Divani-Hikmət Fikrət Sadıq təntənəsi

 

Divani-Hikmətmədəni məclisində görkəmli şair Fikrət Sadıqın 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Şairin ailəsi tərəfindən təşkil olunan mərasimdə yubilyarın qələm dostları, tanınmış elm sənət adamları, doğmaları iştirak ediblər. Tədbir şairə həsr olunanPəncərəfilminin nümayişi ilə başlanıb.   

Tədbirin aparıcısı, əməkdar artist Şamil Süleymanov şairin yaradıcılığı, insani keyfiyyətləri haqqında söz açıb: “Allah iki halda bəndələrinə gülür. Onun qaldırmaq istədiyini camaat endirmək istəyəndə endirmək fikrində olduğunu xalq qaldırmaq arzusuna düşəndə. Fikrət Sadıq Allahın ucaltdığı şəxsiyyətlərdəndir. Bəndələrin onu durduğu zirvədən endirməsi mümkün deyil. Bütün şairlər Allahın sevimlisidir. Şairlər qocaldıqca gözəl olur, nurlanır, bunun təsdiqi üçün Fikrət Sadıqa baxmaq kifayətdir. Şairlər heç vaxt ölmürlər, onları öldürmək istəsələr , onlar dirilir. İnsan üçün ŞAİRdən böyük ad yoxdur”.

Xalq şairi Zəlimxan Yaqub yubilyarı təbrik edərək onuişıq şairiadlandırıb: “Fikrət Sadıqa sözlərin ən gözəli yaraşır. O, ipəkdir, mələkdir, halaldır, nurludur.

Özünün dediyi kimi: “Qollarım neçə yol məftilə dönüb, İşıq yanmayanda özüm yanmışam”. Mən onu buna görə işıq şairi kimi sevmişəm. Xalq ruhunda yazdığı şeirlərinə görə onu Xəstə Qasım kimi sevmişəm. Yaradıcılığına bələd olduğum gündən onu Sabir kimi, Hadi kimi sevmişəm. Onu sevməmək qeyri-mümkündür. O sözlə oynayandı, sözü oynadandı. Fikrət Sadıqın ustadı nağıllar, əfsanələr, əsatirlərdir. O, Rəsul Rzadan sonra sərbəst şeirin ən görkəmli ustasıdır. Fikrət Sadıq yaradıcılığında forma, vəzn, məzmun bir-birini tamamlayır. Ona görə Azərbaycan xalqı yaşadıqca o da var olacaq”.

Şairə Nurəngiz Gün Fikrət Sadıqın yaradıcılığından nümunələr oxuyub. Onun şeirlərində Azərbaycan dilinin ən incə çalarlarının ustalıqla işləndiyini diqqətə çatdırıb. F.Sadıqın insan kimi yüksək mənəvi keyfiyyətlərə sahib olduğunu deyən şairə onu büllura bənzədib: “Fikrət Sadıq büllur kimi saf adamdır. Bu böyük şairə baxanda onu Allahın göndərdiyi bir parça tərtəmiz, buluda bənzədirəm. Onun şeirləri şəxsiyyətinin davamıdır”.

Tədbirdə sufi ozan Fəxrəddin Salim şairin yaradıcılığından söz açıb, mahnılar ifa edib.

Xalq şairi Nəriman Həsənzadə yubilyarla tanışlığının uzun tarixə söykəndiyini deyib. Xalq şairinin sözlərinə görə, onların tərcümeyi-halları da qohumdur: “Mən indicə nümayiş olunanPəncərəsənədli filminə baxdım. Burada şairin həyatda çiyin-çiyinə addımladığı, hər zaman ona dəstək olan, bildiyimə görə şeirlərinin üzünü köçürməyə həmişə yardım edən Sevil xanımı görmədim, amma bu böyük gündən, bu xoş sözlərdən ona da pay düşür”. N. Həsənzadə F.Sadıqın tərcüməçilik fəaliyyətini çıxışında önə çəkib: “Fikrət Sadıq elə bircə Məhəmmədhüseyn ŞəhriyarınAzərbaycanşeirini uğurla tərcümə etdiyinə görə bütövlükdə Azərbaycan şeirinin şah misrası adlanmağa layiqdir. Fikrət Sadıq yaradıcılığı başdan-başa fəlsəfədir. Onun şeirləri zaman durduqca yaşayacaq”. Çıxışını yumoristik notlarla bitirən N.Həsənzadə yubilyarı özünəməxsus yumorla təbrik edib: “Fikrət, 80 yaşa yetişdin. Bu boyda da zarafat olar?”

