Naxçıvanda mətbuat: dünən və bu gün

 

Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun “Mətbuatın dostu” adına layiq görülməsi xəbərini eşidəndə düzü sevindim, “bu onun halal haqqıdır” – dedim. Elə o an da muxtar respublikanın gündəlik ictimai-siyasi qəzeti olan “Şərq qapısı” qəzetində işlədiyim dövrü xatırlayası oldum. Çünki birgə fəaliyyətimiz dövründə onun nə dərəcədə mətbuat adamı olduğunu yaxından duymuşdum. Elə bu mənada ürəyimdən keçənləri qələmə almağa çalışdım. Baxmayaraq ki, ondan əvvəlki illərdə böyük mətbuatda-“Sovet kəndi”, “Həyat” və “Azərbaycan” qəzetlərində peşəkar qələm sahibləri ilə birgə çalışmışdım, onlardan xeyli təcrübə toplamışdım, amma bölgədəki 7 illik baş redaktorluq fəaliyyətim mənim üçün həqiqi mənada bir məktəb oldu. O vaxtadək iki ali məktəb (ixtisasca həm tarix müəllimi, həm də hüquqşünas idim) bitirsəm də, üstəlik də tarix elmləri namizədi alimlik dərəcəsi alsam da bu məktəbdən öyrəndiklərim, əxz etdiklərim daha çox oldu. Düşüncə və təfəkkürümdə formalaşan yeniliklər həyata və cəmiyyətə olan baxışlarımı da bir qədər dəyişdi. Özümü “qaynar qazanda” hiss etdim. Başlıca uğurum isə hər zaman sözə qiymət verməyi bacaran Muxtar Respublika Ali Məclisi Sədrinin qayğısını, diqqətini və tələbini öz üzərimdə hiss etməyim oldu. Nə gizlədim, Heydər Əliyev dövlətçilik məktəbinin nə demək olduğunu, onun üstün istiqamətlərini və cəhətlərini də bu şəxsin timsalında aydın gördüm.

Ali Məclisin Sədri təkcə mətbuatın qayğıkeşi və himayədarı olmayıb. O, söz və sənət adamlarının yaxın dostu olmaqla bərabər, onların qayğı və problemlərini də həmişə öz çiyinləri üzərində gəzdirir. Bu səbəbdən maliyyə problemlərini yerli redaksiyalar hiss etmirlər. Bunun üçün tez-tez mətbuat işçiləri ilə görüşlər keçirir, mükafatlandırır.

Təbii ki, yerli həyatın güzgüsü sayılan əyalət qəzetinin özünü saxlaması hər zaman çətin olub. Reklam bazarı yox dərəcəsindədir. Az sayda abunə ilə mətbu orqanını maliyyələşdirmək müşkül məsələdir. Bu baxımdan regionda fəaliyyət göstərən qəzetlərin “bəxti” xeyli gətirib. Onların normal fəaliyyəti üçün abunənin düzgün təşkili ilə yanaşı, yerli büdcədən dotasiyalar ayrılır. İcra hakimiyyəti strukturları da öz mətbu orqanlarının fəaliyyəti ilə ciddi maraqlanırlar.

Qoy heç də belə rəy yaranmasın ki, baş redaktor vəzifəsində işlədiyim dövrdə həmişə başımıza sığallar çəkilib, yalnız xoş və tərifli sözlər eşitmişik. Xeyr, əksinə bu məktəbdə aldığımız dərslərin çətinlikləri, imtahanları da az olmayıb. Hər dərsi yaxşı səviyyədə qavramaq, dərk etmək və sabah onu icra etmək asan başa gəlmirdi. Madam ki, qəzetə bu qədər qayğı və diqqət bəslənilirsə, onun dərd-sərlərinə əməlli-başlı can yandırılırsa, onda gərək bazara çıxaracağın məhsul da keyfiyyətli olsun. Bu halda zay məhsula da mənən haqqın yoxdur.

Ali Məclisin Sədri hər zaman mətbu sözün dəyərinin və kəsərinin artırılmasının tərəfdarı olub. Başlıca amalı və istəyi də ondan ibarətdir ki, dərc olunan yazılar yeni düşüncəyə, təfəkkürə, analitik təhlilə, operativ əksetdirmə imkanlarına söykənməklə oxucu maraqlarına cavab versin, istehsal olunan məhsullar çoxçeşidli mətbu bazarında öz layiqli yerini tutsun. Elə buradaca iştirakçısı olduğum bir əhvalatı xatırlamağı lazım bilirəm. Bir dəfə mətbuatla bağlı keçirilən müşavirələrin birində Ali Məclisin Sədri baş redaktortək məndən soruşdu: –Qəzetdə tənqidi materiallar niyə az dərc olunur?

