Xankəndi – Azərbaycanın mirvari şəhəri

 

Tanınmış Azərbaycan şəhəri Xankəndi bölgəmizin gənc şəhərlərindən sayılır. 5 minillik tarixi olan Naxçıvan, 3 minillik tarixi olan Gəncə, 2 minillik tarixləri olan Bakı, Bərdə ilə müqayisədə Xankəndinin 250 illik tarixi əlbəttə çox az hesab edilir.

Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlıqlarının başçılarının – xanların istirahəti üçün yaşayış məskəni kimi salınır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə, Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana vədigərilərinə yaxın olması da əsas götürülüb. Belə ki, yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı.

İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.

Qeyd edilməlidir ki, Azərbaycanın İsmayıllı rayonunun ərazisində də Xankəndi adlanan yaşayış məntəqəsi var. Araşdırmalar onun da o regionun xanları tərəfindən salındığını sübut edir. Digər tərəfdən ölkəmizin 19 rayon ərazisində Xan adı ilə başlayan 26 yaşayış məntəqəsi vardır. (Xanabaq, Xanbulaq, Xankeçən, Xanagah və s.) Elə Xankəndinin yerləşdiyi Əskəran rayonu inzibati dairəsinə Xan adı ilə başlayan 2 kənd – Xanadrax və Xansk daxildir. Həmin inzibati dairəyə daxil olan 53 kəndin 39 min adı isə təmiz Azərbaycan adıdır. Xan adlı iki kənd də – Xanlıqpəyə və Xanalı Qarabağ xanlığının mərkəzi olan Şuşa rayonunun inzibati ərazisində yerləşir.

Qarabağ xanlığını zorən Rusiya imperiyasına birləşdirən 1813-cü il Gülüstan müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşmışdı. Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələrə olduğu kimi, Xankəndinin də taleyinə ciddi təsir edir. Əvvəlki həyat tərzi dağıdılır, Azərbaycan cəmiyyəti üçün ənənəvi olan sülalələr bölgüsü qadağan edilir, hər şey imperiyanın maraqlarına tabe etdirilir.

Eyni zamanda keçmiş xanlıq ərazisində tez-tez baş verən üsyanların qarşısını almaq üçün bütün ərazi boyu hərbi hissələr yerləşdirilməyə başlayır. Onların biri də Xankəndində yerləşdirilir.

Yer hərbi hissə üçün çox əlverişli idi. Bir tərəfdən çara tabe olmaq istəməyən Şuşanı və ətrafdakı xeyli Azərbaycan məskənlərini nəzarətdə saxlamaq mümkün idi. Digər tərəfdən, Xankəndiyə İrandan köçürülən və rus hərbi bazalarında onlara qulluq edəcək erməni ailələrini yerləşdirmək planı var idi.

Çar çinovniklərinə digər bölgələrdə olmasa da, Xankəndində etnik proporsiyanı müəyyən qədər pozmaq mümkün oldu. 1813-ci ildə Xankəndində heç bir erməni və rus ailəsi yaşamasa da, artıq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi var idi.

Rusiya işğalından dərhal sonra orada çar ordusunun Qafqaz süvari diviziyasının qərargahı və kazarmaları yerləşdirildi. Ermənilər və rus zabitləri yaşayış məskənini “ştab” adlandırsalar da, 1847-ci il çar Rusiya xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşür.

Çar işğalından sonra böyüyən Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürülən ermənilər yerləşdirilir, etibar doğurduqlarına görə çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin edilirdilər. 1900-cu ildə Xankəndində artıq 3 min əhali yaşayır, hətta ikisinifli məktəb də fəliyyət göstərirdi. Şəhərdə 1-ci Sujeno-Vladiqafqaz Tersk kazak qoşun postu yerləşdirilir.

Məqsədli yeridilən etnik siyasət nəticəsində ötən əsrin əvvəllərində Xankəndində erməni və rus əhalisinin sayı xeyli artır. Ancaq bununla belə şəhərdə xeyli sayda xan nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayırdılar. Məqsədli təcrid siyasətinə baxmayaraq onlar Xankəndində ciddi söz sahibi idilər və hakimiyyət onlarla hesablaşmalı olurdular.

