On üç günlük həsrət

 

... Bu da son. Bu da son... Son. Bu sözləri durmadan öz-özünə təkrar edə-edə parkda gəzişirdi. Özünün bu qədər aciz, iradəsiz və müəyyən mənada yazıq olduğuna üsyan edirdi. Özünü iradəyə, dözümə çağırırdı: “Fuad... Unut olanları. Bu səndən asılı deyil. Məsləhət belə imiş. Allah belə qismət bilib ki, sən ilk baxışdan sevdiyin, sevgisini qəlbində beş ildir ki, gəzdirdiyin, baxışından əsdiyin, gülüşündən məst olduğun qadını bir gün içərisində itirməliydin. . .” İçindəki ikinci “mən”i ilə söhbət edərək suallara cavab axtarırdı. Sevinc gedən gündən içindəki böyük boşluğu heç nə ilə doldura bilmirdi. Həyatının ilk sevinci olan Sevinclə gəzdiyi park da ona cansıxıcı gəlirdi. Əvvəllər düşünürdü ki, şəhərdə bu parkdan gözəl yer yoxdur. Amma Sevinc gedən gündən hər şey öz mənasını itirmişdi. Fuada qalan yalnız ürəyini üzən xoş xatirələr, yaşadığı günlərin acısı idi. O, hələ uşaq evində yaşadığı zamanlarda dostu Nizaminin hansısa kitabdan oxuduğu bir sözü xoşlayardı: “Deyirlər, insanın hər bir günü dörd fəsilə bölünür.” Bu fikir onların elə xoşuna gəlirdi ki, hər gecə gün ərzində yaşadıqları fəsillər barədə nəticələr çıxarırdılar. İndi parkın mərkəzində dayanıb Sevincsiz günlərini fəsillərə bölərək anlayırdı ki, ancaq qış fəslini yaşayır. Əvvəllər sevirdi qış fəslini. Amma indi qışdan bezdiyini hiss edirdi. Keçən ilin qarlı qışını, ayaqdan başa kimi ağ geyinmiş Sevincini xatırladı. Həmin gün Sevincin üzündə sanki gəlin məsumluğu vardı. İçərişəhərdə ağappaq geyinmiş bu qızla onun heyranı olan oğlan sürüşə-sürüşə, hərdən lap az qala yıxıla-yıxıla gəzirdilər. Bir-birinin əllərini hiss etmək üçün əlcəklərini də taxmırdılar. Sevincin balaca, soyuq əlindən bərk-bərk tutub buraxmırdı. Ona elə gəlirdi ki, indi Bakıda, İçərişəhərdə yox, hansısa başqa bir dünyadadır. Bu dünyada hər şey gözəldir. Burda nə paxıllıq var, nə yalan... Hər şey Sevincin geyimi kimi ağ, Sevincin gözləri kimi işıqlı və şəffaf, qəlbi kimi safdır...

Fuad ötən qışın həsrəti ilə parkın ortasındakı həmişə Sevinclə oturduğu skamyada təkcə oturub düşünürdü: “Hər şeyin sonu olduğu kimi bu da sənin sonun. 5 ildir ki, özünü ən bacarıqlı, ən ağıllı, ən . . . ən ... (çox idi belə “ən”lər) hesab edirdin. Hər dəfə Sevincin əlindən tutub şəhərdə gəzəndə yanından ötənlərin baxışlarını (bəzən də həsəd dolu baxışlarını) öz üzərində hiss edirdin. Fəxr edirdin ki, bu sevgi mələyi göndərilib ki, sənə Yerdə cənnəti göstərsin. Buna görə özünü böyük və pak bir qəlbin fatehi hesab edirdin. İndi də düşün ki, hər axmağın işi deyil 5 il sağ çiynində gəzdirdiyi bu mələyi bir günün içərisində itirsin. Sən itirdin. İtkin mübarək olsun sənin, ay analı-atalı yetim...”