Əslinə qalsa, nə deyəcəyimi bilmədim.

Yenidən dilləndi:

– Olmaya tənqidi materiallar üçün mövzu tapılmır?

– Xeyr, var, – dedim.

Bu dəfə əsəbi və amiranə şəkildə:

– Varsa bəs niyə yazmırsınız, olmaya qorxursunuz, – dedi.

Sonrakı günlərdə muxtar respublikanın bir çox icra hakimiyyəti strukturları ilə bağlı ciddi tənqidi yazılar dərc etdik. Bunlar isə o zamana qədər yerli mətbuatda görünməyən hallar idi. Sən demə naziri, komitə sədrini, icra hakimiyyəti başçısını da haqlı tənqid etmək olardı. Həmin yazılar ictimai rəydə də ünvanımıza xoş sözlər gətirdi. Məmur-mətbuat müstəvisində baş verən qalmaqallarda, söz-söhbətlərdə də muxtar respublikanın başçısı birmənalı şəkildə qələm sahiblərini müdafiə edir. Təki yazı obyektivliyə və gerçək faktlara söykənsin. Mənim dərk etdiyim qənaətlərdən birisi də ondan ibarətdir ki, qəzetin, kütləvi informasiya vasitəsinin arxası, dayağı olanda onun şəkis, cəsarəti, mübarizliyi də xeyli artır.

Onun yerli mətbuatın inkişafı sahəsində xidmətləri bunlarla bitmir. “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” imzaladığı 26 mart 2000-ci il tarixli sərəncamı region mətbuatının inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Həmin sərəncamın icrası ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən qəzet redaksiyalarının maddi texniki bazaları xeyli gücləndirildi, onların hər biri müasir informasiya texnologiyaları ilə təmin edildi. Bu qayğı və diqqətdən “Şərq qapısı” qəzetinə daha çox pay düşdü. İlk növbədə redaksiyanın yerləşdiyi bina əsaslı təmir olunaraq yenidən quruldu, qəzetin tirajı və dövriyyəsi getdikcə artdı. O, həftədə 5 dəfə nəşr olunan mətbu orqanına çevrildi. Rayon qəzetlərinin  isə həftədə bir dəfə nəşrinə nail olundu. Şərur rayonunda nəşr olunan yerli qəzet üçün müasir bina inşa olundu. Şahbuz, Kəngərli, Ordubad rayonlarında da bu istiqamətdə bir sıra tədbirlər həyata keçirildi. “Əcəmi” nəşriyyat-poliqrafiya birliyinin yaradılması, onun yeni çap texnologiyaları ilə təmin olunması burada kitab, buklet nəşrinin həyata keçirilməsinə imkan yaratdı. Hər il onlarla müəllifin kitabları bu müəssisədə işıq üzü gördü. AMEA-nın Naxçıvan Bölməsində, Naxçıvan Dövlət Universitetində, Naxçıvan Müəllimlər İnstitutunda “Tusi”, “Qeyrət”, “Məktəb” nəşriyyatları da fəaliyyətə başladı. “Qızıldağ” mətbəəsi isə özəl sahədə atılan ilk addım oldu.

2005-ci ilin iyulunda “Şərq qapısı” qəzetinin fəaliyyətinin daha da yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Ali Məclis Sədrinin imzaladığı sərəncam da mətbuata göstərilən qayğının özgə bir nümunəsi oldu. Bu dəfə qəzet əməkdaşlarının sosial müdafiəsi diqqət mərkəzinə çəkildi. Az sonra, muxtar respublikanın “Əməkdar jurnalisti” fəxri adı təsis olundu, son dörd il ərzində on nəfərdən artıq qələm sahibi bu ada layiq görülüb. Onların arasında Rusiyanın tanınmış yazıçı-jurnalisti Rudolf İvanov da var. Azərbaycanın tanınmış qələm sahibləri olan Abdulla Qurbani, Mehriban Ələkbərzadə və Sadıq Elcanlıya isə “Naxçıvan MR-in əməkdar incəsənət xadimi” fəxri adı verilib.

