Yazıçı Eyvaz Zeynalov: “Heyf, bu 60 ildə daha yaddaqalan işlər görə bilərdim...”

 

Bəzən həyat elə gətirir ki, insan istəmədən, nəyin xatirinəsə ürəyincə olmayan işin ardınca düşür. Ancaq əsl həvəs, istedad gec-tez onu qəlbinin səsinə qulaq asmağa, doğma məcrasına qayıtmağa vadar edir. Bu yaxınlarda 60 yaşını tamamlayan yazıçı Eyvaz Zeynalov da belələrindəndir. Zamanın keşməkeşləri onu nə qədər yolundan sapdırmağa, kənar işlərə çəkməyə çalışsa da bağlandığı ədəbiyyatdan birdəfəlik ayıra bilməyib. Mübarizliyi, inadkarlığı ilə həmişə yazıb-yaradıb. Müasir ədəbi mühitdə yazıçı imzasını tanıtdıra bilib.

Söhbətimizin əvvəlində yazıçı Eyvaz Zeynalovun tərcümeyi-halından bəzi məqamları oxucularımızın diqqətinə çatdırırıq.

Eyvaz Zeynalov 1950-ci ildə Ağdamda anadan olub. 1969-cu ildə elə orada şəhər 1 nömrəli orta məktəbi, 1973-cü ildə isə Bakıda indiki Azərbaycan Dövlət Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsini bitirib. Hərbi xidmətə çağırılana qədər təyinatla Salyanda müəllim işləyib. Eyni zamanda rayonda çıxan “Qələbə” qəzeti ilə əməkdaşlıq edib. “Qəlibə sal” adlı ilk hekayəsi hələ orta məktəbin doqquzuncu sinfində oxuyarkən Ağdamın o zamankı “Lenin yolu” qəzetində işıq üzü görüb. Sonralar “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Bakı”, “Ədəbiyyat və incəsənət” qəzetlərində, “Göyərçin”, “Pioner”, “Müxbir”, “Kirpi”, “Ulduz”, “Azərbaycan”, “Qobustan”, “Literaturnıy Azerbaydjan” jurnallarında bədii və publisistik yazıları vaxtaşırı çap olunmağa başlayıb. 1980-ci illərdə hekayələri “Gənclik” nəşriyyatında buraxılan almanaxlarda dərc olunub. “Rəngsiz yuxu”, “Bahalı şokolad qutusu”, “Qarabağ hekayələri”, “Hekayələr”, “Qırmızı almalar”, “Qış günəşi” kitablarının müəllifidir. Hekayələri Rusiyada, Ukraynada, Türkiyədə çap edilib. 2007-ci ildə “Avropa Nəşr Mətbu Evi”nin keçirdiyi müsabiqədə “Ən yaxşı vətənpərvər yazıçı” Beynəlxalq Qızıl mükafatına layiq görülüb. 2008-ci ildə Mahmud Kaşğari adına Beynəlxalq Hekayə Müsabiqəsində mükafat qazanıb, üçüncü yeri tutub.

Söhbətimizdə E. Zeynalovun bədii ədəbiyyata, yaradıcılığa ilk həvəsinin haradan qaynaqlandığı ilə maraqlandıq: “Dayım Süleyman Zeynalov böyük pedaqoq-alim idi. Gənc nəslin təlim-tərbiyəsinə həsr etdiyi 20-yə qədər kitabı çap olunmuşdu. Alim kimi nəinki Ağdamda, respublikada məşhurdu. “Lenin yolu” qəzetinin redaktoru, 2-ci katib, rayon icraiyyə komitəsinin sədri (“ispalkom”), şəhər 1 nömrəli məktəbin direktoru, Pedaqoji İnstitutun Qarabağ filialında dekan, kafedra müdiri kimi vəzifələrdə çalışmışdı. Haçan onlara getsəydim, dayımı həmişə yazı masası arxasında işləyən görərdim. Yeniyetməlikdən onun yazdığına, qəzet və jurnallarda çap olunduğuna kənardan həsədlə baxar, ona oxşamaq, onun kimi qəzetlərdə çap olunmaq, kitablar buraxdırmaq, məşhurlaşmaq arzusundaydım. Uzun müddət təsəvvürümdə dayımdan böyük şəxsiyyət olmayıb... Elə bu vaxtlar ilk şeirlərimi yazdım. “Lenin yolu” qəzetinin nəzdindəki “Gənc qələmlər” ədəbi birliyinə ayaq açdım. Növbəti dəfə də hekayə ilə getdim və çap olundum. O vaxtdan da nəsrlə məşğul olmağa başladım.

