Hər yerdə seçilənlər

 

Qazi dostlarımdan birinin toyunda daha çox bələd olduğumu zənn etdiyim Qarabağ Qazilərinin oynamaları, rəqsləri məni dəhşətə gətirdi. Bir görəydiniz, necə rəqs edirdilər, “tək qıçı üstündə oynayan oğlanlar”. O gecə unudulmuşdu o biri qıçın yoxluğu. Bayaqdan onların ümumi davranışını görəndə baş qaldıran daxili bir məyusluq, artıq məni tərk etmişdi. Ağrı-acılar daha yox olmuşdu bu məclisdən. Bir xəyal qola qoşulub oynayırdı tək qol. Bu gecə başqa bir aləm idi. Əsl “Qazi toyu” idi. Adam elə o toydan çıxıb, bəy, toy paltarında döyüşə, səngərə getmək istəyirdi. O gecə tək ayaqlılar arxalarınca salıb aparırdı cüt ayaqlıları cəbhəyə sarı.

Qazi toyunda olmamısınızsa, çalışın mütləq olun. Fərqli bir mənzərə ilə qarşılaşacaqsınız. Saqqallı gələni kim, çəliyi çəliyə döyəni kim. Gətirilib oturdulanı kim. Sakitcə oturub susanı kim...

 

* * *

 

Elə ilk görünüşdən adamın yadına o ağır, ölümlü-itimli müharibəni xatırladan, qışda qarda tamam fərqli izlər qoyan Qarabağ Qaziləri hər gün aram-aram, dirənə-dirənə, çəliyə, qoltuq ağacına söykənə-söykənə, özününkü sayılan özgə ayaqları yerə basa-basa, səs-küylə bu pilləkənləri qalxırlar. Bu günkü silahlarını otağın küncünə qoyub, hərə özünə münasib bir yer seçir. Bu başqa bir mənzərədi, başqa bir aləmdi. Bu aləmin özü kimi, söhbəti də başqadı.

Harda tribunasız toplantı, zal görsəniz, etirazlara çəpik yox, taqqıltı səsi eşitsəniz, bilin ki, o Qazilər yığıncağıdı-

 

İclas gedir

hamı oturaraq danışır

yerindən qalxan yox,

tribunaya çıxan yox.

Alovlu çıxışlar,

etiraz dolu ittihamlar...

Döşəməni döyəcləyən

tək ayaqlar

küncdə qoltuq ağacları

qar üstünə dağılır

rüzgarın saçları...

 

... Körpəsini qucağına götürə bilməyəni də var. Əlindən tutub apara bilməyəni də. Yerindən qalxa bilməyəni də. Amma hər birinin içində böyük bir ağrılı həvəslə bütün bunları etmək istəyi var. Edib və edə bilməyəcəyinin mümkün və mümkünsüzlüyündən asılı olmayaraq. Bəlkə də gündə neçə kərə gizlincə öz-özünə buna cəhd edəni də var. Hətta bunların nəticəsiz olacağını bilsələr belə. İnsan həmişə hər şeyin ən yaxşısını istəyir. İmkanın, gücün olub-olmaması bunlardan sonra gəlir. Vaxtıilə başqaları üçün çox şeylər etmiş bu adamlar, hətta ən adi sayılan qəzeti özü oxumaq, məktubu özü yazmaq istəyir...

Havanın dəyişəcəyini sinoptik cihazlarından daha dəqiq bilən canlı sinoptiklərə-güdüllərə sığal çəkən Qazilər, “yox baş barmağım, ayağımın altı qaşınır, çeçələ barmağım ağrıyır,.....”-deyib, kəsik, yarımçıq əzələləri ovuşdura-ovuşdura nələr düşünürlər, nələri xatırlayırlar...

Qazilərin duyğularını anlamaq, başa düşmək üçün təkcə ürəyi, hissiyyatı olmaq gərəkdi. Bir də insan sevgisi.

 

lll

 

Hamı kimi onların da arzuları vardı. Gəncliyin xoş, ümid dolu arzuları. Oxumaq, işləmək, ailə qurmaq, xöşbəxt həyat sürmək istəyirdilər.

Qayğısız, dinc həyat arzusundaydılar.

İstəmədikləri müharibəyə çəkdilər onları.

Bu gün tez-tez bir yerə yığılan bu insanların içərisində o vaxtlar subayı da vardı, nişanlısı da, evli olanı da. Oğlu boyca özündən böyük olanı da, bığ yeri tərləməyəni də. Biri-birini tanıyanı da, bəlkə ömrü boyu eyni ölkədə, eyni şəhərdə heç vaxt rastlaşmayacaq kəsləri də.