Analı-atalı sözünü deyəndə yadına valideynləri, uşaqlığı düşdü. Ömrünün ilk on ilini çox xoşbəxt yaşamışdı. Uşaq evinə düşəndə 10 yaşı var idi.. Hər dəfə bu günü xatırlayanda atasının qəmli gözləri dururdu gözünün önündə. Bilmirdi kimi günahlandırsın. Atasından ayrılıb getmiş anasını, yaxud da analığını. O axırıncı dəfə atasını görəndə heç üzünə də baxmaq istəmirdi. Elə bil ki, Sevincin ondan ayrılmasında da atası idi günahkar. Düşünürdü ki, bəlkə də atası onu uşaq evinə atmasaydı, özü onu güclü, iradəli bir kişi kimi tərbiyə etsəydi bu sevgini qoruya bilərdi. Bu “bəlkə”lərlə özünü üzürdü. Yadına ötən gecə düşdü. Sevincsiz açılacaq 13-cü günün sabahını gözünü yummadan gözləmişdi: Otağında oturub köhnə məktubları oxuyurdu. Hər məktubda sevdiyinin incə və saf qəlbindən gələn dərin mənalı fikirləri oxuduqca göz yaşları güc gəlirdi ona. İndi bunların hamısı onun gözlərini yaşardan, içini yandıran bir xatirə idi. Əlinin altındakı ağ vərəqdə şəkil çəkməyə başladı. Qeyri-ixtiyari olaraq şam şəkli çəkirdi. Amma bu şəkildəki şam çoxdan əriyib sönmüşdü. Şəkli çəkib qurtardıqdan sonra düşündü ki, bu onun ümid şamı idi. Sevincsiz 13-cü günə keçən gecədə yandı, əridi və söndü. Bunları düşündükcə bütün həyata üsyan etmək istəyirdi. Amma yenə də öz gücsüzlüyünə sığınıb bunu da bacarmayacağını anlayırdı. Əlinin altındakı yazılmamış məktublara baxdıqca heyfislənirdi. Hər dəfə Sevinclə görüşəndə ona boş bir vərəq aparırdı. Gələn dəfə görüşə gələndə Sevinc həmin vərəqə görüşmədikləri günlərdə yaşadıqlarından, düşüncələrindən yazırdı. İndi qabağındakı vərəqlərə baxaraq heyfislənirdi ki, bunların hərəsinə bir tarix yazıla bilərdi. Bu fikirlər onu dəlilik dərəcəsinə çatdırırdı. Ağ vərəqləri saymağa başladı. Vərəqlərin sayı 13 idi. 13 gün. Kaş ki, bu 13 vərəqin hamısı sevdiyi xanımın incə barmaqları ilə yazılıb doldurulaydı. O da bunları oxuyub sevinəydi ki, bu qədər sevilir. Ürəyini üzən fikirlərlə 13-cü günün günəşini gözləyirdi Fuad. Əlini atıb köhnə məktublardan birini götürdü. Oxumağa başladı:

“Salam, Fuad! Necəsən? Mən elə də yaxşı deyiləm. Yenə də sənsiz gecəmdə yuxusuzam. Oturub bir az gecənin qaranlığına baxdım, sakitliyinə qulaq asdım.

Həyatım mənim! Sənin yanında olub gözlərindəki qığılcımla gözlərimi alışdırmaq istəyirəm. Ürəyinin döyüntüsünü eşitmək istəyirəm. Bu səsi min səsin içindən seçərəm. O səs nə qədər varsa, mənim qəlbim döyünür. Allah məni heç vaxt o səssiz etməsin.

Ömrümə məna gətirənim! Yazdığımı bir az qırağa qoyub pəncərədən bayıra, uzaqdan gələn işığa baxdım. Sanki, bu mənim gələcəyə ümidimdir.

Nə isə... Daha heç nə yazmaq istəmirəm. Çünki fikirlərimin ifadəsi üçün söz çox acizdir indi. Əsas əməldir. İmza_ Səni sözü və əməli ilə sevən Sevincin...”

Fuad məktubu oxuyandan sonra kağızı gözlərinə sıxıb uşaq kimi ağladı: “İlahi, necə ola bilərdi ki, bu cür saf və gözəl münasibət bitsin.... Yox. Yox. Yox... Ola bilməz. Bu ayrılıq elə 13 günlük idi. Günəşin çıxması ilə hər şey dəyişəcək. Səhər açılan kimi Sevinc ona hər səhər olduğu kimi “Sabahın xeyir ” yazacaq. Onlar yenə görüşəcəklər. Yenə qışı ancaq qış fəslində yaşayacaqlar. Yaşadıqları günlər yalnız bir fəsildən, bahardan ibarət olacaq, əl-ələ tutub bütün şəhəri gəzəcəklər, yanlarından ötüb keçən cavanlar onlara həsrətlə baxacaqlar. Yenə Fuad özünü dünyanın xoşbəxti, ən güclü adamı hesab edəcək. Yenə və yenə...”

Bu ümid dolu fikirləri ilə başını qaldırıb pəncərəyə baxanda günəşin doğduğunu gördü. Günəşin şüası gözlərindəki iki damla yaşı parıldatdı. Bu günəş elə bil onun həyatında doğmuşdu. Bu 13-cü günün günəşi ona hədsiz ümidlər verirdi. Günəşə baxaraq sevindiyindən uşaq kimi içini çəkib ağlamaq istəyirdi. Amma inanmırdı bu ümidlərin doğrulacağına. Fikirləşirdi ki, bundan sonra Sevincsiz 113-cü, 513-cü, 1013-cü sabahının günəşinin çıxmasını gözləyəcək. İtkisinin yubileyini belə keçirəcək. Ömrü başdan-başa qışdan ibarət olacaq, qəlbi isə bu soyuqdan buza dönəcək.