Məktəbi qurtaranda universitetin jurnalistika fakültəsinə hazırlaşmışdım. Məni oğlanlarını Bakıya qəbul imtahanlarına aparan dayıma qoşdular. Pedaqoji İnstitutun qarşısında dayananda dayıma etiraz etdim. “Hələ bura girə bil, qalsın universitet”, deyən dayım məni içəri saldı. Bizdə böyüyün, o da olaydı dayım kimi böyüyün, sözündən çıxmaq mümkünsüzdü... 3-cü kursun axırında başa düşdüm ki, dayımın sözünə baxmaqda səhv etmişəm. Sənədlərimi geri almaq istədim. Dekanlıq bir-birinə dəydi. Çünki əla oxuyurdum. Dedilər, valideynin gəlməsə, sənədlərini verə bilmərik. Dayım qarışıq düşdülər üstümə. Məni fikrimdən döndərdilər. Müəllimliyə marağım olmadığına görə sonralar bu sahədə fasilələrlə, az işlədim. Bədii yaradıcılığımın 1-ci hissəsi məktəb, institut illəri, bir az da ondan sonrakı illəri əhatə edir...”

Bir müddət Rusiyada, Ukraynada yaşadığını, demək olar, bütün keçmiş SSRİ məkanını dolaşdığını deyən yazıçı yaşadığı şəhərlərdə hərdən tərcümələr etdiyini, onların dilimizdə işıq üzü gördüyünü vurğuladı. Yazıçının sözlərinə görə, bədii yaradıcılığının sonrakı dövrü 1980-ci ildən başlanır: “Dalbadal respublika mətbuatında çap olundum. Yerli qəzetdə fəaliyyət göstərdim. İlk kitabım işıq üzü gördü. Təəssüf ki, 1990-cı illərdə ermənilərin Qarabağda başladıqları müharibə yaradıcılığımı yarımçıq qoydu. 1993-cü ilin yayına qədər Ağdamda (evimiz rayon mərkəzindəydi) müharibə şəraitində yaşadıq. Hər gün ölümlə üzləşirdik. Bu qaçdı-qovdu nəhayətdə Ağdamın rayon mərkəzi ilə bərabər çox hissəsinin erməni işğalçıları tərəfindən işğal edilməsi ilə nəticələndi. Ailəmi də götürüb Bakıya üz tutdum, Lökbatanda məskunlaşdıq. Bu dəfə məni ailə qayğıları, ev-eşik dərdi sınağa çəkdi. Özümü oda-közə vurur, ailəni dolandırmağa, çətin vəziyyətdən bir tərəfə çıxartmağa çalışırdım. Sağ olsun dost-tanış, kömək etdilər, məni ömrümdə təsəvvürüm belə olmayan ticarətə, alverə qoşdular. Əvvəl utanıb-çəkinsəm də, məcburiyyət qarşısında bu işə girişdim. Təzəcə özümü düzəldirdim ki, maşınımla qəzaya uğradım. İki ilə yaxın qoltuq ağacları ilə yoldaşlıq etdim. Ancaq təslim olmadım, sınmadım, ailəmi özgələrə möhtac olmağa qoymadım. Yenidən özümü düzəltdim. Ev-eşik aldım, uşaqlarımı oxutdum, qızımı köçürdüm. Bir sözlə, atalıq borcumu yerinə yetirdim. Amma yazıçı kimi on ildə çox şey itirdim. Düzdü, ciddi yaradıcılıqla məşğul olmasam da, fikrən həmişə yazıb-yaradır, qeydlərimi aparırdım. Yaxşı bir filmə baxanda, kitab oxuyanda qəlbimdəki yazmaq həvəsi, ehtirası baş qaldırır, məni arxasınca dartırdı. Amma vaxt, imkan tapmırdım. Nəhayət, oğlum böyüdü və ticarətdə məni əvəz etdi... Beləcə dişim-dırnağımla özümə yol aça-aça yaradıcılığımın üçüncü dövrünə qədəm qoydum. Lakin bu illərin yerini doldurmaq, əvəzini çıxmaq, yəqin ki, mənə qismət olmayacaq. 1999-cu ildən qəzet və jurnallarda (“525-ci qəzet”, “Göyərçin”, “Günəş”, “Ulduz”, “Azərbaycan”) hər il hekayələrim, povestlərim çap olunur. 2002-ci ilin fevralında Yazıçılar Birliyinə qəbul olundum. Hazırda bədii yaradıcılıq mənim gündəlik əsas işimdi”.

