Analıq haqqı

 

UNUDULMAZ ÖMÜR-GÜN YOLDAŞIM ZEMFİRA İSAQ QIZI BAĞIROVANIN ƏZİZ XATİRƏSİNƏ  

 

Biz Azərbaycan Tibb Universitetində bir qrupda oxuyarkən tanış olmuşduq. O vaxt tələbələr çox fəal idilər. Oxuduğumuz kitablar, romanlar, poemalar, şeirlər, baxdığımız teatr tamaşaları kinolar haqda tez-tez müzakirələr, mübahisələr keçirərdik. Belə söhbətlər zamanı bizim fikirlərimiz çox vaxt uyğun gələr, bəzən üst-üstə düşərdi. Fikir əqidə uyğunluğu tədricən bizi bir-birimizə yaxınlaşdırdı. III kursdan sonra yaxın dost olduq. Tələbəliyə, məqbullara imtahanlara aid məsələlərdə məsləhətləşib birgə qərar verərdik, imtahanlara birlikdə hazırlaşardıq. Birlikdə oxuduğumuz 6 il ərzində bir-birimizin xasiyyətini daha yaxşı öyrənmək üçün müxtəlif yollara, fərqli üsullara sınaqlara əl atdıq, hərtərəfli tanış olduq, münasibətlərimizi ölçüb-biçib, götür-qoy etdik. Beşinci-altıncı kurslarda tələbələr bizi ən yaxın dost kimi tanıyırdılar. Biz özlüyümüzdə bu qənaətə gəlmişdik ki, ayrılıqda yaşamaq hər ikimiz üçün çox çətin olar. Tibb Universitetini qurtardıqdan bir il sonra ailə həyatı qurduq.

Bütün çətinliklərə birlikdə qalib gəlib, özümüzə normal şərait yaratdıq. İmişli rayonunda həkim işləyirdik. Yaxşı maaş alırdıq, xəstələr imkanları daxilində hörmət edirdilər. Hər il məzuniyyət vaxtı müxtəlif kurort yerlərində istirahət edib dincəlirdik. Yaşayışımız, dolanışığımız, mənzil şəraitimiz yaxşı idi. Bir-birinin ardınca üç oğlumuz oldu. Övlad şirinliyini, ailə xoşbəxtliyini yaşadıq.

Zemfira xanım Azərbaycan-türk qadınlarına xas olan bütün müsbət adət-ənənələrə ciddi əməl edirdi. Səhərlər hamıdan tez durar, ailənin bütün ağırlıqlarını öz çiyninə götürməyə çalışardı. Mən onun ucadan danışdığını, boş-bekar dayandığını, lazımsız söhbət, qeybət etdiyini görməmişdim. Ailədə, qohumda, dostda bir narahatlıq, çatışmazlıq olanda çox narahat olar, yardım etməyə can atar, məni bu məsələyə cəlb edərdi.

Uşaqlarının qayğısına qalar, ilin fəsillərindən asılı olmayaraq, hər gün onları yuyundurar, çimizdirər, yeməklərinə xüsusi diqqət yetirərdi. Uşaqlarını əksər hallarda qeyri-adi qeyri-ənənəvi geyindirər, onların paltarları həmişə tərtəmiz, ütülü səliqəli olardı. Paltarını əzib, şaxdan salmamaq üçün uşağı qucağına almağa qıymazdın. Zemfira xanım öz istəyini qəlbində saxlayardı. Uşaqlarını qədər istəsə , onlara qarşı çox tələbkar idi, yersiz söhbətdən, tərifdən xoşu gəlməzdi. Lazım gəldikdə sözü üzə deyərdi. Onun xislətini bir sözlə ifadə etsək, kişi qeyrətli qadın idi. Bu baxımdan o mənim təkcə həyat yoldaşım deyil, dostum, köməkçim, arxam, dayağım, qız qardaşım idi.