Fikirlərindən ayrılmaq üçün Yataqxananın dəhlizinə çıxdı. Dəhlizdə stolun üstündəki çörəkqabını açıb bir tikə çörək götürüb ağzına qoydu. Çörək xarab olmuşdu. Çörəkdən gələn qoxu onu keçmişinə, uşaqlığına qaytardı. Yadına anası düşdü. Xoşbəxt günlərini xatırladı: “Bir dəfə anası evdəki sonuncu pulları qonşuya borc verdiyinə görə çörək ala bilməmişdilər. Anasının onun qabağına qoyduğu xarab olmuş, kif qoxusu gələn çörəyi heç nə demədən yeyirdi. İstəmirdi ki, anası çörək pulunun olmamağından pərişan olub özünü günahlandırsın. Fuad çörəyini yeyə-yeyə çox şeyləri dərindən dərk edə bilməyən uşaq ağlı ilə vəziyyətə qiymət verib anasını peşman etmədiyi üçün özünü xoşbəxt hiss edirdi.”

İndi Fuad uşaqlığının qoxusu gələn çörək tikəsini ağzında saxlayıb uşaqlaşmışdı. İstəmirdi bu anlar bitsin. Sevincsiz olandan hər şey onu kövrəldirdi. İndi də bu uşaqlıq xatirələri baş qaldıranda anasını düşündü. Anası atasından ayrılandan daha heç vaxt maraqlanmadı onunla. Uşaq evinə bir dəfə də olsun gəlmədi. Amma bütün bunlara baxmayaraq o, anasını çox sevirdi. Hər gecə yatağında soyuq ayaqlarını isidə bilməyəndə anasını xatırlayırdı. Uşaq vaxtı anası onu yatıranda soyuq ayaqlarını qarnının üstünə yapışdırıb isidirdi. Artıq bütün bunların üstündən 13 il keçmişdi. Fuadın 23 yaşı var idi. Amma o hələ də anasının bişirdiyi qoğalın dadını heç yerdə tapa bilmirdi. Uşaq evində bazar günləri onlara şirin kökə veriləndə Fuad gözlərini xeyli yumub anasının bişirdiklərini xatırlayırdı. Bundan sonra heç nə o dadı əvəz edə bilməz. Necə ki, Sevinci heç bir qadın əvəz edə bilməz. Yenə də Sevinc. Sevinc və Sevincsizlik. Yayın ortasında yaşanan 13 günlük qış. Bu idi son 13 günün həqiqəti. . . Anasını itirdiyi 13 ilin içərisində yaşanan 13 gün... Düşünəndəki nə vaxtsa Sevincsiz 13-cü ilini yaşayacaq, Allahdan səbr və dözüm istəyirdi.

Bəzən əzabdan qurtulmağın yolunu yalnız ölümdə görürdü. Amma, yadına Sevincin sözləri düşürdü: “Bir gün mənsiz olsan özünü öldürməyə tələsmə...”

Görəsən, Sevinc bununla nə demək istəyirdi? Fuad buna cavab tapa bilmirdi. Təkcə buna yox, çox suallara cavab tapa bilmirdi. Hərdən istəyirdi ki, zəng etsin sevdiyinə, bütün suallarını versin ona. Amma indi bu mümkün deyildi. Sevinc son sözünü demişdi ona. 13 gün bundan qabaq elə bu parkda baş verən son görüşləri Fuadın ən incə detallarla yadında idi. Sevincin soyuq və hədsiz incə əlləri, uzun, şabalıdı, parlaq saçları, saçlarının arasından boylanan dərin mənalı gözləri, sehrli dodaqları, üzündən heç vaxt əskik olmayan təbəssümü Fuadın gözünün önündən bir an olsun belə çəkilmirdi.

... Artıq hava qaralmışdı. Sevincsiz 13-cü günün sonuna az qalırdı. Fuad qolundakı saata baxdı. Saat 21:09-u göstərirdi. 21 və 9 rəqəmləri onların çox sevdikləri rəqəmlər idi. Çünki Fuad 9-u, Sevinc isə 21-i tarixdə anadan olmuşdular. Hər ayın bu günlərini bayram kimi qeyd edirdilər. Fuad indi 21 və 9 rəqəmlərini öz elektron saatının ekranında yanaşı görəndə gözlərini idarə edə bilmədi. İçindən Sevinc deyib var gücü ilə qışqırmaq istəyi gəldi, amma...

