Rəssam Elçin Hami AxundovlaZiyalı ünsiyyəti

 

“Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyində “Ziyalı ünsiyyəti” çərçivəsində növbəti görüş multiplikator-rəssam Elçin Hami Axundov ilə keçirilib. Birliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan fəlsəfə elmləri doktoru, professor Rəfiqə Əzimova incəsənətin multiplikasiya janrının yaşlı nümayəndələrindən olan Elçin Haminin maraqlı yaradıcılıq yolu keçdiyini, sovet multiplikasiyasının öndə gedən məktəblərindən bəhrələndiyini qeyd edib: “Azərbaycanda multiplikasiya janrının inkişafında Elçin Haminin böyük rolu olub”.

Yazıçı Sara Oğuz Elçin Haminin yaradıcılıq yoluna yaxşı bələd olduğunu vurğulayaraq, rəssamın uğurlarından söz açıb.

Tanınmış yazıçı, şair-pedaqoq Zahid Xəlil uşaqlar üçün əsər yaratmağın çox maraqlı olduğunu Elçin Haminin çəkdiyi animasiya filmlərinin böyük uğur qazandığını bildirib.

Multiplikatorun bir çox filmlərinə musiqi yazmış bəstəkar Mobil Babayev bu rəssamla işləməyin böyük zövq mənbəyi olduğunu söyləyib.

Görüşdə yaşlı nəslin nümayəndələri ilə birlikdə rəssamın tələbələri, həmçininZiyareklam poliqrafiya birliyindən Sevda Mikayılqızı, sənətşünas Mirzə Talıbzadə, rəssam Kişvər Vəlizadə, Gürcüstanın Azərbaycandakı səfirliyinin əməkdaşı Zurab Andriadze iştirak edib. 

Tədbirdə animatorun müxtəlif illərdə çəkdiyiÜmid“, “Qızıl”, “Cavanşir”, “Dəniz səyahəti”, “İçərişəhərcizgi filmləri nümayiş etdirilib. Filmlərə tamaşa edən qonaqlar bu ekran əsərlərində qoyulan problemlərin bu gün üçün aktual olduğunu deyiblər.

Rəssam filmlərinin yaranma tarixindən, hazırda Azərbaycanda multiplikasiyanın inkişafı üçün tərtib etdiyi layihədən danışıb, sözügedən layihənin həyata keçirilməsi üçün sponsor dəstəyinə ehtiyac olduğunu vurğulayıb.

Görüşdə həmçinin rəssamın uşaqlar üçün işlədiyi maraqlı interaktiv kitablar, müxtəlif dövrlərdə çəkdiyi plakatlar da təqdim olunub.

Sonda çıxış edən qurumun sədri Solmaz Əmirli belə görüşlərin müntəzəm keçirildiyini deyib, “Ziyalı ünsiyyətinin iştirakçılarına təşəkkürünü bildirib Elçin Hami AxundovaAydınlığa doğruİctimai Birliyi adından xatirə diplomu hədiyyə təqdim edib.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2010.- 20 fevral.- S.26.