Onları bir yerə yığan Vətənə, elə, torpağa sevgiləriydi.

Aralarında ömründə Qarabağda olmayan, Vətənin dar gündə olduğunu eşidib, uzaqdan gələni də oldu, Qarabağda doğulanı da, yaşayanı da. O füsunkar yerdə bircə dəfə olanı da.

Bu sayılıb-seçilənlər könüllü getdilər mübaribəyə, Qarabağ savaşına.

“Hər döyüş qələbə döyüşü. Hər atılan güllə sonuncu güllədi”-deyib, döyüşə atılmış bu döyüşçülərin girdikləri sonuncu döyüş, özləri üçün sonuncu oldu. Çox arzularını yarımçıq qoydu, o, sonuncu döyüş.

Yaralandıqlarına peşmançılıq hissi keçirdilər. “Dostlar orda qaldı, döyüş qaldı”, deyib, yenidən döyüşə atılmaq istəyindəydilər. “İndi torpaqlar qaldı” – deyən, Qazilər.

... Bəzisi sevgilisinə daha məktub yaza bilmədi. Bəzisi görüşünə gedə bilmədi, apardılar. Bəzisi səsini eşidə bildi, üzünü görə bilmədi. Eləsi oldu gördü, o xoş sözləri eşidə bilmədi. Amma sevgini, məhəbbəti indi daha həssas olan qəlbləriylə duydular.

 

lll

 

Hamı qüsursuz olmaq istəyir. Onlar da bütün sağlam insanlar kimi yerimək, istədiklərini özləri etmək istəyirlər. Ancaq neyləsinlər ki, bu mümkünsüzdü. İlk günlər utanıblar. Uyğunlaşa bilməyiblər. Çəliyi necə tutmağı bacarmayıblar. Tutmaq istəməyiblər.

Əzab çəkmək, başqasına əzab çəkdirmək. Bu yaşda yenidən uşaqlaşmaq. Bütün bunlar çox ağır, çətin olub onlar üçün. Aradan neçə illər keçməsinə baxmayaraq, hələ də pilləkəni görəndə dizlər əsir. Hərdən ayağın yoxluğu yaddan çıxır. Addım atıb yıxılırlar. Yoxluğu tam şəkildə qəbul edə bilmirlər. Deməli, hələ də tərəddüd, hələ də yoxluğa daxildə bir inkar var. Yaşlı qazilər cavan dərddaşlarına baxıb, “bunlar hələ nə qədər bu cür yaşamalırdılar”-deyib, köks ötürərək başlarını bulayırlar. “Dərdi, dərd çəkəndən yaxşı heç kəs bilməz”, deyiblər.

Bir yerə getmək üçün hər dəfə protezi, corabı geyin, sonra da soyun. Hər dəfə ayağını çıxart. Geyin. Bəzisi əziyyətdən qaçıb geyinmir o, özgə ayağı. Bəzisi yox görüntüdən daha çox utandığından əziyyətə qatlaşmalı olur. Hər dəfə geyinib soyunur. Yox ayağına bir daha baxmaq məcburiyyətində qalır. Bu ağrını yenidən yaşayır. Ölümlə həyat arasındakı məsafəni yaşamış, yaşayan bu insanlar.

Yaşamaq da ağırdı, yaşamaq üçün mübarizə aparmaq da.

Əli, ayağı sağ olanların ailəsini dolandıra bilmədiyi bu zamanda görün onlar nələr cəkirlər. Bir tərəfdən də evdə, ailədə istədiyini edə bilməmək. Etmək imkanında olmamaq. Gizli, daxili bir utanc.

Yaranışından əksiklərə vərdiş etmişlərlə, sonradan, qəfildən, məcburiyyətdən yaranan çatışmamazlıqlarla üzləşənlərin daxili, mənəvi, psixoloji ağrıları tamam fərqlidı. Özünü bu məhrumiyyətlərlə barışdırmaq, yoxluğa məcburi alışdırmaq çox çətindi. Ancaq mümkünsüz deyil.

Qazilər fiziki cəhətdən sağlam cəmiyyətə çıxmaqdan çəkinirlər. Utanırlar. Özlərini pis hiss edirlər. Onlara elə gəlir ki, hamı onlara yazıq kimi baxır. Bunların belə olmadığını özləri də bilirlər. Ancaq bu hissi özlərindən qova bilmirlər. Ona görə də hamıdan uzaqda olmağa çalışırlar. Yalnız özləriylə söhbətləşirlər, dərdləşirlər.