Allah-Təala Zemfira xanımın əlinə xüsusi dad qismət eləmişdi. Onun bişirdiyi xörəklərin dadı-tamı, ətri insanı valeh edirdi. Dostlar, qohumlar onun plovunu, dolmasını, dovğasını, döymə kababını tərifləməkdən yorulmazdılar.

Zemfira xanım həkim-akuşer-ginekoloq idi. Kimliyindən, nəçiliyindən asılı olmayaraq, xəstələrin müalicəsində əlindən gələni əsirgəmirdi, gözütox, nəfsinin qarşısını ala bilən insan idi. 50 illik həkimlik dövründə ondan inciyən, narazı qalan olmamışdı. Əsl ziyalı idi. İşi çox olsa da, mütləq qəzet, jurnal, kitab oxumağa hər gün vaxt ayırardı. Onunla birlikdə iki kitab yazıb nəşr etdirmişik. Onlarla elmi məqaləmiz Azərbaycanda, Moskvada, Petroqrada, Kiyevdə başqa şəhərlərdə çap edilmişdi. Respublikamızda keçirilən ədəbi-bədii gecələrdə, yazıçı şairlərlə görüşlərdə, teatrlarda, tamaşalarda iştirak etmişik. Bəxtiyar Vahabzadə, Məmməd Araz, Rüstəm Behrudi, Vahid Əziz, Əhməd Ənvər, Aqil Abbas, Rəşad Məcid bir sıra başqaları ilə şəxsi tanışlığımız olub. Həyatın yolu tam hamar olmur, ağrılı-acılı, qəmli-kədərli günlər yaşamışıq. Bütövlükdə götürəndə normal xoşbəxt həyat sürmüşük. Allaha həmişə ürəkdən bağlı olmuşuq. 80 il ömür sürüb, demək olar ki, yaşamaqdan doymuşuq. Oğul-uşaq, nəvə sahibi olmuşuq, övladlarımızın həyatlarından razıyıq.

Bizim bir arzumuz var idi. Üzümüzü qadir Allaha tutub belə bir qeyri-adi xahiş edir, yalvarırdıq: Böyük Yaradan, sən hər şeyi görüb bilənsən, hətta insanların ürəklərindən keçirdiklərindən xəbərdarsan. Yəqin bilirsən ki, bizə bir-birimizdən ayrı yaşamaq çox çətin, bəlkə mümkünsüz olar. Səndən bir ay, bir həftə, heç bir gün əlavə ömür istəmirik. Çox şükürlər olsun ki, kifayət qədər bizə ömür vermisən. Təvəqqemiz odur ki, ikimizin qədər ömrü qalıbsa, onları birləşdirib düz yarı böləsən. Hər şeyə qadir olan Allahsan! Bizim əcəlimizi bir günə sal ki, təklikdə yaşamayaq!

Ağıllı, mərifətli insan ölümdən qorxmaz. Onsuz da bütün yarananların sonu ölümdür.

Ölüm əslində Allaha qovuşmaqdır. Həyatımızda baş verən iki hadisə Zemfira xanımı bərk sarsıtdı, ömrünü gödəltdi. Bunlar çox ağır, çəkilməz dərd olan övlad itkisi Qarabağ dərdi idi. O, son illərdə həmişə qəmli, kədərli, nisgilli, gözüyaşlı gəzərdi.

Biz tam qəti əmin idik ki, ayrılıqda yaşaya bilmərik. Amma görünür, insanın üzü çox bərk olur. O, hər cür çətinliyə, ağır dərdə-ələmə, təsəvvür etmədiyi ayrılığa dözə, öyrəşə, birtəhər yaşaya, hətta xatirə yaza bilərmiş.

Aqilə, müdrikəişgəncə dünya,

Nadana, əyyaşaəyləncə dünya.

Gözü nişangahda, əli tətikdə...

Baxmaz qocaya, gəncə dünya.

 

Hacıbala BƏDƏLLİ

525-ci qəzet.- 2010.- 25 dekabr.- S.30.