Cəfər Cabbarlının Bakıdakı Ev-Muzeyində

 

Geniş çarhovuzlu həyətdə qurumuş, qocaman bir ağac kötüyü dərhal diqqəti cəlb edir. Bu, təsadüfi deyil. Axı onun bu həyətdə “sevimli tut ağacı” kimi hökmranlıq etdiyi vaxtlar olub. Həm də bu tut ağacını adi bağban əkməyib, axı. Onu bu həyətin sahibi – ölməz ədib Cəfər Cabbarlı, düz 82 il bundan qabaq əkib. Bir payız günü bağlanıb onların əhd-peymanı. İlk tumurcuqlarını, pöhrələrini oxşayıb, sevib bəlkə də. Tez-tez sulayıb ki, tez boy atsın. İlk nübarını səbrsizliklə gözləyib. Ancaq bu mehribanlıq uzun sürməyib. Həyətin sahibi – bu tut ağacını əkən insan əhd-peymanına sadiq qala bilməyib. Amansız əcəl bu bağlılığı qırıb. O, həm bu ağacın meyvəsinin, həm də həyatın, sənətin dadından doymadan köçüb dünyadan. Ömrünün baharında vidalaşıb həyatla. Yaratdığı isə tək bu tut ağacı deyildi. İnsanlara bəxş etdikləri içərisində bu tut ağacı həddən artıq cılız görünür. Çünki o, Azərbaycan ədəbiyyatına möhtəşəm əsərlər bəxş edib. O, ədəbiyyatımıza, ədəbi mühitimizə yeni səs, yeni nəfəs gətirib. Beləliklə, bu dəfə böyük Cəfər Cabbarlının Bakıdakı ev-muzeyinin ziyarətçisiyik.

İ.Qutqaşınlı küçəsi 44-də (keçmiş H.Sultanov küçəsi) yerləşən muzey Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ədibin 80 illik yubileyilə əlaqədar açılıb. Elə həmin gün Cəfər Cabbarlı meydanında böyük dramaturqun heykəltəraş M.Mirqasımov tərəfindən yaradılmış möhtəşəm abidəsinin də açılışı olub. Muzey yaranan gündən buraya ədibin qızı Gülarə Cabbarlı rəhbərlik edir. Muzeyin açılışı günü ilk bələdçiliyi elmi işçi Qəmər Bağırova (Cəfər Cabbarlının nəvəsi) edib. Mədəniyyət ocağında 8 mindən çox eksponat qorunur. Yeddi otaqdan ibarət muzeydə bizim bələdçimiz muzeyin baş mühafizi Sənubər Əhmədova oldu.

Giriş qapısından içəri keçirik. KİÇİK OTAQda üzbəüz iki divarda dramaturqun müxtəlif illərdə oynanılan əsərlərinin afişaları vurulub.

Ədibin TƏLƏBƏLİK İLLƏRİNİ əks etdirən otaqdayıq. Divarda Xızının ümumi görünüşü, ədibin anadan olduğu ev (1959-cu ildən Xızıdakı ev-muzeyi kimi fəaliyyət göstərir), anasının, bibisinin rəsmləri vurulub. Digər divarda müəllimləri S.S.Axundov və M.Qədir Vüsaqi İsmayılzadənin (Mikayıl Müşfiqin atası) şəkilləri asılıb. Vitrində, istifadə etdiyi dərsliklər, “Molla Nəsrəddin”, “Babayi-Əmir”, “Qurtuluş” kimi məşhur mətbuat orqanlarının (1915-16-cı illər arasında çıxış etdiyi nəşrlər), ailəyə məxsus talonlar, ədibin yubileyləri münasibətilə hazırlanan döş nişanları nümayiş olunur. Divarda Alekseyevski adına məktəbin verdiyi attestatın surəti, “Vəfalı Səriyyə və ya göz yaşları içində gülüş” pyesinin əlyazmasının surəti var. Otağın küncündə anasının istifadə etdiyi qədim satıl, küzələr, nehrə, aftafa-ləyən qoyulub.