E.Zeynalov söhbətində özünün yaradıcılıq prosesi barədə bunları dedi: “Yazılarımın üzərində dönə-dönə işləyirəm. Yazdıqlarımı tez çapa verməyə tələsmirəm. Sonra onların üstünə bir də qayıdıram. Elə yazım var müxtəlif vaxtlarda və fərqli qəzet-jurnallarda çap olunub. Amma onları hər dəfə hardasa çap etdirəndə, hətta təzə kitablarıma salanda belə nəyisə, hansı hissəsinisə yenidən işləyirəm. Hər şey ürəyimcə olanda sakitləşirəm...”

Çağdaş ədəbi proseslər haqında söz açan E.Zeynalov tənqidə münasibətindən də danışdı: “Yazılarım haqqında deyilən tənqidi fikirlərə normal yanaşıram. Xüsusən dost-tanışlarımdan eşitdiyim tənqidi fikirlərə. Uğurlarım onsuz da mənimdi. Amma hər tənqidi də o saat qəbul edə bilmirəm. Bizdə oxucu mədəniyyəti zəifdi. Halbuki bir zaman ən çox kitab oxuyan xalqlardan sayılırdıq. Ədəbiyyatımızdakı xaos, görünür, hələ uzun sürəcək. Yazanlar oxuyanlardan çoxdu. Yazıçı qoşunla, şair qoşunla. Oxucu yaxşını pisdən ayıra, seçə bilmir. Çox vaxt əlinə keçən pis onda yanlış təsəvvür formalaşdırır. Nəticədə yaxşını da oxumur. Məncə, çoxun o qədər də ziyanı yoxdu. Həm də müvəqqəti haldı. Ancaq təbliği gücləndirmək, sürətləndirmək lazımdı. Yazılan, çap olunan əsərlərə düzgün, qərəzsiz qiymət verilməlidi. Vaxtında yaxşıya yaxşı, pisə pis deyilməlidi. Həm pisin, həm də yaxşının təbliği gücləndikcə yaxşılar daha yaxşı yazmağa başlayacaq, pislər isə pis yazmaqdan əl çəkəcək, özlərinə başqa iş tapacaqlar. Təbliğatın bir müsbət cəhəti də o olacaq ki, yaxşı əsərlər naşirlər tərəfindən öz hesablarına nəşr ediləcək. Əsərlərini satmaq, onlardan pul qazanmaq imkanı tapan yazıçılar maddi cəhətdən təmin olunacaq, peşəkar sənətkarlara çevriləcəklər. İnanıram ki, onda bizim yazıçılardan da Nobel mükafatı alanlar olacaq. Yazıçılarımızın arasında istedadlıları çoxdu...