Parlament seçkilərində mətbuat işçilərindən iki nəfərin muxtar respublikanın qanunverici hakimiyyət orqanına üzv seçilməsi də bu sahəyə göstərilən qayğının daha bir nümunəsi oldu. NDU-da jurnalistika ixtisasının açılması, Naxçıvan Mətbuat Şurasının yaradılması da görülən işlər sırasındadır. Ötən illərdə ölkəmizin fəxri adlarını alan qələm sahibləri də az olmayıb. Nurəddin Babayev və Səxavət Kəngərli isə Prezident təqaüdünə layiq görülüblər.

Görülən işlər, həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Üç il bundan əvvəl isə “Şərq qapısı”nın abunəsi 6 min 300 nüsxəyə çatdırıldı. Onun 800 ədədi Azərbaycanın digər bölgələrində yayılırdı. Bu Naxçıvan mətbuatının mövcud olduğu 88 il ərzində qazandığı ən böyük uğur olub.

Müsbət ənənələr bu gün də yaşadılır. Cari ildə ölkəmizdə anoloqu olmayan nəşriyyat-redaksiya kompleksi də burada istifadəyə veriləcək. Bunun üçün zirzəmi qatı ilə birlikdə 4 mərtəbədən ibarət olan müasir tipli obyekt inşa olunur.  Binanın 3 mərtəbəsi “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin ixtiyarına veriləcək. Burada Almaniya mənşəli çap avadanlıqları quraşdırılacaqdır. Nəşriyyatın direktoru Rəfael Babayevin sözlərinə görə, yeni qəzet sexində qurulan “ “KBA Rapida-75” markalı ofset maşını, cild sexində kitab və jurnal vərəqlərini avtomatik yığıb-bükərək hazır məhsula çevirən poliqrafiya avadanlıqları, eləcə də yeni forma köçürmə qurğuları quraşdırılacaq ki, bunlar da, dünyanın ən böyük modern mətbəələrində istifadə olunan texnologiyalardır. Nəticədə, iqtisadi blokada şəraitində yaşayan regionda da ən müasir standartlar əsasında çap məhsulları hazırlanacaqdır.

Müasir standartlar əsasında qurulan bu obyektdə “Şərq qapısı” qəzeti üçün 14 iş otağı ayrılıb. Hər bir əməkdaş informasiya texnologiyalarından normal istifadə edə biləcək. 50 nəfərlik iclas zalı da mətbuat işçilərinin ixtiyarına veriləcək. Binanın birinci mərtəbəsində yeməkxana da fəaliyyət göstərəcəkdir. Onu da qeyd edək ki, burada rayon qəzetlərinin də rəngli nəşri nəzərdə tutulub. Halbuki Türkiyənin, İranın yaxın vilayət mərkəzlərində də hələ ki, bu cür modern tipli nəşriyyatlar yoxdur.

Əlbəttə, mətbuat dövrün, zamanın salnaməsi və güzgüsüdür. Ali Məclis Sədrinin sözləri ilə desək, mətbuat bu günümüzlə gələcək arasında həm də mənəvi bir körpüdür, bağlılıqdır. Heç şübhə yoxdur ki, gələcəkdə Naxçıvan Muxtar Respublikasının bu günkü inkişafı və sosiai-iqtisadi həyatı ilə maraqlanmaq istəyənlər də ilk növbədə arxivlərdə, kitabxanalarda yerli həyatın salnaməsi olan qəzetlərin səhifələrini vərəqləməli olacaqlar. Onu da qeyd edək ki, bu gün muxtar respublikada “Şərq qapısı” qəzeti ilə yanaşı, 7 rayon(şəhər) qəzeti və “Naxçıvan” adlı elmi, ədəbi və publisistik jurnal nəşr olunur.

Region mətbuatının inkişafı sahəsində həyata keçirilən tədbirlər, qazanılan uğurlar isə bir başa Muxtar Respublika Ali Məclisi Sədrinin adı ilə bağlıdır. Onun “Mətbuatın dostu” adına layiq görülməsi də bu mənada başadüşüləndir.

 

 

Məmməd MƏMMƏDOV,

Naxçıvan MR Ali Məclisinin deputatı,

tarix elmləri namizədi,

əməkdar jurnalist

 

525-ci qəzet.- 2010.- 2 fevral.- S.2.