KABİNETdə yazıçının qızı Gülarə və oğlu Aydının rəsmləri divardan asılıb. Otaqda iki böyük kitab rəfi var. Rəflərdən birinin üstündə iri neft lampası qoyulub (ədibin yaradıcılığının başlanğıcında elektrik işığı olmadığından əsərlərini əsasən bu lampanın işığında yazıb). Qədim divanın üst tərəfində Cəfər Cabbarlının portreti vurulub. Yazı masasının üstündə yazıçının stolüstü çay dəsti (kiçik çaydan, məcməyi, skəkan-nəlbəki, qaşıq), avtoqələmi, gözlüyü, stolüstü lüğətləri (Rusca-türkcə), məktub açmaq üçün bıçaq, iki mürəkkəbqabı var. Masa ilə üzbəüz, içinə müxtəlif yazı ləvazimatları qoymaq üçün istifadə olunan sandıq, məktəblər, universitetlər, müxtəlif idarələr tərəfindən hədiyyə olunmuş vazalar, divarda yazıçının barelyefi, divarın küncündə kiçik bir neçə rəfdən ibarət kitab şkafı yer alıb. Şkafın içində böyük neft lampası qoyulub.

QONAQ OTAĞIna daxil olan kimi xalçaçı-rəssam Lətif Kərimovun eskizləri əsasında Gəncə xalçaçı qızlarının toxuduğu xalça nəzəri cəlb edir. Mərkəzində Cəfər Cabbarlının portreti olan xalçanın qıraqlarında onun əsərlərinin adları medalyonvari toxunub. Qədim bufetdə ailəyə məxsus yemək dəstləri, qablar saxlanılır (1982-ci ildə ev muzey kimi fəaliyyətə başlayanda ədibin qızı Gülarə xanım qabları muzeyə hədiyyə edib). Servantın yanında kiçik masanın üstündə od samovarı, stəkan yaxalaq üçün dəmir qab var. “Krasnıy Oktyabr Leninqrad” pianosunun üstündə çərçivədə “Sevil” əsərinin üvertürası, Gülarə xanımın piano çalarkən fotorəsmi yer alıb. Pianonun arxasında ailəyə məxsus xalça və xalçanın üstündə musiqi alətləri tar-qaval asılıb. Digər servantda qablar, stəkan dəstləri qoyulub. Üstündə ədibin həyat yoldaşı Sona xanımın gəlinlik güzgüsü və meyvə qabları olan qədimi komod da otaqda yer alıb (komodun üstündə əl işi olan süfrə sərilib, belə kiçik süfrələr bufetlərin içində də var). Komodun arxasında ailəyə məxsus şəkillərlə yanaşı, bir sıra məşhur insanların rəsmləri var. Üçqatlı güzgünün üstündə müxtəlif büllur qablar, o cümlədən Sona xanımın xrustal zinət qabı özünə yer tapıb. Patefon və patefonaltı da bu otaqda qərar tutub (1934-cü ildə Moskvada SSRİ Yazıçılarının I Qurultayında görkəmli yazıçı M.Qorki azərbaycanlı həmkarına val bağışlayıb). Divarda Cəfər Cabbarlının sənət dostları ilə şəkli yer alıb (“Əzizbəyov adına Teatrın yaradıcı heyəti ilə. 1930”). Otağın mərkəzində iri yemək masası və stullar var. Bu masa açılanda adi ölçüsündən üç dəfə böyük olur.