İndi yaşlı nəsil yazıçılarla gənc yazıçıların arasında baş verən qarşıdurmadan, bir tərəfin, xüsusən də gənclərin, əks tərəfi bəyənmədiyindən, hətta inkar etdiyindən çox danışılır. Məncə, bu da normal, ötəri bir haldı, zamana ehtiyacı var. Gənclik həmişə qızğın, özünə gərəyindən artıq güvəncli olur. Zaman keçdikcə hər şey sınağa çəkilir, oturuşur, sakitləşir. Bəzən elə yaşlı yazıçılar özləri də gənclərə qısqanclıqla yanaşırlar. Bəlkə bunu da elə gənclərin özlərinin aqressivliyi doğurur. Ümumən, bütünlükdə bu proses, çarpışma inkişafa təkan verir. Şəxsən mən gənclərin uğurlarına sevinirəm, istedadla yazılmış bədii nümunələri həvəslə oxuyuram. Hərdən hətta gənclərə, onların yeniliklərinə qibtə ilə yanaşıram. Bir zaman mən də gənc olmuşam. Ancaq çığır-bağırdan uzaq qaçmışam, yaradıcılığımı təbliğ etməyi bacarmamışam. Açdığım qapıların arxasındakılar üzümə bir balaca turş baxanda ikinci dəfə ora üz tutmamışam. Amma indi başa düşürəm ki, bizim cəmiyyətdə belə bir xasiyyət yaradıcı insan üçün qətiyyən özünü doğrultmur. Yəqin az tanınmağımın səbəblərindən biri də elə budur. Həyatımda çox haqsızlıqlarla qarşılaşmışam. 1980-ci illərin axırlarında “Gənclik” nəşriyyatında ayrıca kitabımı çap etməsinlər deyə, hekayələrimin bir dəfə beşini, bir dəfə də on birini almanaxa salmışdılar. O kitabı 1990-cı illərin əvvəllərində 2 il dalbadal 20 min tirajla Dövlət planına saldılar, üz qabığının rəssam pulunu alsa da, çap etmədilər. Yadımdadı, bir zaman televiziyanın “Səhər görüşləri” redaksiyası kiçik səhnəciklərin müsabiqəsini elan etmişdi. Mənim “Qiymətpozan” adlı səhnəciyim bəyənilib Arif Quliyevlə bir nəfər tərəfindən dönə-dönə oynanılsa, göstərilsə də, adımı bir dəfə də çəkmədilər. “Bahalı şokolad qutusu” hekayəmin üzü ilə “Mozalan” film çəksə də, ssenari müəllifi bu mövzunu hardan götürdüyünü göstərməmişdi...”

E.Zeynalov geridə qoyduğu zaman kəsiyində kədərləndirici anlarla bərabər sevindirici məqamların da olduğunu qeyd etdi: “Doğrusu, heç bilmədim bu illər haçan, necə gəlib keçdi. Özümü 60 yaşda təsəvvür edə bilmirəm. Yaş ötsə də, ürək qocalmır, qocalmaq istəmir. Əlbəttə, ən çox ona təəssüflənirəm ki, heyf, bu 60 ildə daha böyük, yaddaqalan, nəzərəçarpan işlər görə, əsərlər yaza bilərdim... Ancaq ağrı-acılara baxmayaraq, heç zaman ruhdan düşməmişəm. Məni həyata bağlayan yaxşı ailəm, iki övladım və iki nəvəm var. Bir də, həyatıma sevinc qatan yaradıcılıq uğurlarım... Yaradıcılıq planlarına gəldikdə, ötən il “Qarabağ hekayələri” kitabımın artırılmış variantını çap etdirmişəm. Qarabağ mövzusu müharibədən sonra yaradıcılığımın ana xəttini təşkil edir. Keçən il bir roman bitirmişəm. Başqa mövzularda bir neçə hekayəm var. Bir tarixi romanımdan xeyli hissəsini işləmişəm. Daha bir romanım üzərində işlərimi yekunlaşdırmaq üzrəyəm. Bu əsərlərdə məni ən çox narahat edən məsələləri, cəmiyyətimizdəki nöqsanları, mənəvi aşınmaları, insanların rahat yaşamasına mane olan neqativ halları qələmə almışam”.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 5 mart.- S. 6.