1 avqust Azərbaycan dili və əlifbası günüdür

 

DİLİN CANLI YADDAŞI  

 

Professor Nizami Cəfərovun portret cizgiləri filoloji araşdırmaları haqqında qeydlər.

 

Bu gün Azərbaycan dili, dil tarixi, dildə gedən proseslər, türkologiya və ədəbiyyatşünaslıq, ümumiyyətlə, filoloji düşüncədən və bu düşüncənin daşıyıcılarından söz düşəndə yalnız iki-üç alimin adını çəkmək olur. Şübhəsiz ki, bu alimlərdən biri AMEA-nın müxbir üzvü,. Onun imzası ötən əsrin 80-ci illərinin ortalarından mətbuatda görünür. Həmin vaxtdan dilçiliyin və ədəbiyyatşünaslığın ən müxtəlif problemlərinə dair ciddi maraq doğuran məqalələrlə çıxış edir. Davamlı ədəbi tənqidlə və publisistika ilə məşğul olur. Ölkədə gedən siyasi proseslərə qatılması şəxsiyyətinə ictimai çalarlar gətirsə də, o, klassik alimlərə xas olan elmi vərdişindən ayrılmadı. Bu gün elmi araşdırmalar və ictimai fəaliyyət estafetini özünəməxsus ləngəri ilə davam etdirən Nizami müəllim parlaq elmi təfəkkürü, publisistikası və ictimai davranışı ilə təkcə türkologiya və ədəbiyyatşünaslığa deyil, həm də humanitar-fəlsəfi düşüncəyə, ictimai-siyasi həyata ciddi impulslar verir. Onu son yarım əsrdə Azərbaycanda humanitar düşüncə sahəsində universal zəkaya malik olan Əli Sultanlı, Mikayıl Rəfili, Məmmədcəfər Cəfərov, Yaşar Qarayev, Məmməd Arif, Əziz Mirəhmədov, Tofiq Hacıyev, Aydın Məmmədov, Kamal Abdulla kimi alimlərlə müqayisə edənlər yanılmırlar. Hər hansı alim, ilk növbədə, düşüncə miqyasına görə tanınır. Bu mənada N.Cəfərov ensiklopedik zəkaya malik alimdir. O, elmi düşüncəsində, ictimai davranışında heç bir məhdudiyyəti, heç bir diqtəni, mənasız qadağaları, çərçivələri qəbul etməyən, yalnız öz ürəyinin hökmü ilə hərəkət edən, vicdanı və düşüncəsinin hakimiyyəti altında olan bir şəxsiyyətdir. Orijinal təfəkkürə, maraqlı yazı tərzinə və danışıq üslubuna, iti zəkaya və intellektə malikdir. Və şübhəsiz ki, onu daha çox tanıdan, fərqləndirən və sevdirən düşüncəsinin miqyasıdır. Buna görə də ziyalı mühitimiz Nizami Cəfərovu universal düşüncə adamı olan görkəmli alim kimi qəbul edir.