1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndindən də yan ötmədi . XIX əsrdə tarixi Azərbaycan dövləti olan İrəvan xanlığı torpaqlarına yerləşdirilmiş İran erməniləri orada Ermənistan dövləti elan etdilər. Bununla kifayətlənməyən erməni millətçiləri Azərbaycanın Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, ümumilikdə bütün Azərbaycan torpaqlarına iddia etməyə başladılar. Bunun üçün erməni hərbi birləşmələri həmin bölgələrdəki azərbaycanlılar yaşayan şəhər və kəndlərə hücum edir, dinc insanları qətliam edirdilər. Bakı, Şamaxı, Quba, Göyçay, Göyçə, Zəngəzur qırğınlarına aid arxiv sənədləri indi də durur.

Həmin dövrdə qanlı qarşıdurmalar eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, o cümlədən Xankəndində də baş verirdi. Erməni millətçiləri vaxtilə qulluq etdikləri Xankəndində yerləşən çar ordusu hərbi hissəsinin imkanlarından da geniş istifadə edirdilər. Sonradan 1992-ci il fevralın 26-da onlar bu metodu təkrarlayaraq Stepanakertdə yerləşən dağılan Sovet Ordusunun 366-cı polkundan istifadə edərək Xocalı soyqırımını törətdilər.

1918-1920-ci illərdə müstəqil Azərbaycanın Cümhuriyyəti hökumətinin apardığı siyasət və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində erməni millətçilərinin Dağlıq Qarabağ və Xankəndi iddialarını dəf etmək mümkün oldu.

1921-ci ildə Xankəndi qəsəbəsində 85 təsərrüfatda 398 azərbaycanlı, 226 təsərrüfatda 981 erməni yaşayırdı. Sovet hakimiyyəti illərində erməni millətçi dairələrinin Azərbaycan torpaqları iddiası Lenin, Stalin və Orconikidzenin dəstəyi ilə yeni forma almağa başladı. Buna 1920-ci ildə Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi olmuş erməni Anostas Mikoyanın və 1921-1925-ci illərdə həmin vəzifəni tutmuş ermənipərəst bolqar Sergey Kirovun apardığı siyasət də rəvac verdi. Bu siyasət nəticəsində 1923-cü il iyulun 4-də Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi Zaqafqaziya bürosunun iclasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin taleyi məsələsi müzakirə edildi.

Acınacaqlıdır ki, Azərbaycan torpağının taleyini buna müstəsna hüququ olan Azərbaycan xalqı deyil, siyasi təşkilatın büronun 9 nəfər üzvü həll etməyə girişdi. Onların isə 3-ü erməni, 3-ü gürcü, 1-i bölgəyə yad olan bolqar, ancaq biri – Nəriman Nərimanov azərbaycanlı idi. Bu çoxluq isə həmin iclasda bütün qanunları və reallıqlar kənara qoyaraq Dağlıq Qarabağı Ermənistana vermək qərarına gəlir.

Ancaq N.Nərimanovun Moskvaya qəti etirazı bir gün sonra büronun əvvəlki qərarını ləğv edərək bölgəyə muxtariyyət verilməklə Azərbaycanın tərkibində saxlamaq qərarını verməyə məcbur edir. Görünür, Lenin və Stalin artıq İrəvan, Zəngəzur və Göyçəsi əlindən alınmış Azərbaycanın Qarabağ itkisində gərgin situasiyanın yaranacağını nəzərə alırdılar. Həmçinin Azərbaycan rəhbərlərinin kənardan gəlmə 1921-ci ildə A.Mikoyan, 1921-25-ci illərdə isə S.Kirov olmasını respublikanı ikinci Ermənistan kimi qəbul etməsinə şərait yaradırdı.