Şair Musa Yaqub F.Sadıqla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb: “Biz həmişə bir yerdə işləmişik, bir yerdə yazmışıq. Taleyimiz oxşar olub. Bizim çoxlu ortaq xatirələrimiz var. Fikrət Sadıq həmişə bizim üçün təsəlli yeri olub. Bu şəhərə təzə gələndə, qalmağa yurd axtaranda, çətinə düşəndə bizə təsəlli verib: “O yerdə ki həyət vardı, həyat yox, O yerdə ki həyat vardı, həyət yox..”

Tərcüməçi Səyavuş Məmmədzadə F.Sadıqa yubileyi münasibətilə xoş arzularını çatdırıb.

Şair Abbas Abdulla çıxışına Nazim Hikmətdən misal çəkməklə başlayıb: “Nazim Hikmət ona əl verib özünü şair kimi təqdim edən adamları görəndə deyərmiş: “Şair yaxşı adam deməkdir. Adam necə özü-özünə yaxşı deyə bilər. Bunu gərək başqaları desin”. Fikrət Sadıqa inamla, qəti şəkildə ŞAİR, yəni Nazim Hikmət demişkən, Yaxşı Adam demək olar”. Yubilyarla tanışlığının yaşının 50-52 il olduğunu söyləyən A.Abdulla onu həmişə özünə ustad bildiyini qeyd edib: “O, 60-cı illər məktəbinin ən layiqli nümayəndəsi kimi həm qoşma, həm gəraylı, həm sərbəst şeiri eyni dərəcədə yaxşı yazır əsl ustaddır”.

Alim Qəzənfər Kazımov F.Sadıqın ədəbi irsinin gələcəkdə daha dərindən araşdırılacağına əminliyini ifadə edib: “Fikrət Sadıq orijinal şairdir. Ona görə onun yaradıcılığı bu gün olduğu kimi, gələcəkdə araşdırılacaq, geniş tədqiq ediləcək”.

Şairin oğlu, yazıçı Orxan Fikrətoğlu atasının yaradıcılığına, şəxsiyyətinə göstərdikləri ehtirama görə qonaqlara minnətdarlığını bildirib. Yazıçı atasını Allahın sevimlisi kimi xarakterizə edib: “Fikrət Sadıq əsl şair əxlaqındadır. O heç vaxt bazar malı adam satmayıb. Reallığı olduğu kimi görüb, gördüyünü yazıb. Belə yaşamağı əsl Allah hədiyyəsi sanıb. Fikrət Sadıq əsl qafiyə sındıranlardandır. Yəqin elə ona görədir ki, həmişə qafiyələri dilinin ucundadır. Şeir texnologiyasını, şeir nəzəriyyəsini bilən nadirlərdəndir. Başlıca mövzusuVətəndaşdır. Onu görməkdən ötrü bir az uzaqdan uzağa baxmalısan. Fikrimcə, o, şeirinin mükafatını alıbnəvələri onun ən böyük mükafatıdır. Allah da onu sevir”.

Sonda F.Sadıq mərasimdə iştirak edənlərə minnətdarlığını bildirib.

Mərasimdə yubilyarın yenicə işıq üzü görmüşHalbukikitabı da təqdim olunub. Şairin 80 illik yubileyi münasibətilə çap olunan kitabda yubilyarın son illərdə yazdığı şeirləri, həmçinin əvvəlki nəşrlərdə dərc edilən məşhur əsərləri yer alıb.

 

 

S.MÜRVƏTQIZI 

 

525-ci qəzet.- 2010.- 1 iyun.- S.7.