Rafiq Şamiloğlunun yurd hekayəti

 

VƏ YA “BƏLALI DÜNYA” ROMANI HAQQINDA DÜŞÜNCƏLƏR

 

Həyat həqiqətlərindən bəhs edən hekayələri, povest romanları ilə tanınan istedadlı qələm sahibi, yazıçı Rafiq Şamiloğlunun nəsr nümunələrini həmişə həvəslə oxumuşam. Onun yaradıcılığındakı təbiilik səmimiyyət, həyatilik inandırıcılıq, hadisələrə həssas yanaşma məni bir oxucu kimi qane edib, razı salıb. Sadaladığım bu məziyyətlər, yəqin ki, yazıçının öz təbiətindən, düşüncə tərzindən, həyata baxışından, xarakterindəki digər müsbət cəhətlərdən – onun sadəliyindən, xeyirxahlığından, yanımcıllığından, dünyagörüşünün, təxəyyülünün zənginliyindən, ən başlıcası isə qəlbini alovlandıran yurd sevgisindən qaynaqlanır.

Rafiq Şamiloğlu əslən şuşalıdır. Əsrarəngiz gözəlliyini, heyf ki, indi gözümüzlə görə bilmədiyimiz Şuşanın süqutu, yağılar güdazına getməsi onun da ürəyini göyüm-göyüm göynədir. Axı, sağalmaz yaramız hələ inildəyir, damarlarımızda qan donur, gözümüzdə yaş. İşğal olunmuş digər yurd yerlərimiz kimi, Qarabağın tacı olan, qoynu tər bənövşəli Şuşamızın da çox tələsən, vaxtsız gələn payızı yamanca uzanıb. Onun bu küskün halətinə Cıdır düzü, Topxana meşəsi yas saxlayır, elatı köç etmiş yurdun can məlhəmi olan sərin bulaqları daha əvvəlki tək çağlamır. Deyirlər, Vətən dərdindən yazmaq hər kəsin işi deyil. Rafiq müəllim özündə təpər, güc taparaq, bu yaxınlarda işıq üzü görmüş “Bəlalı dünya” ( Bakı, “Şur” nəşriyyatı, 2009 ) romanında erməni millətçilərinin onların havadarlarının fitnəsi, işğalçılıq siyasəti nəticəsində öz doğma torpağında qaçqına, məcburi köçkünə çevrilmiş soydaşlarımızın ağır, nisgilli taleyini qələmə alıb.

Tarixi mövzuda yazılmış bu əsərdə müəllif hələ XX əsrin əvvəllərindən erməniləri qışqırdıb üstümüzə salan, qətl-qarətlərə, milli zəmində talanlara, soyqırımı aktlarına rəvac verən rus imperiyasının məkrli xislətini, üzünü açır. R.Şamiloğlu qanlı hərb qovğalarına düçar olmuş insanların talelərini izləməklə, faciənin böyüklüyünü, miqyasını qabartmaqla baş verən olayların tarixi köklərini, bu xəyanətlərin, xalqımızın başına gətirilən müsibətlərin haradan qaynaqlandığını araşdırmağa çalışıb.

Qələm sahibinin ovqatı elə-obaya bağlı olur, xalqın dərd-sərinə köklənir. Bu əsər üzləşdiyimiz Qarabağ müharibəsinin dəhşətlərinin, qanlı olayların yurduna bağlı yazıçının yaradıcılığında dərin, çalın-çarpaz izlər qoyduğunu bir daha təsdiq edir. “Bəlalı dünya”nın hər bir sətri müəllifin yaşantılarından, ürək çırpıntılarından xəbər verir, qaysaq bağlamayan el-oba dərdindən, itirilən, heç vaxt unudulmayan yurd yerlərimizin nisgilindən söz açır.

Rafiq Şamiloğlu üçün Vətən doğma od-ocaqdan, həyətində bitən tut ağacından, yurdun çöl-çəmənindən, kəhrizli bulaqlarından, ilk bahar sellərindən, kəndindən dünyaya uzanan cığırdan-izdən başlanır.

Haçalanan yollar, qoru külləşmiş ocaqlar, hiyləgər düşmən əli ilə tüstüsü ərşə bülənd olan, dağıdılan doğma kəndlərimizin ah-naləsi – bütün bunlar yazıçını dilə gətirmiş, qələminə güc vermişdir. Əsərin ilk səhifələrində oxuyuruq:

“1992-ci il mayın 13-də camaatı kənddən zorla çıxartdılar, qadınları uşaqları yük maşınlarına doldurdular. Səxavət qapıları qıfıllayıb açarları həyətdəki tut ağacının altında torpağa basdırdı. Son dəfə evlərinə tamaşa etdi. Ona elə gəlirdi ki, sanki ev canlıdır, o da bu ayrılığın uzun olacağını duyur elə indidən xiffət çəkir...

Sonra o, başını qaldırıb tut ağacının iri budaqlarına baxdı, qeyri-ixtiyari ağacın cod qabığına sığal çəkdi. Tut yetişəndə gündə neçə dəfə ağaca dırmaşdığını xatırladı, uşaqlığının izlərini axtardı.

Kədər bütün varlığına hakim kəsilmişdi. Bu ağır kədər yükü göz yaşlarına çevrilib axmasaydı, ürəyi buna, bəlkə , tab gətirməzdi.