Beləliklə, RKP MK Zaqafqaziya bürosu Dağlıq Qarabağa mərkəzi Şuşa şəhəri olmaqla Azərbaycan daxilində muxtariyyət verilməsi qərarı verir. Ancaq o dövr Azərbaycan rəhbəri olan ermənipərəst Sergey Kirov və onun ətrafı sırf azərbaycanlı şəhəri olan Şuşada erməni muxtariyyətini qurmağın çətin olacağını dərk edirdilər. Nəzərə almaq lazımdır ki, Zaqafqaziya bürosunun adıçəkilən hər iki iclasında Azərbaycan rəhbəri S.Kirov Dağlıq Qarabağın Ermənistana verilməsi variantını müdafiə edirdi.

7 iyul 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar vilayətinin təşkil edilməsi barədə qərar qəbul edir. Vilayətin erməniləşdirilməsi məqsədi ilə vilayət mərkəzi büronun qərarının əleyhinə olaraq Şuşa deyil, əhalisinin yarıya qədəri erməni sakini olan Xankəndi götürülür.

Maraqlı məqamlardan biri də ermənipərəst Kirovun dəstəyi ilə qısa bir zamandan sonra Xankəndinin adının dəyişdirilməsidir. 6 oktyabr 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə DQMV-nin erməni əhalisinin müraciəti nəzərə alınaraq Xankəndi qəsəbəsinin adı dəyişdirilərək Stepanakert adlandırıldı. Nəyə görı bütün vilayət əhalisinin deyil, ancaq erməni əhalisinin müraciətinin nəzərə alınması sualına isə cavab yoxdur.

Bu zaman Stepan Şaumyanın Azərbaycana 1914-cü ildə gələrək 1918-ci ildə yoxa çıxdığı, 1917-1918-ci illərdə Azərbaycan xalqına qarşı qətliamın təşkilatçısı olduğu, onun Dağlıq Qarabağla, konkret olaraq Xankəndi ilə heç bir əlaqəsi olmadığı respublikanın o vaxtkı rəhbərliyini qətiyyən maraqlandırmırdı. Elə indi də erməni işğalçılarının işğal altında olan Xankəndini bolşevik və qətliam törədicisi Şaumyanın adı ilə Stepanakert adlandırması onların əsl mahiyyətindən xəbər verir.

Avstriyalı tarix professoru Erix Fayql 2006-cı ildə bildirmişdi: “Xankəndi və Şuşa simvoldurlar. Xankəndinin tarixi Azərbaycanın yüksək mədəniyyətinin göstəricisidir. Bu gün tarix saxtakarları Xankəndini Azərbaycan xalqına qarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın adı ilə çağırırlar”.

Ancaq bütün sovet dövründə Azərbaycan ictimaiyyəti şəhəri qeyri-rəsmi olaraq Xankəndi adlandırmaqda davam edirdi.

Sonralar tarix sübut etdi ki, Moskvanın məqsədi Azərbaycanın ərazi bütövlüyünü qorumaq yox, onun içərisində erməni millətçiliyinin dayağı olaraq respublikaya daim problem yaradacaq mərkəzin yaradılması idi. DQMB yaradılandan SSRİ dağılanadək nəinki Xankəndinin, hətta irili-xırdalı bütün təşkilatların rəhbərləri ancaq erməni millətindən olan şəxslər təyin edilirdilər.

Regionun və şəhərin tarixi, mədəni ənənələri və etnik tərkibi bir kənara atılaraq ancaq erməni xətti qabardılmağa çalışılırdı. Məsələn, 1926-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Levon Mirzoyan (o, 1926-1929-cu illərdə respublikaya rəhbərlik edib) Xankəndinin baş planının tərtib edilməsi üçün Ermənistandan Azərbaycana Aleksandr Tamanyan adlı arxitektor dəvət edir. Bu o Mirzoyandır ki, hakimiyyətinin axırıncı ilində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasındakı Mığrı rayonu (ermənilər ora sonradan Meqri adı verdilər) Ermənistana verildi və bununla da Naxçıvan anklava çevrildi.