Ayın işığı, parkdakı lampaların işığına qarışıb çox romantik bir aura yaratmışdı. Fuad beynindəki qarışmış fikirlərini rəflərə düzürdü. Sevincin ona dediyi “Sən mənsiz də xoşbəxt ola bilərsən” sözləri indi içini yandırırdı. Ruhi xəstələr kimi öz-özü ilə bərkdən danışmağa başladı: “həmin anda sanki, kimsə mənim səsimi almışdı, nitq qabiliyyətimi itirmişdim. Ona cavab verib deyə bilmədim ki, mən onsuz heçəm, onsuz olmağım oksigensiz olmağım deməkdir. Niyə deyə bilmədim ki, bu incə əllərinin təması, dərin baxışların, ağıllı söhbətlərin, sehrli gülüşün olmasa yaşaya bilmərəm, mənim əzizim...? Bu cür sonu heç gözləmirdim. Ümidlərim bu gecə çəkdiyim şəkildəki şam kimi sönüb. Hətta sabahkı günümə belə heç bir ümidim yoxdur. . .”

Öz-özü ilə danışa-danışa parkdan çıxıb dayanacağa getdi. Yataqxanaya qayıtmaq lazım idi.

Yataqxanaya çatıb içəri girən kimi işığı yandırmadan otağın küncünə keçdi. Yerə oturub dizlərini qucaqladı, başını dizlərinin üstünə qoydu. Fuad bu anda nə vaxtsa özünün çəkdiyi bir şəkilə bənzəyirdi. O şəkildə də oğlan başını qollarının üstünə, qollarını da dizlərinin üstünə qoymuşdu. Bu şəklə baxanda elə bir təsəvvür yaranırdı ki, bu oğlan bütün dünyadan gizlənmək istəyir. Elə Fuadın da bu anlarda arzuladığı hamıdan, hətta özündən belə gizlənmək idi. Bir neçə dəqiqə belə vəziyyətdə oturub qaldı. Sonra ayağa qalxıb işığı yandırdı. Gecədən stolun üstündə 13 yazılmamış məktub, çəkdiyi yanıb ərimiş şam şəkli, Sevincin köhnə məktubları, özünün Sevincə yazdığı, amma ona vermədiyi məktubları qalmışdı. Sevincin məktublarını bir-bir götürüb oxumadan burnuna yaxınlaşdırırdı. Onların hamısından sevgi ətri gəlirdi.

Stol arxasında oturub küçəyə baxırdı. Yolların sayrışan işıqlarına tamaşa etdikcə öz həyat yolunu düşündü. Canı sıxıldı. Qələmi əlinə alıb Sevincə verə bilmədiyi 13 ağ vərəqdən birini götürüb yazmağa başladı:

Bu qeyri-adi bir bağlılıqdır. Həyatda heç nə əbədi olmadığından hər şeyin günlərin birində bitəcəyini bilirdim. Ancaq indi yox. Sevincim, ən qəribəsi bu idi ki, mən sənə ilk baxışdan, dəlicəsinə vurulmaqla yanaşı həm də səni özüm üçün yaratmışam. Səndə heç kimin görməyəcəyi bir dünyam var. Bu dünyada bəzi şeyləri ideallaşdırmağa haqqım da olub hər zaman. Amma sən bir sevgili kimi də, ruhdaş kimi də o idealın özüsən ki varsan... Sən indi fiziki cəhətdən uzaq olsan da ruhun mənimlədir.

Sənsiz sanki vakuuma düşmüşəm. Boşluq, mənasızlıq, çəkisizlik, nə etdiyimi, hara getdiyimi, nə istədiyimi bilmirəm. Xilas olmaq istəyirəm bu vakuumdan...”

Fuad adəti üzrə kağızın boş qalmış hissəsinə şəkil çəkməyə başladı. Bu dəfə o yanar şam çəkmişdi. Səbəbini özü də anlamırdı.

Birdən onun telefonuna mesaj gəldi. İlahi! İnana bilmirdi. Mesaj Sevincdən idi. Əlləri əsə-əsə mesajı açdı: “Sənsiz sanki vakuuma düşmüşəm... Saat 09:21-də bu gün bütün gününü keçirdiyin parkda səni gözləyəcəyəm... Onlar bizi qəbul etməyə məcbur olacaqlar. Son qərarımı vermişəm. Sənsiz yaşamayacağam...”

Fuad gözləri yaşlı donub qalmışdı. Yanar şam çəkməyinin səbəbini indi anladı. İlahidən gələn eynilikdir bu...

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2010.- 20 mart.- S.29.