Onun hər ayağından elə bil daş asılmışdı. Doğma ocağını, əzizlərinin ruhu gəzən bu ev-eşiyi, bu torpağı necə tərk etsin

Gətirdiyimiz misal adıçəkilən romanın ən yaddaqalan səhnələrindəndir. Yazıçı öz yurdunda qaçqına çevrilmiş insanın iztirablarını, psixoloji durumunu, keçirdiyi halətini, hiss-həyəcanını ustalıqla, inandırıcı boyalarla əks etdirib.

Sən demə, itirilmiş yurd yerlərimizin qürbət ömrü, bu köç, bu ayrılıq bir ayın, bir ilin, heç on ilin ayrılığı deyilmiş. Bu oyun, bu siyasət dünyanı əllərində oyuncağa çevirən böyük dövlətlərin hiyləgər oyunu imiş.

Təbii sərvətləri, zənginliyi ilə həmişə göz qamaşdıran məmləkətimizə yağılar zaman-zaman sahib çıxmaq istəyiblər. Qarabağımıza göz dikən xain ermənilər yeni qovğalara, ölüm saçan davaya başlayanda igid oğul qızlarımız silaha sarılıb, gavurlara qan uddurub, Vətən naminə döyüşüblər, öldürüblər, ölüblər. Torpaqlarımıza şəhid qanı səpələnib.

Bu nəsr nümunəsi ilə yazıçı ulu babalarımızın, döyüşkən ərlərin qan yaddaşına üz tutur, “Ata yurdu müqəddəs əmanətdir. Onu necə qoruyursan, öz ömrünlə onun ömrünə calayırsankimi suallara oxucu ilə birgə cavab tapmaq istəyir.

“Bəlalı dünya” romanı erməni millətçiləri, çörəyi dizinin üstündə olan, yüz arxın suyunu bir-birinə calayan avantürist qonşuların torpaq iddialarına hədyanlarına tutarlı bir cavabdır. Əsəri oxuyan hər kəs bir daha hiss edir ki, rus imperiyasının uzun illər sürən əsarəti dövründə tariximiz təhrif olunub, dilimiz dinimiz, zəngin mənəvi dəyərlərimiz yasaq edilib.

Əsərin dili sadə, oxunaqlı, rəvan axıcıdır. Romanda xalq deyimləri, frazeoloji ifadələr yerli-yerində işlədilib. Yazıçı danışıq tərzi, həyata baxışı ilə bir birindən fərqlənən Zərcan, Mərdan, Səxavət, Səkinə, Məşədi İsmayıl, Bilal, Həsi kişi, Fərzalı bəy, Xəlil kimi rəngarəng obrazlar qalereyası yaradıb. R.Şamiloğlu qanlı hərb qovğalarına düçar olmuş bu insanların talelərini izləməklə, faciənin böyüklüyünü, miqyasını qabartmaqla baş verən olayların tarixi köklərini, bu xəyanətlərin, xalqımızın başına gətirilən müsibətlərin haradan qaynaqlandığını araşdırıb.

Xalqın şovinist, daşnak xislətli ermənilərə qarşı apardığı mübarizə, könüllülərdən ibarət dəstələrin fitnəkar düşmənin qəfil hücumlarına, həmlələrinə sinə gərməsi, onların türk torpaqlarını işğal etmək hesabına öz ərazilərini genişləndirmək niyyətinin qarşısına sipər çəkməsi, Azərbaycanın xalq qəhrəmanları Xosrov bəy qardaşı Sultan bəyin başçılıq etdiyi partizan dəstələrinin, Azərbaycan Xalq Cümhuriyyətinin Müdafiə naziri Səməd bəy Mehmandarovun, türk sərkərdələri qəhrəman Nuru Paşanın, Ənvər Paşanın Qarabağa göndərdiyi əlavə hərbi qüvvələrin igidliyi hünəri əsərdə epik boyalarla, sənədli faktlara əsaslanmaqla əks etdirilib.

Bu günlərdə 70 yaşı tamam olan, müdriklik çağını yaşayan yazıçını əlamətdar yubileyi münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram. Bir daha qeyd edim ki, onun “Bəlalı dünya” romanı əsl vətəndaş kitabıdır. Bu yurd hekayəti elə bütövlükdə Vətən haqqında dastandır.

Xalqı özünə qaytaracaq, ona milli kimliyini xatırladacaq belə əsərlərə hava, su kimi ehtiyac, zərurət var. “Bəlalı dünya” romanı erməni yalanlarını, saxtakarlığını üzə çıxaran, milli haqlarımızın dərkinə kömək edən bir bədii nümunə kimi çağdaş Azərbaycan nəsrinin uğuru sayıla bilər.

R.Sabiroğlunun bu əsəri yaddaşsızlıq unutqanlıqdan yaxa qurtarmağa, bizə nəsib olan müstəqilliyin dəyərini bilməyə, düşmənə qarşı amansız mübarizəyə bir çağırış, haraydır.

Təki duyumumuz, fəhmimiz korşalmasın. Əsirlikdə qalan torpaqlarımızdan düşmənin çıxarılacağı gün isə Zəfər günü olacaq!

 

 

Zemfira MƏHƏRRƏMLİ,

yazıçı-publisist

 

525-ci qəzet.- 2010.- 17 fevral.- S.7.