların tərbiyəsi qadının üzərindədir. Mənim gördüyüm klassik ailə modeli budur. İnkişaf tempi də göstərir ki, Azərbaycan ailəsində başçılıq kişinin üzərindədir və hansı ailələrdə ki, kişinin sözü eşidilir, kişinin yeri bilinir, o ailələrdə ciddi problem yaranmır”.

Millət vəkili düşünür ki, tarixi sınaqlardan uğurla çıxmış Azərbaycanın ailə ənənələri, bu müstəvidəki milli mənəvi, əxlaqi dəyərlər, ailə institutu nə qədər yad təsirlərə məruz qalsa da, bəzən deformasiyaya uğrasa da, onların tamamilə aradan qalxacağını düşünməyə əsas yoxdur, bu dəyərlər daima qorunacaq, hər zaman var olacaq.

 

P.SULTANOVA

25-ci qəzet.- 2010.- 22 dekabr.- S.7.