 Nizami Cəfərov ictimai fikrin və humanitar düşüncənin bir neçə sahəsində eyni dərəcədə peşəkar qəbul olunan alimdir. O, Azərbaycan dilçiliyi, türkologiya, azərbaycanşünaslıq, ədəbiyyatşünaslıq, mədəniyyətşünaslıq, folklor və s. sahələrdə nüfuzlu söz sahibidir. Bunlarla yanaşı tarixdən, etnoqrafiyadan, kulturologiyadan, hətta siyasətdən və fəlsəfədən də peşəkar səviyyədə söz açmaq imkanlarını ictimaiyyət qarşısında dönə-dönə sübut etmişdir. Bir neçə il əvvəl onun çap olunmuş 5 cildlik “Seçilmiş əsərləri”ni (2007) nəzərdən keçirmək kifayətdir ki, N.Cəfərovun hansı miqyasda alim olduğu barədə dolğun təsəvvür yaransın. Əlbəttə, professor N.Cəfərov, ilk növbədə dilçi alimdir, dilin canlı yaddaşıdır. Dil tarixi və ədəbi dilin inkişaf mərhələləri haqqında samballı araşdırmaların müəllifidir. Doğrudur, N.Cəfərova qədər də dil tarixi haqqında bir sıra görkəmli alimlər (B.Çobanzadə, Ə.Dəmirçizadə, M.Şirəliyev, M.Cahangirov, S.Əlizadə və b.) müəyyən araşdırmalar aparmışlar. Lakin N.Cəfərovu bir araşdırmaçı kimi fərqləndirən əsas özəllik ondan ibarətdir ki, o, dilimizin mənşəyini, ədəbi dilin inkişafını, onun tarixi qramatikasını müxtəlif miflərdən çıxış edərək türk kökündən ayıranlara qarşı çıxır. Bu ciddi əhəmiyyəti olan elmi faktdır. Çünki dünən olduğu kimi, bu gün də Azərbaycan xalqının mənşəyini, onun dilinin və ümumi mədəniyyətinin başlanğıcını süni surətdə bir neçə kökə bağlamaq meyilləri səngimir. Bu konsepsiyanı əsas götürən alimlərin məqsədi Azərbaycan xalqının tarixini, dilini, mədəniyyətini və ədəbiyyatını türk kökündən ayırmaqdır. Prof. Nizami Cəfərov isə dil faktorundan çıxış edərək məsələyə başqa cür yanaşır. Onun fikrincə, “ədəbi mədəniyyətdə, yaxud söz sənəti mədəniyyətində dil faktoru əsasdır. Və əgər Azərbaycan şifahi xalq ədəbiyyatı əsrlər boyu yalnız türk mənşəli Azərbaycan dilində yaranmışdırsa, milli-ədəbi mədəniyyətin genezisində qeyri-türk başlanğıcı axtarmaq absurddur”. Tamamilə doğrudur! Azərbaycan xalqının mənşəyi, etnogenezis məsələləri, etnik çoxşaxəlilik məsələlərinə də baş vurması Nizami Cəfərovun geniş dünyagörüşünün göstəricisidir və bir alim kimi onu səciyyələndirən əhəmiyyətli faktlardandır. Məhz universal düşüncə ilə yanaşı, obrazlı dünyagörüşə malik olmaq, N.Cəfərovun elmdəki fərdi simasını müəyyənləşdirməklə yanaşı, bir çox məqamlarda onun araşdırmalarına yeni, maraqlı poetik notlar gətirir. Təbii ki, fakt və hadisələrin strukturunu və məntiqini düzənləməyə xidmət edən elmi enerjiyə poetik rəng verməyi bacarmaq hər tədqiqatçının işi deyil. N.Cəfərov bir araşdırmaçı kimi hansısa konsepsiya və təsirlərin altına düşmür, o, topladığı materiallardan cəsarətlə yeni bir sistem yarada bilir. Elmi təfəkkürü, geniş dünyagörüşü, predmetə dərin bələdliliyi, iti zəkası, güclü məntiqi və obrazlı dili həqiqəti ifadə etmək üçün ona böyük şans yaradır. Bu mənada görkəmli alimin Azərbaycan türkcəsinin təşəkkülü və eləcə də XI-XII əsrlərə aid olan Azərbaycan intibahı haqqında mülahizələri elmi fikrimiz üçün ciddi yeniliklər sayıla bilər. Apardığı araşdırmaların elmi miqyasına və gəldiyi cəsarətli nəticələrin sambalına görə Nizami Cəfərov təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınmış dilçi alimlərdən sayılır. Türkologiya, türk xalqlarının tarixi və ədəbiyyatı ilə bağlı yazdığı samballı əsərlər, xüsusən 4 cildən ibarət olanTürk xalqları ədəbiyyatı” toplusu onun problemə geniş elmi miqyasdan yanaşdığını, orijinallığa meyilliliyini, hadisə və faktlara mütəfəkkir baxışını ortaya qoymuşdur. Adı çəkilən əsərdə Nizami Cəfərov geniş təfəkkür sahibi olan bir elm adamı kimi bütün yönləri ilə özünü ifadə etmişdir. Burada müəllif ensiklopedik zəka sahibidir, çünki onun topladığı materiallar bir tarixçitürkoloqun, ədəbiyyatşünas-folklorçunun, bir mətnşünasın süzgəcindən keçərək nəhəng elmi-ədəbi salnaməyə çevrilmişdir. Bu əsərdə N.Cəfərovun bir çox problemlərə, o cümlədən mərhələ-mərhələ TürküstanAltay türkləri, Hun-türk siyasi birliyi, Göytürk imperatorluğu, habelə karlıq türkləri, qıpçaklar və oğuz türkləri haqqındakı yekdil elmi mülahizələri onun milli ruhlu və yüksək elmi səviyyəyə malik bir alim olduğunu bir daha təsdiq edir. Professor N.Cəfərovun elmi düşüncəsinin bəhrəsi olan “Cənubi Azərbaycanda ədəbi dil: normalar, üslublar”, “Azərbaycan türkcəsinin milliləşməsi tarixi, “Türk dünyası: xaoskosmos”, “Türkologiya tarixinə ümumi bir baxış”, “Azərbaycan: dil, ədəbiyyat və mədəniyyət”, “Rusdilli Azərbaycan poeziyasında Azərbaycan dili elementləri”, “Türk xalqları ədəbiyyatı” kimi sanballı elmi əsərlər təkcə Azərbaycanda deyil, bütün türk dünyasında da geniş şöhrət qazanmışdır. Bu gün Türkiyədə və Orta Asiyanın türkdilli respublikalarında türkologiya sahəsində qələm çalan alimlərin siyahısında Azərbaycanın dörd araşdırmaçısının adı iftixarla çəkilir: Tofiq Hacıyev, Kamil Vəli Nərimanoğlu, Kamal AbdullaNizami Cəfərov. Sonuncu, həm də türk cümhuriyyətləri arasında getdikcə populyarlaşmaqda olanDialoq Avrasiya” platformasının rəhbərlərindən biri olduğuna görə xeyli məşhurdur.