A.Tamanyan region üçün yad adam idi. O ancaq 1923-cü ildə 46 yaşında doğulduğu və həmişə yaşadığı Rusiyadan İrəvana köçərək Ermənistan Xalq Komissarları Sovetinin baş mühəndisi təyin edilir. Həm İrəvanda, həm Bakıda Avropa səviyyəsində tanınan xeyli sayda yerli azərbaycanlı arxitektorların olmasına baxmayaraq qədim Azərbaycan şəhərlərinin baş planının hazırlanması məhz ona tapşırılır. O, 1924-cü ildə İrəvanın(sonradan ermənilər oranı Yerevan adlandırdılar), 1927-ci ildə Bəyazidin, 1925-ci ildə Gümrünün (sonradan ermənilər oranı Leninakan adlandırdılar) 1927-28-ci ildə Üçmüəzzənin (sonradan ermənilər oranı Eçmiadzin adlandırdılar) baş planını hazırlayır. Bununla da Ermənistana verilmiş bu Azərbaycan şəhərlərinin şərq arxitekturası, əsrlərdən gələn inkişaf xətti və mədəni siması itirilir .

A.Tamanyanın təklifi və Azərbaycanın rəhbəri L.Mirzoyanın razılığı ilə1926-cı ildə Xankəndinin baş planı qəbul edilir. Onun planı isə Qarabağ şəhərsalma mədəniyyəti ilə tam ziddiyyət təşkil edirdi.

Maraqlıdır ki, A.Tamanyanın nəvəsi və adaşı Aleksandr Tamanyan 1988-ci ildən başlayan Qarabağ erməni icmasının separatizm hərəkatında fəal iştirak etmişdir.

Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə o, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayır. Bu zaman bu işə daima Azərbaycanın ümumi respublika resurslarından böyük dəstək verilir. Bu səbəbdən də onun bütün sahələr üzrə inkişafı digər Azərbaycan şəhərlərindən daha sürətlə getməyə başlayır.

Bu, böyüməkdə olan şəhərin əhali artımında da özünü bariz göstərməyə başlayır. 1939-cu ildə şəhərdə 10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə 60 min əhali yaşamağa başlayır.

Bu rəqəmlər Dağlıq Qarabağ regionunun sosial inkişafdan geri qalması barədə erməni millətçilərin 1988-ci ildə ortaya atdıqları iddianı tamamilə rədd edir. Çünki hər 20 ilə əhalisinin sayının iki dəfə artması istənilən əyalət şəhəri üçün böyük inkişaf göstəricisi idi.

Artan əhali üçün nəinki mənzillər tikilir və müvafiq sosial və kommunal infrastruktur yaradılırdı, eyni zamanda onlar üçün iş yerləri olacaq müasir müəssisələr tikilirdi. Eyni zamanda bu, təkcə Xankəndi üçün deyil, bütün Dağlıq Qarabağ üçün xarakterik idi. Yada salmaq düzgün olardı ki, bütün bunlar Dağlıq Qarabağ Muxtar Vilayətinin deyil, onilliklərlə Azərbaycanın maliyyə-texniki resursları və iradəsi hesabına yaradılırdı.

Xankəndində tikilmiş müəssisələr keçmiş muxtar vilayətin sənaye məhsulunun yarısından çoxunu buraxırdı. Sovet dövrünün axırına Xankəndində bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının, asfalt-beton zavodunun məhsulları Azərbaycanın daxili bazarında özünə müştəri tapırdı.

Heydər Əliyev dönəmində dəmiryol xətti Xankəndinə qədər çəkilmiş, şəhərdə müasir dəmiryol stansiyası inşa edilmişdi.

Bu müəssisələrin bir çoxu Heydər Əliyevin birinci hakimiyyəti dövründə tikilmiş,on minlərlə yerli sakin yüksək əməkhaqqı, mənzil və digər sosial dəstəklə təmin edilmişdi. İqtisadi sahədəki inkişaf humanitar sahəyə də öz təsirini göstərmişdi. Şəhərdə sovxoz-texnikum, tibb və musiqi məktəbləri fəaliyyət göstərmişdir. 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xankəndi filialı açılmışdır. 1973-cü ildə filial o dövr Azərbaycan rəhbəri Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə müstəqil Pedaqoji İnstituta çevrilmiş, onun erməni, Azərbaycan və rus bölmələri daha geniş çərçivədə fəaliyyət göstərmişdir.