Növbəti, stendlərlə zəngin otaq yazıçının publisistik fəaliyyətini, tərcümə yaradıcılığını əks etdirir. 1920-27-ci illər ərzində o, “Kommunist” qəzetində işləyib. Stenddə 1923-cü ildə həmin qəzetdə işlədiyini təsdiq edən vəsiqə, dostları İ.Hidayətzadə, A.M.Şərifzadə, A.Tuqanovun fotoları, Bakı Teatr Texnixumunda 1924-cü ildə çəkdirdiyi şəkil, I Türkoloji Qurultayda qonaq qismində (1926) iştirakçı biletinin surəti, Azərbaycan yazıçıları ilə birgə rəsmləri, 1934-cü ildə Yazıçılar Birliyinə yazdığı ərizə (üzərində Səməd Vurğunun qəbul haqqında imzası var) yer alıb. Otağın divarından “Pravda” qəzetinin 1934-cü il 1 sentyabr sayının surəti asılıb. Qəzetdə Moskvada Yazıçılar Qurultayında Cabbarlının çıxışı (rəsmi ilə birgə) verilib. Həmin çıxışı yağlı boya ilə Eldar Məmmədov çəkib. “Cəfər Cabbarlı və Mikayıl Müşfiq Xızı dağlarında” rəsmi Hacağa Nəzərovun fırçasının məhsuludur. Divarlardakı digər iki stenddə muzeydə keçirilən görüşlərdən, tədbirlərdən fotoşəkillər yer alıb. Növbəti divar Cəfər Cabbarlının sırf kino fəaliyyətini əks etdirir. M.F.Axundzadənin “Hacı Qara”sı əsasında “Sona” adlı film (1928-ci il) çəkilib (divarda filmdən şəkil var). Vitrində ədibin tərcüməçiliyini əks etdirən kitablar yerləşir. Şillerin “Qaçaqlar”, V.Şekspirin “Hamlet”, M.Qorkinin “Uşaqlıq”, F.Bomarşenin “Fiqaronun toyu”, C.Uelsin “Yeraltı dünya” əsərlərinin dilimizə tərcüməsinin nəşr olunduğu kitablar, 1930-cu ildə “Hamlet”in Türk Bədaye Teatrında keçirilən tamaşasının proqramı və Şekspirin əsərlərinin toplusu vitrində yerləşdirilib. Digər vitrində ədibin müxtəlif dillərdə və fərqli illərdə, kiril, latın əlifbası ilə nəşr olunmuş kitabları qoyulub.

YATAQ OTAĞInda divara vurulan saat ədibin vəfat etdiyi anda dayandırılıb. Sonuncu gün geydiyi gödəkçəsi, şalvarı və Sona xanımın örpəyi asılqandadır. Divarın dibində çarpayı qoyulub (asılqan və çarpayını Qafqaz-İslam Ordusunun komandanı Nuru Paşa hədiyyə edib). Paltar şkafı, Sona xanımın ayaqla işləyən tikiş maşını, güzgü, üstündə yorğan-döşək dəsti olan qədimi dəmir sandıq, miz-masa, qədim xalçalar (biri yerdə, digəri çarpayının arxasında) bir-birilə vəhdət təşkil edir. C.Cabbarlının məzarı üstə çəkilmiş fotoşəkillər divarda yer alıb.

AYNABƏNDdə Cəfər Cabbarlının Vağzal meydanındakı əzəmətli heykəlinin maketi (M.Mirqasımovun əsəri) mərkəzdə qoyulub. Divara bitişik vitrində ədib haqqında yazılmış monoqrafiyalar, tədqiqatlar toplanıb. Məmməd Arifin “Əsrin oğlu”, Bayram Hacıyevin “Cəfər Cabbarlı pyeslərinin səhnə təcəssümü”, “Cəfər Cabbarlı haqqında xatirələr”, Rəhim Əliyevin “Cəfər Cabbarlının yaradıcılığının təkamülü”, Elçinin “Şəxsiyyət və istedad” və digər kitablar, dramaturqun özünün dördcildliyi (ən son nəşr olunan) yer alıb. “Ulduz və ya Trablis müharibəsi”nin afişası, “Solğun çiçəklər”, “Nəsrəddin şah”, “Oqtay Eloğlu”, “Aydın”, “Od gəlini”, “Dönüş”, “Almaz”, “1905-ci ildə” əsərlərinin tamaşalarından fotolar, monoloqlar da bu stenddədir. Müxtəlif illərdə tamaşaya qoyulmuş əsərlərinin proqramlarının surəti (ikisi orijinal, digərləri surət olmaqla, bir neçə dildə), ədibin 1923-cü ildə həbsdə olarkən həyat yoldaşı Sona xanıma yazdığı məktubların surəti (rus dilində) böyük maraq doğurur. Azərbaycan Demokratik Cümhuriyyətinə aid stenddə (1918-1920) “Azərbaycan bayrağına” və “Məhkum Şərqə” şeirləri yer alıb. Cabbarlının yazdığı “Bakı müharibəsi” pyesinin proqramı (1919-cu ildə oynanılıb) və həyat yoldaşına yazdığı növbəti məktub digər divardadır. Bundan başqa Cabbarlının Azərbaycan Parlamentinin əməkdaşları ilə şəkli (1919-cu il) stenddə qərarlaşıb.

Nəhayət, ziyarətin tamamında “Cəfər Cabbarlı və qəhrəmanları” mozaik kompozisiyası göz önündə canlanır.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2010.- 25 fevral.- S.7.