 Azərbaycan ictimai mühiti Nizami Cəfərovu həm də professional ədəbiyyatşünas və ədəbi tənqid sahəsində ardıcıl fəaliyyət göstərən alim kimi qəbul edir. Onun ədəbiyyatşünaslığa dair əsərləri, ayrı-ayrı ədəbi-tarixi mərhələləri və istiqamətləri təmsil edən cərəyanları qiymətləndirməsi konseptual baxımdan ədəbi dil tarixi və milli etnogenezisə dair prinsipial mövqeyindən fərqlənmir. O, zərgər dəqiqliyi ilə əsrlərin arxasından bir işıq seli kimi axıb gələn ədəbi fikir və düşüncələri məharətlə ümumiləşdirib müasir ədəbiyyatla dünən arasında körpü yaratmağı bacarır.  

N.Cəfərovun ədəbi tənqid sahəsindəki fəaliyyətində isə ümumi dəyərləndirmə, mövcud ədəbi proseslərin dərindən təhlili ön planda dayanır. O, ədəbi faktları və yazıçı şəxsiyyətini dolğun şəkildə təqdim edə bilən, ədəbi fakta tarix və müasirlik prizmasından ustalıqla yanaşmağı bacaran bənzərsiz tənqidçidir. Təbii ki, bəzən kiməsə sevgi və rəğbətinin məhsulu kimi qələmindən subyektiv yazılar da çıxa bilər... Amma bütün hallarda onun yazdıqları əsaslı və fundamentaldır. İmza qoyduğu bütün materiallarda onun bənzərsiz möhürü vardır. Geniş miqyas, ideyanı sadə dillə incələmə, müdriklik, obrazlı dəyərləndirmə qabiliyyəti, iti məntiq və bütün bunların hamısının ifadə vasitəsi olan yüksək yazı mədəniyyəti bütün hallarda Nizami Cəfərovu böyüdür, fərdiləşdirir və sevdirir.  

Nizami Cəfərov bütün parametrləri ilə yaşadığımız ictimai mühitin, özünə sıxılmış kimi görünən cəmiyyətimizin parlaq simalarından biridir. Təkcə elmi dünyagörüşü, nəhəng alim miqyası ilə deyil, həm də özünün şəxsiyyəti, fərdi keyfiyyətləri ilə insanların sevimlisidir. İçi dolu olan bütün seçilmişlər kimi o da sadədir, ünsiyyətcildir, səmimidir. Bəzən ictimai davranışdakı məcburi “qısa qapanmaları” özəl əxlaqı ilə məharətlə kompensasiya edə bilir. Onun dostlarına, məktəb və institut yoldaşlarına sayğısı adamı heyrətləndirməyə bilmir. Nizami Cəfərov mediaya və ictimaiyyətə açıq adamdır. Ölkə mətbuatı üçün impuls verməyi, diqqəti aktual mövzulara yönəltməyi bacaran azsaylı fikir adamlarındandır. Onun ciddi mübahisələrdə və ictimai polemikalarda iştirakı həmişə maraqlıdır. Dərin biliyi ona ictimai-ədəbi mübahisələr üçün geniş imkanlar verir. İstənilən polemikanı məharətlə uğurlu sonluğa doğru apara bilir, bəzən bu polemikanı pis başlasa belə...

Dramaturgiyanın dəyişməz bir qanunu var: insan həmişə çətin, böhranlı situasiyalarda tanınar. Mən Nizami Cəfərovu dəfələrlə çox mürəkkəb məqamlarda müşahidə etmişəm. Kimsəni günahkar çıxarmadan, məsuliyyəti öz üzərindən atmadan mənliyini, kişiliyini, ləyaqətini qoruyan şəxsiyyətdir. Yaşadığımız cəmiyyətin belə adamlara çox ehtiyacı vardır.

 

 

Qulu Məhərrəmli

filologiya elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2010.- 31 iyul.- S.18.