Vaxtıilə cəmiyyətin önündə gedən bu kəslər bu gün tədric olunmuş kimidilər.

Xüsusi münasibət, sayğı, qiymət, yetərincə qayğı, qarşılıqlı münasibət görmədiklərindən incikdilər. Onları əzalarının yoxluğundan çox ağrıdan biganəlikdi.

Qarabağ Qazilərinin baxışlarında, onlar haqqında deyilən ən adi bir xoş sözü eşitməyə daxili ehtiyacın, həsrətin cizgiləri duyulur.

 

lll

 

Hər gün görüşdüyüm, ünsiyyətdə olduğum, hissləri və duyğuları mənə daha doğma olan bu insanlarla söhbətlər özləri qədər maraqlıdı. Başqalarının təəccübünə səbəb olacaq, özlərinə məxsus qəribə zarafatları da var. Qarabağ Qaziləri həyata nikbin, gələcəyə çox böyük ümidlə baxırlar. Sabahkı müharibəyə mənəvi cəhətdən bəlkə də hamıdan daha çox hazırdırlar. Hər biri öz fiziki imkanı daxilində lazımi köməklik göstərməyə, yardım etməyə, təcrübələrini bölüşməyə.

Tək onu bilirəm ki, adamları düşmənin qabağına çıxaracaq, insanları səfərbər edə biləcək, yeganə qüvvədi Qazilər. Kimi onlara qoşulacaq, kiminə qalmaq ayıb gələcək, kimi də utandığından arxalarınca gedəcək.

Torpaqları işğaldan azad etməyə can atan, itirdiklərini, qoyub gəldiklərini görmək istəyiylə yaşayan bu məmləkətin ən hörmət olunası, xoş günlərin əsl layiqliləri-Qarabağ Qaziləri

Haqqınız mübarək.

 

Qazi toyu

 

Bu gün toy qurulub,

toy, Qarabağda,

Qol-qıçlar qışqırır,

oy, Qarabağda.

Bu qazi toyunda,

bu ər toyunda,

rəqs meydanına nidalar qoyan

tək qıçı üstündə

oynayan oğlan,

bu gecə tək qalan qıçın oynayır.

Oturub ortada qara ciyər bəy,

sağdişi ayaqdı, soldişi qoldu,

dağlara dırmanan uzanan yoldu,

sürünə-sürünə barmaqlar gəlir,

atlana-atlana pəncələr gəlir,

qollar rəqs eləyir, qıç təpik çalır,

oynayıb yorulan əl çəpik çalır.

Hərdən halay vurub yallı gedirlər,

bir pəncə ortadan çıxmaq istəmir

qalan barmağından süzülür təri,

sevinc tər içində boğur kədəri...

Şəhid Qarabağda toydu bu gecə .

Bu qazi toyunda, bu ər toyunda,

yerində oynayan süzənindən çox,

yerdən təbrik edən gəzənindən çox,

saqqallı gələni

bəzənəndən çox.

Bu qazi toyunda, bu ər toyunda,

tək əl ovcun döyür çəpik yerinə,

çəliklər səs salır təpik yerinə.

Qazilər oynayır, qazilər indi-

başları üstündə qoltuq ağacı,

yellənir boş, qıçsız şalvar balağı.

Bu qazi toyunda, bu ər toyunda.

Bu gün bəy oturub

bayrağın altda

bu qazi toyunda, bu ər toyunda.

Bu qazi toyunda, bu ər toyunda

qol qalxır, qıç qalxmır oynaya o da,

ötən günlərini sala bir yada.

Dolaşan ruhlar da

oynayır bu gün,

itən arzular da oynayır bu gün,

bu qazi toyunda, bu ər toyunda.

Bu qazi toyunda, bu ər toyunda,

çəngəllər, bıçaqlar əllərdən artıq,

susanı danışan dillərdən artıq. . .

Göylərə ucalan tək qol oynayır

yanında oynayan bir xəyal qolla,

yol gedir, yol gedir

bir kölgə yolla.

Ananın yol çəkən gözləridi bu,

oğluna söz qoşan sözləridi bu.

Səngərdən dağlara

uzanan ağ yol,

sonunda qaliblər dayanan ağ yol,

bu gecə yol gedən tək ayaqlılar

döyüşə səsləyir ayaqlıları

bu qazi toyundan,

bu ər toyundan .

Bu gün toy qurulub,

toy, Qarabağda,

qol-qıçlar qışqırır,

oy, Qarabağda.

 

 

Rəfail TAĞIZADƏ

 

525-ci qəzet.- 2010.- 24 iyul.- S.16.