Şəhərdə Tarix-Diyarşünaslıq Muzeyi açılmış, Dram Teatrı fəaliyyət göstərmişdir. Şəhərin arxitektura siması vilayət mərkəzi statusuna uyğun gücləndirilmişdir. 1960-cı ildə o dövrün məşhur arxitektoru Q.Məcidovun layihəsi əsasında mərkəzi Lenin meydanı olmaqla vilayət partiya komitəsinin binası istifadəyə verilmiş, 1972-ci ildə arxitektor N.Kəngərlinin layihəsi əsasında vilayət icraiyyə komitəsinin binası tikilmişdir. Hal-hazırda arxitektor Məcidovun layihələndirdiyi binada separatçı rejimin administrasiyası yerləşir, mərkəzi meydanında isə vaxtaşırı erməni millətçilərinin Azərbaycan əleyhinə mitinqləri keçirilir.

Xankəndi Azərbaycanın Milli qəhrəmanları Nizami Məmmədov və Şirin Mirzəyev, respublikanın Xalq artisti Fəxrəddin Manafovun vətənidir. Qonşu Ermənistanın keçmiş başçısı Robert Köçəryan və indiki prezidenti Serj Sarkisyan və Rusiya Elmlər Akademiyasının müxbir üzvü, atom energetikası üzrə alim Armen Abaqyan da bu şəhərdə doğulublar.

Xankəndi adı bu gün dünya gəmiçiliyində də tanınır. Ötən ilin dekabrın 24-də Türkiyənin məşhur “Palmali” şirkətlər qrupunun sifarişi ilə “Xankəndi” tankeri hazırlanaraq suya buraxılıb. 142, 98 metr uzunluğu, 21,7 metr enli, yük tutumu 14 min ton olan gəmi dünya sularında kimya sənayesi məhsulları daşımaq üçün nəzərdə tutulub.

1967-ci ildə Xankəndinin yaxınlığında Əskəran rayonu ərazisində heykəltaraş Çərkis Baqdasaryanın “Biz və bizim dağlar” adlı abidəsi açıldı. Qısa zamanda heykəl kompleksi məşhurlaşdı və hal-hazırda Azərbaycan mədəni irsinin ayrılmaz hissəsidir. Əsərin erməni əsilli müəllif tərəfindən yaradılması heç də onu Ermənistanın mədəni sərvəti hesab etməyə imkan vermir. Çünki, əsər Azərbaycanın büdcəsindən ayrılan vəsait ilə Azərbaycan vətəndaşı tərəfindən Azərbaycan ərazisində yaradılıb. Dünyanın hər yerində bütün sənət əsərləri yerləşdiyi ölkənin sərvəti sayılır.

Bu gün fəxr yerimiz Xankəndi şəhəri Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. Ermənistan işğalına qədər orda yaşayan 17 minə qədər azərbaycanlı sakin şəhərdə erməni separatizmilə bacardıqları qədər mübarizə aparmışlar. Bu çətin mübarizə bir çox hallarda çox saylı itkilərlə müşayiət olunurdu. Erməni millətçilərinin əvvəldən ciddi hazırlığı və Moskva tərəfindən hərtərəfli dəstəyi şəhərin Ermənistanın nəzarəti altına keçməsinə səbəb oldu. Axırıncı azərbaycanlılar 1991-ci ilin dekabrında tərk etməli oldular. Bu gün xankəndililər respublikamızın bütün bölgələrində qaçqın həyatı yaşayırlar.

Bununla belə respublikamızın ərazi bütövlüyü uğrunda əzmi qırılmazdır. Dağlıq Qarabağın və digər işğal edilmiş ərazimizin işğaldan azad olacağı gün isə heç də uzaqda deyildir. Bunu bizdən xalqımızın dəyərli tarixi və onun görkəmli oğullarının ruhu tələb edir.

 

 

Aydın MİRZƏZADƏ,

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı,

siyasi elmlər namizədi

 

525-ci qəzet.- 2010.- 16 fevral.- S.6.